Biz imzaları yox, əsərləri dərc edirik...

Novruz bayramı çağdaş ədəbiyyatda əksini tapırmı? – Müzakirə
1256
24 Mart 2018, 11:00
 Artkaspi.az "Novruz bayramı çağdaş ədəbiyyatda əksini tapırmı?" adlı müzakirəni təqdim edir:

 Novruz bayramı ilə bağlı müxtəlif mərasimlər və adətlər klassiklərimizin və sonrakı nəsil ədəbiyyatçıların əsərlərində bu və ya digər formada yer alıb. Ədəbiyyatşünas F.F.Qasımzadə "Novruz – bahar bayramı” adlı kitabında Novruz bayramının yazılı klassik və son dövr ədəbiyyatımızda necə əks olunmasını qeyd edərək Xaqani Şirvaninin şeirləri, Nizami Gəncəvinin "İsgəndərnamə”, "Leyli və Məcnun”, "Xosrov və Şirin” poemaları, Qazi Bürhanəddinin qəzəlləri, Kişvərinin yaradıcılığı, M.Füzulinin, M.V.Vidadinin, M.P.Vaqifin əsərləri, M.Müşfiqin "Bayram axşamı” şeiri, H.Cavidin və başqa görkəmli şair və yazıçılarımızın əsərlərindən nümunə gətirib.
Çağdaş dövrümüzdə necə, nəsr və poeziyada Novruz bayramına, onun atributlarına yer ayrılırmı?
"Müzakirə”mizdə birmənalı olmayan fikirlərlə qarşılaşdıq.
 
 

 
 Milli oyanışın simvolu
 "Biz bu adət-ənənədən uzaqlaşmamışıq” deyən Xalq şairi Sabir Rüstəmxanlı qeyd etdi ki, Azərbaycan xalqı min illərdir bu bayramı qeyd edir: "Novruz dünyanın ən qədim bayramlarındandır. Bizə uyğun iqlim qurşağında yaşayanların hamısı yazın gəlişini bayram edirlər. Türklər həmin vaxtlarda qurbanlar kəsir, xüsusi mərasimlər keçirirlər. Novruzun qeyd edilməsi artıq həyatımızın normal hadisəsinə çevrilib. Əvvəllər bu barədə daha çox həyəcanla, həsrətlə danışılırdı. Sovet rejimi bu bayramın keçirilməsini yasaq etmişdi. Hətta, Özbəkistanda keçirilən Novruz günlərini Moskva mətbuatı qeyd edirdi, ancaq Azərbaycanda bayram keçiriləndə bu barədə məlumat verilmirdi. Ona görə, Novruz bir növ milli oyanışın simvoluna çevrilmişdi”. S.Rüstəmxanlı Novruzun Bakıda ilk dəfə qeyd olunması, Qız Qalasının üzərində tonqalın yandırılmasını az qala inqilabi hadisə kimi xatırlayır: "Bu barədə bədii əsərlərdə, dərsliklərdə yazılırdı. Bu gün də biz həmin ənənəni davam etdiririk. Yenə də Novruz bayramı bu və ya digər formada həm nəsrdə, həm də poeziyada və publisistikada yer alır. Dərsliklərdə şagirdlərə bu bayram haqqında geniş məlumatlar verilir. Həmçinin bayram dövlət səviyyəsində qeyd olunur. Mənə elə gəlir ki, Azərbaycan xalqı yaşadıqca, bu bayram bütün sferalarda, o cümlədən ədəbiyyatda da qeyd olunacaq”.  
 
 

 
 Son illər bu mövzu sanki unudulub
 Tənqidçi Vaqif Yusifli Novruz bayramının ədəbiyyatımızda həmişə əksini tapdığını deyir. Belə ki, Qətran Təbrizi "Bahariyyə” əsərində bahardan bəhs edir. Xətai "Dəhnamə" əsərində "Qış getdi, yenə bahar gəldi" misrası ilə baharın təsvirini verir: "Füzulinin, Nəsiminin qəzəllərində bahar təsvirlərini görürük. Ümumiyyətlə, baharın təsviri, yazın gəlməsi, həyatın dirçəlməsi, insanın ruhən dəyişməsi, hər şeyin yeniləşməsi ilə bağlı təsvirlər klassiklərin əsərlərində yer alıb. Təkcə güllərin, çiçəklərin açılması deyil, ümumiyyətlə, insan qəlbində coşqun arzuların oyanması, artması hamısı bahariyyələrdə əksini tapıb. Azərbaycanın elə bir şairi yoxdur ki, bahara şeir həsr etməsin. Novruz bayramı ilə bağlı şeirlər də, nəsr əsərləri də yazılıb. Məsələn, İsmayıl Şıxlının "Dəli Kür" əsərində, eləcə də eyniadlı ekran əsərində Novruzun gəlişi geniş təsvir olunur. Alimlərimiz də Novruz Bayramı ilə bağlı araşdırmalar aparıblar, onun tarixini, etimologiyasını yazıblar. Folklorşünas Bəhlul Abdulla, Azad Nəbiyev Novruzda  keçirilən oyunlarla, adət-ənənələrlə bağlı araşdırmalar aparıblar. Mərhum Əzizə Cəfərzadənin ayrı-ayrı əsərlərində Novruz bayramının müxtəlif anları əks olunub. Tənqidçi son illərdə bu mövzunun sanki unudulduğunu deyir: "Artıq Novruzla bağlı heç bir qadağa yoxdur. Hamı bayramı istədiyi kimi keçirir. Amma yaxşı olar ki, bu gün də ədəbiyyatda – həm poeziya, həm də nəsrdə Novruz ənənələrinə yer ayrılsın. Çünki bu, bizim milli bayramımızdır və bu tarixin xatırlanması gələcək nəsillər üçün də əhəmiyyətli olar”.     
 
