Biz imzaları yox, əsərləri dərc edirik...

Olmazı gözəldi bu məhəbbətin – Aysel Fikrət şeirləri
807
05 Oktyabr 2017, 11:16
 artkaspi.az Aysel Fikrətin yeni şeirlərini təqdim edir: 
 

 
 
İntihar  
  

Qolları qanad kimiydi, 
Açardı yanlara, sanki uçacaqmış kimi. 
Tanrının küləyinə əmanət edib qollarını, 
Atılardı xəyallarının üstündən...                                                                                           
Hər dəfə, 
yüz ildə bir kərə…
Yaş zamanını aşmışdı, 
Yüz il idi bir arzunun yaşında qalmışdı. 
Çox insanlardan keçmişdi, 
Hələ də ümidli idi ölümə.
Qolları qanad kimiydi, 
Açardı yanlara sanki uçacaqmış kimi. 
Bir gün də atıldı...
 
 
  Gec 
 

Yuxuya qaldım gecikdim ömrünə. 
Artıq getmişdin.
Son görüşə də gecikmişdim. 
Çiçəkçidə unutmuşdum çiçəkləri.
Ayaqlarımı unutmuşdum sənə qaçarkən,
Qorxutmuşdum böcəkləri...
Sənə qaçmağa təkcə qollarım qalmışdı.
Qanada dönmədi ki, dönmədi.
Onu da küləklər aldı...
İllərdi yol-yol, bənd-bənd, 
İnsan-insan axtardım səni.
Axır ki, bir ucqar xarabalıqda 
əsasını əlindən salan 
yorğun qocanın gözlərində tapdım.
Tapdığımda artıq insan olmaqdan 
bezikən uca tənha çinardım...
Nə dilim vardı sənə səslənim, 
Nə də ayaqlarım ardınca getməyə.


Söylədin ki, eehhey qoca çinar,
Sən də mənim qədər yorğunsan...
Əgər keçərsə buralardan yarı parçam 
Ona de ki, uzun oldu yolçuluq.
Yorulmuşam... 
Ona de ki, mən də sevirdim onu. 
Bu sözdən o yana keçə bilmirdim.
Sözüm sərhədim…
Ona de ki… 
ona de ki, yuxuya qaldım gecikdim ömrünə...
Çiçəkçidə unutdum çiçəkləri, 
Gələ bilmədim son görüşünə...
 
 
 Qadın
  

Əlində yükləri çəkə bilməyən, 
Ayağın ardıyca sürüyən qadın. 
Gülməyə çalışan, gülə bilməyən, 
Hər gün olmazıyla barışan qadın. 

Gözləri qəm dolu, dərin acılı. 
Həsrəti yaralı, hüznə sancılı, 
Hər gün dərdi doğub adam eləyən, 
Sonra bu dünyaya ötürən qadın.

Gecələri ağlar, səhərləri şən, 
Ürəyində dərdi, gözlərində nəm, 
Hər gün öz canını götürüb evdən 
Axşamlar evinə sürünən qadın. 

Susqun baxışında lal təbəssümü, 
Kimin əllərində söndü büküldü. 
Ömrün payızında xəzana dönüb, 
Göylərdən yerlərə tökülən qadın. 

Elə bil oxunmuş, bitmiş nəğmədi, 
Söyləyə bilinməz quru kəlmədi.
Elə bil dünyaya o heç gəlmədi, 
Özgənin ömrünü yaşayan qadın… 
 
 
Vətəndir 
 

Xeyli vaxtdır düşünürəm bu dərdi, 
Dərdlərimin ən gözəli Vətəndir. 
Ta əzəldən ürəyimdə cücərdi, 
Sevgilərin ən alisi Vətəndir. 

Ölüm gəlsə mənim üçün nə fərqi, 
Vətən üçün axı bir can nədir ki… 
Anladım ki, düşündüm ki, bildim ki, 
Ölümlərin ən ucası Vətəndir.

Şəhid olam, al şəfəqə bürünəm, 
Bulud olam torpağına səpiləm. 
Göz yaşı tək gözlərimdən süzülən, 
Əlçatmazım, ünyetməzim Vətəndir. 

İtirdikcə onu mən zərrə-zərrə, 
Özüm öz canımda itirdim mən də.
Zaman ilə sevdiklərim itsə də 
İtkilərin dözülməzi Vətəndir...

Gözüm dönüb, yox, geriyə dönmərəm,
Vətən, yaran sağalmasa ölmərəm. 
Şəhidlərin qanın yerdə qoymaram, 
Ruhum uçdu Qarabağa, nədəndi? 
Hər damlası, hər qarışı Vətəndir. 

Xeyli vaxtdır düşünürəm bu dərdi, 
Dərdlərimin ən gözəli Vətəndir. 
Ta əzəldən ürəyimdə cücərdi, 
Sevgilərin ən alisi Vətəndir. 


 Yorulur
 

Bir gün ağac gül açmaqdan, 
Meyvə bitməkdən yorulur. 
Ay gecə batıb çıxmaqdan, 
Gündüz günəşdən yorulub.

Yorulur yol yolluğundan, 
Ayaq getməkdən yorulur. 
Sevgi sevəndən yan keçir, 
Ürək sevməkdən yorulur.

Duman çəndən, gül bülbüldən, 
Çiçək çəməndən yorulur.
Quşlar göydən, insan yerdən, 
Gözlər həsrətdən yorulur...

İnsan oğlu yad olmağı
Gözə alır öz özündə. 
Öz canından, öz adından, 
Öz bədənindən yorulur.

Ölüm yorulur insandan, 
Yaxın gəlmir can almağa. 
Dərd başdan aşıb daşsa da, 
Gəl bəndəsindən yorulur.
 
Tanrı baxmır o tərəfə, 
Nə diləsə, nə istəsə. 
Bu sadədil, bu sadəlövh, 
Bu sevgibaz, bu çarəsiz, 
Yaşamaqla əlaqəsiz 
Öz bəndəsindən yorulur


  Gözəl məhəbbət 
 

Sözləri deməyin nə lüzumu var, 
Susmağı gözəldi bu məhəbbətin.
Qovuşmaq, sevinmək hər sevgidə var, 
Olmazı gözəldi bu məhəbbətin.

Hamı həqiqətdən yapışıb durur, 
Düz gedir, düz gəlir, düz də yorulur. 
Gör neçə acının sonu görünmür,
Yalanı gözəldi bu məhəbbətin.

Gecələr kabustək üstünə gəlir, 
Dünya uğultudu, dərdimi dəlir. 
Ha çağır, ha bağır biri eşitməz, 
Uzağı gözəldi bu məhəbbətin.

Günləri boş yerə yaşamaq vardı, 
Kədəri ölümtək daşımaq vardı. 
Boş vecsiz ömrünü əzabla süstlə, 
Acısı gözəldi bu məhəbbətin. 

Dəyərmi, dəyərmiş yarasın bir az, 
Duz səpin göynəsin yarası bir az. 
Unutsun, unutmaq, getmək belə az, 
Zülümü gözəldi bu məhəbbətin.
 
Get, deyib, yorursan xəyallarımı,
Gedirəm, yoruram ayaqlarımı. 
Deyəsən, yavaşca gözüm yumulur, 
Ölümü gözəldi bu məhəbbətin.