artkaspi.az ssenarist Arzu Soltanla söhbəti təqdim edir:

Teatr xalqın əsas
mənəviyyat ocaqlarından biridir. Hətta ən birincilərindəndir desək yəqin ki, səhv
etmərik. Ancaq nədənsə dramaturgiya məsələsi teatrda problem olaraq
qalmaqdadır. Bir çox teatrlarımız bu yöndə müəyyən vasitələrə əl atsalar da, bu
gün teatr səhnəsi üçün dram əsərləri çox az yazılır. Biz də sözügedən məsələ ilə
bağlı tanınmış yazar, ssenarist Arzu Soltanla söhbət etdik.
– Arzu xanım, bir dramaturq kimi hazırda teatrlarımızın repertuarı sizi qane
edirmi?
– Açıq desəm, son zamanlar teatrlarımızda
nümayiş olunan tamaşaların hamısını izləmək imkanım olmur. Hazırda doktorantura
təhsilimlə bağlı Azərbaycanda az olduğum üçün yalnız fürsət olanda tamaşaları
izləyə bilirəm. Yeni tamaşalar olanda gedib baxmağa çalışıram. Müasir teatrın
məqsədi tamaşaçını sadəcə əyləndirmək deyil. Tamaşaçıları maarifləndirmək, xüsusən də
gənclərin zövqünü, dünyagörüşünü formalaşdırmaq, onları həyata hazırlamaq, müasir
dövrün bəzi bəlalarından qorumağa çalışmaq kimi məqsədlər var qarşımızda. Təbii
ki, teatrlarımız da repertuarı tərtib edərkən bunları nəzərə alırlar. Müxtəlif
janrlara, eksperimentlərə, müasir üsullara, yeni teatr cərəyanlarına müraciət
etməklə yanaşı, repertuarlarına klassik, dünya ədəbiyyatı nümunələrini də daxil edirlər. Son zamanlar baxdığım və yaxud haqqında
eşitdiyim tamaşalara əsaslanaraq əminliklə deyə bilərəm ki, teatrlarımız repertuar seçimini yerində edirlər
və bu məsələnin öhdəsindən lazımınca gəlirlər.
– Bəzən teatra
müntəzəm getməyən tamaşaçılarla həmsöhbət oluruq. Deyirlər ki, teatrlarımız həmişə eyni əsərlərə,
dramaturqlara müraciət edirlər. Axı nə qədər M.F.Axundzadənin, C.Məmmədquluzadənin
əsərlərinə baxmaq olar. İstənilən dövrdə Hamlet yenə də Hamletdir. Dəyişən bir
şey yoxdur. Tamaşaçılar bu baxımdan teatrlarımızı qınayır.
– Klassik əsərlər bir məktəbdir. Həm rejissorlar, həm də aktyorlar üçün orada
öyrəniləsi çox şeylər var. Odur ki, hər bir teatrın repertuarında belə
tamaşaların olması labüddür. Bu yəqin ki, teatra dəyər verməyənlərin
bəhanəsidir. Çünki teatrlarımız müasir əsərlərə də müraciət edirlər. Klassik
əsərləri səhnələşdirəndə belə ona müasir baxış qatırlar, onu bu günümüzlə
əlaqələndirirlər.
– Ancaq dəfələrlə şahidi olmuşuq ki, klassik əsərləri müasirləşdirmək adı
ilə mahiyyətindən çıxarır, tamam başqa bir əsər halına gətirilər. Klassikaya bu
qədər zərər yetirmək də doğru hal deyil.
– Getdiyim xarici ölkələrdə
ilk növbədə çalışıram ki, ən azı bir teatr tamaşasına baxım. Məsələn, Türkiyədə
teatr tamaşalarına baxmağı, müqayisələr aparmağı, analiz etməyi sevirəm. Bizim aktyorlar
səhnədə improvizə etməyi xoşlayırlar. Amma
müşahidə etmişəm ki, türklərdə bu baxımdan xüsusi nizam-intizam var. Əgər
tamaşada improvizə varsa da, bu, məşq prosesi zamanı tamaşaya daxil edilir. Bir tamaşaya 10 dəfə də
baxsan orada aktyorun hər dəfə eyni mizanları, eyni hərəkətləri etdiyinin, eyni
sözləri dediyinin şahidi olacaqsınız.
