Biz imzaları yox, əsərləri dərc edirik...

O “ölüm” də yanlış yoldur, şahzadəm – Koman Şovanın şeirləri
2841
28 Mart 2020, 12:07
  Koman Şova 1933-cü il oktyabrın 18-də Buxarestdə anadan olub. O,  "Ceahlăul” (Çaxleu) qəzetinin "Flacăra” (Alov) ədəbiyyat əlavəsində çap olunan "Mavi sabah” (Diminețilealbastre) poeması ilə ədəbi mühitə atılıb. 
  1980-ci ildə  Eminesku nəşriyyatında "Poemalar”,  1983-cü ildə "Bir-birimizlə” adlı şeir topluları işıq üzü görüb. 1986–1990-cı illərdə "Azad Rumıniya” (Românialiberă) qəzetində publisist-şərhçi işləyib. 1989-cu ildə "Eminesku” nəşriyyatında "Düşən meyvə”, 1990-cı ildə "Bəyaza ehtiyac” şeir toplusu çap olunub. 2010-cu ildə Almaniyada "Neue Literatur” nəşriyyatı "Sevgi mənim gündəlik geyimimdir” adlı poetik toplusu nəşr edilib. 
  2011-ci ildə yazıçı Florentin Popesku ilə aylıq "Ədəbi-mədəni Buxarest” ("Bucureștiul literar și artistic") aylıq jurnalının əsasını qoyub. 2013-cü ildə isə "Semne” nəşriyyatında "Bir stəkan mələk” adlı kitabı nəşr olunub. Daha sonra həmin nəşriyyatda "Soyuq” adlı şeirlər toplusu iki dildə – rumın və ingilis dillərində işıq üzü görüb. 
  2016-cı ildə "Qar və canavar gözləri” adlı poeması iki dildə – rumın və ispan dillərində Artemis nəşriyyatında çap olunub. Daha sonra "Hava oyunu” "Semne” nəşriyyatında, 2017-ci ildə "Bir stəkan mələk”  kitabı ispan dilində "Valparaiso” nəşriyyatında, 2019-cu ildə "Keçən adam” kitabı Tipo Moldova – Colecția "Bibliofil” nəşriyyatında, "Yüz bir şeir” kitabı Rumıniya Akademiyasında çap edilib.
 
  Ölüm də yanlış yoldur
 
Horatsio da, şahzadəm, artıq aradan çıxdı, 
Görürsən də – sakitəm, öz-özümə sadiqəm.
Bağırıb-yalvarmalı, etiraz etməliykən
Min bir dərdə məhkumam, yamanca fikirliyəm.  
 
Necə sığdıq ikimiz məzarçılar bürcünə?!
şahzadəm, Yorikin də dodaqları səyriyir 
öyrəndikcə məğzini dəhşətli cinayətin,
Fikirlərinə yükdür dərd-təlaş çöküntüsü...
 
İşə düşür bel-kürək, gömülür təntənələr,  
dəlilər ulayırlar dörd tərəfdə, dörd yanda,
gəbəribdir gicgahı çallaşan klounlar, 
Fortinbras yolunu azıb qarda-sazaqda.
 
Dumanı yarıb keçən parlaq işıq zolağı
zərblə vurar, dağıdar bir bürcün yuxusunu, 
mənim yaralarıma tərəf tuşlanan barmaq
hamıya nişan verər günahı, fəlakəti.    
 
O ağrılı anlarda kaş yanında olaydım – 
"Olum, ya ölüm?” deyə seçim elədiyin vaxt. 
Deyərdim: "O "ölüm” də yanlış yoldur, şahzadəm, 
tək fərqi — zəhər ilə oynanmış olmasıdır”. 
 
  Dostluq
 
Qış ilə mən 
uşaqlıqdan bəri tanışam
ta çənəmiz donana qədər 
qar üstə ora-bura dığırlanardıq onunla.
 
Qış ilə mən
Müqəddəs Anna gölünün sahilində
üzbəüz oturub susan
bir cüt dost kimiyik.   
 
Onunla yanaşı dayananda həm göz oxşayırıq, 
həm boylarımız bir-birinə uyur, 
həm də yaşam tərzimiz. 
 
Bəzən sübh çağı, 
ya da üçüncü gün, 
nisbətən gec saatda, 
onunla görüşdən döndüyüm vaxt
rəngim-ruhum zərif bir krujeva qədər avazıyır. 
 

