Biz imzaları yox, əsərləri dərc edirik...

Nobel bu yazıçılara verildi
341
10 Oktyabr 2019, 15:20
  Bu gün 2018 və 2019-cu illər Ədəbiyyat üzrə Nobel mükafatı sahiblərinin adları açıqlanıb.
APA-nın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, 2018-ci il Ədəbiyyat üzrə Nobel mükafatının sahibi polşalı yazıçı Olqa Tokarçuk, 2019-cu il Ədəbiyyat üzrə Nobel mükafatının sahibi isə avstriyalı yazıçı Peter Handke olub.
Olqa Tokarçuk "Ensiklopedik ehtirasla sərhədləri aşmağı həyat forması kimi təmsil edən nəqtetmə təxəyyülünə görə", Peter Hendke isə "Linqvistik bacarıqları ilə insan varlığının periferiyasını və xüsusiyyətlərini araşdıran nüfuzlu əsərlərinə görə" mükafata layiq görülüblər.

Qeyd edək ki, Olqa Tokarçuk 1962-ci ildə Polşada anadan olub. Yaradıcılığa şeirlə başlayan Tokarçuk 1993-cü ildə "Kitab adamlarının yolu” adlı romanını yazıb. "Flights” romanı isə yazıçıya "Nike” mükafaıtnı qazandırıb. O, həm də qısa hekayələr ustası kimi tanınır. Əsərləri bir çox dilə tərcümə olunub.
Olqa Tokarçuk 2018-ci ildə Beynəlxalq Man Buker mükafatına layiq görülüb.
Peter Handke 6 dekabr 1942-ci ildə Avstriyada anadan olub. 12 yaşına qədər dini məktəbdə oxuyan Handke 1961-ci ildə Qrass Universitetinin hüquq fakültəsində təhsil alıb. Elə o illərdən də yaradıcılıqla məşğul olmağa başlayıb. 
1971-ci ildə anası intihar edib. Handkeyə olduqca pis təsir edən bu hadisəni yazıçı sonralar "Bədbəxtliyə doymaq” adlı romanında əks etdirib.
Handke 1967-ci ildə Hauptmann, 1973-cü ildə Büchner, daha sonra isə Kafka mükafatını alıb. 
Peter Handke "Solaxay qadın”, "Qapıçının penalti anındakı həyəcanı”, "Qaranlıq gecədə” və başqa əsərlərin müəllifidir.
Qeyd edək ki, ötən il Nobel Komitəsində yaşanan qalmaqal üzündən bir neçə jüri üzvü istefa verib, nəticədə Ədəbiyyat üzrə Nobel mükafatının təqdimatı təxirə salınıb.