Biz imzaları yox, əsərləri dərc edirik...

Çox maraqlı heyətimiz var – Alı Rza Cankorurun müsahibəsi
1343
19 Fevral 2018, 17:13

  Türkiyədə tezliklə istehsalına başlanacaq "Tolga bey” filminin rejissoru Alı Rza Cankorur Bakıda olmağından istifadə edərək onunla söhbət etdik. Rejissorun Bakıda olmasının səbəbi isə yeni filmində çəkiləcək Azərbaycanlı aktyorlar – Kamran Ağabaleyev və Zülfiyyə Qurbanova ilə görüşmək və filmə çəkiləcək məkanlarla tanış olmaq idi.
 

 
  –  Əvvəlcə çəkiləcək "Tolga bey”  filmi barədə danışaq...
  –  Bu layihənin həm prodüseri, həm də rejissoruyam. Məndən başqa Metin Aşçıoğlu, Burak Tümer, Fırat Tümer də  filmdə birgə çalışacaq. Layihənin ideya müəllifi mənəm. Filmin adı "Tolga bəy”dir. Mimar Sinan Universitetində kino-televiziya fakültəsində oxumuşam. İllərdir reklam sektorunda çalışıram. Məşhur beynəlxalq layihələrin prodüseri və direktoru olmuşam. Məsələn,  Bakıda olan Azərbaycan–Türkiyə futbol üzrə oyunun prodüserliyini etdim. Elton Conun Bakıdakı konsertində də çalışmışam. Biz "Prima Production”da işləyirik. İllərdir həm televiziya, həm də reklam sahəsində çalışıram. "Beyaz Şou” da daxil olmaqla bir çox televiziya layihəsində işləmişəm. Sənədli filmlər sahəsində də çalışıram. Bu sahədə də çoxlu mükafatlar əldə etmişəm. Hazırda minalarla bağlı sənədli film çəkirəm. Biz bu filmi "Kalleş” (Namərd”) adlandırmışıq.
 
  – Reklam filmləri də müasir dövrün əsas kinematoqrafik məhsullarındandır...
  – Reklam filmi iki cür olur: Birində reklam şirkəti hazır ssenari verir, onu çəkirik., digərində müştəri təklif edir, özümüz ekranlaşdırırıq: Çətin işdir. Çünki  əhvalat uydurmalı və onu ekranlaşdırmalısan. Reklam işi bu  sarıdan çətindir. Sifarişçiyə reklamı bəyəndirmək lazımdır. Ancaq bu halda reklam işi bitmiş sayılır. Filmdə belə deyil. Çəkirsən insanlar ya, ya yox. Reklam isə sifarişçi bəyəndikdən sonra nümayiş olunur.
 
  – Türkiyənin reklam bazarı çox inkişaf edib.
  – Azərbaycanda da çox gözəl reklamlar çəkilir. Mən  sizin kanallara baxıram. Bəyəndiyim reklamlar var. Bakıda, Qəbələdə, Gəncədə də işləmişəm. Böyük şirkətlərin çəkilişlərini etmişəm. Azərbaycan çox dəyişir, hər dəfə gələndə fərqli bir Azərbaycan görürük. Azərbaycanda əvvəl film çəkməyə texnika yox idi, indi çəkiliş heyəti də var, aktyorlar da, texnika da. Burada işləmək asandır. İstedadlı gənc aktyorlarınız var, onlar öyrənirlər, professionallaşırlar. Azərbaycan sadə bir türk dövləti deyil, dünya dövlətidir. Bəzi ölkələr var ki, onlar ya sırf ərəb dövlətidir, ya da sırf türk. Azərbaycan coğrafi məkanına görə çox orijinal ölkədir: Burada Həm Qafqaz mədəniyyəti var, həm türk, həm İran, eləcə də Rusiya. Azərbaycan bu baxımdan çox unikal bir dövlətdir.
 
  – Azərbaycan filmlərinə baxmısızmı?
  – Lap əvvəllərdən seyr etdiyim filmlər vardı. İndi Azərbaycanda kinematoqrafiyası inkişaf dövrünü yaşayır. Filmə investisiya qoymaq istəyənlər var. İndi dünyada da kinematoqrafiya fərqli məcrada inkişaf edir. Məsələn, sırf internet üçün filmlər çəkilir.
 

