Biz imzaları yox, əsərləri dərc edirik...

O qədər qatiləm – Əsəd Qaraqaplan
1006
06 Aprel 2017, 13:13
  artkaspi.az gənc şair Əsəd Qaraqaplanın "Daş adam" şeirini təqdim edir: 


 
  Daş adam
 
öldürdüyüm adamların sayı-hesabı yoxdur,
sayı-hesabı yoxdur tərk etdiyim adamların....
 
mənim nə qədər qatil,
nə qədər ayrılıq düşkünü olduğum
hələ yaşadığımdan,
sevə bilmədiyimdəndir...
 
ay, niyə bu qədər gözəl,
bahar, niyə bu qədər sevimlisən?
 
məni hələ də qoynunda
tutan təbiətdən böyük üzr istərəm
üz istərəm məni üzünə salıb
hələ yaxınında tutan doğmalardan...
 
o qədər yalnız adamam,
ölümümün kimsəyə faydası yoxdur.
ziyanı var - yas məsrəfi,
üzülməsi,
göz yaşları,
nə bilim qəbir qazması,
nə bilim baş daşları...
 
daş üstə bir daş qoymayan adam
baş daşıyla onurlanır...
 
o qədər qatil adamam,
o qədər ayrılıq dolu.
özümü öldürüb özümdən ayrılmaq
mənə çox ağır gəlir...
 
bəlkə bir gün nə vaxtsa
adamların işinə yarayan biri olsam
onda özüm öz əlimlə
özümü öldürüb özümdən ayrılar,
adamların arasında yaşamaq ləkəsini
üzərimdən silərəm...
 
və dəqiq bilirəm ki:
mən yaxşı adam olsam,
sevsəm,
sevilsəm,
yaşasam,
adamlarla bir uyğun yanım olarsa ölərəm...