Biz imzaları yox, əsərləri dərc edirik...

Palçıqdan heykəllər can istəyər – Adnan Özərin şeirləri
1115
14 Fevral 2019, 10:47
 Artkaspi.az Adnan Özərin şeirlərini təqdim edir:
 
 
 Mərmərədə axşam
 
 Çıxıb gələr alatoranlıq
 təzə şumlanmış tarlalardan
 hər addımda bir az da itən topuqları
 və taflan1 külü qoxuyan əlləriylə
 çıxıb gələr
 hər nəfəsdə çarəsiz bir xəstəliyin
 daxili qanaxmasını çəkərək sinəsinə
 
 dalğalarda açar
 saçlarını passatlar2
 fosfor su üzünə çıxar
 bir krab3 çıxmağa çalışar
 köksünün spiral dəhlizlərindən
 
 ağır-ağır yeriyər gecə
 daşlarında otlar bitmiş
 Aspendosun4 səhnəsinə
 və köhnə, vərdişkar bir aktyor kimi
 oxuyar genuya günlərindən qalma tiradını
 
 ağ xallı köynəyini axtarar
 soyuq qığırdaqlarıyla titrəyərək
 qum gürzəsi
 çıxıb gələr qütb ulduzu
 parıltılı bir kapuşon5 kimi sovuraraq
 kəhkəşanı
 bardaş qurub oturar
 göy məbədinin minbərinə
 
 dəniz ah! o ucsuz-bucaqsız köksündə
 yaşıl xanalar oynaşan dəniz
 gecə azman bir çoban kimi
 qara kəpənəyiylə uzananda üstünə
 çırpınıb tapşırar özünü
 vəhşi bir sevginin öpüşlərinə
 
 
 

 
 İpək yolu
 
 Öz-özünə səslənər zəng çiçəkləri
 ay titrəşər rüzgarsız gecələrdə
 oynamağa nazlanan qız kibi
 çıxmaz alay yerinə
 süzgün göyrüş6 yarpaqları
  
 palçıqdan heykəllər can istəyər
 bir ürək bir ağız
 türkü oxumaq üçün
 
 parıldatmağa çalışar qalayçı ay
 könül mühasirələrinin
 naxışları silinmiş
 tənbəl toplarını köhnə sevdaların
 
 dənizi yuxu tutmaz
 boxçası hazır bir qız kimi
 ədayla saçlarını arxaya atar
 bəkarət və yod qoxuları daşar
 gərgin baldırlarından
 yazıya alınmamış bir dastanı danışar
 yuxusuz çobanlara
 gəzərgi bir qaraçı
 və dastanın axırında
 – zəhər içdikləri yerdə qızla oğlanın –
 susub qalar
 
 axan suyun durduğu gecələrdə
 bax bu cür rəvayət edilər
 bu göbələkli otlaqlardan keçdiyi
 ipək yolunun
 
 
 
 Mərasim
 
 Gecə vaxtı qum və rüzgar
 tapdı bağbanın unudulmuş ölüsünü
 ay salavat gətirdi
 sonra bir tülbəndlə örtdü üzünü
 
 öldü
 mənə dərdli sevgimi bilən idi o
 bayatılarımı əzbərləyən
 
 torpaqla boğdu özünü
 çalınmayan
 atəşlər içində yanan qaval
 bazar bıçağındakı qanı
 pas sildi
 axdı cib aynasının sirləri
 öldü
 bu xeyriyyə bulaqlarını düzəldən idi o
 Skopye güvəcinə naxış vuran
 
 gecə vaxtı qum və rüzgar
 girdi yaşılbaşların yuxusuna
 çiyələk şamları acılaşdı
 yarasa tükləri bitdi
 kal meyvə yaşıllığında
 kəsmik qurtlandı qablarda
 
 öldü
 bütün cığırları yaradan idi o
 şahmaran yuxularını yozan
 bənövşəyi güvəmi aşılayan idi
 yaban oğullarını devşirən7
 
 gecə vaxtı qum və rüzgar
 bağbanın
 gecikmiş cənazə mərasimini
 keçirdi 
 gün çıxana qədər
 
 
 Nənəmin öyüdü
 
 Nənəm közə üfləmə deyərdi
 ciyərlərin göyərərmiş
 
 közə üflənən bir nəfəs kimi
 keçdi uşaqlığım
 
 Can nənə həmişə xatırladım səni
 ərik qurusu bağçanı
 öd xəstəliyi çürütmüş ağacları
 tökülmüş peyvənd əhəngləri
 
 Can nənə həmişə xatırladım səni
 görmək istədim yenə gecələri
 səmanın köhlən dolunayını
 su içərkən gümüş dodaqlarıyla
 xrizantemlərin8 arxında
 
 həmişə xatırladım səni
 arasında ilk misralarını tapdığım
 sirkən9 otlarını
 şeirimin yaşıl xallı qurbağası
 və qaraçı uşaqlarının yanıltmaclarını
 "qurbalişka qurbalişka
 ayaqları yayqalişka”
 
 Can nənə həmişə xatırladım səni
 Adımı qulağıma üfləyəndən
 bir neçə il sonra ölən
 babamın qırışan alnını
 hörgülərlə naxışlarla
 bəzənmiş üzüm asmalarını
 
 gəlib keçdi illər
 uçub getdi yun çuvallarından
 qış qovunlarının qoxusu
 kəsildi süfrəmizdən
 Xəlil İbrahim bərəkəti
 
