Biz imzaları yox, əsərləri dərc edirik...

ORDUM VARSA, YURDUM VAR...
174
29 Sentyabr 2020, 10:47
ZƏLİMXAN YAQUB
ORDUM VARSA, YURDUM VAR



Mənə ordu gərəkdir, xəstəyə dərman kimi,
Mənə ordu gərəkdir, nəfəs kimi, can kimi.
Mənə ordu gərəkdir, sarsılmaz cahan kimi.
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!
 
Düşmənin yuvasını əlimlə pozmalıyam.
Səngəri dırnağımla, dişimlə qazmalıyam.
Tarixi qələmlə yox, qanımla yazmalıyam,
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!
 
Gözlər od, əllər silah, canlar sipər olmalı,
Kirpiyimiz sıxılmış yurda çəpər olmalı,
Damarda qan coşmalı, canda təpər olmalı,
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!
 
Bizə od vuranları yandırıb-yaxan gərək.
Torpağı gözümüz tək qoruyub baxan gərək
Qəzəb dolu tüfəngəm, çaxmağı çaxan gərək
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!
 
Torpağa sahib olub yer üstə yerləşməsək,
Bir canda, bir ürəkdə, bir ruhda birləşməsək,
Millətin taleyini dürüst fikirləşməsək,
Özgələrdən bizlərə dırnaq qədər yardım yox.
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!
 
İnamsız bir qartalın qanadları gərilməz,
DöyüŞsüz azadlığın meyvələri dərilməz,
şəhidsiz bir millətin vətən ruhu dirilməz,
Oğullar ola-ola, necə deyim mərdim yox.
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!
 
Nə tanrıdan əl üzüb, nə haqdan küsmək gərək,
Qaniçən yağılarla hesabı kəsmək gərək,
Vətənin hər daşının üstündə əsmək gərək,
Bu gün desəm gec olur, bu an tələsmək gərək.
Bu gün mənim həyatda bundan böyük dərdim yox.
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!
 
 


QABİL 
ÜMİD SƏNƏDİR ANCAQ, AZƏRBAYCAN ƏSGƏRİ!

 
Uzanır danışıqlar,imzalanır sənədlər.
Xəritədə aləmə göstərilir sərhədlər.
Səsimizə səs verir dünya başbilənləri;
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!
 
Dəyirmi masalarda izi var dirsəklərin,
Ağla sığan söhbəti, sözü var dəstəklərin.
Yardım bağlamasında özü var dəstəklərin,
Lap ləl-cəvahir olsun hər yardımın dəyəri.
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!
 
Diplomat cənabların hər biri hörmətlidir.
Bu məqamda ölkəmə təşrifi qiymətlidir.
Səyi təqdirə layiq, rəyi  ədalətlidir.
Gözdən-nəzərdən salan kimdir ki,bu işləri?
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!
 
İşğal altında qalır torpağımız-daşımız,
Nələr görmür gözümüz, nələr çəkmir başımız....
Qarışıb bir-birinə baharımız-qışımız.
Çadır göstərmək olub hər çatana peşəmiz.
Sərgi olmasın deyə bu Mil-Muğan düzləri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!
 
Ali qonaqlar gəlir dünyanın hər yerindən.
Ürək yanır,göz dolur Şəhid qəbirlərindən.
Düşünüb daşınıram, özlüyümdə dərindən;
İntiqam ala bilməz, məzarları bəzəyən ehtiram çiçəkləri
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!
 
Söhbətlər çözələnir, bir şey görünmür hələ,
Heyyətlər təzələnir, bir şey görünmür hələ.
Müddətlər təzələnir, bir şey görünmür hələ.
Açılmır ki,açılmır düyünü bu torpağın.
Qov alışa bilərmi, od saçmasa çaxmağın?
İldırımlardan belə umma bu zərrələri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!
 


 
ƏHMƏD CAVAD
BİSMİLLAH

Atıldı dağlardan zəfər topları,
Yürüdü irəli əsgər, Bismillah!
O Xan Sarayında çiçəkli bir qız
Bəkliyor bizlərdən zəfər, Bismillah!
 
Ey, döyünən ürək, dumanlı şəhər,
Bilirmisən bu zor gurultu nədir?
Aç sisli qoynunu Ordumuz gəlir,
Nişanlın qoynuna girər, Bismillah!
 
Ey hərbin taleyi, bizə yol ver, yol!
Sən ey gözəl dəniz, gəl Türkə ram ol!
Sən ey sağa-sola qılınc vuran qol!
Qollarına qüvvət gələr, Bismillah!
 
Ey Bakı, sən qorxma gəldik, gələli!
Səninçin atıldıq daim irəli!
Sağ qalanlar analara təsəlli!
şəhidlərin ruhu gülər, Bismillah!
 
Ey düşmən, alnının yazısı qara,
Öldürməz bizləri vurduğun yara,
Yolladığım qurşun ərməğan sana
O kirli alnını öpər, Bismillah!
 
Sən mərd ölüb dursan qarşımda əgər,
Qudurğan saçmalı növbətin keçər.
Saxladığın torpaq qanını içər,
Yurdum olmaz sənə sipər, Bismillah!
 
Yurdumuzda bizə meydan oxuyan,
Murdar cəmdəkləri murdar qoxuyan,
Təkbir səslərini uzaqdan duyan
Düşmənimiz aman istər, Bismillah!
 

 
SƏHƏND
FƏDAİLƏR MARŞI

Mən azadlıq cəbhəsində bir fədai əsgərəm,
Bir azadlıq istəyirəm, bir də azad bir Vətən.
Düşmənlərin gülləsiylə qana batam gərək mən,
Vətən üstə parələnsin bədənimdə pirəhən,
Qoy mən ölüm, zalimlərdən pak olunsun bu Vətən,
Çox razıyam, cəbhədə mən basdırılım bikəfən,
Çün azadlıq istəyirəm, bir də azad bir Vətən.
Haqq istərəm, haqq yolunda candan keçmək rəvadır,
Bu ölümdən geri durmaq məzlumlara cəfadır.
Səngərlərdə qana batmaq dərdimizə şəfadır,
Qoy mən ölüm, ibrət alsın, bizdən sonra hər gələn,
Çün azadlıq istəyirəm, bir də azad bir Vətən.
Qoy səngərlər evim olsun, dağlar başı məskənim,
Zülm əlindən azad olsun bu müqəddəs Vətənim.
Quzğunlardan, bayquşlardan təmizlənsin gülşənim,
Qoy gül açsın bundan sonra çəmənlərdə nəstərən,
Çün azadlıq istəyirəm, bir də azad bir Vətən.
 

 
ƏLİ KAMİ
MARŞ

Anam məni yetişdirdi, bu yerlərə göndərdi,
Bu sancağı təslim etdi, allaha ismarladı.
Boş oturma, çalış, – dedi, – xidmət elə vətənə,
 
Südüm sənə halal olmaz, saldırmazsan düşmənə.
Arş, irəli, marş, irəli, Azərbaycan əsgəri,
Arş, irəli, marş, irəli, igidlər dönməz geri.
 
Sədaqətdir ilk borcumuz bu torpaqda, biləlim,
Bu sancağın altında biz döyüşlərə girəlim.
Bu diyarın sancağını atamdan çox sevəlim,
 
Hər gördükcə salam verib, ətəyindən öpəlim.
Arş, irəli, marş, irəli, Azərbaycan əsgəri,
Arş, irəli, marş, irəli, igidlər dönməz geri.
 

 
RƏSUL RZA
AND

And içirik bu dərəyə, bu dağa!
Əcdadımız can qoyduğu torpağa!
And içirik şəfəq rəngli bayrağa!
Ana Vətən, sənə layiq olarıq.
Yağıları darmadağın salarıq.
 
Könüldəki sədaqətə and olsun!
Düz ilqara, məhəbbətə and olsun!
Bizim böyük həqiqətə and olsun!
Göy üzündə açanda biz qanadı,
Ərşə çıxar yağıların fəryadı.
 
And içirik azadlığın adına,
And içirik şirin ömrün dadına.
And içirik sənə, ana-qadına,
Ömrümüzü elə qurban verərik.
Gülə-gülə yolunda can verərik.
 
Anamızın saf südünə and olsun!
Alqışına, öyüdünə and olsun!
Zəfər adlı böyük günə and olsun!
Azadlığın bayrağını hər zaman
Azərbaycan qoruyacaq yağıdan!
 


 
BƏXTİYAR VAHABZADƏ
AZƏRBAYCAN OĞLUYAM
(ixtisarla)


Azərbaycan oğluyam,
Odu allah sanmışam.
Anam torpaq,
Atam od,
Mən oddan yaranmışam.
Od kimi istiqanlı,
Seltək dəliqanlıyam,
Həyat qədər qədiməm,
Torpaq qədər şanlıyam.
Od kimi yandıranam.
Su kimi söndürənəm.
Məni yandırsalar da,
Suda batırsalar da,
Yenə mənəm,
Mən mənəm!
Köküm üstə bitmişəm,
şöhrətim var,
şanım var.
Mənim gələcəklə də
Öz əhdi-peymanım var.
Azərbaycan oğluyam,
At belində doğuldum,
Zamanın qazanında
Neçə dəfə dağ oldum.
Mənim damarlarımda
Gur sellər çağlamışdır,
Anam cəngilər üstə
Məni qundaqlamışdır.
Azərbaycan oğluyam,
Min ildir,
Öz adımın
Keşiyində durmuşam.
Silahım olmayanda
Nifrətimi barıt tək
Qəlbimə doldurmuşam.
…Azərbaycan oğluyam,
Yaşım adımdan qədim.
Heç kəsin toyuğuna
Ömrümdə "kiş” demədim.
Kimsənin torpağında
Gözüm yox,
bilsin aləm,
torpağımdan bir çərək
Kimsəyə də vermərəm…
Öz məsləkim, öz eşqim
Daim məndən öndədir,
Azərbaycan bayrağı
Başımın üstündədir.
 


XƏLİL RZA ULUTÜRK 
XALQIMIN SƏSİ

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,
Qolumdakı zəncirləri qıram gərək,
qıram! qıram!
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi
İstəyirəm Səma kimi!
Günəş kimi!
Cahan kimi!
Çəkil!
Çəkil, ey Qəsbkar!
Mən bu yurdun gur səsiyəm:
Gərək deyil sısqa bulaq,
mən Ümmanlar təşnəsiyəm!


 
NƏBİ XƏZRİ
İSTİQLAL MARŞI

Göz açdığım qədim torpaq,
Dayağımsan sən dünyada.
Doğma anam, ey mehriban,
Ey qəhrəman, Azərbaycan!
Addım-addım qucağından
Odlu sellər çağlasa da,
Həsrət qaldın sən işığa,
Zaman-zaman, Azərbaycan!
Yadellilər damla-damla
Al qanını sordu sənin,
Kimlər sənin göz dikmədi
Torpağına, Azərbaycan!
Bayrağını endirdilər,
Ancaq özün əyilmədin,
Alqış bu gün o ucalan
Bayrağına, Azərbaycan!
Səhər kimi cavan sənsən,
Tarix kimi qoca sənsən.
Fatehləri diz çökdürən
Vüqarımsan, Azərbaycan!
Öz müqəddəs dağlarından
Günəş kimi uca sənsən,
Yer üzündə mənim Odlar
Diyarımsan, Azərbaycan.
Səhərlərin qoy açılsın,
Təzə nurlu bahar ilə,
Gələcəyə mərd addımla,
Uğurla get, Azərbaycan!
şəhidlərin al qanından,
Lalə açmış yollar ilə,
İstiqlalın sabahına
Qürurla get, Azərbaycan!
 
CABİR NOVRUZ
VƏTƏN ƏBƏDİ QORUQDUR…

Vətəni sevmək azdır,
Onu qorumaq gərək.
Vətənim demək azdır,
Vətənin olmaq gərək.
Onun adi torpağı,
Ruhdan, candan irəli…
O, anandan qabaqdır,
O, atandan irəli…
Sərhədləri qız təki
Toxunulmaz, bakirə.
Hələ övlad deyil ki,
Hər doğulan sakini…
Övlad gərək vətənə,
Vətəndir yol, deyirlər…
Ona qurban gedənə
Əsl oğul deyirlər…
Sevməyirsə el səni,
Yox dərdinin çarəsi.
Onun dili, lisanı,
Ən basılmaz qalası…
Onun əvəzi olmur,
O hər kəsdən irəli.
Gözdən əzizi olmur,
Vətən gözdən irəli…
Adi quşcuğazın da
Ola Vətəni gərək.
Vətəni sevmək azdır,
O sevə səni gərək…
Nə vaxt viran olur o,
Zülmət gəzir üzündə:
Cığırını, yolunu
Yad çəkmələr əzəndə…
O nə zaman bölünər,
Nə vaxt çıxar əlindən?
Ləhcəsinə, dilinə
Yad ləhcələr girəndə…
O keçməz əldən-ələ,
O əbədi diləkdir.
Qara tikanı belə
Yenə Vətən deməkdir…
Fərqi yoxdur azca da;
Ya kiçik yalı getdi,
Ya bir quru ağacı,
Ya bir mahalı getdi…
O daimi namus, ar,
O əbədi qoruqdur.
Ürkək quş kimi uçar,
Onu əldən buraxdın…
Bilir ərlər, ərənlər,
Vətənə tay olmayır,
Ömürdən pay verərlər,
Vətəndən pay olmayır.