Biz imzaları yox, əsərləri dərc edirik...

Əli bəy Hüseynzadənin rənglər dünyası
1019
08 İyun 2018, 14:01


Taleyin amansız hökmü ilə dünyanın müxtəlif guşələrinə səpələnmiş azərbaycanlılar arasında rəssamlar da az olmayıb. Bir zamanlar ilğım saydıqları Vətən həsrəti uzun illər ərzində onlar üçün acı həqiqətə çevrilib. Həmin sənətkarların bir qismi müxtəlif səbəblərdən  hələ də bu ayrılığın mənəvi-psixoloji yükünü çəkə-çəkə arzu və ümidlərinin işığına doğru getməkdədirlər. Sovet dönəmində Vətənlə əlaqənin olmaması xalqımızın həmin yaradıcı soydaşlarımızdan xəbərsiz olmalarını şərtləndirmişdi. Yalnız 1989-cu ildə Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyində xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət "Əzizim Vətən yaxşı...” adlı sərgi təşkil edilmiş, əvvəllər təbliği qadağan olunan ona qədər soydaşlarımızın yaradıcılığı ictimaiyyətə təqdim olunmuşdu. Başqa sözlə desək, Azərbaycan ictimaiyyəti milli mühacirət rəssamlığımızla tanış olmuşdurlar. Onların arasında XX əsrin əvvəllərində Türkiyəyə mühacirət etmiş Əli bəy Hüseynzadənin (1864-1940) də bir-neçə əsəri vardı...


 


O vaxt çoxları həyat və yaradıcılığının çoxu qürbətdə keçən, xalqımızın ictimai fikir tarixində mühüm rol oynayan, milli bayrağımızın ideya müəllifi  Əli bəy Hüseynzadənin həm də rəssam olmasından və  onun bədii irsindən xəbərsizdi. Tədqiqatlar göstərir ki, o, sənətə çox sıx bağlı olmaqla, təsviri sənət tariximizi zənginləşdirəcək əsərlər yaratmaqla yanaşı, həm də incəsənət haqqında qiymətli fikirlər qoyub gedib.  Bunların bir qismi "Füyuzat” jurnalında çap olunan "Qırmızı qaranlıqlar içərisində yaşıl işıqlar” (1906) məqaləsində öz əksini tapıb. Onun yazılarından həm də məlum olur ki, o, hələ Tiflisdə ana babası, Qafqaz şeyxülislamı Əhməd Salyaninin himayəsində yaşayan zaman rəssamlığa maraq göstərmişdir. Çox güman ki, ilk sənət vərdişlərini də Tiflis gimnaziyasında oxuyarkən almışdır. Təbii ki, onun belə bir hazırlığı olmasaydı, o, Peterburq Rəssamlıq Akademiyasına qəbul olunmağı arzulamazdı. Lakin son anda o, tərəddüd keçirmiş və Peterburq Universitetinə imtahan verməyə üstünlük vermişdi.

Özü bu haqda belə yazır: "Bir vaxtlar rəssamlığa çox həvəsim var idi, hətta az qaldı Peterburqun Sənatyei-nəfisə (Gözəl sənətlər) Akademiyasına giriyordum. Ancaq ulum və fünun təhsilinə meylim qalib gəlib məni ayrı yollara sövq etdi... Bununla bərabər, rəssamlığa meylim heç azalmadı! Hətta getdikcə çoxaldı belə!.. Çoxaldığı üçün kitabxanamın bir qismini hər vaxt rəssamlığa dair kitablar təşkil edirdi: "Tarixi-sənayei-nəfisə”, Tenin "Fəlsəfəyi-sənayei-nəfisə”si, Karl Robertin portret, mənzərə və sair nəzəriyyatı, "Fənni-mənazir” ("Perspektiv”), "Nəzəriyyəvi-əlvan” ("Rənglər nəzəriyyəsi”) və ilaxır bu cümlədən idi. Fikrimin, zehnimin yorğun zamanlarında hər növ iş-gücümü tərk edib rəssamlığımda, nəqqaşlığımda özüm böyük istirahət tapardım...”