 

 
 Köhnələn tendensiya
 Yazıçı Seyran Səxavət Novruz bayramına çoxlu şeirlər, nəsr əsərləri həsr olunduğunu bildirir: "Valideynlər öz övladlarına Novruz adını veriblər. Ancaq bayramlara həsr olunan şeirlərin hamısı keçmişdə qalıb. Məncə, bu cür şeirlərə, əsərlərə artıq ehtiyac yoxdur. Novruz bayramının ədəbiyyatda yer alması ilə bağlı ədəbiyyatın boynuna öhdəçilik qoymaq olmaz. Əgər Novruz bayramı gəlirsə, vacib deyil ki, şair və yazıçılar mütləq ona öz əsərlərində yer ayırsınlar. Bu tendensiya artıq köhnəlib”. 
 
 

 
 Bu bayram unudulmayacaq
 Ədəbiyyatşünas Rüstəm Kamal artıq Novruz bayramı ilə bağlı yazıların ona rast gəlmədiyini deyir: "Bayram nə obraz kimi, nə də zaman vahidi kimi, xüsusən nəsr əsərlərində gözümə dəyməyib. Buna təəssüflənmək lazımdırmı? Məncə yox. Çünki Novruz bayramı təbiət kultu ilə bağlı yeganə ritual idi ki, xalqımızın yaddaşında həmişə yaşayırdı. Novruz yeganə hadisədir ki, tarix boyu bu xalqın həyatında insanlar təbiətlə üzvü əlaqədə olub. Görünür, şairlər də – Şah İsmayıl Xətaidən üzü o yana və üzü bu tərəfə, yəni Səməd Vurğuna qədər həmin duyğunu yaddaşlarında bayram gününə qədər yaşadır və onu əsərlərində əks etdirirdilər”. Tənqidçinin fikrincə, artıq qloballaşma olduğu üçün bizim həyatımıza yeni bayramlar, kultlar daxil olur və ölkənin həyatında elə hadisələr baş verir ki, bu da ədəbiyyatda öz yerini tapmağa başlayır. Nəticədə Novruz bayramı arxaik, nostalji bir hadisə kimi yaşanılır: "Görünür, ona görə də bizim ədəbiyyatda artıq keçmiş hadisə kimi qavrandığı üçün insanların həyatından da nostalji hisslər ötdüyündən və ritual yaddaşımızın zəifliyi ucundan bayram unudulur. Həyatımıza başqa mərasimlər daxil olanda biz məmnuniyyətlə köhnə mərasimi unutmaq zorunda oluruq, ya da bayram artıq zəif yadda qalır. Qloballaşma bizə yeni-yeni mərasimlər gətirir. Məsələn, Sevgililər günü qeyd olunur. Gənc yazarlar bu günü ifadə etməyə daha çox meyillidirlər, nəinki arxaik bayramları”. Tənqidçi hesab edir ki, bu tip ənənələri yaşatmaq eposun işidir, ədəbiyyatın vəzifəsi deyil. Sadəcə, ədəbiyyat həmin hadisələri bu və ya digər əsərlərdə əks etdirə bilər: "Ənənə yaddaşın tipologiyası ilə bağlı məsələdir. Hesab etmirəm ki, vaxtilə Novruz bayramının keçirilməsi qadağa olduğundan, ədəbi əsərlərdə daha çox yer tapıb. Əgər yasaq olunurdusa, ümumiyyətlə, silinə bilərdi. Düzdür, müəyyən qadağalar var idi, ancaq mərasim yaddaşı elə yaddaşdır ki, heç bir qadağaya baxmır, əgər xalq onu yaşadırsa, demək, yaşadacaq”. R.Kamal hesab edir ki, çoxlu süni dəyərlər həyatımıza daxil olduğu üçün və insanların ünsiyyətində müəyyən problemlər yarandığından, bu bayram bir qədər zəifləmiş kimi görünür: "Çünki bayram həm də ünsiyyət formasıdır. Hətta, deyərdim ki, ünsiyyətin ən səmimi olan məqamıdır. İndi isə yeni ünsiyyət vasitələri yarandığından bu bayram bir qədər arxa plana salınır. Həmçinin məkan Novruzun atributlarına çoxlu süniliklər daxil edib. Məsələn, Dədə Qorqud obrazı daxil edilib. Məgər bu, Novruz Bayramının fəlsəfəsinə uyğundurmu? Və yaxud Bahar Qızı. Ruslarda Qar qız var, demək bizdə də Bahar qız olmalıdır. Bu süniliklər bayramın fəlsəfəsinə virus salmalıdır. Yəni bayramın da öz energetikası var”. Tənqidçi hesab edir ki, kənar mərasimlərin yaddaşda yer alması istər-istəməz bu bayramın hüdudlarını məhdudlaşdırır: "Bu da tədricən gedir. Novruzun papaq atmaq, tonqal qalamaq kimi atributları var. Göydələnlərin arasında bu, mümkün olmur. Bu həmin ləzzəti vermir. Novruz bayramında zaman vahidi özünə uyğun məkan vahidini axtarır. Ancaq bu məkanı şəhərdə tapa bilmir. Bu da tədricən bayramın fəlsəfəsində aşınmalara gətirib çıxarır. Ancaq yaddaşdan tam silinəcəyinə inanmıram. Bayram günü heç vaxt insanların yaddaşından çıxmayacaq. Nə qədər ki, günəş, yer üzü, ilin dəyişməsi var, bu bayram unudulmayacaq”.    
Yaxşı olan hər şey öz parametrlərində yaşadılmalıdır 
 
