Biz imzaları yox, əsərləri dərc edirik...

Oğru pişikKamran Əliyevin hekayəsi
3334
06 Fevral 2018, 12:29

Artkaspi.az Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü Kamran Əliyevin "Oğru pişik" hekayəsini təqdim edir:       

 

     

     

Tut ağacının altına sərilmiş palazın bir tərəfində uzanmışdı. Onun şirin-şirin yatmasından xeyli keçmişdi. Ağzını quş tuturmuş kimi geniş açdı və əsnəyə-əsnəyə başını sağ tərəfə çevirdi. Gözlərini ağır-ağır açıb səmaya tərəf baxdı. Heç kəsdən qorxusu-ürküsü yox idi. Naz-qəmzə ilə rahat nəfəs alırdı. Sonra yenə ağzını açdı və yenə əsnəyə-əsnəyə, bu dəfə başını sol tərəfə çevirdi. Bədənini onurğası boyu gərib bir az da xoşhallandı. Bu əlamətlər onun yuxudan durmasının əlamətləri idi.

İndi artıq quyruğunu nə qədər özünə qısırdısa, yenə günəşin şüalarından can qurtara bilmirdi, quyruğunun üstünə gün düşürdü. Günorta gün əyiləndən sonra buranın istisi daha çox yandırırdı. Adamlar da həmin vaxtlar ya evlərinə çəkilərdilər, ya da ağacların kölgəsində uzanıb bir hovur yatardılar.

O, yenə bədənini o tərəf-bu tərəfə gərdi. Amma nə yerindən durdu, nə də bir tərəfə çəkildi. Hərəkətlərindən belə bəlli olurdu ki, ya tənbəlləşmişdi, ya da istinin təsiri o qədər də hiss edilmirdi. Yenə gərnəşib gözlərini yuxarı dikdi. Çox diqqətlə baxanda gözünə tut ağacının budaqlarının arasından bir sərçə balası göründü. Sərçə balası aşağı baxırdı. Demək çətindir ki, bu sərçə balası onu görürdü, ya yox? Onun sərçə balasını görməsi isə şübhəsiz idi. Amma o halda deyildi ki, durub tut ağacına dırmaşsın və oradan da budaqdan-budağa tullanıb sərçə balasının dalına düşsün. Bəlkə, uşaqlıqda nə vaxtsa bunu eləmişdi. Amma indi ona tam aydın idi ki, budağın üzərində sərçə balasını tutmaq mümkün deyil. Buna baxmayaraq, gözlərini yenə də oraya zilləmişdi.

Neçə illər idi ki, bu oğru pişik dörd-beş evin ətrafında fırlanır. Əslində, bu kənddə hər evin öz pişiyi var və uşaqlı-böyüklü hamı öz pişiyini daha çox sevir. Bu sevginin bir tərəfində də həmin pişiklərin siçanların qənimi olması dayanır. Bəlkə də, bu sevgidəndir ki, adamlar qış aylarında öz pişiklərini evlərində – peçin yanında yatırdırlar, uşaq kimi onlara yemək verirlər, su verirlər. Bizim evdə də həmişə pişiyin və itin yeməyi olardı, yığışılan süfrədən onlara da pay qalardı. Hətta uşaq vaxtından yadımda qalan ən maraqlı məqamlardan biri budur ki, itin yeməyini aparmaq üçün bayır qapı açılanda otuz-qırx metr uzaqda öz yuvasının qarşısında intizarla gözləyən it o dəqiqə bilərdi ki, onun yeməyi gəlir və o tərəf-bu tərəfə hərlənib həzin bir səs çıxarardı.

İt qalsın bir tərəfə, bizim evin pişiyi çox ağıllı idi. Yatışını, duruşunu, harada necə hərəkət etməyi çox yaxşı bilirdi. Ağıllı olmağının bir əlaməti də ondan ibarət idi ki, bayıra çıxmaq istəyəndə qabaq qıçlarını yuxarı qaldırıb qapını cırmaqlayardı. Eynən soyuqda üşüyüb geri qayıdanda da cırmaq səsi eşidilər və kimsə durub qapını açardı.

