Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycan türklərində həmişə şeir hafizəsi güclü olub – Pərvanə Məmmədlinin müsahibəsi
1220
11 Oktyabr 2018, 08:46
 Artkaspi.az "Cümhuriyyət ədəbiyyatı” layihəsi çərçivəsində Səxavət Sahilin AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, dosent Pərvanə Məmmədli ilə "Cümhuriyyət dövründə Cənub ədəbiyyatı" haqqında müsahibəsini təqdim edir:
 
 
 

 
 
"Ey anamız Azərbaycan, ümidləri doğrult, başını uca tut, yaşa!” 
Ş.M.Xiyabani
 
 
 – Pərvanə xanım, Cümhuriyyət dövründə Cənubi Azərbaycanda ədəbi mühit necə idi?
 – XX əsr istər Cənubda, istərsə də Şimalda Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə tarixi olmuşdur. Şərqdə ilk demokratik respublikanı yaradan xalqın azadlıq əzmi heç zaman sınmamışdır. Təbriz də həmişə İran tarixindəki inqilabların beşiyi olmuş, Arazın o biri tayında yaşayan soydaşlarımız da ölkədə baş verən mütərəqqi nə varsa onun hərəkətverici qüvvəsi kimi çıxış etmişlər.
  Cənubda 1918–1920-ci illər kəsiyində çox və gərgin laübəli hallar yaşanmışdı. İlin əvvəllərində öncə rus və ingilis ordusu İrana girib Güney Azərbaycanı istila etmişdi. Bundan istifadə edən erməni quldurları martda ordu təşkil edib Maku, Xoy və Urmiya şəhərlərində soyqırımı törətmişdilər. 1918-ci ilin aprelində də Osmanlı Ordusunun hərbi hissələri Azərbaycan türklərini bu qətliamdan qurtara bilmişdi. Şeyx Məhəmməd Xiyabaninin yaxın silahdaşı gənc təbrizli şair Mirzə Tağı xan Rüfət bu hadisələri ədəbiyyata gətirmiş, yaddaşlara yansıtmışdı. 
 İranda yeni şeir prosesi Məşrutə İnqilabı dövründə başlamışdı. Nəticədə əski ədəbiyyat öz yerini ictimai məzmunlu şeir formasına vermişdi. Ədəbi-mədəni həyatdakı yeniliklər ədəbiyyat zəminində həyata keçərək yeni şeirin yaranmasına səbəb olmuşdu. İncəsənətdə, rəssamlıqda "Təbriz miniatür məktəbi” olduğu kimi, mən deyərdim ki, ədəbiyyatda da "Təbriz ədəbi məktəbi” mövcud olmuşdur. Bu ədəbi yeniliyi həmin təbrizli gənc Tağı Rüfət 1917–1920-ci illərdə yüksək zirvəyə qaldırdı. 

  – 1918–1920-ci illərdə Şimalda baş verən ictimai-siyasi və mədəni proseslər Cənub ədəbi-mədəni mühitinə təsir edə bilmişdimi?
  – 1918-ci ildə II Dünya müharibəsi başa çatmışdı, amma başa çatmayan Azərbaycanın böyük azadlıq mücadiləsi idi. Şimalda M.Ə.Rəsulzadənin başçılığı altında vətən torpağının bir hissəsinin azadlığa qovuşması Cənubdakı hərəkat üçün də yeni üfüqlər açdı. Yeri gəlmişkən, İranda Demokratik partiyanın ilk qurucularından biri də M.Ə.Rəsulzadə olmuşdu. M.Ə.Rəsulzadə bu partiyanın mətbu orqanını da təsis etmişdi. Avropa standartlarına həm forma, həm də məzmun baxımından cavab verən bu qəzetin materialları İran parlamentinin üzvlərinin belə əlindən düşməmiş, zehin və ruhlarını demokratiyaya kökləmişdi. Ş.M.Xiyabani M.Ə.Rəsulzadənin 1909-cu ildə Tehranda yaratdığı bu partiyanı 1917-ci ildə Cənubi Azərbaycanda – Təbrizdə də yaratmağa nail oldu.
  Bildiyiniz kimi, 1920-ci il aprelində Ş.M.Xiyabaninin rəhbərlik etdiyi üsyan Təbrizdə qələbə çaldı. Güney Azərbaycan Azadistan (Azadlıq ölkəsi) adlandırıldı və beşcə ay olsa da bağımsız olub bir sıra iqtisadi, mədəni-ictimai tədbirlər həyata keçirdi. 
 