O ki, qaldı klassik
əsərlərin müasirləşdirilməyinə, düşünmürəm ki, bu, tamaşanın ziyanına olur. Bizdən illərlə qabaq yazılmış
əsərin qəlibini götürüb, müasir dövrə uyğun mesajları ora yerləşdirərək tamaşaçıya
deyiləcək sözü müasir dillə demək heç də qəbahət deyil. 20-ci əsrin
əvvəllərində yaşamış Fransız teatr rejissoru Sarl Bare deyirdi ki, müəllif bir pyes yazır, aktyorlar başqa bir
pyesi oynayırlar, tamaşaçılar isə tamamilə başqa bir pyes görürlər. Yəni, əsər onsuz da yazıldığı kimi gəlib tamaşaçıya
çatmır.
– Qeyd etdiniz ki, bizim aktyorlarımız tamaşa zamanı improvizələr, yəni
özlərindən əlavələr edirlər. Siz bunu
yaxşı, yoxsa pis hal kimi qiymətləndirirsiniz?
– Nə yaxşı, nə də pis hal kimi
qiymətləndirmirəm. Hər teatrın öz iş prinsipi, iş tərzi var. İstənilən halda bu
zövq məsələsidir. Məsələn, uşaq tamaşalarında mən improvizənin o qədər
tərəfdarı deyiləm. Bu mənim yazar kimi yox, daha çox tamaşaçı kimi mövqeyimdir.
İmprovizənin də öz yeri və zamanı var. Əgər improvizə tamaşaya xələl gətirmirsə, onu ritmindən
çıxarmırsa bundan istifadə etmək olar.
Bəzən görürsən ki, tamaşada nəsə çatışmazlıq olur, aktyor hansısa sözü
unudur və ya hansısa dekorasiya, rekvizit yerində deyil, o zaman səhnədəki
iştirakçılar vəziyyəti sözlə qurtarırsa, bunu ancaq alqışlamaq olar.

– Tez-tez xarici rejissorlarla söhbət edirəm. Dramaturgiya məsələsi ilə
bağlı sistem onlarda bir qədər fərqlidir. Bir çox xarici ölkələrin teatrları
dramaturqları özləri yetişdirirlər.
Rejissorlar deyir ki, biz öz dramaturqumuza mövzu veririk, ona uyğun
səhnə əsəri yazılır. Bizdə isə bu praktikadan yalnız Bakı Uşaq Teatrı istifadə
edir.
– Əslində, sadəcə kitab
üçün yazılan əsər ilə səhnə üçün yazılan əsərin çox böyük fərqi var. Səhnə üçün
yazılan material hadisəni nəql etməkdən daha çox, onun dizaynını verməlidir.
Yəni, səhnədə nə göstərilməlidir ki, tamaşaçı nə baş verdiyini başa düşsün?
Dramaturq bu suala cavab verməlidir. Bakı Uşaq Teatrı olaraq bizə
də bu sistemlə işləmək rahat gəlir.
– Bakı Uşaq Teatrından söz düşmüşkən, teatrdakı tamaşaların əksəriyyətinin mətni sizə məxsusdur. Bu günün
uşaqları səhnədə necə tamaşa görmək istəyirlər?
– Əvvəlcə, qeyd edim ki, Bakı Uşaq Teatrının
repertuarında başqa müəlliflərin də bir-birindən maraqlı əsərləri var. Yəni, repertuar
tək mənim əsərlərimdən ibarət deyil. O ki qaldı, uşaqların necə
tamaşa görmək istəməyinə, təbii ki, onlar teatra nəyisə öyrənmək məqsədilə
getmirlər. Yəni, məqsədin onları öyrətmək, onlara dərs vermək olduğu heç
onların ağlına da gəlmir. Uşağın teatra gedərkən əsas məqsədi əylənməkdir. Belə
ki, teatrda keçirəcəyi vaxt ərzində sevinmək, gülmək, səhnədə maraqlı, rəngarəng
hərəkətlər, geyimlər, rəqslər görmək istəyir. Uşaqları tamaşadakı dinamika cəlb
edir. Bir də ən çox interaktivlik. Səhnə ilə ünsiyyət, əks əlaqə bu günkü
tamaşaçıların daha çox arzuladığı məqamlardır.