Xülasə, söhbət bizim pişikdən deyil, oğru pişikdən gedir. Onun oğru olduğunu hamı – bütün ailələr bilirdi. Amma qəribə burasıydı ki, heç kəs onu həyətlərindən qovub çıxartmırdı. Özü bir dəfə bir həyətdə olurdu, başqa vaxt isə başqa həyətdə görünürdü. Əslində, nə vaxt, haradan oğurluq elədiyini də heç kəs görməmişdi, ya da görmüşdülərsə də, bu barədə bir kəlmə belə danışan yox idi. Amma çox adam bu oğru pişiyin bir qəhrəmanlığının şahidi olmuşdu. Belə ki, yaz aylarının birində cücələri təzəcə yumurtadan çıxan qonşunun toyuğu həyətin ortasında balaları ilə bir yerdə gəzişir və yem axtarırdı. Görənlər yaxşı bilirlər ki, anac toyuğun da təzə çıxan cücələrlə baş-başa verib həyətdə gəzişməsi bir başqa aləmdir. İstər-istəməz hiss edirsən ki, toyuq bu gəzintidən əməlli-başlı ləzzət alır. Körpə uşaqların da bu mənzərəni seyr etməsi, cücələrin üstünə getməsi, onları tutmaq istəməsi də ən gözəl xatirələrdəndir.

Sözüm ondadır ki, qonşunun toyuğu cücələri ilə birlikdə həyətdə olanda göydən qıy vurub enən bir çalağan qəfildən cücələrə hücum edir. Toyuq isə özünü itirməyib gücünü toplayır və çalağanla əməli-başlı vuruşur. Bütün gücü ilə o, balalarını xilas etməyə çalışır. Toyuğun və cücələrin səsini eşidən oğru pişik tez özünü oraya yetirir və toyuqla birləşib çalağanı əməlli-başlı qovurlar. Bu hadisə məhəlləyə səs salır, bir neçə gün hamı oğru pişikdən danışır və bundan sonra məhəllədə heç kəsin oğru pişiklə işi olmur.

İndi oğru pişik uzandığı palazın üstündən tut ağacının budağında oynayan sərçə balasına göz yetirir və ürəyində onu necə yeməsi haqqında fikirləşirdi. Oğru pişik sərçə balalarını az yeməmişdi. Nə vaxt girinə keçmişdisə, bir an belə fürsəti fövtə verməmişdi. Hətta onun yadına gəlir ki, lap balaca sərçələri də elə öz yuvalarında boğub yemişdi.

Oğru pişik hərdən də gözlərini budaqdakı sərçə balasından yayındırıb asta-asta yumur, özünə bir az rahatlıq verirdi. Sonra yenə gözlərini açaraq sərçə balasının yerində olub-olmamasını yoxlayırdı. Qəfildən oğru pişiyin xəyalından bir vaxtlar bizim cücəni necə oğurlayıb aparması gəlib keçdi.  

Anam hər il bir neçə toyuq basdırırdı. Yəni ki, kürt yatan toyuqları ayırar, onların altına yumurtalar qoyar və cücələrin yumurtadan çıxmasını səbirsizliklə gözləyərdi. Cücələr yumurtadan çıxanda artıq yaz olardı, hava da az-maz istiləşərdi. Anam gündə bir dəfə toyuğu və balalarını həyətə çıxarar, onların hava almasına çalışardı. Belə günlərin birində oğru pişik çox da uca olmayan tövlənin üstünə çıxar, özünə bir kölgəlik yer tapar və orada cücələri həsrətlə güdərdi. Əslinə qalsa, oğru pişikdə cücələrə olan marağı qonşudakı Şərəbanı arvad yaratmışdı. Yəni günlərin bir günü Şərəbanı arvadın cücələrindən birinin qıçı sınır. Şərəbanı arvad özü söyləyir ki, cücənin qıçı, deyəsən, tövlədəki dananın ayağı altında qalıbmış. Şərəbanı arvad da, əri də nə qədər çalışırlarsa, cücənin qıçı düzəlmir ki, düzəlmir. Əri bir gün Şərəbanı arvadın üstünə qışqırır ki, bir cücə olmasa, dünya dağılacaq? At pişiklər yesin, pişiklərin də bir ruzisi olmalıdır, ya yox? O da nə qədər yazığı gəlsə belə, əlac olmadığını görüb cücəni götürüb tövlənin arxasına keçir. Fikri də bu olur ki, oradakı kol-kosun içərisinə atsın, kimin qismətidir, qoy o da aparsın. Şərəbanı arvad tövlənin arxasına keçən kimi oğru pişiklə qarşılaşır və heç bir tərəddüd etmədən cücəni oğru pişiyin qabağına atır, sonra da geriyə dönüb həyətə gəlir. Oğru pişik xeyli müddət qıçı sınmış cücəyə baxır. Cücə də elə gözəl idi ki, adam baxanda heyran qalırdı. Elə bil oğru pişik də cücəyə heyran qalmışdı. Bir az keçəndən sonra oğru pişik qabaqdakı sağ ayağı ilə cücəni sığallamağa başlayır. Cücə də bunu hiss edib ona tərəf sığınır. Birdən oğru pişiyin ürəyindən nə keçirsə, cücənin boğazından tutub onu boğur və dişində götürərək çayın o biri tərəfinə tullanır. Hansı səmtə apardığı məlum olmur. Oğru pişiyin cücəyə dadanmağı elə o vaxtdan başlayır. Cücə yeməyə öyrənən oğru pişik indi də tövlənin üstündə, bir az da dəqiq desəm, tövlənin qabaq divarının sol küncündə oturub həyətimizdəki cücələri seyr edirdi.

