Biz imzaları yox, əsərləri dərc edirik...

Elm, sənət və söz adamlarının seçimi İlham Əliyev
3138
12 Aprel 2018, 14:03
  Azərbaycanda prezident seçkiləri başa çatıb. 8 nəfərin prezidentliyə namizədliyinin təsdiqləndiyi seçkilərdə hansı namizədə daha çox səs verildiyini öyrənmək üçün ziyalılar arasında sorğu keçirdik. Sorğu zamanı ölkənin tanınmış ziyalı və ictimai xadimlərinin prezidentliyə namizəd İlham Əliyevi dəstəklədiklərini öyrəndik. 


  Arif Babayev: "Təhlükəsizliyimizə təminat var”
 
 
 



  Xalq Artisti Arif Babayev prezidentliyə namizədinin İlham Heydər oğlu Əliyev olduğunu qeyd etdi: «Əlbəttə, hər bir seçici hansı namizədə səs verəcəyi barədə fikirləşməlidir. Kim ki, ölkəmizin inkişafına çalışır, xalqın rifahı, sosial həyat səviyyəsinin yüksəlməsi üçün işləyir – mən o namizədə səs vermişəm. Namizədim isə İlham Əliyevdir. Ola bilsin ki, hansısa sahədə çatışmazlıqlar var, bu, təbiidir. İnsafla desək, İlham Əliyev ölkənin inkişafı uğrunda yorulmadan çalışır. Şükür ki, qarışıqlıq, səfalət, qarşıdurma kimi mənfi hallar ölkəmizdə baş vermir. Həyatımızın təhlükəsizliyinə təminat var, rahat yatır,  işləyir, istirahət edirik. İlham Əliyev kiçik bir ölkəni dünya ölkələri səviyyəsinə yüksəldib, Azərbaycanı dünyada tanıdıb, siyasi əlaqələrini gücləndirib. Xalqımız bir olsa, hamı bir yerə yığışsa, hər şey yaxşı olar. Əsas odur ki, xalqımız öz prezidenti ətrafında birləşib». 
 


  Əjdər Ağayev: "İlham Əliyevə alternativ görmürəm”
 
 



  Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev prezidentliyə namizədinin İlham Əliyevin olduğunu qeyd etdi: «Keçən seçkidə də İlham Əliyevin namizədliyini dəstəkləmişdim. İndiki zamanda Azərbaycanın inkişafının bir ölkə çərçivəsindən çıxıb dünyaya yayılması, siyasi əlaqələrin güclənməsi, dövlətçiliyin möhkəmlənməsi, mədəni səviyyənin artması, əhalinin sosial-iqtisadi həyat səviyyəsinin yaxşılaşdırılması, ölkədə aparılan tikinti-quruculuq işləri, əhali üçün həyata keçirilən sosial layihələrin artımı və s. prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilib. Mən irəlidə ölkənin perspektivli inkişafını görürəm. Hesab edirəm ki, dünya diplomatiyasında İlham Əliyev öz sözünü cəsarətlə deyir, fikrini bildirir, ölkəmizin mövqeyini lazımınca müdafiə edir. İlham Əliyev ilk növbədə Azərbaycanın sabitliyinə çalışır və buna nail olur. Prezident İlham Əliyevin gördüyü işləri düşündükcə ona alternativ görmədim. Ona görə də İlham Əliyevə səs verdim. Çünki o, ölkənin inkişafı naminə yorulmadan çalışır». 
 
 
  Fikrət Qoca: "Namizədimi dəyişmirəm”
 
 
 
 


  Xalq şairi Fikrət Qoca da namizədinin İlham Əliyev olduğunu bildirir: "Mən öz prezidentimi tapmışam. Həmişə də ona səs verirəm. Hər kəs seçimində azaddır, mənim də seçimim İlham Əliyevdir. O ailə məni üç dəfə ölümdən qurtarıb. Daha geniş çərçivədə götürsək, İlham Əliyevin atası Heydər Əliyev Azərbaycanı dağılmaqdan, parçalanmadan xilas edib, ölkəmizi müstəqilliyinə qovuşdurub. Sonra seçilən prezident İlham Əliyevin səyləri nəticəsində ölkəmizin iqtisadi inkişafı daha da gücləndi. İlham Əliyev ölkəmizi dünyada tanıtdı. Təkcə neft, qaz müqavilələri və ya İpək yolu deyil, bunlar bizi dünyaya bağlayan iplərdir. İlham Əliyev bu gün ölkəmizi bütün regionda lider dövlətə çevirib. Mən gördüklərimə və yaşadıqlarıma inanıram. Ona görə də namizədimi dəyişmirəm”. 




