Biz imzaları yox, əsərləri dərc edirik...

Orxan Fikrətoğlunun “Tülü”su – REPORTAJ
122
22 Aprel 2019, 11:32
 Elmlər Akademiyası metrosundan çıxıb düşürəm payızın ortasına. Sərt külək adamların üzündən sıyırılıb keçir. Parkda bir-birini qucaqlayan, əl-ələ tutan sevgililəri görəndə hiss edirsən ki, belə havanı sevməmək mümkün deyil. Amma...
 
 

 Libraff mağazasının önünə gələnə qədər bir anlıq küləyin vur-həşirindən qorxub addımlarımı yavaşıdıram. Küləyin xətrinə dəymək olmazdı, bu sərtliklə hər an adamı süpürgəsiz Marqaritaya çevirə bilərdi. Həyatın magik tərəfinə içimdə bir inam olsa da, uçmaq vaxtı deyildi. Birincisi kitab təqdimatına tələsirdim. Bu gün Orxan Fikrətoğlunun "Tülü” kitabının təqdimatı idi. İkincisi də, bu təqdimat göydə yox, yerdəydi. Ona görə uçmaq üçün başqa vaxt tapmalıydım.
 Qırmızı rəngin ecazkar enerjisi hiss elətdirdi ki, "Libraff” mağazasının önündəyəm. Budur, Elxan Eltalı qapıda dayanıb siqaretinə güc verib. Amma dəhşətli küləyin qollarından çıxmaqmı olar?  Elə bil, külək deyil, təbiətin "siqaret çəkmək qadağandır” xəbərdarlığıdır. Elxan Elatlını küləklə təkbaşına qoyub içəri keçirəm. İsti hava axını topuğumdan boğazımacan dırmaşır və bundan canıma müvəqqəti rahatlıq hopur. Qapı payızı Elxan Elatlıyla təkbətək qoyub örtülür. İçəridə hazırlıq işləri gedir, məşhur simalar qonaqlar üçün ayrılan masalarda əyləşib öz aralarında söhbətləşirlər. İçəridə ağır, ləngərli bir uğultu dolaşır. Dəstə-dəstə bölünən oxucular çay içir, şirniyyat yeyir, kitab almaq istəyənlər isə kassanın önündə növbədədirlər. Mən saatıma baxıram. Təqdimatın başlamağına bir xeyli var. Mağazanı gəzir, kitablarla bərabər hədiyyəlik əşyalara, oyuncaqlara baxıram. Birdə görürəm ki, mağazanın ən sevdiyim hissəsindəyəm – dinozavr oyuncaqları satılan hissədə. Həmişə içimdə dinozavrlara qarşı xəstə bir mərhəmət olub. Yəqin, nəsillərinin tükənməyi onların simalarına hüznlü bir görüntü yayır və hansı səbəbdənsə, bu hüznü hiss edir, özlərini olmasa da, oyuncaqlarını qucaqlayıb çoxdan baş verən faciənin gecikmiş təsəllisini təhvil vermək istəyirəm. Budur, oyuncaqlardan birini aldım və dedim:
 
 
 

 –  Bu gün reportajı birlikdə yaza bilərik?
 Dinozavr balaca ağzını açdı.
 –  Təbii ki! – o dedi.
 Balaca dostumuz da götürüb ətrafa baxınıram. Adamların sayı artıb. Üstəlib televiziyalardan qonaqlar da var. Kamermanlar silahlarını döyüş üçün hazırlayır, mikrafonları yoxlayan reportyorlar snayper gözləriylə danışdırmağa adam gəzirlər. Orxan Fikrətoğlu müəllif masasında əyləşdi. Əllərini ovuşdurdu, gözləri bütün zalı "silib-süpürdü”. Elə bil, öz içinə baxırdı. Sifətindəki dalğınlıq, yorğun abu-hava bayırdakı fırtınadan xəbərsizdi. Təmkinlə qulağına nəsə pıçıldayan adamlara qısa cavablar verirdi. 
 Bu dəm çiynimdə bir əlin istiliyini hiss elədim. Əlində mikrofonla reportyor xanımlardan biriydi. Elə bildim, mikrofonu uzadıb müəllif haqqında nəsə soruşacaq. Çəkiliş, standart suallar və s. Xanım birbaşa adımı çəkəndə çaşbaş qaldım. 
 
