Biz imzaları yox, əsərləri dərc edirik...

Orxan Pamuk yazıya layiq olmaq üçün yazır – Alper Canıgüzün müsahibəsi
1452
31 İyul 2018, 13:02
 Artkaspi.az türkiyəli yazar Alper Canıgüzün müsahibəsini təqdim edir:
 
 

 
 – Nə vaxt sizin romanlarınızı oxusam Kurt Vonnequtu xatırlayıram. Vonnequt müharibə əleyhdarı romanları və azad yazıçı kimliyi ilə bütün zamanların unudulmaz sənətkarlarından biri kimi yaddaşımızdan silinməyəcək. Sizin romanlarınız da bir savaşı, yaradılışımızın ən böyük problemi – daxili dünyamızdakı savaşı ironik bir qəhqəhə ilə ifadə edir. Bunun səbəbini izah edə bilərsinizmi?
 – Bir varlıq kimi insan digər primatlardan fərqlənərək nə vaxt özünü dərk edəcək, həyatda yaşamaq qayəsini düşünəcək? Bu sualı – ölümü və  yaşamağı dərk edəndə – cavablandırmaq yerinə düşərdi, zənnimcə. Son dərəcə güclü yaşamaq ehtirası ilə dünyaya gəlib, dünyada keçirdiyin hər günün əslində səni labüd sona bir addım daha yaxınlaşdırdığı həqiqəti ilə yaşamaq bir daxili müharibə kimi izah edilə bilər. İnsan beyninin genetik meyillərinə qarşı apardığı mübarizə də elədir ki, bu eyni zamanda cəmiyyətin də tarixini yaradır. Bunu ziddləşmə, dialektika da adlandıra bilərsiniz. Məndə bu, ironiya şəklində əks olunur. Haqqında danışdığınız daxili müharibənin mənim hekayələrimdə yumorla və əslində qara yumorla bu qədər iç-içə olmasının səbəbi, dediyim ironiyanın özüdür.

 – Uydurduğunuz hekayələri dostlarınıza danışaraq gül kimi yaşayırdınız. Dünyanın ən çətin işi yazıçılıqla məşğul olmağa nə üçün ehtiyac duydunuz?
 – Dəqiq bilmirəm. Bəlkə də hekayələrimi heç vaxt tanıya bilməyəcəyim dostlarımla da paylaşmaq istəmişəm. Ədəbiyyata bağlı olan atama layiq olmaq, ya da bu işlərlə məşğul olmağımı çox da xoşlamayan anamın haqsızlığını sübut etmək və bəlkə bir gün hörmətini qazanmaq üçün də ola bilər. Yazıçılıqla məşğul olanlardakı ölümsüzlük illüziyası ola bilər məni də ovsunlayıb. Passiv, aqressiv bir biçimdə öz həyat qaydalarını özü  müəyyənləşdirməkdən əziyyət çəkməyim də buna səbəb ola bilər. Ya da bəlkə başqa bir işlə məşğul ola bilməyəcək qədər tənbələm.

 – Həmyaşıdlarınız olan digər müəlliflər mediaya və populyarlığa can atırlar. Hörmətli Canıgüzdə əksinə olmasının səbəbi nədir?
 – Açığı, eyni şeyləri təkrarlamaqdan xoşum gəlmir. Sadəcə, yeni bir kitab yazanda, ya da ortada həqiqətən qeyri-adi bir şeylər söyləyə biləcəyim mövzu olanda danışmağa üstünlük verirəm. Bunun xaricində ortalıqda çox olmağın, oxucu ilə əsər arasına girmək kimi bir təhlükə yaradacağından narahatam.

 – Populyarlıq demişkən dostunuz Menteşlə bağlı bir sual: Murad Menteş  "Dublyorun dilemması", "Qorxma, mən varam" romanlarıyla türk oxucularının diqqətini çəkdi. "Ruhi mücərrəd" romanı isə daha çox populyarlıq  üçün yazılmışdı. Bəs sizcə?
 – Bir əsər həm populyar, həm də çox kult ola bilər. Yazıçının öz əsərindən zövq ala biləcək  hər bir oxucuya xitab etmək istəməsi təbiidir. Fikrimcə, Murad Menteş türk ədəbiyyatının gəlib keçmiş ən istedadlı qələmlərindən biridir.

