Biz imzaları yox, əsərləri dərc edirik...

O illərdə mənə günün 24 saatı bəs etmirdi – Faiq Sücəddinov
2160
11 İyun 2019, 09:02
 Artkaspi.az saytı Faiq Sücəddinovun müsahibəsini təqdim edir:

 "Hər kəsin anası onun üçün əlindən gələni edir. Anam da mənə görə öz həyatını fəda etdi. Həmişə valideynlərimi yadıma salanda kövrəlirəm. Xüsusilə anamı xatırladığım zaman onun üçün çox darıxıram. Tələbələrimə də deyirəm ki, valideynlərinizin qədrini bilin, hər gün onların üzündən öpün. Valideynlər Allahın bizə verdiyi hədiyyə, lütfdür”.
 Bu sözləri bizimlə söhbətində bəstəkar, xalq artisti, əməkdar incəsənət xadimi Faiq Sücəddinov söylədi.
 
 "Həyətdə oynamaq mənə maraqlı gəlmirdi”
 
 İlk olaraq onun uşaqlıq illərindən danışdıq. Bu mövzuya toxunanda "həyatı sevə-sevə yaşamaq, yaşayıb-yaratmaq eşqi ilə keçirmək lazımdır” dedi: "1947-ci ildə Gəncə şəhərində anadan olmuşam. Ailədə iki uşaq olmuşuq. Məndən böyük bir qardaşım var. Uşaqlıq illərim Bakıda keçib və uşaqlığı mənim kimi bu şəhərdə keçənlər bilir ki, bizim o illərimiz küçədə və məktəbdə keçib. Müxtəlif pioner dərnəklərinə üzv olmuşduq. Hər birimizin başı müxtəlif işlə qarışıq olurdu. Tez-tez Abdulla Şaiq adına uşaq kitabxanasına gedib kitablar oxuyurdum. Elə o illərdə musiqi məni öz ağuşuna aldı. Artıq həyətdə oynamaq mənə maraqlı gəlmirdi. Uşaqlarla çox nadir hallarda futbol oynayırdım. Bu mənada özümü şanslı hesab edirəm. Çünki anam məni doğru istiqamətə yönəldib. Əslində, hər bir uşağın kiçik yaşlarında nəyə marağı olduğuna valideynlər diqqət etməlidir. Kiçik yaşlarda uşağın nə istədiyin, nəyə meyl etdiyi özünü büruzə verir və bunu valideynin duyması çox vacibdir. Valideynlər övladlarını öz istəkləri naminə "şikəst” etməməlidir. Böyüklər övladlarına istiqamət verməli, onların seçdiyi sahə üzrə yaxşı mütəxəssis olmasına dəstək göstərməlidir. 6 yaşımda olanda anam məni musiqi məktəbinə yazdırdı. Buna görə hər zaman anama minnətdaram. Əgər bu gün nəyəsə nail olmuşamsa, buna görə yalnız Allaha və anama minnətdaram”.
 
 

 "Bir dəqiqə dayansan, bu, həyat olmaz”
 
 1965-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olan xalq artisti deyir ki, orada oxumaq heç də asan deyildi: "Texnikumda bizə dərs deyən müəllimlər çox tələbkar idi. Çox şey tələb edirdilər deyə, daim öz üzərimizdə çalışırdıq. Texnikumu konsertlə bitirdim. Oranı bitirəndə böyük əsərlər ifa edirdim. Gənclik illərimdə mən piano çalırdım, yaradıcılıqla məşğul idim, müxtəlif müsabiqələrdə iştirak edirdim. 1969-cu ildə Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin estrada orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvətilə orkestrdə çalışmağa başladım. Daha sonra oradakı fəaliyyətimi dayandıraraq Azərbaycan Dillər Universitetinə qəbul oldum. Universitetdə oxuduğum dövrdə ansambl rəhbəri idim. Hərdən o illərə qayıdanda fikirləşirəm  ki, bizim dövrümüzdə gənclik illəri daha maraqlı və rəngarəng keçirdi. Bütün günü konsertlərdə, çıxışlarda, müsabiqələrdə olurdum. Hətta o illərdə mənə günün 24 saatı bəs etmirdi. Gənclik elə bir dövrdür ki, insan həmin illərdə daima aktiv şəkildə yaşamalıdır. Bir dəqiqə dayansan, bu, həyat olmaz. Həyatın özü hərəkət deməkdir. Bəxtiyar Vahabzadə deyirdi ki, şam əgər yanmırsa, yaşamır demək. İnsan yaşamalıdır ki, başqalarına yararlı olsun. Bu lazımlılıq məni sənətimdə müəyyən yerə gətirib çıxardı. Təbii ki, buna görə həyatım boyunca dayanmadan öz üzərimdə işləmişəm”.
 
 "Başa düşdüm ki, həyatım sırf  musiqidən ibarətdir” 
 
 Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanana bəstəkar 3 ildən sonra - 1977-ci ildə Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq fakültəsinə qəbul olunur: "Elə insanam ki, heç vaxt geriyə boylanmağı sevmirəm, daim irəli baxmağa çalışıram. Mənim üçün yenilik daha önəmlidir. Amma indi gənclik illərimə nəzər yetirəndə görürəm ki, istədiyim bir çox şeyi etmişəm, edə bilmədiklərimə isə sadəcə vaxt çatmayıb. Çox vaxt gecələr yatmır, öz yuxuma haram qatırdım ki, öz sahəmdə daha da irəliyə gedə bilim. Həmin illərdə həm işləyir, həm də oxuyurdum. Bir müddət sonra aranjemanla məşğul olmağa başladım. Beləliklə, fərdi yaradıcılığıma qədəm qoydum. Həmin vaxt başa düşdüm ki, həyatım sırf  musiqidən ibarətdir və mənə lazım olan tək şey məhz budur. Konservatoriyada oxuduğum illərdə çox şey qazandım. Müəllimlərimdən bir çox yeni şeylər öyrəndim. Orada təhsil aldığım zaman yeni mahnılar yazırdım. Beləliklə, bəstəkarlıq sahəsinə gəlib çıxdım”.

