Biz imzaları yox, əsərləri dərc edirik...

Parisdən bir məktub, iki tarixi sənəd – Abid Tahirli yazır
2280
24 May 2019, 11:02
  Artkaspi.az saytı Abid Tahirlinin "Parisdən bir məktub, iki tarixi sənəd Və ya Hacıbəylilər nəslinin həyatı, fəaliyyəti  ilə bağlı məlumatları daha da zənginləşdirəcək faktlar” yazısını təqdim edir:
 
  Vüsalə İsmətqızının "Report.az.”  saytında dərc olunan  (20 noyabr 2018-ci il) "Paskal Hacıbəyli Büşe: Ceyhun bəy mühacir həyatını çətin yaşayırdı" adlı məqaləsini böyük maraqla oxudum. Oradakı  bir məqam diqqətimi xüsusi ilə çəkdi. Ceyhun Hacıbəylinin gəlini, Timuçin Hacıbəylinin həyat yoldaşı Paskal Hacıbəyli Büşe (Pascale Hadjibeyli Buchet) həyat  yoldaşı haqqında danışarkən deyir: "İlk tanışlıqda insanda Timuçinin fransız olduğu təəssüratı yaranırdı. Çünki fransızca ana dili kimi danışır, fransız mədəniyyəti ilə yaxından tanış idi. Bir sözlə, o, fransız idi. Hətta Timuçin qeyri-adi bir fransız idi. Yüksək dünyagörüşə malik olmaqla yanaşı, o, fransız ədəbiyyatını, incəsənətini, musiqisini, kinosunu, teatrını çox sevirdi. Parisdə İncəsənət Akademiyasının heykəltəraşlıq fakültəsini bitirmişdi, Fransanın dünya şöhrətli heykəltəraşı Buşarın (Bouchard) tələbəsi olmuşdu, həmçinin Nöyi-Sür-Sen (Neuilly-Sur-Seine) şəhərindəki Pastör (Pasteur) liseyində təhsil aldığı zaman böyük filosof Jan-Pol Sartdan (Jean- Paul Sartre) da dərs almışdı. Sonradan onlar dost oldular. Mən bu gün də Sartın Timuçin haqqında yazdığı məktubunu qoruyub saxlayıram. Fransanın bu tanınmış filosofu Timuçinin xətrini olduqca çox istəyirdi. Məktubda o, Timuçinin keyfiyyətlərindən danışır. Görkəmli yazıçı, istiqlal mücahidi Ceyhun Hacıbəylinin oğlu Timuçin Hacıbəyli haqqında hələ ötən əsrin 90-cı illərindən – "Vətən” Cəmiyyətində işlədiyim vaxtlardan kifayət qədər məlumatım olsa da, onun  XX əsr fransız filosofu, yazıçı və dramaturq, ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biri, 1964-cü il ədəbiyyat üzrə Nobel mükafatına ( Zəmanəmizə mühüm təsir göstərən ideyalarla zəngin, azadlıq ruhu və yaradıcılıq həqiqəti axtarışları ilə aşılanmış əsərlərinə görə) layiq görülsə də, bundan imtina edən Jan-Pol Sartrla dost olması, onunla məktublaşması faktı mənim üçün təzə idi.  "Vətən” Cəmiyyətinin sədri işləyərkən Xalq yazıçısı Elçinin  Timiçin Hacıbəyli ilə  Parisdə  görüşdüyünü, sonralar da onunla əlaqə saxladığını və  məktublaşdığını bilirdim. Elçin müəllim   "Report.az.”  saytının məlumatının çox maraqlı olduğunu, böyük əhəmiyyət daşıdığını və həmin məktubların əldə olunmasını tövsiyə etdikdən sonra Paskal Hacıbəyli Büşenin adresini almaq məqsədi ilə Vüsalə İsmətqızına məktub ünvanladım. Vüsalə xanımın cavabı gecikmədi,  o, Paskal Hacıbəylinin ünvanını göndərdi, eyni zamanda yazdı ki, yaxın vaxtlarda Timuçin Hacıbəylinin xatirələri çap olunacaq və o məktub da həmin kitabda yer alacaq. Bu xəbər məni xeyli sevindirdi, bununla belə, xanım Paskala ünvanladığım məktubda aşağıdakıları da qeyd etdim: "Mən Ceyhun bəyin tədqiqatçısıyam. Onun haqqında namizədlik dissertasiyası yazmış, doktorluq dissertasiyamda da geniş bəhs etmişəm. C. Hacıbəylinin seçilmiş əsərlərini, o cümlədən  fransız dilində qələmə aldığı "Bir il xəyallarda və bütöv bir ömür" ( tərcüməçi Mirzəbala Əmrahov) adlı memuarını nəşrə hazırlamışam və həmin kitabı bizim Elmlər  Akademiyası nəşr etdirmişdir. Ümumiyyətlə, mətbuatda C. Hacıbəyli ilə bağlı 100-dən çox məqaləm dərc olunmuşdur. Bunları deməkdə məqsədim Hacıbəyli familiyasına olan böyük  marağımın təsadüfi olmadığını bildirməkdir və bütün bunlardan sonra Sizdən xahiş edirəm ki, əgər mümkündürsə, yuxarıda adı çəkilən məktubun surətini  mənə göndərəsiniz. Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm. Vüsalə xanım mənə yazmışdı ki, Siz Timuçin Hacıbəyli ilə bağlı xatirə kitabı nəşr etdirəcəksiniz. Bu, çox əladır! Sizi bu münasibətlə təbrik edir, təşəkkür edirəm. Şadam ki, Timuçin bəy haqqında kitab nəşr etdirirsiniz. İnanıram ki, bu əsər böyük Hacıbəylilər nəslinin Parislə bağlı həyatının daha yaxından tanıdılmasına qiymətli hədiyyə, mötəbər mənbə olacaqdır.”
  Çox çəkmədi Parisdən - xanım Paskaldan  məktub aldım. O yazırdı : "Sizin rəğbətli məktubunuza və Hacıbəylilər ailəsinə göstərdiyiniz marağa görə təşəkkür edirəm. Ərim Timuçin Hacıbəylinin - Ceyhun Bəy Hacıbəylinin oğlunun "Xatirələr”ini ilk öncə fransız dilində nəşr etdirmək layihəmiz vardır. Şübhəsiz ki, o, atası, anası və qardaşı barədə danışır. İstəyirəm ora illüstrasiyalar, ailə və digər fotoşəkillər, o cümlədən, Jan-Pol Sartrın Timuçinə ünvanladığı məktubu da əlavə edim, madam ki, tam bir başlıq Timuçinin fəlsəfə müəllimi olmuş Jan-Pol Sartra həsr olunur. Buna görə də başa düşəcəksiniz ki, bir neçə aydan sonra nəşr olunub, sizin üçün də əlçatan olacaq bu memuarlara görə, hələ bu məktubu özümdə saxlamalıyam. Sizi bu barədə məlumatda saxlayacağam”. 
  Bu məktubdan bir müddət sonra xanım Paskal  oğlu ilə birlikdə Bakıda qonaq olur, təəssüf ki, həmin vaxt biz onunla görüşə bilmədik. Parisə qayıtdıqdan sonra xanım Paskaldan bir məktub da  aldım. O yazırdı: " Ötən həftə Bakıda olanda sizinlə əlaqə saxlaya bilmədiyim üçün məni bağışlamağınızı xahiş edirəm. Bakıya çatan kimi, sıx və bəzi dəyişikliklərə məruz qalan bir proqramla hərəkət etməli olduq. Bizi qəbul edən tərəfə bildirmişdim ki, sizinlə görüşmək niyyətim var, onlar da sizin iştirakınızla bir şam yeməyi təşkil etməli idilər. Bir az planların dəyişdiyi səbəbdən, hadisələrin gedişi də dəyişdi. Buna çox təəssüf edirəm, neyləyək, belə alındı.
    Mən və oğlum Benjamin xeyli müasirləşmiş, eyni zamanda öz simasını qoruyub saxlamış gözəl Bakını görməkdən məmnun olduq. Biz, tələsik də olsa, Üzeyirin muzeyinə baş çəkdik və kifayət qədər Musiqi  Akademiyasında olduq. Bizi ora, maraqlı proqramdan ibarət axşam konsertinə dəvət etmişdilər”.
   Bu günlərdə isə xanım Paskaldan daha bir məktub aldım. O, Jan-Pol Sartrın Ceyhun Hacıbəyliyə məktubundan əlavə, fransız yazıçısı və filosofu, ekzistensializm cərəyanının nümayəndəsi, dramaturq və tənqidçi, sağlığında "Qərbin vicdanı" adlandırılan  ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1957) Alber Kamünin də Timuçin bəyə ünvanlandığı məktubu göndərmişdi. Hacıbəylilər nəsli, xüsusi ilə Ceyhun Hacıbəylinin oğlu Timuçin bəy, onun həyatı, fəaliyyəti  ilə bağlı məlumatları daha da zənginləşdirəcəyini nəzər alaraq, məktubları oxucuların diqqətinə təqdim edir və həmin məktublar da daxil olmaqla, xanım Paskalla yazışmalarımı  təmənnasız, operativ,  böyük məmnuniyyətlə və ən əsası, yüksək peşəkarlıqla dilimizə çevirdiyinə görə,  fransız dili üzrə istedadlı mütəxəssis Mirzəbala Əmrahova minnətdarlığımı bildirirəm.
 