  Şahlar Əsgərov: "Təkamül yolunun tərəfdarıyam”
 
 
 

 
  Professor Şahlar Əsgərov səsvermədə iştirak etdiyini və seçdiyi namizədə – İlham Əliyevə səs verdiyini deyir: «YAP-ın namizədi həm də mənim namizədimdir. Seçki məsələsinin fəlsəfəsinə baxanda dövlət rəhbərini seçmək hər kəsin vətəndaşlıq borcudur. Hər bir şəxs səsvermədə iştirak edib istədiyi namizədə səs verməlidir. Əlbəttə, müxalifətə də səs vermək olar, iqtidarın nümayəndəsinə də. Mən isə prezidentliyə namizəd İlham Əliyevə səs verdim”. Ş.Əsgərov alman filosofu Karl Poterin nəzəriyyəsini misal gətirərək bildirir ki, inqilablar yolu ilə hakimiyyətin dəyişməsi cəmiyyətə heç nə vermir: "Bir qrup gəlib varlanır gedir və cəmiyyət həmişə əziyyət çəkir. Ona görə həmişə təkamül yolu ilə hakimiyyəti gücləndirmək lazımdır. Yəni təkamül yolu ilə davam etsək, hər seçkidə bir qədər irəliləyişə nail olub, daha sivil bir dövlətə çevrilə bilərik”. Ş.Əsgərov həmçinin təkamül yolu ilə inkişafın tərəfdarı olduğunu deyir:  "1999-cu ildə Bəxtiyar Vahabzadənin Respublika Sarayında keçirilən ad günündə professor Yaşar Qarayev bir ziyalı olaraq "Cənab prezident, Şəkidə də Bəxtiyar Vahabzadənin yubileyini qeyd etdik. Orada əhali çörək alıb pulunu nisyə yazdırır. Kitab mağazalarında isə Bəxtiyarın kitabı yoxdur. Çünki o kitablar hamısı nağd pula alınır» - dedi. Yaşar Qarayev bu sözlərlə ölkədə iqtisadi vəziyyətin o qədər də yaxşı olmadığını ölkə başçısına çatdırdı. Ancaq bu sözləri elə dedi ki, vəziyyəti daha real olaraq ulu öndərin diqqətinə çatdı. Bu hadisədən sonra Heydər Əliyev ziyalılar üçün təqaüdlər təsis etdi. Əgər hər seçkidə bir ziyalı xalqın bir istəyini desə, ölkə 10-15 ildən sonra tam inkişaf etmiş vəziyyətdə olacaq. Demokratik seçki ilə hər şey cəmiyyətin istədiyi səviyyədə olacaq. Ona görə də mən təkamül yoluna üstünlük verirəm. Filosofların fəlsəfəsi ilə çıxış edərək bütün kataklizmlərin, inqilabların əleyhinəyəm. Mən təkamül yolu ilə dövlətin qurulmasının və inkişaf etməsinin tərəfdarıyam».    


   Nurəddin Mehdixanlı: "Ən doğru olan yola davamdır”
 
 



  Xalq artisti Nurəddin Mehdixanlı özünün və ailəsinin namizədinin İlham Əliyev olduğunu bildirdi: «Mən bu gün ailəmlə bərabər səsverməyə gedəndə Azərbaycanın bundan sonra da sabitliyinə, iqtisadi inkişafına, hərbi qüdrətinin güclənməsinə səs verdim. Ölkəmizdə insanların rifah halının yaxşılaşmasına, asayiş içərisində yaşamasına səs verdim. Üçrəngli bayrağımızın həmişə yüksəklərdə dalğalanmasına və Azərbaycanın müstəqilliyinin əbədiliyinə səs verdim. İnandığıma, əmin olduğuma görə səs verdim. Hesab edirəm ki, ən doğru olan yola davamdır. Mən də yolun davam etməsinə görə İlham Əliyevə səs verdim».  