1989-cu ildə Ə.Hüseynzadənin xaricdə yaşayan övladlarında saxlanan bədii irsi barəsində tam məlumat olmadığından, Bakıdakı həmin tarixi sərgidə onun cəmisi üç əsəri göstərilmişdi. Amma bu üç əsərin özü həm bədii, həm də yaranma və Vətəndə qalma tarixçəsi baxımından çox maraqlı idi.

Bunlardan biri portret janrında işlənib. Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasında nümayiş etdirilən bu əsərdə Əli bəyin babası şeyxülislam Əhməd Salyani təsvir olunub. Portret 1900-cü ildə Türkiyədə yağlı boya ilə çəkilib. Əli bəy həyatının ən çətin anlarında belə bu portretdən ayrılmayıb. Türkiyədə gənc türk inqilabçılarının yaratdıqları "İttihad və tərəqqi” təşkilatının fəal üzvü kimi təqib olunduğunu və həbsinə təhlükəni hiss edən Əli bəy İstanbulu tərk edib Hindistana gedəndə də özü ilə götürdüyü ən əziz əşyalardan biri bu portret olmuşdu. Yeri gəlmişkən deyək ki, rəssam bu əsərləri ilə XX əsr Azərbaycan rəngkarlığının banisi olduğunu şərtləndirmişdi. Əsəri sovet dönəmində muzeyə rəssamın qardaşı İsmayıl bəyin oğlu Bəhram Hüseynzadə təqdim etmişdi...

Əgər "Şeyxülislam Əhməd Salyaninin portreti”nin bədii-estetik məziyyətlərini vurğulamalı olsaq, onda ilk növbədə onun realist-gerçəkçi üslubda işləndiyini söyləməliyik.


 

Şaquli kompozisiyanı din xadiminin  kitab rəfi qarşısında görüntüyə gətirilmiş portreti təşkil edir. Şeyxin geyim elementləri, üzünün cizgiləri, nurani baxışları rəssam tərəfindən ustalıqla işlənilmişdir. Şeyxülislamın əbasının və portret üçün fon-yerlik rolunu oynayan sumağı rəngin tünd çalarla işlənməsi onun nurlu çöhrəsinin daha qabarıq görünməsini şərtləndirmişdir. Rəssamın babasını bilavasitə kitablarla əlaqəli təqdimatının onun öz dövrünün bilikli və  tanınmış ziyalılarından olmasına işarə kimi düşünülmüşdür. Bu əsər hələ sovet dönəmində Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasında asılsa da, tamaşaçılara nə rəssamın tarixi keçmişi, nə də portretdə təsvir olunanın kimliyi (Əsər "Din xadiminin portreti” adı ilə nümayiş olunurdu) barəsində məlumat verilmirdi.

Digər lövhə isə görkəmi ancaq yaşlı nəslin xatirəsində yaşayan məşhur Bibiheybət məscidinə həsr olunub. Əsər təxminən 1905-1907-ci illərdə işlənib. Bu tablo XX əsr Azərbaycan rəngkarlığında mənzərə janrında işlənmiş  ilk əsər sayılır.



 


Otuzuncu illərdə insafsızcasına dağıdılmış bu məscidin real təsvirinin bizə gəlib çatması maarifpərvər milyonçumuz Hacı Zeynalabdin Tağıyevin uzaqgörənliyi sayəsində olmuşdur. O vaxtlar Ə.Hüseynzadə maddi sıxıntılara tuş gəldiyindən iki əsərini satılmaq üçün satışa çıxarıbmış. Deyilənə görə, Bakıdakı ingilis konsulu Mak Donnelin mənzərəni alıb Londona göndərmək istəyini eşidən Hacı 500 manat pul verib "Qədim məscidimizin şəkli öz şəhərimizdə qalmalıdır” deyib. Beləliklə, əsər Azərbaycanda qalıb və hazırda bu tablo da Azərbaycan Milli İncəsənət Muzeyində göstərilir. Əli bəy Hüseynzadə Türkiyədə yaşayarkən onun nisbətən kiçik variantını işləmişdir. Uzun müddət rəssamın qızı Feyzavər xanımda olan bu mənzərə 2017-ci ildə Azərbaycana hədiyyə olunmuşdur...

