Biz imzaları yox, əsərləri dərc edirik...

Nizamidən Füzuliyə qədər – Məmməd Qocayev
1567
15 Fevral 2019, 11:48
 Artkaspi.az Məmməd Qocanın "Nizamidən Füzuliyə qədər" adlı essesini təqdim edir:
 
 (İnsan fəlsəfəsinin inkişafına dair)
 
 İnsan həmişə bədii ədəbiyyatın və incəsənətin əsas mövzusu olmuşdur. Lakin yalnız Renessans mədəniyyətində o, substansial bir varlıq kimi dərk olunur və humanizm deyilən yeni bir dünyagörüş yaranır. Bədii təfəkkürdə dünyanın yeni, homosentrik modeli formalaşır, fikir və mənəvi dəyərlər dünyası İnsan adlanan mərkəzin ətrafında fırlanmağa başlayır. Lakin Renessans dünyagörüşündə İnsan hələ Allahla rəqabətə girmir, özünü onun sadiq bəndəsi hesab etməkdə davam edir. Bununla yanaşı fikir səmasında günəş kimi şölə saçan Allahdan başqa İnsan deyilən parlaq bir ulduz da bəşəriyyətin diqqətini özünə cəlb edir. Renessans dövrünə qədər bu "ikihakimiyyətlilik” yox idi. Orta əsr təfəkkürü yalnız bir ideal və bir ali varlıq tanıyırdı ki, o da Allah idi. O qadir varlığın gur işığında İnsanın zəif ziyası görünməz olurdu. Renessans dünyagörüşü İnsanı yeni idrak orbitinə çıxardı və o, bu zirvədə dünyanın diqqətini özünə cəlb etdi. Məhz bu fəlsəfi-tarixi proses bədii ədəbiyyatda və mədəniyyətdə İnsan probleminin mərkəzi mövqeyə çıxmasını şərtləndirən əsas amil oldu.
 

