Biz imzaları yox, əsərləri dərc edirik...

Ocaq külün altında qoruyur nəfəsini – Sabir Rüstəmxanlının şeirləri
2172
20 May 2019, 12:56
Bu gün Xalq şairi Sabir Rüstəmxanlının doğum günüdür. Görkəmli şairin yeni şeirlərini təqdim edirik:
 
 SƏNİ VƏTƏNƏ BƏNZƏDİRƏM
 
Səni səhərin açılmasına bənzədirəm,
Yanağında dan yerinin allığı,
Səsində günəşi qarşılayan quşların  fərəh zənguləsi,
Gülüşündə yeni həyat kimi başlanan
Yeni günün
dərdlərimə dərman olacağı inamı!
 
Səni  bahar leysanına bənzədirəm,
Üzümün qırışlarını yusun, titrətsin təşnə ürəyimi...
Quruyan çöllərimə gül toxumu kimi səpilsin.
Və dünyanı çiçək qanadlarında göyə qaldırsın!
 
Səni rüzgara bənzədirəm!
Ölü duyğuların üstündən tanrı nəfəsi kimi əsən,
Ruhumun hər guşəsinə çatan 
və mənə ölümsüzlüyü xatırladan! 
 
Səni hələ keçmədiyim yola bənzədirəm!
Həm tale yazısından gələn, həm də ümid kimi öndə
Və ayaqlarıma qüvvət.
 
Səni vətənə bənzədirəm!
Hara getsəm, döndüyüm! 
Səni şeirimə bənzədirəm!
Məni duyduğuna öyündüyüm!
 
Səni səbrimə bənzədirəm! 
Onunla bir möcüzə yaratdığımdan...
Səni qəbrimə bənzədirəm! 
Qoynunda rahat yatdığımdan! 
 

ÖLÜM DƏ GƏLSƏ
 
Yenə ömrün axarı alıb aparır məni, 
Yenə qayçı-təyyarə biçir bulud-kəfəni.
Yenə ruhum üsyankar qürbətdəki hər günə...
Otel qəfəslərinə, yol adlanan sürgünə...
Meşələrin sonu yox, dağlar buluddan uca,
Gözümdə dəyəri yox Abşeronun qumunca...
Gözlərin bu dünyanın sahilsiz dəniziykən
Bu özgə dənizlərə nə oldu məni çəkən?
Sanılı günlər qalır - hərəsi bir fürsətdi.
Onlar  da Sənsiz keçsə, taleyə xəyanətdi.
Bütün gözəlliklərin zirvəsi Sevgim isə,
Dünya nəyimə gərək, lənət belə həvəsə...
Havam, suyum, çörəyim!..
Hər şeyim Sənsən, Gülüm!
Məni daha buraxma, hətta gəlsə də Ölüm! 
 
 
YAŞAMAQ ÜSTƏ
 
 
Ayrıcı hardan keçir işıq ilə zülmətin,
Ağ qaradan doğulur, qara enir ağ üstə.
Ocaq külün altında qoruyur nəfəsini,
Kül ölüm kəfənini biçsə də ocaq üstə...
 
Ceviz qarğa ağzından düşəndə ağac olur,
Ayaqdan qalxan çiçək başımızda tac olur,
Kökündən qopmayana gövdəsi əlac olur,
Neçə pöhrə çalışır boy atıb qalxmaq üstə.
 
Toxumu qabıq saxlar torpaqla savaşında,
Sonra cücərib qalxar köhnə qabıq başında,
Qar  torpağın yorğanı, qayğısı var qışın da
Tağ meyvədən  göyərir, meyvə bitir tağ üstə.
 
Biçin əkindən doğur, əkin başlar biçindən,
Heç varlıqın kölgəsi,  varlıq yatır heçində,
Günəş atoma bənzər, atom Günəş gücündə
İnsan da dağa dönür, dağ qoyanda dağ üstə...
 
Kədər sevinc cildində, sevinc bəslər ahını,
Qılınc qınını kəsməz, qın saxlar silahını,
Allahın yaşatdığı yaşadar Allahını
Ölmək üçün dirilir, ölür yaşamaq üstə...
 
 
DÜNYANIN TALEYİ
 
Daha bizlik deyil necəliyimiz
Daha dəyişilib həyatın dadı
Allahın sevgiylə yaratdığının
Taleyi şeytanlar barmağındadır.
 