 

 –  Necəsən, Orxan? Niyə görünmürsən? Çoxdandır söhbət eləmirik. 
 Bir anlıq beynimin içində dörd illik həyat arxivim film pərdəsi kimi gəlib keçdi və yenə də, bu mikrofonlu xanımı tanıya bilmədim. Təəccüblə sifətinə baxdım və tanımadığımı hiss eləyib yavaşca pıçıldadı. 
 –  Remark.
 Və yalnız bu bircə cümlənin işığı ilə beynimdə fır-fır fırlanan film lentinin görünməz hissələri cana gəldi. Çoxdan məzun olan tələbə yoldaşlarımdan biri olan bu xanımla dünyanın düz vaxtında Remark haqqında qısa bir söhbətimiz olmuşdu və indi çiynimdə hiss etdiyim əl həmin söhbətin istiliyindən bu günəcən qorunub gələn pay idi. Söhbəti tez-tələsik bitirib reportyor xanımla sağollaşdım. Bu vaxt balaca dinozavr dostum dedi:
 –  Güclə tanıdın qızı.
 –  Qızı yox, Remarkı tanıdım – dedim və ikimiz də bir anlıq hər şeyi unudub doyunca güldük.
Əlində kitab həvəsli gözlərlə ətrafı süzən gənc oğlana yaxınlaşıram. İlk sualı mən yox, dinozavr dostum verir:
 –  Orxan Fikrətoğlundan oxuyacağınız birinci kitabdır?
 Oğlan balaca dostumuzun bu gözlənilməz sualından sarsılıb:
 –  Hə, deyir. Mən əsasən, gənc müəllifləri oxuyuram. 
 Hiss edirəm ki, söhbət maraqlı alınacaq və ikinci sualı mən verirəm:
 –  Kimləri oxuyursunuz gənclərdən?
 Gənc bir xeyli düşünür:
 –  Əsasən, detektiv oxuyuram, məsələn, Varis Yolçuyevin romanlarını çox sevirəm. Mənə elə gəlir ki, onun əsərlərində insan hisləri bütün çılpaqlığı ilə əks olunub. 
 Söhbətimizi boğuq mikrofon səsi kəsir. Təqdimat başladı. İlk çıxışı Orxan Fikrətoğlunun gənc dostu eləyir. Ancaq, deyəsən mikrofonda problem var. Bayırdakı külək mikrofondan içəriyə yol tapıb. Elə bil, səsin içindən külək keçir və sözləri kəsib doğrayır, tanınmaz edir. Uzun cəhdlərin uğursuzluğu heç kimi incitmir. Bircə Alim Qasımov dillənir:
 –  Mikrofonsuz da keçinərik. 
 
 

 Bu vaxt Aqil Abbas arxasındakı küləklə içəri girir. Bütün gözlər çevrilib qapıya. Aqil müəllim stolda düzülü kitablara baxır və yüz manatı çəhrayı bayraq kimi havada yelləyə-yelləyə deyir:
 –  Ehey, kimi kitab istəyir? Bu gün kitab almaq istəyirəm.
 Hamı anlıq çaşbaş qalır. Bircə dinozavr dostum dillənir və – mən – deyir – mən istəyirəm. Aqil müəllim kitabı əlimə dürtüb pulu ödəyir və bu vaxt boğuq mikrofondan Aqil müəllimin adını çağırır. Söz üçün səhnəyə çıxır:
 –  Mirzə Cəlil üslubunun layiqli davamçısı Orxan Fikrətoğlu – sözə bu cümlə ilə başlayır və mikrofon yenidən sönür. 
 Dinozavr dostumla kitabımızı imzaladıb çıxırıq. Bayırda şiddətli külək Şimalın soyuq havasının üzümüzə çırpır. 
 –  İndi heç nəyə təəccüblənmək olmaz  – dostum deyir – nə danışan dinozavrlara, nə havada uçan Marqaritalara, nə də Elxan Elatlının hələ də siqaret çəkə-çəkə qapıda gözləməyinə. Hamısı küləkdəndi. 
 
 Orxan Həsəni