   Nəsib Quliyev: "Ən layiqli namizədə səs verdim” 
 
 
 



  K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev namizədinin prezident İlham Əliyev olduğunu qeyd etdi: "Bir ziyalı olaraq hesab edirəm ki, namizədlər içərisində ən layiqlisi və dəyərlisi İlham Əliyevdir. Ataların dediyi kimi: «Görünən dağa bələdçi lazım deyil». Namizədlərin gördüyü işləri, verdiyi vədləri, danışdıqlarını izlədikdən və müqayisə edəndən sonra bu nəticəyə gəlirik ki, İlham Əliyevin ölkəmizin taleyi ilə bağlı nə etdiklərini, nə dediklərini, nə də gördüyü işləri heç kim etməyib və edə də bilməz. Ona görə də bir tibb işçisi və ziyalı olaraq məhz cənab İlham Əliyevə səs verdim. Hesab edirəm ki, doğru yolu seçmişəm». 
 
   
   Rafiq Əzimov: "Ölkəmizin gələcək inkişafına, xalqımızın dolanışığının yaxşılaşmasına səs veririk”
 
 
 



  Xalq artisti Rafiq Əzimov da ötən seçkidə olduğu kimi yenə prezidentliyə namizəd İlham Əliyevə səs verdiyini deyir:  "Mən namizədlər sırasında ondan layiqli olanı görmürəm. Onun ölkəmiz və xalqımız üçün etdikləri göz önündədir. Bilirik ki, İlham Əliyevə səs verməklə ölkəmizin gələcək inkişafına, xalqımızın dolanışığının yaxşılaşmasına səs veririk”. Xalq artisti bildirir ki, İlham Əliyev prezident seçiləcəyi təqdirdə ona teleqram vurub təbrik edəcək: "İlham Əliyev keçən seçkilərdə qalib olub prezident seçiləndə mən ona teleqram vurub təbrik etdim. Teleqramın cavabını alanda isə çox sevindim. O da mənə yaradıcılıq uğurları arzulamışdı. Bu, mənim üçün böyük fəxr idi. İnşallah, İlham Əliyev prezident seçiləcəksə, yenə onu təbrik edəcəyəm. Mən öz namizədimin seçkilərdə qalib gələcəyinə inanıram”. 


   Zərifə Salahova: "Onun Azərbaycanımızı xoşbəxt gələcəyə, işıqlı sabaha aparacağına əminəm”
 
 
 



  Tanınmış ictimai xadim Zərifə Salahova da İlham Əliyevə səs verdiyini deyir: "Prezidentliyə namizədlər arasında İlham Əliyev kimi ikinci sanballı namizəd yoxdur. İlham Əliyev bu etimadı, ehtiramı əməli, şəxsiyyəti ilə qazanıb. İlham Əliyev uzun illər Azərbaycana rəhbərlik etmiş  nadir, müdrik şəxsiyyətlərindən olan Heydər Əliyev ailəsində dünyaya gəlib. Belə bir atanın, Zərifə xanım kimi humanist və qayğıkeş ananın qayğısı altında təlim-tərbiyə görüb, böyüyüb boya-başa çatıb, böyük bir idarəçilik, idarəetmə məktəbi keçib. Nəticədə böyük bir idarəçilik, rəhbərlik qabiliyyətinə malik, dünya iqtisadiyyatı və siyasətini dərindən bilən və rəhbərlik etdiyi ölkəni o istiqamətə aparmağı bacaran lider kimi yetişib. İlham Əliyevin prezident olduğu 2013-2018-ci illər ərzində həyata keçirdiyi əməli işlər gözümüz qarşısındadır. Mən həmin inkişafın davamı naminə İlham Əliyevə səs verdim. Onun Azərbaycanımızı xoşbəxt gələcəyə, işıqlı sabaha aparacağına əminəm. Ona görə də xalqımızın prezident seçkilərində fəal iştirakı ilə Azərbaycanın demokratik ölkələr ailəsində irəliyə doğru daha bir ciddi addım atacağına inanıram”.


   Hazırladı: Təranə Məhərrəmova