Başımın üstündə azon dəliyi
Meteor önləyən tavan ki, yoxdur
Bu bulanıq sudan ayrı bir suyun
Bu tozdan aralı havan ki yoxdur.
 
Bir il Baykonurdan adam qışqırır,
Bir il Çernobıldan atom fışqırır.
 
Yağış mövsümündə palçıq yağacaq,
Qışda dolu gəlir qar əvəzinə.
Bahar peşimandır oyanışına,
Hörümçək asılır bar əvəzinə.
 
Bir gündə bostanda solur çiçəklər
Xırmanlar buğdasız sovrulacaqdır.
Raketlər göylərdə ocaq çatanda
Muğanda torpağım qovrulacaqdır.
 
Ölkələr başında pul düşkünləri,
Ya da ətəklərdə əriyən ərlər.
Əxlaqı yerində olamayan kəslər
Əxlaqsız bir toplum yetirəcəklər.
 
 
SAAT SƏSİ
 
Gecə. Yazı masası. İşin şirin yerində
Qulağımda aydınca saat səsləndi birdən:
Tıq...tıq...tıq...
Aram-aram, israrla,
"Zamanın sona çatır, 
Susmaq vaxtımdır artıq!”
Baxdım dörd tərəfimə,
Qolumda səssiz saat, 
dinləmə əbəs yerə.
Susur əl telefonum
küskündür yad ellərə.
Otaqda televizor,
dolab, çarpayı, çaydan.
Başım üstə çilçıraq,
Hansı saat yerinə
Vaxtı qayçılayacaq?
Tıq... tıq... tıq...
Bəlkə öz ürəyimdir, 
deyir yığış, yola çıx..
 
QALAR
 
Bir gün torpaq qaçsa  ayağım altdan 
Dağlarda bir qaya qardaşım qalar.
Adamlar mövsümlə gəlib gedəcək,
Göyərər ot kimi yaddaşım qalar.
 
Mərdləri namərdə calasa zaman
Düşmən meydan açsa iştahında qan,
Ölumla, ölümlə gəlsə imtahan
Ya məzarım qalar, ya başım qalar.
 
Keçmişəm min ilin söz sınağından,
Şükür  pay almadım el qınağından,
Ürəyim qopanda öz budağından
Mən getsəm Şirvanlı Adaşım qalar...
 
Bu zaman  bizimlə bitəsi deyil,
Bu yollar mənzilə yetəsi deyil
Düşmənlər yox olub itəsi deyil
Bəd niyyət qaldıqca savaşım qalar..
 
Gedir ağlayan da, gedir gülən də.
Kim cavab alacaq sirri biləndən?
Məzarlar başında daşlar öləndə
Yurdun sarayında bir daşım qalar...
 
 
BOYASIZ MİSRALAR
 
Taxıl bir sapın üstə
dən tutub sünbül olur.
 
Ləçəklər bir-birinə 
sarılaraq gül olur.
 
Əsintilər birləşib 
rüzgar olur, yel olur.
 
Bulaqlar bir məcrada 
qovuşanda sel olur. 
 
Kəlmə kəlmə sapına 
düzüləndə dil olur.
 
Barmaqlar bir pəncədə
birləşəndə əl olur.
 
İnsanlar bir qədəri 
paylaşanda el olur.
 
Millət şərə əyilsə 
alışmadan kül olur.
 

 
            
BAKI VAXTI
 
Fərqi yox dünyanın harasındayam
Vətənə yaxındır, yoxsa uzaqdır
Bütün işim-gücüm yerli vaxt ilə
Ancaq ürəyimdə tək "Bakı vaxtı”.
 
Üç saat irəli, beş saat geri
Gecəni gündüzlə əvəzləyib yaz
Saat əqrəbini dəyiş gün boyu
Ürək əqrəbinə toxunmaq olmaz.
 
Nə elə bahadır, nə elə ucuz
Təkrar buraxılmaz ürəyin təkdir
Yerin o üzünə atsan da yenə
"Bakı vaxtı” ilə döyünəcəkdir. 
 
Bakı vaxtı ilə doğulur günəş
Kainat fırlanır, dəyişir çağlar
Bakı vaxtindadır ömrün hər fəsli
Bütün yaşananlar, yaşanacaqlar.
 
Ömrü qarışdırdı vaxtın əqrəbi
Gündüzü uyudum, gecəni gəzdim
Sevgim də, ömrüm də "Bakı vaxtı”dır
Qəlbim döyündükcə dəyişilməzdir.