 Can nənə həmişə xatırladım səni
 
 
 Gec gələn baharın nəğməsi
 
 Çıxıb gəlir miskin bahar
 bir saçağın dibindən
 yağmur damcılayır kəkilindən
 
 Çəmən bığlı bahar
 sənə də bir qismət var
 Xıdır İlyas küpündə10
 
 gəl evləndirək səni
 bu söyüd fidanıyla
 bağlar yarpaqlamadan
 keçilər üçüzləmədən
 
 gəl evləndirək səni
 açılsın öküzlərin qisməti
 liliput bərbər
 ipək çəksin yanaqlarına
 
 gəl evləndirək səni
 tək ayaq üstündə göyəm11
 oynaya oynaya
  
 
 

 Səni sevirəm  
 
 Səni sevirəm
 çağladıqca coşan su
 əsdikcə dəliləşən rüzgar
 əkildikcə anaclaşan torpaq
 öyüd verir mənə bunu
 
 səni sevərkən
 türküdən türküyə keçər çay
 torpaq yaz yağışıyla oynaşır
 günorta tozlarıyla dolanır küləyin üfüqü
 adınla xəbərdar edirlər məni
 
 səni sevirəm
 bağda çillənən salxım
 budaqda allanan meyvə
 cəh-cəh vurduqca tükənən kabakçı quşu
 öyüdləyir mənə bunu
 
 səni sevərkən
 yaz günəşi şəhvətə boğar bağçanı
 kükürd adətləriylə solar bağ yarpaqları
 ballı əncirdə yaşayar – min cilvəli – sevgisini
 narıncı gərdanlı quşlar
 xəbər gətirər sağdışlarım
 gül qurusu məktublar
 
 səni sevirəm
 xeyirə yozulan xəyallar
 ceviz sandıqda gül suları
 daş yastıqlarda zümrüd quşları
 öyüd verir mənə bunu
 
 
 Boş kənddə ağrılı türkü
 
 Mərmərdə və qumda
 sovrulub toplanan küldə
 qarğıdalı günündə, iməcilikdə
 
 axtardım səni
 həmişə axtardım
 
 rəng qalmadı kərpiclərdə
 kirəmitlər əridi
 çəkic susdu, qurğuşun yoruldu
 köz söndü, yel endi atından
 
 axtardım səni
 həmişə axtardım
 
 yarpaqda və əməköməcidə
 ballanıb boşalan pətəkdə
 əks-səda verib sökülən səsdə
 bostan təmizliyində, ağac budamada
 
 axtardım səni
 həmişə axtardım
 
 rəng qalmadı kilimlərdə
 həsirlər çürüdü
 yağ palçığa döndü, duz daş oldu
 pas qaraldı, su sındı yatağından
 
 axtardım səni
 həmişə axtardım
 
 Sınıq könül sandığı 
 
 Bir çırtmada qırdılar dayaqsız budağımı
 (solğun bir yarpağam kök südündən yanıqlı)
 
 Zəhərlə doldurdular ürək fincanımı
 (xəmir bir üsküyəm göz mayasından yanıqlı)
 
 Təpiklədilər könül sandığımı
 (bir cehiz boxçayam öz içimə sərili)
 

 Sısqa qıza hədiyyə
 
 – Solğun qız nə gətirim sənə?
 – Bir çiçək istəyirəm, heç qoxlanmamış
 – sırsıra vurub
 qoxlanmaz olub
 qəmlənərsən
 – susqun qız nə gətirim sənə?
 – Bir türkü istəyirəm, heç oxunmamış
 – Vay düşüb toyumuza
 oxunmaz olub
 qəmlənərsən
 – Durğun qız nə gətirim sənə?
 – Bir dalğa istəyirəm, köpükləri uçmamış
 – Bənd tutub selimizi
 Coşmaz olub
 qəmlənərsən
 – Sısqa qız nə gətirim sənə?
 – Bir bulud istərəm, yağmuru boşalmamış
 – Quraqlıq çöküb kəndimizə
 göy quruyub
 qəmlənərsən
 – Oğlan, şeir gətir mənə!
 
 Türkiyə türkcəsindən tərcümə edən: Qismət Rüstəmov
 
 
 

1 Taflan – Gürcü çiyələyi. Yarpaqları zəhərlidir, meyvəsi yeyilir, qurudulur.

2 Okeandan əsən külək növü

3 Xərçəngkimilər fəsiləsinə aid olan ayaqlı su heyvanı

4 Aspendos - Antalyada yerləşən, qədim açıq hava teatrı ilə məşhur antik şəhərdir

5 Kapuşon – papaqlı üst geyimi

6 Zeytunkimilər fəsiləsinə adi bitki

7 Devşirmə - Osmanlı İmperiyasında dinini dəyişib müsəlman olan, türklüyü qəbul edən

8 Mürəkkəbçiçəklər fəsiləsinə aid gül növü

9 Pəncərkimilər fəsiləsinə adi bitki növü.

10 Anadoluda Xıdır Nəbi, Xıdır İlyas (Hıdırellez) adı ilə məşhur qədim bayram var. Bu bayramda bəxt açmaq mərasimi keçirilir. Gənc qızlar gecədən Xıdır İlyas küpü deyilən küpün içinə müxtəlif əşyalat atır, üstünə su töküb gecədən qızılgül kolunun yanına qoyurlar, səhər durub bayatıların, nəğmələrin müşayətilə küpü açırlar.

11 Karaçalı – göyəm həm bitki növüdür, həm Anadoluda araya nifaq salan insanlara deyilir. Tək ayaq üstündə durmaq yalan danışmaq, sözünün üstündə durmamaq mənasına gəlir.