Biz imzaları yox, əsərləri dərc edirik...

Yazıçı üçün əsas qida
1080
14 İyul 2017, 12:12

Cenifer Eqanın yeni başlayan yazarlara ilk məsləhəti daha çox mütaliə etməkdir

 

2011-ci ildə "Ən yaxşı hekayə müəllifi” nominasiyasında Pulitzer Mükafatının qalibi Cenifer Eqan "The Wall Street Journal” jurnalında yeni yazarlarla təcrübələrini bölüşüb və dəyərli məsləhətlər verib.

 

 

  İlham mənbəyinin nə olduğu ilə bağlı əksəriyyətimizin beynində miflər var. Bundan xilas olun. Uzun müddət onun axtarışında olmuş və heç nə əldə edə bilməmiş biri kimi deyə bilərəm ki, bu işə təzə başlayanlar ilham pərisinin hansı formada gəldiyini belə müəyyənləşdirə bilmir. Dürüst davranmaq lazımdırsa, etiraf edim ki, ideyaların haradan və necə gəldiyini mən də bilmirdim. Amma indi sözlər və ideyalar öz-özünə tökülməyəndə, dərhal reallıq hissimi toplayır və işə girişirəm, çünki haqqında heç bir şey bilmədiyin "pəri”ni gözləmək ağıllı iş deyil. Adətən konkret zaman və məkanla başlayıram. Yazmağa başlamaq üçün iki şeyə ehtiyacım var – müəyyən bir zamanda təsvir ediləcək məkan və cavablandıralacaq intellektual suallara.

Prosesin necə getməsi, necə başlaması, irəliləməsi, bitməsi olduqca fərdi məsələdir. Nə yazırsınız, hansı janrda, hansı şəraitdə yazırsınız – bu faktorların hamısı nəticəyə bu və ya digər dərəcədə təsir edir. İşə başlamaq üçün zehnimi və hisslərimi hərəkətə gətirəcək məkanı və onun mövcud olduğu zamanı təyin etdikdən sonra heç nə üzərində hakimiyyət qurmağa çalışmıram. Məni və oxucumu təəccübləndirəcək və həyəcanlandıracaq hadisələrin baş verməsi üçün başqa heç nə planlaşdırmıram. Ürəyimə yatmasa və ya yenidən yazmaq ehtiyacı hiss etsəm də, bütün hekayəni tamamlamadan geridə qalanlara baxmıram, yalnız növbəti mərhələ, növbəti hadisə haqqında düşünürəm. Yazmağa yeni başlayanlar qısaömürlü ideyalara həyat verməyə çalışmalıdır. Hamıda olduğu kimi, bəzən məndə də ədəbi kilidlənmələr, blokadalar olur. Onda ya geri qayıdıb daha təsirli ifadə üsulları ilə əvəzləmələr aparır, ya da tamamilə başqa bir vərəqə tamamilə başqa mövzuda cızma-qara edirəm.

  Yenidən düzəldilmiş versiyalarınızın sayını müəyyənləşdirin. Əgər getdikcə düzəliş aparılan nüsxə sayı azalırsa, bu, uğurunuza işarədir. Xatırlayıram, ilk əlyazmam 50 dəfə düzəlişdən keçmişdi, onun bütün nüsxələrini saxlayıram. Ədəbi proses uyğunlaşdığınız rejim deyil, yazaraq mənimsədiklərinizdir. Mən yalnız qələmlə yazıram, yalnız. Bu məndə klassikaya olan maraqdandır bəlkə də. Əsla daha asan yol seçməyin, hər zaman daha yaradıcı yolu müəyyənləşdirməyə çalışın. Hər gün 5-7 tamamlanmış və növbəti gün üzərinə qayıtmayacağım səhifə yazmağa çalışıram. Əlyazmanın ilkin düzəlişi bütün əsərə sərf olunan vaxtın 10 faizi qədər vaxt aparır, amma bütün işin 50 faizi qədər əhəmiyyət daşıyır.

 

  Yazmaq üçün sizə olduqca sadə məsləhətlər verəcəm. Birinci məsləhəti bütün yazarlardan eşitmiş olmalısınız – oxuyun. Ümumiyyətlə, məni çox az şey təəccübləndirə bilir, bunlardan biri də qiraətlə məşğul olmayan insanın yazıçı olmaq istəyi, iddiasıdır. Mütaliə etməyən heç kim məni bu istəyə inandıra bilməz. Deyə bilmərəm ki, onlar nə qədər oxuyur, nə oxuyur, sırf məqsəd üçün oxuyur, yoxsa necə. Sadəcə, onu bilirəm ki, kitabı sevə bilməyən, ondan ayrıla bilən insan ədəbiyyata yaxın gələ bilməz. Oxumaq orijinal əsər yaratmaq istəyən yazıçı üçün əsas qidadır, vitamindir. Yaxşı əsərləri oxuyaraq, oxunacaq yaxşı əsərlər yaza bilərsiniz. Nəhəng müəlliflərin əksəriyyəti rejimlə işləmədiklərini deyiblər. Görünür, bu qədər azad davrana bilmək üçün nəhəng olmaq şərtdir. Amma ona kimi sizin keçməli olduğunuz uzun bir yol var və mən rejimlə işləməyi bütün gənc həmkarlara məsləhət görərdim. Hər gün yazmağa, iş rejiminə uymağa çalışın. Yazdığınız əsərin hər hissəsi oxucunuzu kitaba bağlamalıdır, hər hissədə fərqli həyəcan, yeni hisslər yaşatmalısınız, amma, eyni zamanda, hər hissə ayrıca hekayə kimi də qala bilməlidir. Hələ ilk cəhdlər edir və nədən, necə başlayacağınızı bilmirsinizsə, onda xırda ideyalar axtarışında olun. Kiçik hadisələrin üzərində təsirli hisslər yaratmağa çalışın. Zaman keçdikcə ideyaları genişləndirin. Həyatın içindən qəhrəmanlar seçin. Əgər onlar qəhrəman deyilsə, onlara həyat verin, bunun üçün onlara ən azından real həyatdakı qədər çətin şəraitlər yaratmalısınız.

 

Tərcümə edən: Elcan Salmanqızı