Biz imzaları yox, əsərləri dərc edirik...

Məhəbbətsizlik
1478
30 Avqust 2018, 09:26
 Artkaspi.az Məmməd Qocayevin "Dostoyevski ətrafında düşüncələr" kitabından "Cənab Proxarçin" və sosial dəyərin mənəvi dəyəri üstələməsi" adlı esseni təqdim edir:
 
 

 

 
 Bu hekayə insan qəlbində sosial dəyərin mütləq hökmranlığı,  mənəvi dəyərin isə oradan sıxışdırılıb çıxarılması və bunun nəticəsində yaranmış olan xarakterin aqibəti məsələsinə həsr olunmuşdur. 
 Əsərin sujeti sadədir: Semyon İvanoviç Proxarçin iyirmi ildən çox bir müddətdir ki, departamentdə qulluq edir, yoxsul və müti bir həyat sürür, ifrat qənaətçillik və rəzalət içində yaşayır, öz cüzi məvacibindən qara gün üçün də ayırıb saxlayır. Bu qara gün onun qarşısında müdhiş bir labüdlük kimi durur. Bir dəfə Proxarçinin qonşuları ona zarafatla deyirlər ki, bəs məmurlara məcburi qaydada rəqs etməyi öyrədəcəklər və bu da müəyyən məbləğdə pulla ediləcək (burada Proxarçini dəhşətə gətirən həmin o pulun ödənilməsi məsələsidir), onlar arasında müəyyən fənlərdən imtahan keçirəcəklər. Proxarçini belə bir müdhiş fikir narahat etməyə başlayır ki, o, departamentdəki iş yerini itirə bilər və sadəcə olaraq dəftərxananı bağlaya bilərlər. Bu fikir onu elə böyük bir qorxuya salır ki, tez bir zamanda xəstələnib ölür. Proxarçinin ölümündən sonra onun cırıq-cındır döşəyinin içindən üç min rubla qədər bir məbləğdə pul çıxır. Bu insanın bütün ömrü həmin mənasız pulu toplamağa sərf olunmuşdu.
 

 
 Cənab Proxarçin, belə demək mümkünsə, canlı insan deyil, kölgədir, ölü candır və onu bu hala salan onun qəlbindən mənəvi duyğunun, məhəbbətin, mər­həmətin sovrulub yox olmasıdır. Həyatda belə adam real olaraq mümkündürmü? Yəqin ki yox. Amma burada Dostoyevski bir növ kiçik Qolyadkinin real variantını yaratmışdır. Proxarçinin faciəsi tam özünəqapılmanın, tamamilə sosial dəyərlərə tapınmanın və öz qəlbində mənəviyyata yer qoymamağın faciəsidir. Zahirən belə görünə bilər ki, bu zavallı insan yoxsulluğun və özünün həyatdakı yerinin, cəmiyyətdəki və departamentdəki yerinin çox zəif və qeyri-sabit olmasının qurbanı olmuşdur. Əslində isə belə deyil. Onu məhv edən yoxsulluq, sabaha inamın olmaması, qorxu deyil, məhz məhəbbətsizlikdir. Maraqlıdır ki, onun həyatında heç bir qadın yoxdur. O hansısa uydurma baldızdan danışır. Özü isə tamamilə təkdir: nə bir dostu, nə övladı, nə də sevdiyi bir kəsi var. Onun bütün qayğıları sırf özü barəsindədir. Onun mənzil qonşularından biri ona deyir: "Nədir, siz bu dünyada təkmisiniz nədir? Dünya sizinçünmü yaradılıb? Siz Napoleonsunuzmu nədir? Siz nəsiniz? Siz kimsiniz? Napoleon­sunuz, hə? Napoleonsunuz yoxsa yox?".
 Çox maraqlıdır, tənha bir yoxsulun, hətta dilənçinin imperator Napoleon Bonapartla nə oxşarlığı? Deməli, əlaqə və hansısa bir oxşarlıq var. Onların hər ikisi cansız-qansız, dünyada hamıya və hər şeyə biganə, tək bir özünü düşünən, özünü dünyanın mənası hesab edən insanlardır. Hər ikisi mənəviyyatdan xalidirlər. Hər ikisi sosial fenomendirlər, mənəvi cəhətdən dünyayla, insanlarla, Allahla bağlı deyillər. Hər ikisi daşdandırlar, daşürəklidirlər. Amma biri qaya kimi nəhəng, digəri qum dənəsi qədər cılızdır. Mahiyyət etibarıyla isə eynidirlər.
 İlk baxışdan belə bir güman ortaya çıxa bilər ki, Proxarçində heç bir günah yoxdur və bütün günahlar o fəlakətli mühitdədir. Məhz mühit insanı bu ümidsizlik və inamsızlıq dərəcəsinə gətirib çıxarır. Bu fikir Qoqolun "Şinel" əsərində də səslənir. Yəni sosial determinizm XIX əsrin 40-cı illərində natural məktəb deyilən ədəbiyyatda dəbdə və aktual olan bir ideya idi. İnsan heç nədə günahkar deyil və bütün günahlar mühitin üzərinə düşür. Dostoyevski bu fikirlə qəti surətdə razılaşmır və insanın öz hərəkətləri qarşısında məsuliyyətini dönə-dönə qeyd edirdi. Bununla belə, o, mühitə də haqq qazandırmırdı, onun qeyri-insani mahiyyətini dönə-dönə təsvir edirdi, amma yenə də bütün məsuliyyəti insanın özünün üzərinə qoyurdu. Əks təqdirdə, yəni günahın hamısını mühitin üstünə atmaqla insan özünü bütün mənəvi məsuliyyətdən azad hesab edər və beləliklə də, hər bir cinayəti özünə rəva bilər, özünü bu cinayətin məsuliyyətindən azad hesab edərdi.
 

