Artkaspi.az Ziyadxan Əliyevin tanınmış fırça ustası İntiqam Ağayevin yaradıcılıq axtarışları haqqındakı "Gerçəkliyə obrazlı baxış" adlı məqaləsini təqdim edir:

Azərbaycan rəngkarlığının
ölkəmizin müstəqillik illərinə təsadüf edən inkişaf mərhələsi yeni adlarla nə
qədər zəngin olsa da, çoxdan ənənəviləşən mövzu və motivlərə özünəməxsus
münasibət bildirməklə, fərdi sənətkar "mən”ini sərgiləyənlərin sayı o qədər də
çox deyildir. Həyat və yaradıcılığı Sumqayıt şəhəri ilə bağlı olan İntiqam Ağayevin
adı bu azların arasındadır...
Onun elə də uzun olmayan, təzadlarla
dolu bioqrafiyasına nəzər yetirməli olsaq, onda 1966-cı ildə Sumqayıtda dünyaya
göz açan gələcək rəssamın ilk gözəllik qaynaqlarının bir tərəfdən o vaxtlar
"gənclik şəhəri” ayaması ilə tanınan Sumqayıtın sənaye obyektləri olduğunu qeyd
etməliyik. Şəhəri əhatələyən Corat və Saray kəndlərinin təbiətinin onun rəssam
kimi formalaşmasında əhəmiyyətli rol oynadığını da bura əlavə etsək, onda
sonralar yaradıcılığında əsas yer tutacaq şəhər və təbiət motivlərinə marağın
yox yerdən qaynaqlanmadığını söyləyə bilərik.
Bioqrafiyanın sonrakı səhifəsini onun arzularını rənglərlə ifadə
etmək istəyi ilə Bakıya yollanması və dörd il buradakı məşhur "Əzimzadə
məktəbi”ndə təhsil alması təşkil edir. Respublikanın məşhur fırça ustaları ilə
canlı təmas, muzey və sərgi salonlarla tanışlıq ona həyatımızın gözəlliklərini başqaları
üçün də maraqlı görünə biləcək tutumda əyaniləşdirməkdə yardımçı ola biləcək
"bədii güzgü”nü tapmağa imkan verdi. Amma onun gerçəklikdə heyrət qaynağı
axtaran baxışları əmin-amanlığa bələnmiş məkanlar əvəzinə, cəbhə bölgəsində
gedən ölüm-dirim mübarizəsi, barıt qoxusunda "boğulan” təbiət motivləri oldu.
Bir-neçə illik cəbhə həyatında fırçanı avtomatla əvəzləyən İntiqam Ağayevin yaradıcı
– vətəndaş borcunu yüksək dəyərləndirən silahdaşları onu Sumqayıta "Asiman”
ayaması ilə yola saldılar. Ona zaman-zaman cəbhədə yaşananları xatırladacaq bu
təxəllüs özünün də xoşuna gəldiyindən, vaxtaşırı təşkil olunan yaradıcılıq
hesabatlarında adı ilə qoşa çəkilməkdədir. 2016-cı ildə V.Səmədova adına
salonda açılan "Xatirələrim” adlı fərdi sərgisinin afişasında rəssam adı ilə bu
ayama bir-birini sözün əsl mənasında yaxşı tamamlayırdı. Belə ki, bu sərginin
ekspozisiyasında onun geri baxmasını, uzaq-yaxın keçmişin yaşantılarını yada
salan – xatırladan çox şey vardı...

Heç şübhəsiz onların arasında
rəssamı bir – neçə il ölümün gözünə dik baxdığı günlərə qaytaracaq, müxtəlif ağır situasiyaları
xatırladacaq tablolar xüsusi yer tuturdu. Bu əsərlərdə döyüş dostlarının
Qarabağ müharibəsində göstərdikləri şücaətlərlə yanaşı, onların tuş gəldikləri
çətin anları da özündə əks etdirən tabloların bədii-estetik əhəmiyyəti, eləcə
də tarixi mahiyyət daşıması duyulurdu. Ayrı-ayrı tablolarda hadisələrin
realist-gerçəkçi təqdimatı da, baş verənlərin obrazlı ifadəsi də kifayət qədər
təsirli idi. Zamanında şəxsən yaşadıqlarına "bədii güzgü” tutmağı bacaran
İntiqam Ağayev, əslində, bununla Qarabağ savaşının bədii-sənədli salnaməsinə
yaddaqalan töhfələr vermişdir. Bütün hallarda həmin əsərlər hadisələrin
bilavasitə iştirakçısının göz yaddaşının və yaradıcı təxəyyülünün bədii
təcəssümü kimi çox dəyərlidir. Bunu yaxşı başa düşən rəssam həmin əsərləri
ictimaiyyətə, xüsusilə də yetişməkdə olan gənc nəslə təqdim etməkdən usanmır. Həmin
lövhələrin Sumqayıt Tarix Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının
V.Səmədova adına salonunda və C.Naxçıvanski adına hərbi liseydə təşkil edilən
sərgilərdə nümayişi də dediklərimizi təsdiqləyir.