 "Sevə-sevə etdiyin işdən gəlir qazanmaq daha şirin olur”
 
 Xalq artisti ilk məvacibini ailəsinə göndərib: "İlk gəlirimi  ailəmə, atama göndərmişdim. Atam mənimlə fəxr edirdi ki, oğlu ona pul göndərib. Əslində, onun buna ehtiyacı yox idi. Çünki özü həkim idi. Amma mənim qazancım onu fərəhləndirmişdi. İnsanın ilk qonorarı, ilk gəliri heç vaxt yadından çıxmır. Fikirləşəndə ki, mən öz qazancımla ailəmə dəstək oluram, bu, məni sevindirirdi. Əslində, məsələ pulda deyildi. Bu məsələyə yanaşma tərzi başqadır. Mən heç vaxt maddi məsələlərə iqtisadi tərəfdən yanaşmamışam. Hər zaman çalışmışam ki, özümdən başqalarını, ailəmi fikirləşim. Xüsusilə sevə-sevə etdiyin işdən gəlir qazanmaq daha önəmlidir. Rəssam, rejissor, bəstəkar, fəhlə olmağının fərqi yoxdur, hər kəs gördüyü işin qarşılığında pul qazanır. Amma deyim ki, maddi məsələlərə çox da önəm verən biri olmamışam”.
 
 "Yaxşı musiqi ilk notlardan bəlli olur”
 
 Bəstəkarın fikrincə, həyat bir mübarizədir. Hər bir insan öz sahəsində özünü təsdiq etməlidir. Çalışmaq lazımdır ki, hər kəs öz sahəsi üzrə vətəninə, insanlara faydalı olsun: "Məncə, insanlar səni öz işinə, biliyinə, bacarığına görə tanımalı, hörmət etməlidirlər. Önəmli olan insanın içindəki istedad və bacarıqdır. Mən öz tələbələrimə də həmişə bunu deyirəm ki, sabah universiteti bitirəndə sizdən soruşacaqlar ki, nəyi bacarırsan? Bizim sahə belədir ki, burada məhdudiyyət yoxdur. Çünki musiqi sonsuzdur. Yaxşı musiqi ifa etməklə insan özünü təsdiq edə bilər. Royal arxasında əsər ifa edirsənsə, insanlar sənin nə demək istədiyini yaxşı başa düşür. Çünki yaxşı musiqi ilk notlardan bəlli olur. Düzdür, hər bir insan həyatının müəyyən vaxtlarında səhvə yol verir. Çünki insan səhv edə-edə düzgünü dərk edir. Əgər səhv etməsək, yaşamağımızın bir mənası olmaz. Bir məsələ var: "Mənə dedilər ki, odla oynama, amma mən odla oynadım və bir gün əlim yandı. Sonra başa düşdüm ki, oddan uzaq olmaq lazımdır”. Həyat elə bir şeydir ki, özü sənə dərs verir və nəyi edib-etməmək lazım olduğunu bilirsən. Təbii ki, bu insanların həyatına müdaxilə etmək demək deyil. İnsana nəyin səhv, nəyin nə düz olmadığını demək olar, amma onu yönləndirmək düz deyil. Səhv etməyən insan həyatı dərk edə bilməz. Mənim də etdiyim müəyyən səhvlər olub. Bəzən kiminləsə sərt davranmışam, amma sonra səhvimi başa düşüb həmin insandan üzr istəmişəm. Daha mülayim biri olmağa çalışmalıyıq. İnsanlarla düzgün qaydada münasibət qurmağı bacarmaq önəmlidir”.
 
 Faiq müəllim deyir ki, bəstəkarın oğlu və yaxud nəvəsi mütləq bəstəkar, həkimin oğlu həkim olmalıdır deyə bir qayda yoxdur: "Kimisə zorla hansısa sənətə yönəltmək olmaz. Mən övladlarımın tərbiyəsində bunu əsas götürmüşəm. Hər kəs öz sahəsini özü seçməlidir. Biz valideynlər isə onlara dəstək olmalıyıq. Bəzən valideynlər uşağına deyir ki, həkimlik sənətində çoxlu pul var, mütləq bu sahəyə yönəl. Bunu düzgün qəbul etmirəm. Uşağı uşaqlıqdan meyli olan sahəyə yönəltmək lazımdır. Müəllimlər, valideynlər bu məsələyə həssas yanaşmalıdır. Biz yalnız bu halda vətənimizə, millətimizə xeyirli ola bilərik. Çünki insan yalnız sevdiyi işdə uğur qazana bilir”.
Xalq artisti məsləhət verməyi sevməsə də, rubrikanın ənənəsinə uyğun olaraq gənclərə tövsiyələrini bildirdi: "Ümumiyyətlə, məsləhət verməyi sevən insan deyiləm. Gənclik elə bir dövrdür ki, insan məsləhət dinləmək istəmir. Onlara yalnız bunu deyə bilərəm ki, vətənlərini və valideynlərini sevsinlər. Öz əməllərinizlə bu xalqa, millətə xidmət edin. Həyata gəlmişiksə, onu dəyərləndirməliyik”.
 
Söhbətləşdi: Şəbnəm Mehdizadə