Cücələr yavaş-yavaş ətrafa yayılırdı. Ətrafı isə salmanca kolları bürümüşdü. Cücələrdən biri özünü salmanca kolunun altına verdi. Sakitcə orada oturdu. Bir az keçəndən sonra anac toyuq balalarını səsləyib oradan uzaqlaşdı. Amma salmanca kolunun altındakı cücə nə anasının səsinə səs verdi, nə də ki oradan çıxdı. Yeri çox rahat idi. Oğru pişik tövlənin qabaq divarına söykənmiş nərdivanla yavaş-yavaş düşüb salmanca koluna tərəf getdi. Sonrası nə oldusa, heç kəs bilmədi. Axşam qaranlıq düşəndə isə anamın səsi eşidildi: "Oğru pişik cücəmin birini aparıb”.

Oğru pişiyin məhəllədə özünə hörmət qazanmağının bir tarixçəsi də var. Bu tarixcə zəlzələ ilə bağlıdır. Belə ki, yay günlərindən biri idi. Yəni günün ən uzun sürən vaxtlarına aid həmin axşamçağı mal-heyvan örüşdən qayıdırdı. Hərə öz iş-gücü ilə məşğul olmağa başlamışdı. Bu axşamcağının mühüm bir özəlliyi ondan ibarət idi ki, bütün həyətlərdə mal-qaranın bağlandığı yerlərdə balaca bir od qalayar, üstünə peyin tökər və tüstüsünü ətrafa verərdilər.

Bunun da səbəbi ondan ibarət idi ki, mal-heyvanla gələn mığmığalar həyətə toplaşmasınlar. Sonra da həyətlərdə sağım başlayardı. Əslində, mığmığa olanda malları da sağmaq mümkün olmurdu. Mığmığalar südverən malları sancır, onlar da ayaqlarını tərpədərək sağılmağa imkan vermir, ya da süd dolu vedrəni təpiklə vurub dağıdardı.

Məhz belə bir yay axşamı idi. Birdən oğru pişiyin qonşu həyətdən vahiməli səsi eşidildi. Elə bil pişiyi güllə ilə vurdular. Oğru pişik o həyətdən bu həyətə qaçır, elə bil başqa pişiklərə nəsə deyir və başqa pişiklər də səs-səsə verib ora-bura qaçışırdılar. Hamı bu mənzərəyə tamaşaya durmuşdu. Ot gətirən otunu saxlamışdı, inək sağan sağımını dayandırmışdı, bostan suvaran da beli yanına sancıb pişiklərin səsinə qulaq asırdı. Uşaqlar isə hoppanıb düşürdülər. Birdən yer guruldadı, elə bir zəlzələ qopdu ki, hamı qorxuya düşdü. Adamlar haraya qaçdıqlarını özləri də bilmədilər. Amma zəlzələ çox çəkmədi. Zəlzələ dayanan kimi qızlar, qadınlar evlərə qaçdılar. Hamı narahat idi ki, stəkan-nəlbəki, qab-qacaq yerə düşüb sınıb, ya yox?!

Bax, oğru pişiyin bu əhvalatı da heç kəsin yadından çıxmırdı. Kimsə ona hirslənmək istəyəndə zəlzələ, ya da cücələrin çalağandan qurtarılması yada düşür və oğru pişiyə "gözün üstə qaşın var” demirdilər.

Oğru pişik tut ağacının budağı üstündə gəzişən, həm də sanki civildəyərək öz-özünə mahnı oxuyan sərçə balasını seyr edir, eyni zamanda Güləsər xalanın aşsüzənindən toyuq budunu necə apardığını xatırlayırdı.