Təhsilsonrası bir müddət fırçanı silahla əvəzləyən və Qarabağ
müharibəsinin iştirakçısı olan rəssamın yaradıcılığında cəbhə təəssüratları ilə
yanaşı, bizi əhatə edən gerçəkliyin müxtəlif mövzuları da əsas yer tutur. Bu
mövzuların ciddi axtarışlardan sonra aldıqları bədii görkəm çox yeni və
cəlbedicidir. Rəssamın
həm də təxəyyül sonsuzluğundan xəbər verən bu bədii yozumlara diqqət yetirəndə
inanırsan ki, əsl rəssamlıq doğrudan da, başqalarının görə bilmədiklərini
"kəşf” etməkdən və yaxud da adi gözlə yaxşı görünənlərə çox fərqli rakursdan
göz qoyub, onları bədiiləşdirə bilməkdən başlayır. Onun Bakıya və Sumqayıta, qədim İçərişəhərə və
Atəşgaha, Abşeron təbiətinə və Xəzərə, eləcə də "Böyük İpək yolu”na münasibətində sərgilədiyi obrazlı-bədii həll çox şaşırdıcı tutum aldığından cəlbedici və təsirli, həm də
düşündürücüdür...
Müstəqillik dövrü milli rəngkarlığımızda
gerçəkliyə özünəməxsus baxış sərgiləyən İntiqam Ağayevin bütün yaradıcılığı
boyu fərdiliyi ilə seçilən rəng duyumunun, əsərlərinin forma-biçimini
səciyyələndirən ifadə vasitələrinin yeni məziyyətlərlə zənginləşdiyinin şahidi
oluruq. Bu mənada onun dəst-xəttinin və ifadə tərzinin tanınan olması birmənalıdır.
Bu özünü ilk növbədə klassik miniatür üslubuna yaradıcı münasibətin nəticəsi
olan şərti-dekorativ rəng həllində, bu qaynağın rənglər məcmusundan "şirələnən”
nikbinlikdə və yaxşı improvizələrində təzahür etdirir. Bənzərsizliyi danılmaz
olan bu cür ifadə vasitəsinin köməyi ilə gerçəkləşən tablolarda təbiətin
əsrarəngiz gözəlliyi, insanların gündəlik qayğıları cəlbedici və yaddaqalandır.
Gördüklərini həm də geniş bədii ümumiləşdirmələrlə, romantik biçimdə təqdim
edən rəssam həm də onların duyğulandırıcı tutum almasını şərtləndirmişdir. Onun
"Vaqif Mustafazadə dünyası”, "İçərişəhər”, "Naxçıvan motivi”, "Əlincə”,
"Muğam”, "Əncir ağacı və şanapipik”, "Laylay”, "Karvan”, "Bakı”, "Rəqs”, "Toy”,
Ömür keçdi...”, "Mis qablar” və s. lövhələrində
bu məziyyətləri görmək mümkündür.

İsti və soyuq rənglərin qovşağından cəlbedici
təzad yaratmağa nail olan İntiqam Ağayev, bununla həm də kompozisiyaların
arzulanan bütövlüyünü əldə etmişdir. Belə ki, tamaşaçının gözləri qarşısında
sadəcə olaraq detaldan-detala keçid yox, rəng tutumunun, forma-biçim
plastikasının zəngin ritminin yaratdığı gözəllik canlanır. İşıq-kölgə
təzadlarının plastik formanı təsdiqləməkdən daha çox, xətlərin ahəngini,
kompozisiyanın arxitektonikasını aşkarlaması ifadə-sənətkarlıq baxımından
şaşırdıcıdır. Rəssamın əsərləri bizi inandırır ki, gözəlliklə dolu həyatımız
ona diqqətlə baxışın sayəsində yeni libasda, fərqli görkəmdə bizi qarşılamaq
gücündədir. Bu mənada sənətkar təfsirində bu gözəllik qaynaqları daha canlı və
obrazlı tutum aldığından kifayət qədər yaddaqalandırlar. Yaradıcılığının
"estetik xəritəsi”nin zənginliyi məhz ənənə və müasirliyin qovşağına
kökləndiyindən əsərləri zamansızlığa qovuşmuş kimidirlər. Bu da çox az-az
yaradıcıya müyəssər olan keyfiyyət sayıldığından, bütünlükdə rəssamın özünü
təsdiqi kimi dəyərləndirilməlidir.

İntiqam Ağayevin əsərlərinin
başlıca mahiyyəti onların ifadə olunduğu rənglərin insan duyğularına duyulası
nüfuzetmə gücünə malik olmasındadır. Odur ki, onun bədii şərhi gerçəkçi-realist
ənənələrdən qaynaqlanan, eyni zamanda miniatür üslubunun şərtiliyi və
dekorativliyi əlavə olunan əsərləri reallıqla irrealığın romantik tutumlu
qovşağı kimi diqqət çəkir. Görünənlərə "inamsızlığın” nəticəsi olan bu əsərlər bir çox hallarda
haralarınsa – nələrinsə dəqiq əksi yox, onların rəssam təxəyyülündən
qaynaqlanan obrazlı görüntüləridir. Başqa sözlə desək, bizim seyr etdiklərimiz
həm də romantik ruhlu müəllifin görmək istədikləridir.