Onun üçüncü qrafik əsərində isə ağbirçək qadınla kiçik yaşlı qız uşağı təsvir olunub. Bu əsər Əli bəy Hüseynzadənin doğma Azərbaycanı həmişəlik tərk etdiyi 1910-cu ildə Salyanda çəkilib. Yüksək professionallıqla karandaşla çəkilmiş  bu qrafik lövhədə Əhməd Salyaninin həyat yoldaşı Hüsniyyə xanımın xalası qızı, 75 yaşlı Nisə nənə və Əli bəyin qardaşı İsmayıl bəyin 11 yaşlı qızı Böyükxanım bədii görkəm alıb. Hazırda əsər görkəmli mənzərə ustası Səttar Bəhlulzadənin bacısı oğlunun ailə kolleksiyasında saxlanılmaqdadır. Əsərin bu ailədə olması isə S.Bəhlulzadənin bacısı Pərizad xanımın həyat yoldaşı Böyükağanın salyanlı - Ə.Hüseyzadənin qohumu olması ilə əlaqədardır. Rəssam karandaşla çəkdiyi bu eskizi qohumlarına hədiyyə etdiyindən, Türkiyədə yaşayarkən bu motivə bir daha qayıtmış və onu yağlı boya ilə çəkmişdir. Hazırda əsər "Qohumlarım” adı ilə tanınır. Son günlərə qədər Əli bəyin qızı Feyzavər xanımda olan bu əsər rəssamın Azərbaycana hədiyyə etdiyi sənət nümunələrinin arasındadır...

Rəssamın Türkiyədə yaşayan qızında qalan əsərlərin arasında "Atatürkün portreti” , "Şeyx Şamilin portreti”, "Oğlum Məhəmmədsəlimin portreti”, "Mənzərə ilə natürmort”, "Qadın portreti”, "Əylənən uşaqlar”, "Çeşmə başında”, "Qızım Saidanın portreti”, "Topqapı sarayı”, "Qızılgül və bülbül”, "İstanbulda Azərbaycanlı xalça taciri Hacıbaba Məmmədzadənin portreti”, "Bəkirağa bölüyündə”, "Hacıbaba Məmmədzadənin oğlu Mehmet Məmmədzadənin portreti”, "Şah Abbas Səfəvinin portreti”, "Topqapı sarayı ətrafında mənzərə” və s. əsərləri bədii tutumunun kamilliyinə görə diqqət çəkir. Əli bəy Hüseynzadə ötən yüzilliyin ilk illərində yaratdığı bu əsərləri ilə özünün XX əsr Azərbaycan rəngkarlığının banisi olduğunu təsdiqləmişdir.

 


 Onun yuxarıda adları çəkilən müxtəlif janrlı əsərlərinin diqqətçəkən bədii məziyyəti heç şübhəsiz onlarda bədii ifadə səmimiliyinin mövcud olmasıdır. Xüsusi rəssamlıq təhsili almayan və çəkdikləri yalnız ruhunda gəzdirdiyi yaratmaq gücünün ifadəsi olan Əli bəyin realizmində cəlbedici bir təbiilik var. Bu əslində gerçəkliyin-görünənlərin təsviri olsa da, bütünlükdə, onlarda görüntüyə gətirilənlərə qarşı xüsusi rəğbət duyulmaqdadır. Elə bunun nəticəsidir ki, hər bir əsər maraqla baxılır. Belə ki, görünənlər bəzi realistlərdə olduğu kimi nə ideallaşdırılıb, nə də naturalistcəsinə dəqiq göstərilib.

 Azərbaycan ictimaiyyəti ilk milli operamız olan "Leyli və Məcnun”u 1908-ci ildə ərsəyə gətirən bütün yaradıcıların adını bilsə də, həmin tamaşanın bədii tərtibatının Əli bəy Hüseynzadə tərəfindən verildiyindən xəbərsizdir. Başqa sözlə desək, o, həm də ilk teatr rəssamımız sayıla bilər. Zamanında bunu həm onun tədqiqatçıları, həm də tədqiqatçıları dilə gətirmişlər.

Bütünlükdə, yaratdıqları ilə Azərbaycan təsviri sənət tarixində silinməz iz qoymuş Əli bəy Hüseynzadə sənətinin "estetik xəritəsi”ndə tamaşaçısını cəlb edə biləcək bədii-estetik dəyərlərin bolluğundandır ki, onlar bu gün duyulası zaman distansiyasından sonra da təravətli görünürlər. Düşünürük ki, elə gələcəkdə də belə olacaq...