 


  – O dövrdə Cənub ədəbiyyatında şeir yoxsa nəsr aparıcı üstünlüyə malik idi?
  – Cənubda poeziya ədəbi ictimai hadisələrə daha tez reaksiya verdiyi, milli bədii düşüncənin önündə getdiyi üçün daim aparıcı mövqeyə malik olmuşdur. Təbii ki, Azərbaycanda şeir həmişə nəsrdən öndə olub, tarixi də ötən yüzülliklərə gedib çıxır. İlk nəsr əsərləri isə XIX əsrin sonlarında Mirzə Əbdürrəhim Talıbov və Zeynalabidin Marağayı tərəfindən yazılmışdı. İran nəsrinin "mühəndisi” sayılan Ə.Talıbov və ilk realist romanın müəllifi Z.Marağayi Azərbaycan türkü olsalar da əsərlərini farsca yazmışdılar. Ana dilində təhsil ala bilməyən cənublu yazarlar yaratdıqları əsərləri farsca yazmaq məcburiyyətində idilər. Azərbaycan türklərində həmişə şeir hafizəsi güclü olduğundan yaradılan əsərlər içərisində nəzm əsərləri çoxluq təşkil edib. Dil baxımından şeirlərin əksəriyyəti nəsrdən fərqli olaraq ana dilində idi. Ana dilində ilk nəsr əsərinin ortaya çıxmasına gəldikdə isə bu 1921-ci ilə təsadüf edir.

  – Hansı şair və nasirlərin fəaliyyətini qeyd etmək olar?
  – O illərdə yazılan əsərlər əsasən qəzet və jurnal səhifələrində yer tapırdı. "Təcəddüd” və "Azadistan”la yanaşı S.C.Pişəvərinin rəhbərliyi ilə "Azərbaycan”, Ə.Cahanşahinin redaktorluğu ilə "Mərifət” və digər mətbu orqanları nəşr olunurdu. Bu nəşriyyələrdə əsasən publisistik yazılar və şeirlər verilirdi. O illərdə çıxan yeganə nəsr nümunəsi Abbas Pənahi Makulunun "Pərişan” əsəri adlı əsəri idi. Bu əsəri həm də ana dilində çıxan ilk hekayə saymaq olar.
  O dövrdə yaşayıb-yaratmış yazarlar sırasında Mirzadə Eşqi, Mirzəli Möcüz, Əşrəfəddin Qəzvini, Məhəmməd Hidəci, Bayraməli Abbaszadə, Məliküşşüəra Baharın adlarını çəkmək olar. Mirzə Tağı xan Rüfət Təbrizi o dövrün ən istedadlı və tanınan şairi idi. Ayda iki dəfə çıxan, səhifələrində mədəniyyət, anadilli ədəbiyyat, istiqlal məsələlərinə geniş yer ayıran "Azadistan” jurnalın redaktoru idi. 
  Taği Rüfət İranda poeziyanı mətn, forma, üslub və dil cəhətdən yeniləşdirmək haqqında bir-birinin ardınca məqalələr yazıb dərc etdirirdi.
  Rüfət Təbrizi şeirin köhnəlmiş formalarını saxlayan, hər cür yeniliyə qarşı çıxan mühafizəkarlara, xüsusən Məhəmməd Tahir Baharın başçılıq etdiyi "Daneşkəde” ədəbi jurnalının mövqeyinə qarşı kəskin elmi-ədəbi mücadilə aparırdı. Tağı Rüfətə görə divan ədəbiyyatı üsulu günün ədəbi tələblərini ödəyə bilmirdi. Ona görə də yorulmadan güclü qələmi və yeni düşüncələrilə köhnə fikirlilərə qarşı cəsarətlə mücadilədə idi.
  Poetik yaradıcılıqda XX əsrin zövq və tələblərini 800-1000 il bundan əvvələ aparıb çıxarmaq istəyən daneşkədeçilərə müraciətlə Tağı Rüfət yazırdı: "Siz, XX əsrin sistemi ilə Təxte Cəmşidin uçuqlarını yamayıb bitişdirə bilməyəcəksiniz, bunun üçün siz yenidən həmin dövrə, həmin üsluba qayıtmalısınız, ən yaxşı halda siz ancaq keçmişi təqlid edəcəksiniz, halbuki şair orijinal olmalıdır, təqlidçi yox. Siz dünən üçün deyil, sabah üçün şeir yazın, bədii əsərlər yaradın”.
 Rüfət Təbrizi ədəbiyyatın yeniləşməsini xalqın ictimai fəaliyyətinin bir hissəsi hesab edir və göstərir ki, ədəbiyyatın yeniləşməsi ədəbi inqilabdır, ədəbi inqilab isə bir xalqın ictimai əhali-ruhiyyəsi, onun fəaliyyəti ilə sıx surətdə əlaqədardır.
  Tağı Rüfət "ədəbiyyatın yeniləşməsi” deyəndə bayağı yeniləşməni, yeni mövzu və ideyaların köhnə forma, üslub və çeynənmiş bədii ifadə vasitələri ilə tərənnümünü nəzərdə tutmurdu. Məşrutə hərəkatı ilə ədəbiyyata, xüsusilə poeziyaya gəlmiş yeni fikirlərin tərənnümü yeni üslub, yeni forma, yeni bədii ifadə vasitələri tələb edirdi.
 