 
 Elmi ədəbiyyatda Renessansın İlkin və Yetkin mərhələləri qeyd olunur. Azərbaycan ədəbiyyatında İlkin Renessans ədəbiyyatı poetikasına Nizami, Yetkin Renessansa isə Nəsimi və Füzuli yaradıcılığı uyğun gəlir. Bu baxımdan Azərbaycan Renessansı özünün hər iki inkişaf mərhələsində dahi söz ustalarının yaradıcılığı ilə təmsil olunmuşdur.
 Nizami bədii irsində İnsana ikili münasibət mövcuddur: bir tərəfdən o, ali bir varlıq kimi təqdir və tərənnüm olunur, o biri tərəfdən isə ziddiyyətli bir məxluq kimi təhlil və mühakimə edilir. Beləliklə də, İnsan xilqətin ən gözəli və dünyanın əşrəfi kimi dəyərləndirilməklə yanaşı, həm də ideallıqdan uzaq və qeyri-kamil bir varlıq kimi səciyyələndirilir. Nizami poetikasında İnsana məhz bu cür dialektik münasibət özünü göstərir. O, İnsanın nə təbii, nə də ruhi mahiyyətini ayrılıqda götürmür. Onun İnsan idealı bu iki məzmunun vəhdəti kimi göstərilir. İnsana bu cür ikili münasibət Nizaminin lirik-epik üslubunda da özünü büruzə verir. Şairin insana münasibətində lirik vəcdlə epik soyuqluq, estetik heyranlıqla etik tələbkarlıq sıx surətdə birləşir.
 "Xəmsə” bütövlükdə İnsan və onun ilahi axtarışları haqqında fəlsəfi-poetik epopeyadır. "Sirlər xəzinəsi”ndən tutmuş "İsgəndərnamə”yə qədər Nizaminin İnsanı uzun və keşməkeşli bir axtarışlar yolu keçir və nəhayət, "İqbalnamə”də qəhrəman Allahı tapır, ruhən o ali varlığa qovuşur. Bununla da Nizaminin İnsan fəlsəfəsi bir təlim kimi tamamlanır. Nizaminin İnsan axtarışları aşiqlikdən başlanıb peyğəmbərliyə qədər yüksəlir. Onun bütün qəhrəmanları – Xosrov da, Məcnun da, Bəhram da, fateh İsgəndər də, filosof İsgəndər də – möhtəşəm və dəyərli insanlar olmaqla yanaşı, ziddiyyətli və faciəvi şəxsiyyətlərdir. Onların dəyəri sevilmək və sevmək bacarığında idi: öz eşqində nə qədər qeyri-sabit olsa da, Xosrov Şirinin sədaqətli məhəbbətinə layiq oldu; Məcnun nə qədər böyük zillətlərə və tənələrə düçar olsa da, onun Leyliyə olan eşqi zərrə qədər də azalmadı; Bəhram şahlıqda yol verdiyi səhvlərə baxmayaraq, özünü ədalətli və xalqını sevən bir şah kimi təsdiq etdi; böyük və mümkünsüz iddialarla yaşamasına baxmayaraq, İsgəndər dünyanı sədaqətlə sevdi və ədalətli dünya yaratmaq və onun sirlərini açmaq yolunda böyük qələbələr qazandı. Onların hamısının günahı isə Allahdan təcrid olunmuş halda yaşamalarında idi. Odur ki, onlardan heç biri – nə sevilən Xosrov, nə sevən Məcnun, nə ədalətli Bəhram, nə fateh İsgəndər, nə də filosof İsgəndər – ideal İnsan səviyyəsinə yüksələ bilmədi. Yalnız "İqbalnamə” qəhrəmanı peyğəmbər İsgəndər bu zirvəni fəth edə bildi. Öz sələflərindən fərqli olaraq peyğəmbər İsgəndər Allaha tapındı, onu sevdi, ona xidmət etdi, onun yolunda da şəhid oldu və bununla da ölməzlik qazandı. İdeal İnsanın əsas məqsədini və son amalını Nizami Allahı sevməkdə və ona qul olmaqda görür. Ona görə də Nizaminin sonuncu qəhrəmanının inkişaf yolu onun dünya padşahından Allahın qulu səviyyəsinə yüksəlişi yoludur.
Nizamidən sonra gələn Azərbaycan ədibləri öz dahi sələflərinin İnsan axtarışlarını və İnsan fəlsəfəsini davam etdirmiş və Renessans ədəbiyyatı poetikasını yeni nailiyyətlərlə zənginləşdirmişlər. Nəsimi və Füzuli yaradıcılığında İnsan kateqoriyası yeni bədii-fəlsəfi məzmun kəsb etmişdir.
 Nəsimi poeziyasında İnsan Nizami yaradıcılığından fərqli olaraq, yalnız bədii-estetik sistemin deyil, həm də dünyanın mərkəzi və onun zirvəsi kimi çıxış edir. Nizami poeziyasında bu zirvədə Allah dayanmışdı. Nizamidə İnsan-Allah ierarxiyası ciddi şəkildə gözlənilir və onlardan hər birinin öz yeri və məqamı olduğu dönə-dönə təkrarlanırdı. Bununla yanaşı, Renessans şairi kimi Nizami İnsanı Orta əsr təsəvvürünə nisbətən yeni və daha yüksək bir zirvəyə qaldırmışdı. İnsanın yüksəliş təmayülü Nəsimi poetikasında davam etdirilir və İnsan, demək olar ki, mütləq və ilahi məqama ucaldılır. Nəsimi bədii-estetik təlimində İnsan ilahi mahiyyət kəsb edərək bir növ allahlaşır. Bu heç də Allahın inkarı və onun İnsanla əvəz edilməsi demək deyildir. Nəsimini ateist şair kimi başa düşmək kobud səhv olardı. Ənəlhəq fəlsəfəsi İnsanın Allaha qarşı mübarizəsi deyil. Burada İnsanın Allahı əvəz etmək və onun yerini tutmaq iddiası da yoxdur. Nəsimi dindar və Allahpərvər mütəfəkkir olaraq qalır. Lakin Nizamidən fərqli olaraq o, İnsan-Allah ierarxiyasını pozur, İnsanla Allahı eyni bir səviyyədə və eyni bir mahiyyətdə görür. Nəsiminin tərənnüm etdiyi "ənəlhəq” deyən İnsanı İnsanallah adlandırmaq daha doğru olardı. Bu, İnsanın mənəvi-ruhi kamilləşmə yolunda çata biləcəyi ən yüksək zirvədir. Bu, İnsanın Allahlıq iqtidarının təsdiqidir. Əlbəttə, Nəsiminin İnsan konsepsiyasının ziddiyyətlərdən xali olmasını söyləmək çətindir. İnsanı allahlaşdırmaq Allahı insanlaşdırmaq qədər ziddiyyətli təsəvvürdür. İnsan-Allah dualizminin ortadan götürülməsi idrakda və mənəviyyatda İnsanla Allah arasındakı tarazlığın pozulmasına gətirib çıxarır. Ona görə də Nəsiminin İnsan konsepsiyası estetik baxımdan nə qədər dəyərlidirsə, dini baxımdan bir o qədər ziddiyyətlidir. Burada Allahın şəriksizliyi prinsipinin pozulması göz qabağındadır. Nəsiminin İnsanallah nəzəriyyəsi Renessans humanizminin məntiqi nəticəsidir. İlkin Renessans poetikasındakı İnsanı ucaltmaq meylində mövcud olan gizli ziddiyyət burada, yəni Yetkin Renessansda daha da dərinləşir və qabarıq şəkildə özünü göstərir. Hər bir yüksəlişdə gizli bir qüsur vardır – olduğundan artıq görünmək qüsuru. İnsanın allahlıq iddiasında da gizli bir mənəvi iflas mövcuddur. Renessans humanizminin məntiqinə görə insan gec-tez allahlıq iddiasına düşməli idi. Bu da insanın estetik yüksəlişi ilə yanaşı, həm də onun mənəvi iflasının başlanğıcı idi. Nəsiminin İnsanı Nizaminin İnsanından əzəmətli olduğu qədər də birtərəflidir. Nəsimi yaradıcılığında Renessans humanizmi özünün ən yüksək zirvəsinə çatır ki, bundan sonra onun böhranı başlanır. 
 Bu böhran özünü sonrakı ədəbiyyatda, müəyyən dərəcədə Füzuli yaradıcılığında, daha güclü şəkildə isə romantizm və realizmdə göstərir: İnsanın məziyyətləri ilə yanaşı, onun qüsurları və mənəvi naqisliyi də bədii təsvir və təhlil predmetinə çevrilir. İnsan yaradıcı və qurucu bir qüvvə kimi təsvir olunmaqla yanaşı, o həm də dağıdıcı və şər bir qüvvə kimi təsvir olunmağa başlayır. Baş qəhrəmanı tam mənfi insan olan satirik əsərlər ortaya çıxır. Renessans ədəbiyyatında insani mənfiliklər bədii inikas predmeti, mənfi xarakterlər isə əsərin baş qəhrəmanı kimi götürülə bilməzdi. Bu, humanizm fəlsəfəsinə zidd prinsip hesab olunardı. Ümumiyyətlə, satira bir janr kimi Yeni dövr ədəbiyyatında, xüsusən də realist ədəbiyyatda təşəkkül tapır. Çünki realist ədəbiyyatda insan, hər şeydən əvvəl, ictimai bir varlıq kimi, yəni cəmiyyətin qüsurlarını öz xarakterində əks etdirən bir varlıq kimi təsvir edilir. Orta əsr və xüsusən də Renessans ədəbiyyatı İnsanı ilahi xilqət kimi, Xaliqin hikmətini və məziyyətlərini özündə əks etdirən varlıq kimi götürür. 
 