  


 

Məhəllədə hörmət-izzət sahibi olan qonşumuz Güləsər xalanın könlünə toyuq əti düşmüşdü. Evdə də, qonşuda da günün günorta çağı bir kişi xeylağı yox idi ki, toyuqlardan birini tutub başını kəsdirsin. Güləsər xalagildən o tərəfdə yaşayan qonşunun 7-də, yaxud 8-də oxuyan oğlu evdə idi, amma ona da toyuq başı kəsdirmək olmazdı, çünki hələ sünnət olunmayıb. Elə bu fikir də Güləsər xalanın idi ki, sünnət olunmayan uşaq toyuq başı kəsə bilməz. Nəhayət, elə bil Allahdan idi, işıq pulu yığan və qonşu kənddən olan Hidayət istinin bu vaxtında özünü Güləsər xalagilin həyətinə saldı. Birinci sözü də bu oldu ki, ay Güləsər xala, qarpızdan-zaddan bir şey varsa, gətir yeyək, ürəyim yanır. Güləsər xala da zarafatından qalmayıb dedi ki, qarpızın əvəzinə gərək işıqpulundan bir az geri oxuyasan. Hər ikisi gülüşdü və Güləsər xala evlərinin zirzəmisindən qarpız götürməyə getdi. Qarpızı gətirib sini və bıçaqla birgə Hidayətin qarşısındakı stolun üstünə qoyub dedi:

– Könlümə toyuq əti düşüb, səhərdən bir adam axtarıram ki, toyuqlardan birinin başını kəssin. Səni mənə Allah yetirib.

Hidayət də gülə-gülə ona cavab verdi:

– Həə, yaxşı oldu. Qarpızla bunu əvəz-əvəz eyləyərik.

Hər ikisi yenə gülüşdü.

Gün əyilməyə başlayırdı. Hidayət çıxıb getmişdi. Güləsər xala da toyuğu pöşəliyib stolun üstündəki ət daşının üzərində qol-bud eləyir və aşsüzənə yığırdı. Demək olar ki, qurtarmaq üzrə idi. Bu zaman oğru pişik Güləsər arvaddan beş-altı addım o tərəfdəki badımcan kollarının arasında uzanıb Güləsər arvada tərəf baxırdı. İndi onun nə fikirləşdiyini demək çox çətin idi. Elə bu zaman çəpərin yanında görünməz olan Güləsər arvadın pişiyi ilə bizim pişiyimiz bir-biri ilə dalaşa-dalaşa hay-həşir salmağa başladı və hər ikisi hay-həşir sala-sala Güləsər arvada tərəf gəlirdi. Güləsər arvad bunu görüb yerdən bir çubuq götürdü və onları çaya tərəf qovmağa başladı. Özü də ucadan qışqırırdı ki, deyəsən, zəlzələ olacaq. Pişiklər xeyli uzaqlaşandan sonra çubuq əlində geri qayıtdı və yır-yığış eləyib toyuğu bişirməyə getdi. Yalnız səhəri gün Güləsər xalanın səsi məhəlləyə yayıldı:

"Kor qalsın bu oğru pişiyi! Dünən toyuğun budunun birini göz görə-görə vurub qaçırdıb. Axşam qazandan boşqablara yemək çəkirəm, mənim də əkiz nəvələrim bud xoşlayırlar. Budun birini tapdım, qazanın içini nə qədər o tərəf-bu tərəfə çevirdim, o biri bud tapılmadı ki, tapılmadı. Kor qalsın bu oğru pişiyi!”

Oğru pişik gözünü budaqdakı sərçə balasından çəkmirdi. Amma vəziyyət də bir az dəyişirdi. Oğru pişik sərçə balasını elə bil ovsunlamışdı. Sərçə balası budağın eyni yerində durmuşdu. Haraya tərpənsə də, yenə oraya qayıdırdı. Amma, deyəsən, oğru pişiyi sərçədən çox başqa şey narahat edirdi. Bəlkə də, bu narahatlığa görə belinin yarısına, arxa ayaqlarına gün düşsə də, tərpənmirdi. Bu narahatlıq ondan ibarət idi ki, qəssab Əli onun ət oğurlamasını görmüşdü.