 
 Proxarçinin faciəsində də günahın çoxu onun özündədir, onun özünü hər bir mənəvi borcdan azad etməsində və eqosentrizmindədir. Əsərin personajlarından biri, Okeanov, Proxarçinin faciəsini belə şərh edir: "Bax o, yalnız bunu nəzərə alsaydı ki, hamı üçün ağırdır, onda bu adam öz başını salamat saxlaya bilərdi, nadinclik etməzdi və öz həyatını lazım olan nöqtəyə çatdırardı". Proxarçin bunu edə bilmədi, ona görə ki o, dünyada özündən savayı heç nəyi və heç kimi görmürdü. Bu da onun iflasının əsas səbəbi oldu. Dostoyevski özünün bütün yaradıcılığında, bir qayda olaraq, xalqdan, zəmindən ayrı düşmüş fərdin faciəsini göstərir. Bu fərd istər Napoleon olsun, istərsə də ki Proxarçin.
 
 
 
 Beləliklə, Proxarçinin məğlubiyyətinin səbəbi onun bomboş cibi deyil, bomboş qəlbidir. Qəlb boş qalanda dolu cib insanı xilas edə bilmir. Yoxsulluq deyil, hər şeydən əvvəl mənəvi duyğunun və humanizmin kasadlığı Proxarçini belə bir şərəfsiz ölümə gətirib çıxardı. Bu xarakterin və aqibətin özəlliyi ondadır ki, burada sosial determinizm, sosial köləlik ruhi azadlıqdan güclüdür. Proxarçin sırf sosial tipdir. O, xarakter və şəxsiyyət səviyyəsinə yüksələ bilmədi. Ona görə də onun üslubu yoxdur, o, adi bir trafaretdir, sanki ana bətnindən deyil, hansısa sosial qəlibdən çıxmışdır. Proxarçinin sosial iflasını göstərməklə Dostoyevski heç də Qoqol kimi sosial sistemi və bürokratik apparatı ittiham etmirdi, əks fərziyyə yolu ilə özünün "işıqlı ideya"sını – insandakı mənəvi başlanğıcın labüdlüyü ideyasını təsdiq­lə­yir­di. Mənəviyyatın məhvi insanın məhvidir.