 
 Füzuli yaradıcılığında İnsan-Allah münasibətlərindəki ziddiyyətlər daha da dərinləşir, İnsan Allahdan daha da uzaqlaşır. Leylini bir ilahi qədər sevən, ona səcdə edən, öz qibləsini məşuqədə görən Məcnun bir aşiq kimi hər cür təqdirə və tərifə layiqdir. Lakin bir İnsan və bir bəndə kimi o da ziddiyyətlidir. O, Qeys ikən Məcnun oldu – öz adını və varlığını unudub Leyli ilə bir ruhi vəhdətdə birləşdi. Əgər Nəsiminin lirik qəhrəmanı Allahla birləşərək Allahlaşırdısa, Füzulinin qəhrəmanı onun Allah məqamında gördüyü Leyli ilə ruhən birləşərək, özünü tam inkar edir və bir növ Leyliləşir. Nəticədə Leyliməcnun deyilən bir vəhdət, bir ruhi varlıq yaranır. Leyliməcnun İnsanallahın yeni formasıdır. Nəsiminin İnsanı göylərdəki Allahla vəhdətə çatırsa, Füzulinin İnsanı yerdəki ilahi ilə birləşir. Nəsiminin göylərdə yaratdığı İnsanallah vəhdətini Füzuli yerdə yaradır. Nəsimi İnsanı allahlaşdırırdısa, Füzuli həm də Allahı insanlaşdırır, Leylinin simasında öz ilahisini tapan Məcnun bir növ Allahı yerlərə endirir, onu İnsan simasında görür və ruhən ona tapınır. Hər iki halda – həm Nəsiminin İnsanallahında, həm də Füzulinin Leyliməcnununda İnsan Tanrını itirmək kimi faciəvi bir vəziyyətə düçar olur. Renessans ədəbiyyatı qəhrəmanları arasında Allaha ən sədaqətlisi Nizaminin İnsanıdır ki, o daim Allahı axtarır, onu nə özünün zəfər və şan-şövkət zirvəsində, nə də qüsurlar və məğlubiyyətlər girdabında unutmur, çaşqınlıqlar və iddialara baxmayaraq, ona doğru yol gedir və nəhayət, onu tapır. Allahdan ən uzaq olanı isə Füzulinin İnsanıdır ki, o da yalnız, şərti olaraq ilahi varlığa sadiq qalır, öz ilahisini məşuqədə tapır, ruhən ona qovuşur və bununla da Allahdan təcrid olunur. 
 