 
  Heç nədən hay-küy
 
Nizam-intizam qanına işlədiyi üçün
belə üzüyola və səliqəlidir o, 
daxilən özünə bir hədd qoyduğu üçün
belə məsum, belə məğlubdur o, 
şeiriyyət havasını 
küsdürüb-hürküdəcək qədər, 
hətta onu toza çevirəcək qədər, 
həm də elə yenilməz, elə zavallıdır ki, o,
boşuna səslədiyini artıq özün də anlamalısan.  
 
Gözlərində birbəbir sönüb çılğınlıqları,
hasarın o üzündə, hətta ondan irəlidə də
daha heç nə dəymir gözə. 
 
O, gedir, həm də durmadan gedir,
sən isə onu səsləyirsən durmadan, 
ancaq o, yenə də geri dönmək bilmir – 
ya istəyi, marağı yoxdur, 
ya da canı heç nə çəkmir...
 
Burada bağlar sənin evindən 
və səs-küydən uzaqdır,
onu səslədiyin, 
səsin çıxmadan, amma aramsız səslədiyin zaman
bu tozlu və qalmaqallı qəsəbədə
pişiklər və həşəratlar durmadan artır, 
bunu da biləsən.  
 
 
  Təhlükə 
 
Nəfəs aldığım havanı kimsə 
hürkütməyə cəhd edir, 
ağ ciyərlərimin üstünü
zəhərli buludlarla örtməyə çalışır,
yaşadığım ilin fəsillərini 
ağaclarıyla birlikdə içinə çəkməyə can atır.
 
Hələ də kimsə
müqəddəs bir bazar günü
bu misilsiz dərimi ta dabanımdan başlayaraq 
soyacağı ilə hədələyir məni.  
 
Məni hədələyən o kəs hər kimdirsə,
öz nəfəsi də  daralır artıq!
 
 
  Yuxu
 
Kimliyi naməlum bir cocuq, 
hə, hə, bir cocuq öyrədib mənə
bütün bu indi bildiklərimi. 
 
"Bəlkə də, o möcüzə cocuq bir xəyal idi”
deyirəm hərdən öz-özümə. 
Axı, hər şeyə insafla yanaşardı o, 
hərdən dediyindən cayar, 
hərdən isə əllaməlik, hətta münəccimlik edərdi. 
 
Bax, o cocuq bir gün gəlib əlimdən tutar, 
səmavi qatara əyləşərik birlikdə – 
mən və o Cocuq.
Aşağı endiyimiz zaman isə o biri üzdə 
Bir Kimsə dəyməz gözə.  
 
 
  Yuxuda gördüyüm məxluq
 
 
İndiki mən əvvəllər 
sanki başqa birisiydi 
və onda belə deyildi. 
Otların arasında bəmbəyaz hörüklər 
peyda olmağa başladı sonradan. 
 
Mən isə məğzini də dəqiq xatırlamadığım 
bir yuxunun 
ardınca qaçırdım. 
 
O da oradaydı,
bunu açıq-aşkar görmüşdüm 
və O, agah idi   
bütün bu olub-bitəndən. 
Hə, hə, oradaydı!
Sadəcə Onunla görüşməyə 
mənim hələlik yaşım çatmırdı.  
 
 
  İndi isə...
 
Bu, mənim sırf gözümlə 
gördüyüm mənzərədir. 
Dünən meşə səslərlə doluydu,
indi isə...
Haradan gəlib dolub bunca boşluq buraya?
Haradaydın axı sən?
 
 
  Saat doqquz 
 
Bu "saat doqquz” dediyin
şər qarışan vaxta da tuş gələ bilər, 
cümə axşamına, ya da gecəyarıya da,
hə, hə, hər şey saat doqquza tuş gələ bilər – 
çırpınışlar da,
zəlzələ də, 
ilk saniyədən ta son saniyəyə qədər sürən 
titrəyişlər də. 
O, bir etirafa və ya bir heçə də çevrilə bilər, 
nəyinsə axırına,
nəyinsə lap əvvəlinə də.
Saat doqquz hətta
bir sevgi də ola bilər.   
  
 
  Ovqat
 
Otaq çarəsizliyim qədər böyüyür,
yuxumdakı hava boşluğu durmadan genişlənir, 
bomboz mələklər də sivişib-çıxır aradan.
Artıq yalqızam. 
 
Əcaib nəfəs alıb-verir fəza,
Ayın bir krateri dığırlanır üstümə, 
torpaq öz qıllı pəncəsi altda tutur məni,
"bağışla məni, anacan, bağışla, əzizim” deyə
saçlarım qorxudan göyə doğru uzanır,
dodaqlarım təlaşdan, işgəncədən inləyir, 
sönüncə kariyesi xatırladan fəza... 
qəhqəhə çəkir.     
 