 

  – O dövrdə "Təcəddüd" (Yeniləşmə) qəzeti və onun ədəbiyyata təsiri haqqında danışmağınızı istəyərdim.
  – "Təcəddüd" ərəbcə cədid – yeni sözündən olub, yeniləşmə mənasını verir. Qəzetin nüsxələri ilə tanış olub araşdırmalar aparmışam. "Təcəddüd” qəzeti 1917-ci ilin aprel ayından nəşrə başlamışdı. Şeyx Məhəmməd Xiyabaninin inqilabi-fəlsəfi görüşlərini əks etdirən "Təcəddüd” qəzetinin əsas mündəricəsini azadlıq, bərabərlik, elmin təbliği təşkil edirdi. Qəzet İran tarixində ilk dəfə olaraq milli məsələlər barədə ardıcıl şəkildə bəhs açırdı.
  "...Ey əziz Azərbaycan, sən bir iti gözsən ki, İran səninlə qərb mədəniyyətinə baxır. Sən bir həssas və mütəəssir olan ürəksən ki, bu vətən dünya işığını səninlə hiss edir.
  Ey anamız Azərbaycan, sən bu ümidləri doğrult, başını uca tut, yaşa! Həmişəlik yaşa!..”. Bu sözlər şeyxin Azərbaycana olan sevgisinin və ona verdiyi dəyərin əyani göstəricisidir.
  Ş.M.Xiyabani insana nikbin ruh aşılayan ədəbiyyatın, mədəniyyətin tərəfdarı idi. O "Təcəddüd” qəzetinin 55-ci sayında yazırdı: "Bizə qəm və kədər gətirən ədəbiyyat və musiqi, mərsiyə ədəbiyyatı və növhələr lazım deyil. Azərbaycan xalqına kədər lazım deyil. Rədd olsun qəm və kədər. Yaşasın şad və bəşşaş üzlər”.
  "Təcəddüd”ün səhifələri ilə tanış olan zaman bəzi saylarında Azərbaycan dilində də yazılar da qarşıma çıxırdı. Bu qisim yazılardan nəzəri cəlb edənlərdən biri də "Azərbaycan himni” idi:
 
Yetdi yenə iqbalımız
Hasil oldu amalımız,
Nə rövşən istiqbalımız!
Yaşasın hürriyyət!..
 