 
 
 Beləliklə, Renessans dövrü ədəbiyyatda İnsan fəlsəfəsi yeni bir mərhələyə çatır. Bu, Füzuli mərhələsidir. Bu mərhələni İnsanın suverenləşməsi və özünə qayıdışı yolunda Allahdan İnsana, mütləq ruhdan cəmiyyətə, dindən tarixə doğru dönüş mərhələsi adlandırmaq olar. Mədəniyyət və ədəbiyyat tarixində Yeni dövr adlanan mərhələnin rüşeymləri məhz Renessansdan başlanır. Renessans bir növ Orta əsrlə Yeni dövr arasında keçid mərhələsidir. Xronoloji cəhətdən Orta əsr dövrü çərçivəsində mövcud olan Renessans mədəniyyəti Orta əsr poetikası çərçivəsinə sığmır. Avropa xalqları ədəbiyyatında Renessansdan sonra gələn və bir növ Yeni dövrün başlanğıcı sayılan XVII əsr ədəbiyyatında iki böyük cərəyan  mövcud idi. Onlardan biri klassisizm (fransız ədəbiyyatında) o biri isə barokkodur (italyan ədəbiyyatında). Renessans Orta əsr mədəniyyətinin sonu olduğu kimi, barokko və klassisizm də Yeni dövr mədəniyyətinin başlanğıcı sayılmalıdır. Hər iki cərəyanı birləşdirən ümumi xüsusiyyət ondan ibarətdir ki, həm klassisizmdə, həm də barokkoda insan amili ön plana çəkilir və İnsan öz-özlüyündə müstəqil qüvvə kimi çıxış edir. Birinci halda (klassisizmdə) insan zəkası, ikinci halda isə (barokkoda) insan mənəviyyatı şəxsiyyət üçün çıxış nöqtəsi rolunu oynayır. Burada Renessans dünyagörüşünə nisbətən İnsanın Allahdan və dindən uzaqlaşması prosesi daha da güclənir. Lakin İnsanın hələ Cəmiyyətə tapınması, ondan çıxış etməsini söyləmək tez olardı. Əgər Antik dövr dünyagörüşü kosmoloji, Orta əsr dünyagörüşü isə teoloji xarakter daşıyırdısa, Yeni dövr dünyagörüşü sözün geniş mənasında antropoloji xarakter daşıyır. Əvvəlki dövrlərə nisbətən Yeni dövr ədəbiyyatında İnsanın özünə qayıdışı prosesi başlanır. Bu proses öz məntiqi nəticəsini realist ədəbiyyatda tapır. Burada insan və xalq, insan və millət, insan və cəmiyyət məsələləri əsas yer tutur. Azərbaycan mədəniyyətində Renessans Nizamidən başlanıb Füzuli yaradıcılığında sona yetir. Bununla da Orta əsr dövrü tamamlanır. Yeni dövr ədəbiyyatı və dünyagörüşü  XVII əsrdən başlanıb bu günə kimi davam edir. Füzulidən sonrakı dövrdə, yəni Azərbaycan Renessansından sonrakı mərhələdə İnsan konsepsiyasının təşəkkülü mövzusu xüsusi təhlilə ehtiyacı olan mövzudur.