  Cənab Hacıbəyliyə
  Paris 7, Bak küçəsi 77
  Hörmətli cənab, Mən birisi gün İngiltərəyə yola düşürəm və ayın sonunadək Parisdə olmayacağam. Həqiqətən mən Jan-Pol Sartra demişdim ki, "La FRANÇAİSE” həftəlik qəzeti sizə iş verə bilər, lakin mənə elə gəlir ki, hal-hazırda nəsə alınmır. İstəsəniz, Kombaya, cənab J.P. VİVEnin yanına gedib, ondan "La FRANÇAİSE”lə məsələnin nə yerdə olduğunu soruşa bilərsiniz. Sizə hələ lazımi kömək edə bilmədiyimdən təəssüf hissi keçirirəm, doğrudan da bu həmişə asan alınmır. Qayıdan kimi bu istiqamətdə digər addımlar atacağam. Görüşənədək, ən səmimi salamlarımı qəbul etməyinizi xahiş edirəm.
  Alber Kamü.
  Paris, 6 yanvar 1946-cı il
   
   Əzizim Hacıbəyli,
  Alman dilində nəşr olunmuş əsərim barədə danışmaq niyyətinizi mənə ünvanladığınız üçün xüsusən şad oldum. Düşünürəm ki, məni uzun müddətdən bəri yaxşı tanıdığınız üçün fikirləri dinləyicilərə izah etməyi başqalarından çox, siz daha yaxşı bacararsınız. Təhsiliniz, savadınız və intellektiniz isə sizə əcnəbi düşüncələri daha dəqiq və daha aydın ifadə etmək üstünlüyü verir  .
  Jan-Pol Sartr
  25 noyabr