Biz imzaları yox, əsərləri dərc edirik...

Oxumaq azad olmaqdır – Şamem Aktar
196
15 May 2018, 13:27
 Artkaspi.az Şamem Aktarın TED çıxışını təqdim edir:
 
 

 Şamem Aktar Pakistanın Sindi əyalətində mühafizəkar bir ailədə doğulub. Bu gün isə Pakistanın dünyadakı təmsilçisi kimi tanınır. Doğulduğu kənddə müəllimə işləyən Şamem buraya beynəlxalq proqramların diqqətini çəkə bilmiş liderlərdəndir. Beynəlxalq layihələr çərçivəsində dünyanın nüfuzlu təhsil ocaqları və tədbirlərində qadın hüquqları, təhsil, sosial ədalət, idarəçilik və ədəbiyyat kimi mövzularda mühazirələr oxuyub. Xanım Aktarın TED-in "Yayılmağa Dəyər İdeyalar” layihəsi çərçivəsində Nyu-Orleans Universitetindəki çıxışını təqdim edirik.
 
 Oğlan uşaqları ilə dolu bir otaq. Ancaq otağın ortasında doqquz-on yaşında bir qız uşağı oturub, dörd bir tərəfində də kitablar. Bu qədər oğlanın arasında bircə nəfər qız odur. Çünki bu yerlərdə qızlarla oğlanların bir yerdə təhsil alması qadağandır. Bu qadağa ucbatından qızcığaz evdə oturmağa məcbur olmuş həmcinslərini və qız qohumlarını görmür, onlar üçün darıxırdı. Çünki kəndlərində qız uşaqları üçün bir dənə də olsun, məktəb, bağça yoxdur.
 O, qadınlar, qızlarla bağlı hadisələrin şərəf məsələsinə çevrildiyi mühafizəkar Baloç tayfasında dünyaya göz açıb. Ailənin ilk övladıdır. Ailəsi oğlan uşağı arzulasa da, "şanssız”lardan idilər, qız övladları doğuldu. Qız uşaqlarını evin dörd divarı arasında böyütmək onların tayfasında minilliyin ənənəsi idi. Onun həmcinslərindən bir fərqi var idi – universitet məzunu olan əmisi ona dünyanı görüb-tanımaq, cəmiyyətin canlı orqanizmi olmaq fürsəti verdi. Bir də bəxti onda gətirmişdi ki, ona həm oğlan, həm qız uşaqlarına verilən ad qoyulmuşdu. Bu addan ümidlə yapışan əmisi balacaya fərqli bir gələcək yaratmaq üçün işıq yolu gördü. Onu oğlan uşağı kimi böyütməyə qərar verdi.
 Əmisi heç vaxt itirmədən üç aylıq ikən qızı oğlana çevirdi. Ona oğlan paltarları alıb, geyindirtdi. Bu qız çölə çıxır, hamı ilə danışır, oynayır, oğlan uşaqları ilə bağçaya, məktəbə gedirdi. Sərbəst, özünəinamlı idi. Kənddə yaşayan qızların və qadınların hər gün qarşılaşdığı ədalətsizliyi, haqsızlığı görür və qeyd edirdi. Kəndə rayon mərkəzindən gələn qəzet birinci evin ən yaşlı kişisinə təqdim olunur, sonra yaş sırası ilə digər kişilər oxuyurdu. Qəzet qadınların əlinə düşəndə ya oxuya bilmirdilər, oxusalar da xəbərin bir dəyəri qalmırdı. 
 Qızcığaz səkkizinci sinfi beləcə tamamladı. Rahatlıq yavaş-yavaş yerini qorxulara verməyə başladı. Təhsilinə davam etməsi üçün seçə biləcəyi bircə lisey var idi, o da kənddən beş kilometr uzaqda yerləşirdi. Bu isə onun təhsil həyatının sonu demək idi. Oğlanların velosipedləri vardı, sərbəst idilər, kimsə hara getdiklərini soruşmazdı. Onlar kimi davranıb, böyüsə də, atasının onun təkbaşına səyahət etməsinə, velosiped sürməsinə əsla icazə verməyəcəyini bilirdi: "Buna göz yuma bilmərəm, hər gün səninlə o qədər yolu gedib-gəlməyə, səni aparıb-gətirməyə də vaxtım yoxdur. Təəssüf ki, bu alınmayacaq”. Çox kədərləndi, yol bitmişdi. Amma yenə bir möcüzə baş verdi. Yay tətilini onlarda keçirən qohumu doqquz-onuncu sinif materiallarını gətirib, proqramın əsas hissəsini ona mənimsətdi. Bu üsulla aradakı fərqi nisbətən də olsa, bağladı. 
 Haqqında danışdığım bu qız indi sizin qarşınızda dayanan Şamemdir, mənəm.
 (Alqış sədaları eşidilir)
 