 – Romanlarınızın mövzusu nə olursa olsun, orada sevgi, eşq əsasdır. Qəhrəmanlarınızın sevgisizlik, eşqsizlik problemi yaşamasının əsas səbəbi nədir?
 – Bəşəri məsələlərdir bunlar. Sözügedən mövzuların izini güclü, ya da zəif bir çox dramatik əsərdə görə bilərsiniz. Bir də Napaleonun sözü idi səhv etmirəmsə,  "Hər kəs özündə olmayan şeylər üçün mübarizə aparır".

 – Gələk, Alper Kamu macəralarına. Kimdir bu Alper Kamu? Nə üçün adı həmişə Alber Kamyu ilə birlikdə çəkilir?
 – Əlbəttə ki, birbaşa Kamyuya istinad var. Qəhrəmanın intihara meyilli olması, həyata baxışındakı pessimistlik, hekayələrin "absurd"luqla əlaqəsi… Balaca bir ekzistensialist də deyə bilərik ona.

 – Türk romanında media tərəfindən şişirdilmiş "məşhur” yazarlar çoxdur. Yazdıqları romanlar da çox satılır və tənqidçilər də onları tərifləyirlər. "Saqqal hesabatı” adlı yazınızla bu məsələləri tənqid edirsiniz. Sizcə buna ehtiyac var mı?
 – Tənqidçinin tənqidi, yazar üçün kritik bir mövzudur: Yazıçı olan şəxs təndiqçi ilə bayağı mövzularda mübahisə etməkdən qaçmalıdır. Bu da ortaya çıxan əsərin bədii xüsusiyyətlərinin yerli yerində olması və tənqidçinin yazarın əsərinə qarşı, ədalətli və məsafəli davranmasıyla mümkün ola bilər. "Lazımdırmı” sualının sənətdə yeri olduğunu isə qəbul edə bilmərəm. Tutaq ki, Mona Liza lazım olduğu üçünmü çəkilmişdir deyə soruşa bilərik özümüzdən?
 
 

 
 – Orxan Pamuk barədə nə deyə bilərsiniz?
 – Həm türk, həm dünya ədəbiyyatı üçün önəmli bir yazıçıdır. "Qara kitab", məsələn, türk ədəbiyyatında ən sevdiyim romanlardan biridir. Çetin Altanın sözü ilə desək, Orxan Pamuk yazıya layiq olmaq üçün yazır. Siyasi mövqeyinin ədəbiyyatının önünə keçməsi bəlkə şəxsi, bəlkə də həyatın sürpriz bəxtsizliyi kimi görünə bilər. Ehtimal ki, hər ikisidir.

 – Dünya və türk ədəbiyyatının ən böyük romanları sizcə hansıdır?
 – Belə dəyərləndirmələrə çox girməməyə çalışıram, açığı. Amma bir ədəbiyyatsevərin Türk və dünya romanından böyük zövqlə oxuyacağı iki roman hansılar olar deyə soruşsanız, "Paris Notrdam kilsəsi" və "Qara kitab" deyə cavablandıraram.

 – Azərbaycanın ən çox oxunan qəzetlərindən biri "Kaspi" və Qafqaz Universiteti "Yenidən" layihəsini başlatdı. Layihənin məqsədi Azərbaycan və Türkiyə romanlarını yenidən qiymətləndirmək və hər iki ölkə ədəbiyyatı arasında körpü qurmaqdır. Layihənin ilk qonağı kimi fikirlərinizi bilmək maraqlıdır..
 – Əvvəla, gözəl bir layihə olduğunu deyim. Sənətçilərin iş birliyi, siyasətçilərin, biznesmenlərin ortaqlığından daha çox önəmli və dəyərlidir. Bu məsələdə böyük əskikliklərimiz var. Belə bir təşəbbüsə kömək edəcək çox dəyərli insanlar var əlbəttə. Murathan Mungan, Enis Batur ilk ağlıma gələn adlardır. 

 – Son sualımızı bir zamanlar Markesə vermişdilər. Sənin bəyəndiyin yazıçılar arasında Alper Canıgüz də varmı?
 – İllərdir söylədiyim bir şeydir bu; özüm oxumaqdan zövq ala bilməyəcəyim bir şeyi heç vaxt yazmaram. Mənə dərd olmayan bir şeyi, heç kimin dərd etməsini də gözləyə bilmərəm. Bu mənada, əlimdən gələnin ən yaxşısını etmək məsuliyyətini daşıyıram və əlbəttə, zaman-zaman ortaya çıxan dəyırli mətnlərə baxıb sevinirəm. Amma, məncə, heç bir yazıçı, heç bir əsərindən tam razı qalmır.
 
 Söhbətləşdi: Ülvi Babasoy