Bakı Uşaq Teatrının tamaşalarının əksəriyyətində
siz bu interaktivliyi görə bilərsiniz. Misal üçün, repertuarımızda uzun
müddətdir ki, yer alan İntiqam Soltanın "Turp” nağılı əsasında quruluş verdiyi tamaşa
var. Bu tamaşa həm də teatra gələn yeni aktyorların kollektivə uyğunlaşması
üçün dərs-tamaşa kimi istifadə olunur. Tamaşada aktyorlar səhnəyə gəlir və
tamaşaçı uşaqlarla ünsiyyət qururlar. Daha sonra tamaşaçılara təklif olunur ki,
hansı rolu kimin oynayacağını onlar seçsinlər. Hər
dəfə nağıldakı obrazları fərqli aktyorlar
canlandırır. Bu isə o deməkdir ki, bütün aktyorlar istənilən rolu oynamağa
hazır olmalıdırlar. Bəzən elə olur ki, aktrisanı
baba rolunu oynamaq üçün seçirlər və ya oğlanları "nənə” olmağa "məcbur
edirlər”. Bu, uşaqların kreativliyini, fantaziyasını qidalandırır. Nağılın
sonunda siçanı birbaşa tamaşaçıların içindən seçirik. Bundan başqa ssenarisi mənə aid olan "Dovşanın
evi” tamaşasının sonunda toyuq, xoruz, cücələr plan qurub rəqs edirlər ki,
tülkünü dovşanın evindən çıxmağa məcbur etsinlər. Bu tamaşada da zalda əyləşən
tamaşaçı uşaqlar çox böyük həvəslə cücələrin rollarını oynamağa razı
olurlar.
– Gəlin, qəbul edək ki, bugünkü uşaqları aldatmaq olmur. Yəqin ki, siz də uşaqları
aldatmaqda çətinlik çəkirsiniz.
– (Gülürük) İndi informasiya dövrüdür, yalan danışmaq mümkün
deyil. Çünki mənbələr çoxdur. Biz bir yalan danışsaq, oxucu, tamaşaçı başqa
mənbələrdən istifadə edib həqiqəti öyrənəcək. Bu mənbələr uşaqlara da açıqdır.
İstər tamaşada, istərsə də
filmdə, serialda olsun, bəzən bir tamaşaçı kimi baxanda deyirəm ki, bunu
sadəcə ssenarist və rejissor belə istəyib, hadisə bu cür inkişaf edə
bilməz. O zaman
serialda sünilik yaranır, məntiq itir. Baxdığımız hər bir hekayədə məntiq olmalıdır,
hazırladığımız hər tamaşada hadisəni elə bir formada məntiqə uyğunlaşdırmalıyıq
ki, uşaq buna inansın. Necə olur ki, bizim uşaqlarımız "Spiderman”a inanırlar?
Deməli, nə deməklə yanaşı, necə demək də çox əhəmiyyətlidir.
– Əvvəllər seriallara da ssenari yazırdınız. Ancaq "Qız yükü” serialında
yaşadığınız problemdən sonra bir daha sizi
serailların ssenaristi kimi görə bilmədik.
– Hazırda seriallarda
çalışmamağımın həmin problemlərlə əlaqəsi yoxdur. "Pərvanələrin rəqsi”, "Qız
yükü” seriallarıdan sonra "Həyat varsa” serialının ssenari qrupuna rəhbərlik etmişəm.
Ayrı-ayrı filmlərdən ibarət olan o serialda bəzi bölümlərin ssenarisini özüm yazırdım,
bəzi bölümlərdə qrupa daxil olan müəlliflərin yazdıqlarının üzərində
işləyirdim. Hazırda doktorantura təhsilimlə bağlı bu işlərə bir az ara vermişəm. Serial
belədir ki, daima iş prosesində iştirak etməlisən, setdə olmalısan, baş verənlərə
yaxından bələd olmalısan. Serial nə qədər ciddi bir sahə hesab olunmasa da, onu
hazırlayan insanlar üzərində ciddi, tam məsuliyyətilə çalışmalıdırlar. Tamaşaçıya
görə serial boş zamanı doldurmaq üçün bir əyləncədir. Amma onu yaradan insanlar üçün bu, işin
məsuliyyətini azaltmır. Serial çəkən insanlar başqa sahədə olduğu kimi
burada da peşəkar səviyyədə çalışmalıdır. Mən də serial ssenaristliyini yalnız
vaxt azlığına görə dayandırmışam. Bu məsələləri yoluna qoyandan sonra niyə də olmasın?
– Son vaxtlar seriallarımızda kriminal həyat daha çox əks olunur. Bu da gündəlik həyatımızın reallığından tamamilə
uzaqdır. Belə olan halda istər-istəməz seriallarımız da süni alınır.
– Təxminən iki il əvvəl bir
rejissordan belə bir təklif almışdım. Mafioz bir ailədən bəhs edən serial
ssenarisi yazmaq. İmtina etdim. Çünki, qeyd etdiyiniz kimi, nəzərdə tutulan
mövzu Azərbaycan reallığından çox uzaq və bizim
tamaşaçı üçün maraqsız idi. Biri var
tamaşaçı öz real həyatından bir addım irəlidə olan hadisələri görsün, biri də
var ki, serialla real həyat arasında yerlə göy qədər fərq olsun. Belə mövzulara niyə yer verildiyini isə, mən də bilmirəm.
Söhbətləşdi: Xəyalə Rəis