 

 Əsrlərdir ki, insanlar şəxsiyyət olmaq, qazanmaq, göstərmək üçün mübarizə aparır. İnsanlar bu şəxsiyyəti, milliyyətləri, etnik bağlarına görə, sevilib, qəbul edilir, onlara bu və ya digər dərəcədə imtiyaz verilir. Ya da elə məhz bu sadaladığım səbəblərdən onları adam saymır, görməzdən gəlir, hətta nifrət edirlər. Dünyanın harasında yaşayırsınız yaşayın, şəxsiyyət vəsiqəsi sizin cəmiyyətdəki statusunuzu, yerinizi müəyyənləşdirir. Məsələn, mənim fikrimi bilmək istəsəniz, bu ayrı-seçkiliyə, bu suallara nifrət edirəm. Çünki dünyada milyonlarla insan sırf qız olaraq doğulduğu üçün nəinki müəyyən bir kimlikdən, ən ibtidai hüquqlarından belə məhrum edilir. Əgər əmim olmasaydı, oğlan uşağı kimi böyüməsəydim, məni də eyni tale gözləyirdi. Evdə təhsil müddəti də bitdikdən sonra kollecə qəbul prosesi belə mənim üçün olduqca çətin keçdi. Üç gün qərarlı və ağır aclıq elədim.
 Amma sonda kollecə getmək üçün icazə aldım. 
 Beləcə kollecdən məzun oldum. İki il sonra isə universitet zamanı gəldi. Atam isə bütün fikrini qardaşlarımın gələcəyinə yönləndirmişdi. Onlar məktəbə, kollecə getməli, oxumalı, yaxşı iş qurmalı, ailəyə dəstək verməli idilər. Və təbii ki, mənim yerim bəlli idi – ev. Amma mən bu fikri birmənalı şəkildə özümə yaxın buraxmadım. Qadınlara tibbi xidmət göstərə bilmək üçün peşə təlimlərinə qoşuldum. Sonra isə ucqar əraziləri inkişaf etdirmək məqsədilə həyata keçirilən bir layihə ilə tanış oldum. Bu isə tamamilə təsadüf nəticəsində baş verdi, bəlkə də, möcüzə. Evdən qaçdım. "Thardeep Regional İnkişaf Proqramı”ndakı vakansiyaya sahib olmaq üçün beş saat yol getdim. Həyatımda ilk dəfə evimdən bu qədər uzaqlaşmışdım. Azadlığa bu qədər yaxın idim… Tale bütün kartları mənim xeyrimə oynadı, işi mənə verdilər. Amma ən çətin iş məni evdə gözləyirdi, atamla üzləşmək.
 Artıq qohum-əqrəba qızının orda-burda gəzinməsi, həddini aşmasına işarə edərək, atamı qorxudur, onu məsxərəyə qoyurdular. Evə qayıdanda ağlımda bircə fikir var idi – "Thardeep”dəki işi qəbul edib, həyata atılmaq. O gecə bütün əşyalarımı yığdım, atamın otağına girdim və bu gün üçün o qədər ötkəm olmayan bir səslə dedim: "Sabah tezdən bir avtobus gələcək. Əgər mənə inanırsansa, həqiqətən inanırsansa, məni oyandır və vağzala apar. İnanmırsansa da, səni başa düşərəm”. Cavab gözləmədən çıxdım. Səhər gözümü açanda atam başımın üstündə durmuşdu, məni vağzala aparmaq üçün gözləyirdi.
 Mən sözün qüdrətini o gün anladım. Sözlərin könlümüzü necə fəth etdiyini, həyatımızda nə qədər əhəmiyyətli yer tutduğunu o gün ürəyimin dərinliyindən qopan o sözlərin nəticəsini görəndə başa düşdüm. Sözlərin insan taleyinə hökm etdiyini gördüm. "TRİP”-də doğulub, böyüdüyüm, bildiyim Pakistandan tamamilə fərqli, dərk etdiyimdən daha qarışıq bir ölkə tanıdım. O vaxta kimi mənə elə gəlirdi ki, çox çətin həyatım var. Amma burada Pakistanın başqa yerlərində yaşayan qadınların hekayələri ilə tanış oldum, insanlar yaşamağın nə olduğunu anlamadan ölüb gedirdilər. Bu təcrübə mənim gözlərimi açdı. 11 uşağı olan qadınlar var idi, uşaqlarına verməyə yemək tapmırdılar. Ən yaxında yerləşən quyudan su götürmək üçün hər gün 3 saat yol gedirdilər. Ən yaxın xəstəxana 32 kilometrlik məsafədə yerləşirdi. Əgər qadının doğuşu başlayıbsa, xəstəxanaya dəvə ilə aparırdılar. Bu uzaq yolda ölən qadınların sayı-hesabı bilinmirdi.