Bizim sol qonşumuz olan Nazəni arvad oğluna demişdi ki, mən qovurma istəyirəm. Oğlu da başlamışdı ki, ay ana, bu, nə vaxtın qovurmasıdır? İndi yaydır, heç xörəyi bir gün saxlamaq olmur, bəs qovurmanı necə saxlayacağıq? Bir-iki gündən sonra gömgöy olacaq, sonra da götürüb atacaqsan. Amma bu sözlər Nazəni arvada heç bir əsər eləməmişdi. O, yenə iki ayağını bir başmağa dirəmişdi ki, bir toğlu kəs, qovuracağam. Oğlu da görür ki, anası dediyindən daha dönməyəcək. Üç gün bundan sonra qəssab Əli də bir haya bənddir, kəndir-bıçağını götürüb Nazəni arvadgilə gəlir. Tövləni açıb oradakı on üç-on beş kiloqramlıq toğlunu çıxarıb tut ağacının yanındakı çəmənliyə gətirir. Bura həm də kölgəlik idi. Əslində, toğlunu kəsəndən sonra tutun aşağıya sallanan budağından asıb soyacaqdı.

Nazəni arvad qəssab Əlini və toğlunu görüb əlində bir-iki ləyən oraya yaxınlaşır. Qəssab Əli də dilini dinc qoymayıb soruşur ki, ay Nazəni xala, bu, nə vaxtın qovurmasıdı? Nazəni arvad da cavab verir ki, sənin dərdinə qalmayıb, heyvanı soy, doğra, bir-iki kilo da götür get. Qəssab Əli də geriyə durmayıb söyləyir ki, bəs elə bundan ötrü gəlmişəm də!

Qəssab Əli toğlunu kəsdi, bir ayağından tutdan asıb soydu və sonra tutun altında sərilmiş böyük bir süfrə üzərində doğramağa başladı. Qəssab Əli öz işini davam etdirir, evin pişiyi ilə oğru pişik də süfrənin iki-üç addımlığında yerə uzanıb maddım-maddım qəssab Əlinin əlinə baxırdı. Bunu görən qəssab Əli toğlunun ikinci hissəsini doğraya-doğraya ətin cındır yerlərindən iki tikə kəsib onlara atdı. Evin pişiyi cəld çevrilib ət tikələrinin dalısınca getdi. Oğru pişiksə getmədi, əksinə bir-iki qarış da irəliyə doğru gəldi. Nazəni arvadın da arxadan səsi eşidildi: "Bu pişikləri qudurtma!” Qəssab Əli cavab vermədi.

Bir az da keçdi. Qəssab Əli toğlunun axırıncı hissəsini doğramağa başladı. Evin pişiyi də gəlib yenə oğru pişiklə yanaşı uzanmışdı. Qəssab Əli yenə ətin cındır yerindən kəsib bir az uzağa tulladı. Evin pişiyi yenə cəld durub ətin dalısınca getdi. Qəssab Əli isə süfrədən sağ tərəfə dönüb əlini və bıçağı su ilə dolu vedrənin içində yumağa başladı. Bu vaxt oğru pişik yerdə sürünə-sürünə süfrəyə yaxınlaşdı, qara tikələrdən birini yavaşca götürüb yerə sinə-sinə üzümlüyün içərisinə tərəf yollandı. Oğru pişik əmin idi ki, qəssab Əli onu gördü, amma dillənmədi. Qəssab Əli də niyə dillənmədi? Birincisi, fikirləşdi ki, iki dəfə pişiklərə ət atdı, ikisində də ətin dalısınca evin pişiyi getdi. Yəni oğru pişik heç yerindən də tərpənmədi. İkincisi, qəssab Əlinin bir şakəri vardı ki, ət kəsəndə gərək itin, pişiyin payını verəsən. Bu ənənə qəssab Əliyə atasından, atasına da babasından yadigar qalmışdı.

Pişiyin düz yarısına qədər gün düşürdü, amma pişik tərpənmirdi. Vəziyyət də lap dəyişmişdi. Belə ki, kürəyi üstə uzanan pişik ağzını geniş açır, əsnəyir, sərçə balası da lap aşağıya yenib onun başına, burnunun ucuna qonur və o tərəf-bu tərəfə tullanırdı. Oğru pişiyə nə isti təsir eləyirdi, nə də o, sərçə balasını yemək istəyirdi. Oğru pişiyi dərd götürmüşdü, qəssab Əli onun oğurluğunu tutmuşdu.

Bir neçə gün sonra oğru pişik yoxa çıxdı. Payızda pambıq yığımında qabaqcıl pambıqçı Ceyran Əli qızı oğru pişiyin cərgələr arasından çıxıb sinə-sinə başqa bir məhəlləyə getdiyini görmüşdü.