Biz imzaları yox, əsərləri dərc edirik...

Onun ürəyinin iri gözləri – Rafael Hüseynov yazır
102
15 Oktyabr 2018, 15:36
 Artkaspi.az Akademik Rafael Hüseynovun "ONUN ÜRƏYİNİN İRİ GÖZLƏRİ ya BİZİM KƏNDLİ VAQİF ƏLİXANLI" adlı yazısını təqdim edir:
 
 
 
 
 

  Gördüm ki, dostlardan biri oktyabrın 13-də növbəti ad günü ötən Vaqif Əlixanlını təbrik eləyərək ona fəxrlə "kəndimizin tanınmış ziyalısı” deyir.
  Əlbəttə ki, tamam qubalıların, oradakı gözəl Yerfi kəndinin ellik camaatının Vaqif Əlixanlı kimi parlaq bir qələm sahibi və düşüncə adamının məhz onların həmkəndlisi, həmyerlisi, ellisi olması ilə iftixar etməyə haqqı var.
  Amma Vaqif həm də mənim həmkəndlim, həmyerlim, ellimdir.

  Baxmayaraq ki, nə Qubadanam, nə də, təəssüf ki, indiyəcən bircə dəfə belə Yerfiyə ayağım dəyib.
Vaqif Əlixanlı – qələminin işığı, düşüncəsinin genişliyi, bütöv yurdun hər qarışına məhəbbəti ilə bütün Azərbaycanınkı olan ən seçkin aydınlarımızdandır və indi yox, çox onillər bundan öncədən həm də mənim kəndlimdir, ortaq dəyərləri bölüşən, bu millətin və torpağın dünəninə ən dərin sayğı bəsləyən, bu xalqın sabahkı daha xoşbəxt günlərini qəlbən, səmimiyyətlə arzulayan çox-çox fikirdaşımızın, duyğu, məslək, əqidə ortağımızın həmkəndlisidir.
  Doğulduğumuz, yalın ayaqlarımızla istisini canımıza çəkdiyimiz dədə-baba yurdumuz, böyüdüyümüz kənd bizimçün ilk balaca yuvamızdır.
  Ancaq dünya özü nə boydadır ki!
  Qanadlarımız bərkiyincə qanadlanıb yeni üfüqlərə doğru uçmağa başlayırıq və asta-asta əsl yuvamızın elə Azərbaycan boyda olduğunu anlayırıq.
  (Təbii ki, heç də hamımız yox! Elələri var ki, axıracan nəinki Vətən, lap dünya da onlara elə öz evi, ailəsi, məhəlləsi iriliyində qalır!).
  Vaqif, gerçək Yuvasının Azərbaycan olduğunu lap cavan yaşlarından dərk etmiş, bu Yuvanı Allahın ona verdiyi qabiliyyətlər hesabına bir az da gözəl etməyə daim can atmış insandır.
  Pərvərdigarın ona bağışladığı sərvət, bacarıq, imkansa qələm idi, dünyanı və insanları içəridən görmək bəsirətliliyi idi, görüb-duyduqlarını canayatan bir biçimdə sözə, yazıya çevirə bilmək ustalığı idi.
  "Ustalığı” yazıram ona görə ki, fitrətdən gələn bir peşəkarlıq Vaqifin ən köhnə yazılarında da görünməkdədir və illər sadəcə yazısını, ifadəsini bir qədər də cilalı, pardaqlı, rəvan edib.
Ustalığısa elə həmin başlanğıcdan gələndir!
  Söz yox, illər səni vaxt ötdükcə daha bişkin, daha dərin edir. Lakin ustacasına yanaşa bilmək mayanda yoxsa, bunu sonralar nə oxuyub-öyrənmək, nə təcrübə ilə qazanmaq mümkündür. Ustacasına, müdrikcəsinə, qabilliklə hansısa işin qulpundan yapışa bilmək elə istedadın özü kimi Tanrıdan insana nəsib olan paydır.
Vaqifi mən ilk dəfə məktəbliykən, 1969-cu ildə oxumuşam.
  "Qobustan” dərgisinin ilk sayı buraxılmışdı və onu nə səbəbdənsə qəzet köşklərində deyil, kitab dükanında satırdılar. Bir tərəfə baxanda elə düz də eləyirlərmiş. Çünki bu məcmuə rəngarəngliyi, dolğun məzmunu ilə adətkərdəsi olduğumuz jurnallardan daha çox, elə oxunaqlı kitaba bənzəyirdi.
  Gənc rəssam Səhhət Veysov haqda Vaqif Əlixanovun yazısı "İri gözlü uşaq” adlanırdı.
Adından tutmuş gənc rəssamda nələri görməyinəcən, müşahidələrini sözə nə təhər döndərməsinəcən hər şey təzə idi. 
 
 
 

  Ənənəvi mətbuat dili və üslubumuza oxşamayan bir yenilikçi tərz!
  Heç kim Vaqifə deməmişdi belə yaz, bu cür təsvir elə, Səhhətin bu tərəflərini aç.
  Bu, Vaqifin özündən, içərisindən gələn bir yanaşma idi və asta-asta Anarın hər cəhətdən yeni və yenilikçi toplusunun ətrafına Vaqif ruhunda olanlar daha çox yığıldı, bu cür düşünüb bu cür görən və bu cür də yazanlar Qobustan”ı "Qobustan” etdilər, bu ünvan 1970-ci illərin təzə nəfəsli qələm sahiblərinin, ziyalılarının özəl bir ocağına, ürəkboşaltma meydanına çevrildi.
  Çərçivələri sındıran, basmaqəlib, nimdaş dəsti-xətti bir qırağa ataraq yeni yol tutanların, səmt küləyinə çevrilənlərin önündə gedənlərdən idi Vaqif.
  Mən Azərbaycan Radiosu və televiziyası ilə əməkdaşlığa elə tələbəlik illərimdən, 1970-ci illərin əvvəllərindən başlamışam.
  O zaman Vaqif Radionun ədəbi-dram verilişləri baş redaksiyasında çalışırdı.
  Həmin üslubu, həmin zövqü, yol-yolağanı, həmin səliqəni ki onda "Qobustan”dakı yazısından müşahidə etmişdim, burada da davam etdirirdi.
  O dövrdə mən əsasən musiqi redaksiyası üçün yazırdım. Lakin sonra başladım həm də Vaqifin bilavasitə rəhbərlik etdiyi şöbənin xətti ilə hazırlanan "Sənət haqqında hekayələr” silsiləsindən verilişələr yazmağa. Bir müddət sonra isə həm də aydakı dörd "Bulaq”dan birinin müəllifi mən oldum.
  "Bulaq”da üzdən çoxlarına bəlkə də görünməsə də, Mövlud üslubu ilə, Vaqif xətti bəzi çalarları ilə seçilirdi. Mövluddakı kəndlə, Vaqifdəki kəndin də, ondakı və bundakı danışıq, deyim tərzinin də fərqi vardı. Və mənə Vaqifin yolu daha yaxın, daha məhrəm gəlirdi. Çünki bu xəttdə həm kənd vardı, həm də bir az şəhər dalğası. El sözü, folklor irsi ikinci təqdimatda mənə daha cazibəli, daha hamıyaçatar, əskiliyi hifz etməklə həm də daha müasir ovqatlı kimi görünürdü. 
  Ona görə mən də o sayaq yazırdım.
  Vaqif Azərbaycan Radiosunda da ənənə yaradanlardan oldu. 
  Bəsitlikdən, əyalətçilikdən uzaq, intellektin hər cümlədə duyulduğu, amma hər adi dinləyicinin rahatca qavrayacağı şirin, əlvan dil, yöndəmsiz deyiliş hoqqabazlıqlarından təmizlənmiş axıcı dil!
Və bir-birindən lazımlı mözuların seçimi, onların yüksək səriştə ilə təqdimi.
  Həmin indi xeyli uzaqda qalmış, yaradıcılıq eşqi ilə dolu, sabahlara ümidlərlə çağlayan, qaynar, istedadlı insanların da sanki xeyli bol olduğu illərdə Vaqif həm də həyatdakı ən böyük xoşbəxtliklərindən birini tapdı.
Elə bizim kimi radionu sevən, o çağlar mehriban səsi ilə "Sabahınız xeyir” proqramlarında hər dəfə maraqla qarşılanan öz guşəsini aparan Şəfəq xanım Vaqifin ömrünü şəfəqləndirdi. 
Qovuşdular.
  Vaqifin bir zamanlar Azərbaycan televiziyasında apardığı "Palitra” verilişi də unudulan deyil.
  Azərbaycan televizyasında nitq mədəniyyətinin bəyənimli bir örnəyini nümayiş etdirıən Vaqif apardığı həmin verilişə dəvət etdiyi qonaqları da o dönəmdə efirimizdə dəb olan süniliklə dolu kağızdanoxuma məcburiyyətindən qurtararaq mətndənaralanma, sərbəst düşünüb-danışma vərdişlərinə alışdırırdı, sadə, etibar oyadan, inandıran, çəkici danışığı ilə qonaqlarını da bu cür adam balası kimi söhbət etməyə yönəldirdi.
  Bu isə o vaxtlar o qədər də asan başa gəlmirdi.
  Çünki efirə gedən hər cümləyə nəzarət vardı, Mətbuatda Dövlət Sirlərini Mühafizə edən, el arasında "Qlavlit” deyilən idarənin ayıq-sayıq əməkdaşları qırmızı qələmləri ilə hər veriıişin mətnini qollamalıydılar.
  …İllər dəyişdi, Vaqifin sənədli-publisistik yazıları, sənət hekayələri ayrıca kitablara da çevrildi və anlaynalar onları da həvəslə, iştaha ilə, bir az da darıxmış olduqları, qəribsədikləri bu yazı tərzinin xiffəti ilə mütaliə etdilər.
Yəni o yazıların da hər biri Vaqifin zamanında hazırlamış olduğu, bir çoxu radio-televiziyaların səs və təsvir xəzinlərində saxlanan verilişləri kimi köhnəlməz, hələ bundan sonra da dönə-dönə qayıdılası incilərdir.
  Ayrı-ayrı vaxtlarda Vaqif, Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında da çalışıb, Mədəniyyət nazirliyində də, radio-televiziyalarda da. Harada fəaliyyət göstəribsə, hökmən ətrafında münbit bir mühit də əmələ gəlib. Çünki özünün heç vaxt bekar dayanmaması, müxtəlif ssenarilər, pyeslər, etüdlər yazması, keyfiyyətli bədii tərcümələr etməsi, maraqlı layihələr irəli sürməsindən savayı, Vaqif həm də daim qabiliyyətlilərə də xeyirxahlıqla yol açıb.
  Vaqifin tərcüməsində bir neçə çox məşhur yazıçının səhnələrdə də oynanmış pyeslərinin son dərəcə sağlam, şirəli, ahəngdar, ölçülü-biçili dili haqqında düşünürkən bədii tərcüməçiliyimizdə, xüsusən, film dublyajı sahəsindəki qanqaraldan hazırkı umulmaz durum da xəyalımdan keçir. 
  Saysız yaradıcılıq problemlərinin mühasirəsi və əsarətində olan, peşəkarlıq qıtlığından əziyyət çəkən müasir radio-televiziya məkanımız istər bu, istərsə də bir sıra digər mühüm sənət məsələləri ilə əlaqədar Vaqif Əlixanlı kimi bu sahədə can qoymuş, zəngin bilik və təcrübələri olan insandan gərək israrla yararlana.
  ..Vaxtım az, macalım dar olmasaydı, lap çox yazardım, çünki Vaqifin bir insan, dost, yaradıcı olaraq məziyyətləri o qədər boldur ki, elə hərəsindən 2-3 səhifə yazsan, iri kitab alınar.
Niyə də yazılmasın ki, belə kitab? 
  Mənim növ-növ qayğılarım çox, vaxtım azdır, amma bu nəcib işi görməyə bacarığı da, qələminin gücü də çatanlar az deyil axı! 
  Əziz Vaqif müəllim, dəyərli qardaşım!
 
 
 

  Səni, yalnız qubalıların, yerfililərin deyil, bütün azərbaycanlıların, həm də yalnız butaylı və otaylı yox, dünya boyuncakı bütün soyadşlarımızın HƏMKƏNDLİSİNİ, ELLİSİNİ, ÜRƏKDAŞINI bu əziz gündə ürəkdən təbrik edirəm!
Bu günə "əziz” deyirəm ona görə ki, hər qiymətli azərbaycanlının dünyaya gəldiyi gün tarixi mənası olan, vacib bilinməyə, əziz sayılmağa layiqdir!
  Tanıdığım 40 ildən artıq müddətdə mən Vaqif Əlixanlını elə yada saldığım qədimi yazısının sərlövhəsinə çıxardığı sayaq İRİ GÖZLÜ UŞAQ kimi gördüm.
Hər əməlində və yazısında uşaq kimi saf, səmimi ürəyinin İRİ və İTİ GÖZLƏRİ ilə həqiqətlərin dərinini görməyi bacaran!
  ...Bu gün, 2018-ci il oktyabrın 13-ü Vaqifin sadəcə ad günü deyil, həm də yubileyidir.
  Hər halda 75 yaş elə yuvarlaq, ciddi hesabat mərhələsi sayılası ildönümüdür ki, gərək haradasa qeyd də edilə, bu qədər xidmətləri olan yazıçı, dramaturq, publisist, mədəniyyət təşkilatçısı, tanınmış ziyalı məxsusi dəyərləndirilə də.
  Təbrik etməkçün Strasburqdan zəng vurmuşdum və telefondan Vaqifin öz səsindən əvvəl hay-küy sədaları, şən qışqırıqlar, gülüşlər eşidildi.
  Lap əsl yubiley təntənəsinə yaraşan səslər qarışığı.
  Evdəydilər, nənə-baba – Şəfəqlə Vaqif nəvələrin böyründə, dünyadakı bayramların ən gözəlinin içindəydilər.
Kim bilir, bəlkə ən yaxşı, ən təmtəraqlı yubiley məclisi elə budur!
  Əziz Vaqif! Şəfəqinlə, balalarınla, qələminlə birgə çox yaşa, sağlam, fərəhli, uğur içində yaşa, bizi yeni əsərlərinlə sevindirərək yaşa! 
  P.S. Gərək bir dəfə Vaqiflə kəndimizə gedək – Qubaya, Yerfiyə!