Biz imzaları yox, əsərləri dərc edirik...

O, ölüm kimi idi – Ambrose Biercenin hekayəsi
1045
26 Aprel 2018, 09:26
  Artkaspi.az Ambrose Biercenin "Həbs" hekayəsini təqdim edir:
 
 

  Kentukidən olan  Orrin Brover qaynını öldürəndən sonra  polisdən gizlənirdi. O, qraflıq  dustaqxanasının gözətçisini   lomla   vurub yıxandan sonra onun açarlarını götürüb qapını açıb gecənin qaranlığında yola düzəldi. Dustaqxana gözətçisinin silahı yox idi,  Broverin  əldə etdiyi azadlığını qorumaq üçün heç bir silahı yox idi. Şəhərdən çıxan kimi meşəyə girməyi qərara aldı. Bu hadisə neçə il bundan qabaq olub, o vaxtlar həmin region indiki kimi deyildi. 
  Zülmət bir gecəydi, nə ay çıxmışdı, nə də ulduzlar görünürdü. Brover heç vaxt bu meşənin yaxınlığındakı ərazidə yaşamadığı üçün  bu yerləri yaxşı tanımırdı. O, dəqiq bilmirdi ki, getdikcə şəhərdən uzaqlaşır, yoxsa gəldiyi yolu yenidən geri qayıdır. Bunu bilmək Orrin Brover üçün vacib idi. O, yaxşı bilirdi ki, öldürdüyü adamın qohumları itlərin köməyi ilə onun izinə düşə bilər. Belə olsaydı o canını onların əlindən qurtara bilməyəcəkdi.  Brover əldə etdiyi azadlığın hər anından istifadə etmək istəyirdi, ona görə də onu təqib edənləri fikrindən çıxarmağa çalışırdı.
  Bir az  gedəndən sonra o meşədən  çıxdı. Qarşısında bir yol vardı.  Qaranlıqda qarşısında bir insan  silueti gördü. Artıq gec idi, o, geri qaça bilməzdi. İnanırdı ki, əgər geriyə doğru  qaçmaq istəsə  yol qırağındakı adam onu öldürəcək.  Sonralar məhkəmədə həmin anlardan danışanda belə demişdi: "Geri qaçsaydım o adam katricin içindəki güllənin hamısını qarnıma dolduracaqdı”.
  Beləcə, bu iki adam yol qırağında bir cüt ağaca bənzəyirdilər. Broverin ürəyi elə tez-tez döyünürdü ki, az qala boğulacaqdı. 
Bir dəqiqə sonra, kim bilir, bəlkə də bir saat sonra ay buludların arasından çıxdı. Ay işığında Brover onu təqib edən adamı tanıdı. Dustaqxana gözətçisi idi. Brover gözətçinin qabağına düşüb onun  göstərdiyi yolla irəli getməyə başladı. Nə sağa baxırdı, nə də sola. Güclə nəfəs alırdı. Ona elə gəlirdi bu dəqiqə ya başına, ya da kürəyinə güllə dəyəcək.
  Orrin Brover qoçaq cinayətkar idi. O, qaynını çox soyuqanlıqla öldürmüşdü. İndi bu barədə danışmağın yeri deyil, məhkəmədə bu haqda çox danışdılar. 
  Qaranlıqda onlar meşənin içindən keçib dustaqxanaya gedən yola çıxdılar. Bu müddət ərzində Brover yalnız bircə dəfə başını geri döndərə bildi. Onda da o, ağacların altındaydı, onu tutan insan isə ay işığında açıq-aydın görünürdü. Onu təqib edən, doğrudan da, Burton Duff idi, dustaqxana  gözətçisi. O, ölüm kimi ağappaq idi.  Lomun dəydiyi yerdə, alnında yekə bir çapıq vardı. Orrin Broveri daha heç nə maraqlandırmırdı. 
  Onlar yavaş-yavaş şəhərə yaxınlaşırdılar. Hava işıqlaşmışdı, küçələrdə heç kim yox idi. Cinayətkar birbaşa dustaqxanaya tərəf üz tutub gedirdi. 
  O, dustaqxananın girişinə tərəf addımladı. Əlini ağır, dəmir qapının dəstəyinə uzadıb dəstəyi burdu. Heç kimin əmri olmadan qapını yana itələdi, içəri girdi, qarşısında 6-7 nəfər silahlı polis gördü. Sonra o dönüb geriyə boylandı. Onun arxasınca qapıdan heç kim girmədi.
  Koridordakı stolun üstündə Burton Duffun meyiti vardı. 
 
  İngiliscədən tərcümə edən: Sevil Gültən