 Bir sözlə, bu layihədə iştirak mənim üçün sıradan bir işdən daha dərin məna, əhəmiyyət kəsb edirdi. Əsl daxili gücümü gördüm. Maaş aldığım gündən hər ay evə pul göndərməyə başladım. Bunun nə demək olduğunu təkcə ailəm yox, bütün qohum-əqrəbam başa düşürdü. Təhsilin əhəmiyyətini mənim yerimə, yoluma baxaraq təzə-təzə dərk edirdilər. Çünki tez-tez artıq tanış ailələrin qızlarının məktəbə getdiyini eşidirdim. Qısa zaman sonra nisbətən böyük yaşda qızların da məktəbə getməsi asanlaşdı, ictimai razılıq gördü. İndi o kənddə məktəbə getməyən qız uşağı yoxdur. İndi qadınlar tibb məntəqəsində, polis şöbəsində öz vəzifələrini rahatlıqla icra edirlər.
 Həyat daha asan idi. Amma qəlbimin dərinliklərində bu köklü dəyişikliklərə ölkəmin daha çox ehtiyacı olduğunu duyurdum. Odur ki, "TRİP” layihəsi ilə müqaviləm bitən kimi "Acumen Fellowship” proqramına qoşuldum. Burada Pakistanın fərqli regionlarından özüm kimi liderlərlə tanış oldum. Mənim keçdiyim yol çox sadə, təhlükəsiz imiş. Burada ölümü gözə almış, dəfələrlə sui-qəsddən xilas olmuş, sevdikləri tərəfindən rədd edilmiş insanlar var idi. Onları tanıdıqca liderliyin, inqilabi keyfiyyətlərin nə olduğunu daha yaxşı dərk etdim.  Kəndə qayıtmaq qərarı aldım. Avtobusla iki saatlıq uzaqlıqda yerləşən rayon məktəbində müəllim kimi işə başladım. Hər gün o qədər yolu gedib-gəlmək çətin idi, amma hələ ilk gündən bu qərarın doğruluğuna inandım. İlk girdiyim sinif otağında bir otaq dolusu Şamemin xəyallarla qaynayan gözlərinin mənə zilləndiyini gördüm. Bu, bir zaman mənim də gözlərimdə parlayan, həyatıma yön verən azadlıq xəyalı idi.
 Qızlar bu qədər uzaq yolu qət edib gəlir, ümidlə oturub, gözləyir və heç nə öyrənmədən evlərinə qayıdırdılar. Öyrənməyə həvəsliydilər, amma məktəbdə işini düzgün icra edən yox idi. Bununla barışmadım, sistemə uyğunlaşmadım. Bu yoldan geri dönüş yox idi. Mən həyatımın məqsədini tapmışdım. Təlim-təhsil prosesinin təşkilində mənə kömək edə biləcək dostlara üz tutdum. Sinifdənxaric fəaliyyətlər, qiraət saatları, kitablarla qızlarıma kəndin sərhədlərindən kənardakı dünyanı tanıtdırdım. Onları dünya liderlərinin həyatları, mübarizə yolları ilə tanış etdim – Martin Lüter, Nelson Mandela… Keçən il şagirdlərimin 65%-i təhsilini davam etdirmək üçün kollecə imtahan verdi və qəbul oldular. Mən isə dayanmıram, işləyirəm. İndi isə təhsilin təşkili sahəsində doktorluq dissertasiyamı tamamlamağa çalışıram.
 Bunu isə bir fəxri adım olsun deyə eləmədim. Regional təhsil sistemində idarəedici mövqeyə gəlib, daha sərbəst qərar ala bilmək, dəyişikliklərə daha sürətlə getmək imkanı qazanmaq üçün bu addımı atdım. Azyaşlıların nikahının, uşaq və ana ölümlərinin, erkən hamiləliyin gətirdiyi çoxsaylı xəstəliklərin qarşısını almağın, göstəriciləri aşağı salmağın başqa yolu yoxdur, qızların təhsil prosesində yerini, payını artırmadıqca dünyada sülhün bərqərar olmasını gözləməyək. Məhz buna görə də, bu prosesin davamlılığını təmin etmək üçün ictimai şəkildə həmrəy davranmalıyıq. Məqsədimə yaxın deyiləm, amma bir günümü belə ona doğru bir addım atmadan başa düşmürəm. Yol çətindir. Amma mənim xəyallarım var və dönüb geriyə boylanmağa heç niyyətim yoxdur. Təşəkkürlər!
 
İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı