Biz imzaları yox, əsərləri dərc edirik...

Gizli Heyrani
2152
05 İyul 2017, 14:23

   artkaspi.az Orxan Fikrətoğlunun Heyraninin "Dəlinamə" əsəri barədə yazısını təqdim edir:

 

 

   Heyrani Azərbaycan ədəbiyyatşünaslığında yetərincə öyrənilməyib. Şairin həyat və yaradıcılığı orta əsrlərə aid ədəbiyyat kitablarında yazılmayıb. "Dəlinamə” məsnəvisindən savayı onun ədəbi-bədii irsinə aid başqa bir əsəri əlimizdə yoxdur. Ortaq tarixə sahib olduğumuz İran türklərinin ədəbi antologiyalarında belə Heyraniyə aid heç bir dəqiq məlumat verilmir. Ancaq o, bəllidir ki, Heyrani on yeddinci əsrdə yaşayıb. Və onun "Dəlinamə”adında əsəri olub.

 

 


 

  Nə yaxşı ki, gerçək şairin şeirləri ədəbiyyat nəzəriyyəçiləri üçün onun tərcümeyi-halıdır. Şair sözündən tutulur. Heyraninin görünən kəndinə bələdçi gərək deyil. Onun yeganə əsəri olan "Dəlinamə” məsnəvisindən bədii təxəyyülünün gücü, incə zövqü və ortodoks islam zehniyyəti, içində qoruya bildiyi ağlasığmaz cəsarəti bəlli olur. "Dəlinamə” Heyraninin tərcümeyi halı və ömürlüyüdür.


 

Əgər Heyrani, istərsən dəlilik

Dəli ol, kim

sənə olmaz zəlillik!


 

  Heyrani "Dəli”dir. Zəlil olmasın deyə dəli olub. Şərqdə dəliyə zaval yoxdur. Heyrani özünü Dəliliyə vurmuş aqildir.Onun tərcümeyi-halı burdan başlayır və burda da bitir. Şairə bundan xoşbəxt tale yazmaq mümkün deyil. Heyrani özünü dəliliyə vurmaqla Mənsur Həllacın, Nəsiminin soyuna, qanına və cəsarətli qəzəllərinə çevirilir. Onun aynası özünüdərkdir. O, hamı kimi deyil. Özüdür. Kütləvi deyil, xəlvətidir.

  Fikrimcə Heyrani ortacağ dövr Azərbaycan ədəbiyyatının bəlli arealında türk mifolojisi təhkiyəsində dini gerçəkliyi yaşamağa məhkum olunmuş milli ruhdur. O, dünyanı sərməst, huşyar görür. Buna görə də özünü dəliliyə vurub. Məsuliyyətsizlik edib.

  Heyrani dilinin özəlliyi, bədii təxəyyülü ilk baxışdan oxucuya ifrat metoforik görünsə də, "Dəlinamə” əsərinin poetik mesajı zaman arealından çıxarıldıqda bir o qədər də incə görünmür. Heyrani dövrünə yad olan bir dildə qələmə aldığı "Dəlinamə” əsəri ilə İslam doktorinasına cəsarətli yanaşır. Ona tamam başqa bir rakursdan baxır. "Dəlinamə” əsərində müəllif Allah gücünü deyil, insan gücünü tərənnüm edir. Bütün güclərin ancaq Allaha məxsus olunduğu iddia edilən ortacağ islam fəlsəfəsi içində bunu söyləmək ondan poetik təfəkkürdən başqa cəsarət də tələb edirdi. Və Şairin poetik təhkiyyəsi daha çox şifahi xalq yaradıcılığına aiddir. Onun düşüncəsi Səfəvilərdən çox Səlcuqlulara yaxındır. Heyrani ütülü şair deyil. Yonulmayıb. Bu yanaşma orta əsrlər ədəbiyyatında az rast gəlinən şair özəlliyidir. O, düşündüyünü deyir. Saray "reveransından” uzaqdır. Heyrani ilk peşəkar mütəffəkirdir ki, təbi gəlib deyə şeir yazıb.

  Nağıl və dastanları, Lətifə və zərb məsəlləri, ata sözlərini mükəmməl bildiyindən Heyraninin dili yazılı mənbələrdən çox şifahi xalq yaradıcılığna aiddir. Onun "Dəlinamə”-si ruhu və poetik xüsusiyyətləri etibari ilə xalq lətifələri ilə səsləşir. Heyrani əsrdaşları olan Sadıq bəy Afşardan, Əmanidən bu məziyyətlərinə görə çox fərqlidir. Onun düşüncəsi sadə və aydındır. Dedikləri canlı xalq dilindədir. Dili ərəb və fars köklü sözlərdən nisbətən arınıqdır.

 

 

 

"Əgər alma isə

almanam onu ”

 

deyən Heyrani bu gün də aydın anlaşılır.


  Onun "Dəlinamə” – sindəki Dəli obrazı kimin altereqosudur? Bu dəlilik nə dəlilikdir belə? sualları şairin tərcümeyi-halındandır. Yəqin ki, Kitabi-Dədə Qorquddakı Dəli Domrul obrazını xatırlayırsınız. Koroğlunun dəlilərini də. Füzulinin Rindini də. Bu dəlilli "Dəlilər” əlbəttə ki, xəstəxana dəliləri deyildilər. Onlar şər ilə mübarizə aparan əli qılınclı qəhrəmanlardılar. Onların xarakterlərində bahadırlıqla aqillik birləşmişdi. Onlar həm filosof idilər, həm də şərə qarşı savaşan igidlər. Bu qəhrəmanlar dəli dolu olmaqla bərabər həm də ədalət prinsiplərinə xidmət edən real və obyektiv fikir daşıyıcılarıydılar.

  Heyraninin Dəli obrazı da bu bəlli arealın dəlilərindəndilər. Dünyanı gəzib dolaşan bu coşqun ruhlu igid bizə xarakter və cəsarəti ilə daha çox kitabi Dədə Qorquddakı Dəli Domrulu xatırladır.


 

Var idi bir dəli əvvəl zamanda

gahi aşkar idi, gahi nihahda.

Xuda ilə könüldə raz edərdi.

Sevərdi Tanrını çox naz edərdi.


 

  Heyranin Dəlisi Allahla ərkinaz məqamındaydı. Yəni onunla zarafat edə bilirdi. O, özünü Allahın ərköyün uşağı kimi aparırdı. Ona ürəyi istədiyini deyirdi. Bu Dəli Allahdan qorxmurdu. Onu tamam başqa bir şərtlərlə sevirdi. Ondanədalət umurdu.


 

Yuxarıda nə durarsan, en aşağı

Mənim qorxumdan

Oxşarsan uşağa

Yıxayım ərşini viran qılayım

Səni bu işlərə

Heyran qılayım.

 


 

  deyən Dəli Allahın cənnət cəhənnəm obrazlılığını deyil, mahiyyətini anlamağa çalışır, Allahla insan arasında olan qorxunu aradan götürür. Bu istəyin özü belə islam dövrünə aid poeziya tarixində nəzəri inqlabdır. Dəlinin bu açıq çağırışlarına rəğmən, onun mələkləri qabağına qatıb dərgaha qədər qovduğuna görə Allah əsərdə cənabi Cəbrayılı yerə göndərir. Dəli bu şirin dilli mələyə də qulaq asmır. Onu da qəbul etmir. Bu azmış kimi o, al qanadlı Əzrayılla vuruşur. Allaha asi olur. Onunla savaşa girərək bir çox oturuşmuş dəyərləri qılıncıyla yenmək istəyir. Heyraninin Dəlisi elə düşünür ki, Tanrı insanlardan qorxduğu üçün göyə çəkilib.

  O, klassik şərq ədəbiyyatında ilk dəfə Allahı yerə insanların içində yaşamağa çağırır. Onu öz gözləriylə yerdə görmək istəyir. Bu Dəli Allaha qarşı aqressivdir. Yeri-göyü yaradana meydan oxuyur, Onu savaşa çağırır. Öz işləri ilə hamını hətta Allahın özünü belə heyran qoyacağına and içir.

 

 

 


  Heyraninin on yeddinci əsrdə yaratdığı Dəli obrazı mənə sonralar iyirminci əsrdə Avropa ədəbiyyatında araşdırılacaq "güclü insan” tipini xatırladır. Bu obraz sizə də tanış gəlmirmi? On yeddinci əsrdə Avropanın ziyalıları belə Heyrani qədər Allahın "üstünə gedə bilməmişdilər”. Heyrani bu baxımdan teoloju inqilabdır. Və dünyavidir.

  Onun qəhrəmanı ancaq özünə güvənir. Öz gücünə tapınır. Dəli obrazına bu məntiqlə, yəni güclü insan tipi obrazlılığı ilə yanaşsaq, Rembo rəmziliyində Amerika ideoloji təfəkkürünün yaradıcısı kimi də görünür. On yeddinci əsrdə Amerikada ədəbiyyat yumşaq desəm hələ formalaşmamışdı. Bizim Heyrani isə onların gələcək ideolojisinin kökündə dayanacaq güclü insan tipini artıq yazmışdı. Heyraninin Dəlisi bu gün mənə Rembo obrazından daha diri və daha inandırıcı görünür. Ona görə ki, Dəli üsyan etsə də, islam mədəniyyəti haləsindədir. Ona qarşı çıxsa da, Allaha sevgi və itaətdədir. "Dəlinamə” əsərinin qəhrəmanı olan Dəli insanları qorxuda saxlayan Allaha qarşı üsyan etmir. Allahla insanın arasında yaranmış dini qata qarşı üsyan edir. Min illər boyu yaşanan dini doqmaları və həyat prinsiplərini inkar etməklə yeni qaydaların tədbiq olunması arzusundadır. "Dəlinamə” əsərində Dəli keçmişi inkar etsə də, "nə etməli?” sualına cavab vermir. Görünür, Heyraninin özü də o zaman yeniliyin nə olduğunu bir o qədər bilmirmiş. Sonda Heyrani müəllif dili ilə Allahdan üzr istəyir.

  Heyrani mətnində Allah gah Tanrı, gah Xuda, gah da Allah deyə çağrılır. Bilirsinizmi niyə? Ona görə ki, əsər bütün dillərdə danışanlara və bir neçə adı olan Allahın özünə xitabdır. Əsərin sonunda dünya ədəbiyyatında və mifologiyasından ilk dəfə Allah yaratdığı ilə savaşa girməkdən çəkinib onu hiylə ilə öldürür. Əgər Kitabi-Dədə Qorqudda Dəli Domrul sonda bir bəhanə ilə Tanrını qəbul edirsə, Heyraninin qəhrəmanı bunu etmir. O, qəbrin içində belə


 

Sökərəm, dökərəm, canın aluram

sənin dedigini mən nə bilərəm?


 

  deyir. Və sona qədər Allaha qarşı çıxır. İlk baxışdan bu mətn Allahın inkar edilməsi kimi ağla gəlsə də qəti fikir bildirməyə tələsməyin. Heyrani hər halda öz qarşısına belə bir məqsəd qoysaydı onu ədəbiyyat yolu ilə etməzdi. Bəs onda Heyrani "Dəlinamə”ni niyə yazmışdı? – soruşarsınız.

Bir sıra ayin və ehkamlara şübhə ilə yanaşan Heyrani Dəliliyi, yəni Huşyarlığı dinin fantastik sapmalara qarşı qoyur. O, bu əsərdə "yolunu azmış” kimi deyil, dini refermator kimi yadda qalır. Heç kəsə, o cümlədən Allahın özünə də kor-koranə inanmaq olmaz. Dərk etmədən biət etmə. Kor-korana itaətdə olma. Allahı sev. Onu anlamağa çalış. Azad təfəkkürü, sərbəst yanaşmanı dəb halına gətir. Sonda Heyraninin özü də altereqosu olan Dəliyə Dəli kimi yanaşır. Və bununla da məsuliyyəti öz üstündən atır.

Əsəri Heyrani əruzun həcəz bəhrində yazıb ki, bu bəhr əruzun ən çətin bəhrlərdən biridir.


 

Gəlinən nəticə:


 

1. Heyrani dini reformatordur.

2. Heyrani sadə dilli, dərin düşüncəli klassik Azərbaycan şairidir.

3. Onun yaradıcılığını araşdırmaqla ortaçağ dövr təfəkkürünü daha dərindən öyrənmək mümkündür.

4. Məncə, biz ədəbiyyat tariximizi yaxşı bilmirik.

 


Xəbər lenti