Bu, bir dəhşətdir – deyirdim, 
bu, gecənin möcüzəsidir, 
ağlamaqdan çılğına dönən və 
hər astenik uşağı görüncə, q
aşlarını çatan zəmanəmizin üzündə donan ifadədir.
Bu, sıcaq bir havadır, bu, gec bir saatdır, 
yorğunluğun gətirdiyi və 
şikəst bir ayaq üstə hoppanaraq görülən 
dərin bir yuxudur.
 
Öz nəfəsimi eşidirəm,
hər tərəfdə nanəcib baxışlar görürəm, 
bir addımın, bir yıxılmanın, bir gurultunun 
ardınca hər şey mənimlə nəyinsə arasında açılan 
geniş boşluğa tökülüb gedir. 
 
Artıq nə yuxum var, 
nə də bir cismim-bədənim.
Mən artıq təpədən-dırnağa havadan yoğrulmuşam 
və hələlik təsirindən çıxa bilmədiyim
bir dəhşətə qapılmışam.  
 
 
  Nağıl
 
Görünür, mən hansısa 
qəribə bir dünyada ömür sürmüşəm. 
Orada biz, kişilər, külçə qızıl imişik,
qadınlar isə qızıl topazlarmış
və ölümsüz imişik hamımız.  
 
Hər tərəf işığa bürünübmüş, 
nə şaxta varmış, 
nə bir qarşıdurma, 
nə bir ayrılıq, 
nə bir geriyə dönüş, 
heç nə yox imiş ortada – 
nə qızıl, nə topaz, nə də bir işıq.
 
Ancaq elə ki
bilinməz bir sevgi yaşanıb, 
o ikisi bir insan bədənində,
o soyuğa, 
o gurultuya, 
o qarşıdurmaya rəğmən, 
özünə isti sığınacaq tapıb.
Beləcə, ölümə məhkum olublar. 
 
  Əl-ələ
 
Əl-ələ yeridim 
daim uğurla, 
ordan-burdan danışdıq, durduq. 
Birlikdə dırmaşdım onunla
sayıqlayan kütlələrin arasında yüksələn
qum təpələrinə.  
 
Bəxtin mənə rəva gördüyü
bütün uğurları və dostları
özümünkü sandım, 
bu sayədə hər kəsin arzuları
gerçəyə döndü. 
 
Bircə ötüb-keçən
zamandan başqa.  
 
 
  Cildlər 
 
Sonuncu doğuluşumu da xatırlayıram, 
təravətli yatağımdan yüksələn 
qarayonca ətrini də,
dünyaya övlad gətirən bir ananın 
sevinc çığırtısına da bələdəm,
işığın nadan alnını necə dağıtdığına da.
Hətta havadakı qorxunu da çəkməyi bacarıram,
məni oyadan o bağırtını tanıyıram - 
o xəlq olunmayanın son etirazını. 
 
Ötən yüzildən, ilk gənclik çağımdan qalan
o məsum qəhqəhəni də tanıyıram. 
Dizləri dağıdılan bir insanın yuvarlandığı
o yeddi pilləyə də bələdəm. 
 
Hələ də əbədi qürubda 
haradasa çiynimdə bir quş... dolaşıram.
Və sevdiyim heç nəyə heyifsilənmirəm, 
çünki onlar — 
damarlarımda dövr edən qanın daşıdığı
qalın-qalın xatirə cildləridir. 
 
 
  Təəccüb
 
Qeybə çəkildi, 
qar yorğanına qədəmlərini basmadan
və heç nəyi dəbərtmədən. 
Amma qeybə çəkildi.   
 
Bəlkə də, çıxılması yasaq bir sahilə çırpılıb, çilikləndi...
Halbuki mən – onun salamat dönməsi üçün bir dua idim
və o ov elə yuxuda da bitdi.
Və mənə görə bunların bircə adı var, o da – təəccüb. 
 
 

  Qarasına atılan addımlar
 
Dolanbac, işıqsız, döngəsiz çığırlar 
Və qarasına, əl havasına atılan addımlar...
Bir "mən çatdım” sözünə qədər
gedən və ya getməyən 
bütün gecələrin mövsümü başlandı.
 
Qanımın üstünə 
yağacaq, yağacaq qarlar
və bütöv bir doğuluş poeması
başdan-ayağa bəyaza bürünəcək. 
 
  Tərcümə etdi: Azad Yaşar