Əxzi-hünər, kəsbi-fünun,
Sanma fünunu sən cünun,
Bu etiqadı bil zəbun,
Yaşasın hürriyyət!.. 
 
  Şeirdə rasladığım bir sıra qəliz misraları nəzərə almasaq, demək olar ki, o, əsasən, Azərbaycan xalq şeiri üslubunda yazılmış, xalqın başa düşəcəyi fikirləri ifadə etmişdir.
  Ş.M.Xiyabaninin nitqləri və məqalələri həm siyasi publisistikanın, həm də bədii nəsrin ən bariz nümunələrindən sayıla bilər. Ş.M.Xiyabaninin rəhbərliyi ilə yaranmış Xiyabani hərəkatı və mətbu orqanı "Təcəddüd” qəzeti ictimai fikir sahəsində olduğu kimi, ədəbiyyatda həm forma, həm də məzmununda yenilik yaratmışdı.
  Bu dövr şairləri arasında fars dili ilə ortaya qoyulan "yeni şeir" anlayışına Azərbaycan şairlərinin əhəmiyyətli qatqısı olmuşdur. Fars şeirində köhnə qəlibləri qıran və bu sahədə yeni bir cığır açan şairlərin başında Mirzə Tağı Rüfət, Şəms xanım Kəsmai və Əbülqasım Lahuti gəlir.
  Türkiyədə, Fransada, Gürcüstanda təhsil alıb püxtələşən və oradakı yeni ədəbi cərəyanları farsca yazdıqları şeirə gətirən bu türkəsilli şairlər ədəbiyyatda yeniləşmə yaratdılar. Şeirə yeni baxış sonralar türk dilində yaranan ədəbi nümunələrin məzmun və ifadəsinə təsirsiz qalmadı. Öncə bəhs etdiyim "Təbriz ədəbi məktəbi” mövcud olmuşdur. Tağı Rüfət onu zirvəyə qaldırmışdır. Tağı Rüfətinn ədəbi çalışmaları və xidmətləri İranda "ədəbi təcəddüd”, "ədəbi inqilab”a güclü təsir etmişdir. Ədəbiyyatın həm forma, həm də məzmunda təcəddüd yaranmış, sərbəst şeirin əsası qoyulmuşdur. Bununla da o farsca "şere-nou”nun lideri, İranda "yeni şeirin öncülü” olaraq qəbul edilmişdir.

  – O dövrdə Cənubda və Şimaldakı ədəbiyyatın oxşar və fərqli cəhətləri hansılardır?
  – Ədəbiyyat tarixinin inkişaf problemlərini tədqiq edən görkəmli mütəxəssislər eyni fikirdədirlər ki, ictimai-siyasi hadisələrdən kənar bu zəmindən əlahiddə ədəbi gedişat mümkün deyil. XIX–XX yüzillər tarixi bir mərhələ kimi istər Şimalda, istərsə də Cənubda yeni dövr kimi qəbul edilib. Hər iki tayda irəliləmə və çəkilmələr olsa da, müştərək ümumi cəhətlər üstündür. Bu zəmində Cənubda ədəbi hərəkatın mahiyyətinə, inkişaf dinamikasına nəzər yetirəndə bütün ədəbi proses üçün səciyyəvi olan cəhətləri çoxdur.
  XX əsrin ictimai, siyasi gedişləri poetik fikrin bütün qollarına təsir etmişdir. Bu qarşılıqlı təsirin sonunda klassik şairlər ənənəvi mövzulardan uzaqlaşaraq sosial və ictimai mövzulara üz tutmuşlar. Xalq şeiri və klassik formada yaranan poeziya ilə yanaşı, təriqət ədəbiyyatı və satirik şeir də davam və inkişaf etməyə başladı. Bütün bunlar oxşar cəhətlərdir. Fərqli cəhətlərə gəlincə bu geniş bir bəhsdir və başqa bir yazının mövzusudur. 
 
 
Söhbətləşdi: Səxavət Sahil