 

 "Yaxşı olan hər şey öz parametrlərində yaşadılmalıdır” deyən şair Vasif Süleymanın Novruz adət-ənənələrinin çağdaş ədəbiyyatda yer alması ilə bağlı suala cavabı birmənalı deyil:  "Ədəbiyyatımızda Novruz bayramı, Novruz ənənələri ilə bağlı  ilə bir çox təsvirlər var.  Klassiklərimizin əsərlərində, Molla Pənah Vaqifin, Səməd Vurğunun, Rəsul Rzanın şeirlərində,  İsmayıl Şıxlının "Dəli Kür" romanında Novruzla bağlı ayrı-ayrı məqamlar  var...” V.Süleyman qeyd edir ki, sonrakı ədəbi nəsildən Şamxal Rüstəmin " Quşlar çöp daşıyır yuva qurmağa” şeiri  baharın gəlişinin, dünyanın təzələnməsinin çox gözəl bədii təsviridir:
  
 Həzinlik bürüyüb aranı, dağı,
 Bir baxın, necə də kövrəlmişik biz.
 Ev-eşik tikməyi, yuva qurmağı,
 Bəlkə də quşlardan öyrənmişik biz- 
 Quşlar çöp daşıyır yuva qurmağa.

 "Novruz, əslində yeniləşmədir” deyən yazar qeyd edir ki, baharın gəlişi ilə hər şey-dünya, təbiət  təzələnir sanki: "Novruz şənlikləri, çərşənbələrin keçirilməsi, müxtəlif xalq oyunları, meydan tamaşaları, şifahi xalq ədəbiyyatının, mədəniyyətimizin tərkib hissəsidir. Bu ənənələrin yaşadılması elə folklorun yaşadılmasıdır”. Yazar ədəbiyyatda əvvəlki ənənələrə qayıtmağa ehtiyac görür: "Əgər Novruzu yaşatmaq üçün Novruz ənənələrini yaşadırıqsa, deməli, buna hər zaman ehtiyac var. Yaxşı olan hər şey öz parametrlərində yaşadılmalıdır. Bu işdə folklorşünasların üzərinə böyük  məsuliyyət düşür. Novruz ənənələri ilə bağlı toplanılası materiallar kifayət qədərdir”. V.Süleyman uşaqlıqda yaddaşında qalan bayramı xatırlayır: "Biz uşaq olarkən, Novruz bayramı ərəfəsində və günlərində müxtəlif rayonlardan qalayçılar gələrdi, köhnə qazanları, kuzələri qalaylayardılar. Zənnimcə, bu, ən canlı meydan tamaşası idi. Niyə başqa vaxt yox, məhz Novruz ərəfəsində gəlirdi o qalayçılar... Unutmayaq ki, bədii ədəbiyyat həm də içimizin yaratdığıdır. Qələm adamının içində onu yaratmaq ehtiyacının olması da çox vacibdir”. 
 V.Süleyman səkkizinci sinifdə oxuyanda "Bu bahar” adlı şeir də yazıb: 

 Dəli şimşək haray saldı uzaqda,
 Elə bil ki bahar gəldi bu vaxtda.
 Bir an belə dayanmayıb budaqda,
 Quşlar bizə göydən dedi sözünü.  

 "O zaman içimdən, ruhumdan gəlmişdi bu misralar” deyən V.Süleyman hesab edir ki, bir şairi və ya yazıçını Novruz ənənələrindən  yazmadığına görə qınamaq olmaz: "Amma Novruz bayramından zəif əsər yazanı, bir oxucu olaraq, tənqid edə bilərsən”.
 
 Hazırladı:Təranə Məhərrəmova