 
  – Türkiyənin "Fi” dizisi də  ölkəmizdə çox populyardır...
  – O filmin quruluşçu operatoru da bizim layihədə yer alacaq. Alper Derli mənim tələbə yoldaşımdır, uzun illərin dostuyuq. Mən rejissorluğu seçdim, o quruluşçu operator oldu.
 
  – "Tolga bəy” filmi ilə bağlı işlər nə yerdədir? 
  – Filmi mayda çəkmək istəyirik. Bakıda, İstanbulda və Gaziantepdə çəkiliş gedəcək. Havalar mayda yaxşı keçir. Bakının təbii naturası çox gözəldir. Yaşıllıqdır, dənizi var. Filmin çəkiləcəyi məkanları da seçmişik.  Premyerasını da gələn ilin yanvar ayına planlaşdırmışıq. İşimiz sürətlə getsə, ilin sonunda Azərbaycanda, Türkiyədə və Nyu-Yorkda filmin  premyerası olacaq. "Toronto” Beynəlxaq film festivalında da iştirak edəcəyik.
 
  –  Çəkiliş üçün heyət hazırdırmı?
  –  Əsas aktyorlar hazırdır. Heç kim bizə "yox” demədi. Hamı ssenarini görən kimi həvəslə razılaşdı.  Baş rollarda iki aktyor oynayacaq: Əfruz və Tolga bəy. Tolga bəyi Ali Poyrazoğlu oynayır. Türkiyənin ən parlaq aktyorlarından biridir. Uzun illərdir  ki, heç bir filmdə oynamırdı. Əsasən teatrla məşğuldur. Əli bəyin bu işdə əhəmiyyəti çox böyükdür. Əfruz (Türkiyədə bu ad həm kişi, həm də qadın adıdır – Q.T.) isə bir Azərbaycanlıdır. Kilmdə o, çox yaxşı insan olur, amma öz istəmədən də qeyri-leqal işlərlə məşğul olur. Amma buradan xilas olmaq istəyir. Tolga bəylə təsadüfən tanış olur və bu tanışlıq onu bir insan kimi müsbətə doğru dəyişir. Bu obrazı Kamran Ağabalayevə həvalə etmək istəyirik. Adlar şərtidir, çəkiliş prosesində dəyişə bilər. Zülfiyyə Qurbanovanı da filmimizə dəvət etmişik. Əfruzun sevgilisi rolu ona həvalə olunub. Qurban İsmayılov da filmdə yer alacaq. Burda soruşdum ki, ən yaxşı ata rolunu kim oynayar, hamı "Qurban İsmayılov” dedi. Ramin Akifoğlunu da layihəyə cəlb etmişik. Bir sözlə, çox maraqlı heyətimiz var.

 
 
  – Nəyə görə azərbaycanlı aktyorları da çəkirsiniz?
  – İstəyirik ki, maraqlı olsun. Bilirsinizmi, azərbaycanlı aktyor filmə əlavə bir güc, rəng qatır. Ona görə bu qərarı vermişik. Film üçün başqa bir xalq seçməli idik. Mən Azərbaycanı seçdim. Azərbaycanlı öz ailəsi ilə öz dilində danışır, Türkiyədə anlayırlar. Bu mənada, Azərbaycan bizə çox doğmadır. Amma Azərbaycan fərqlidir və bu bizə çox xoş gəlir. Mən uşaqlığımdan Azərbaycan mahnıları dinləyirəm.
 
  – Filmin musiqisi barədə nə deyə bilərsiniz?
  – Filmin musiqisi üçün çox məşhur bəstəkarlarla işləyəcəyik. Final səhnəsi üçün "Ayrılıq” mahnısını planlaşdırmışıq. Yerinə görə də "Bu qala daşlı qala”, "Ey səhər”, "Sən gəlməz oldun” mahnılarından istifadə etmək istəyirəm. Xüsusilə də "Sarı gəlin” musiqisi bizim üçün çox vacibdir. Bu musiqilər Azərbaycan musiqi sənətinə möhür vurmaqla bərabər Türkiyədə də çox məşhur olan əsərlərdir.
 
  Söhbətləşdi: Qan Turalı