Artkaspi.az saytı Gülçin Babayevanın "Nizami
Gəncəvinin "Xosrov və Şirin” və "Leyli və Məcnun” əsərində ata-ana obrazı” adlı
yazısını təqdim edir:
(Dünya mədəniyyəti kontekstində)
Klassik
Şərq ədəbiyyatında ulu əcdada xas özəl xüsusiyyətləri özündə cəmləşdirən,
nəsillərin böyüklük və izzət timsalına çevrilərək ailə ocağını qoruyan,
övladların təlim-tərbiyəsində mühüm rol oynayan, məhəbbət və mərhəmət
simvolu olan ata-ana obrazı həmişə diqqət mərkəzində olmuşdur.
Ata-ana
obrazı bəşər mədəniyyəti tarixində önəmli yerlərdən birini tutur.
Bu obrazlar yaranışa, ilkin başlanğıca bağlıdır və bəşərin bütün
tarixi boyu ilahi atributları özündə qoruyub saxlayır. Qədim şumer
dastanlarında yer alan Nammu adlı ilahə – ana obrazı diqqəti cəlb
edir. Nammu dənizləri və okeanı təmsil edir və insanın yaradılması
haqqında ideya da onun adıyla bağlıdır.
Yunan
mifologiyasında isə göy Allahı qüdrətli Zevs atanın allahları və
insanları idarə etdiyi haqqında kifayət qədər dastanlar məlumdur.
Qədim
türk dastanlarında ata-ana obrazı mifik-naturalist mahiyyət daşımaqla,
qeyri-adi xüsusiyyətləri ilə fərqlənir. "Oğuznamə”də Oğuzun anası
obrazı diqqəti cəlb edir. Oğuzun anası Ay Kağan obrazı kosmik işığın
simvoludur. "Bir gün bu Kağanın üzü işıqlandı, bir uşaq doğdu, onun üzü
göy, gözü ala, dodaqları od kimi idi” [1, s.22]. Azərbaycan alimi Ç.Sasaninin
haqlı olaraq yazdığı kimi, "Oğuzun üzündə odun, səmanın (göy rəng həm
də səmanın rəmzidir), saçının qaralığı ilə qaranlığın işarə-simvolları
vardır. Onun üzündə, adında anası vasitəsilə soyunda işıq, odla bərabər,
daha bir soy-kökü – atası Qaraxan vasitəsilə də qaranlığın damğa-simvolları
öz ifadəsini tapmışdır. Dastanda ana – Ay Kağan (hərfi mənası İşıq
Xaqan) kosmik işığın təmsilçisi və ilahəsi olduğu üçün Ana şahlıq
dövrünün ailə sistemini əks etdirir” [2, s.19].
"Kitabi-Dədə Qorqud”da türk xalqlarına məxsus
ata-ana-övlad məhəbbəti konsepsiyası çox mükəmməl məzmun, ideya və
bitkin süjetlər vasitəsilə təcəssüm olunmuşdur. Bu səbəbdən, dastanın
dilində mövcud olan "Ana haqqı, Tanrı haqqı”, "Oğul atanın yetiridir,
iki gözünün biridir”, "Ata adın yürüdəndə dövlətli oğul yey”, "Ata adını
yürütməyən xoyrad oğul, ata belindən enincə enməsə yey”, "Ata dururkən
oğul əlimi öpərlər?” xalq ifadələri insan münasibətlərinin dərin
mənəvi köklərə bağlılığını və fəlsəfi məzmunlu xarakterini göstərir.
İslam
dininin müqəddəs kitabı olan Qurani-Kərimdə saf təməllər üzərində
qurulan ailə bağları, ata-anaya məhəbbət kultu mühüm yer tutur və insanlara
bir neçə ayədə bu haqda dəqiq göstəriş verilmişdir. İsra surəsinin
23-24-cü ayələrində deyilir: "Rəbbim əmr etmişdir: Allahdan başqasına
ibadət etməyin və valideynlərə yaxşılıq edin! Əgər onlardan biri,
ya hər ikisi sənin yanında qocalsalar, onlara "uf” belə demə. Təvazökarlıq
qanadını onlara mehribancasına aç və de: Pərvərdigara! Onlar körpəliyimdə
məni böyüdən (tərbiyə edən) kimi sən də onlara mərhəmət et” [3,
s.284].

Ata-ana
müqəddəsliyinin bəşəri anlayışı Nizami Gəncəvi əsərlərində
diqqət mərkəzində dayanır. Nizami Şərq mifologiyası və xalq ədəbiyyatı
incilərindən məharətlə faydalanaraq, əsərlərində bu mühüm əxlaqi-ictimai
problemi yüksək bəşəri dəyərlər çevrəsində həll etməyə nail olmuşdur.
Azərbaycan alimlərindən H.Araslı, R.Azadə, N.Araslı və başqaları Nizami
əsərlərinin xalq yaradıcılığına, xüsusən qədim türk abidələrinə
bağlılığını öyrənərkən sözü gedən məsələnin həlli yollarını
araşdırmışlar. Təsadüfi deyildir ki, H.Araslı hələ 1947-ci ildə bu
məsələni xüsusi araşdırmış və yazmışdır: "Nizami bütün poemalarında
xalq yaradıcılığının əsas bir xüsusiyyətini saxlamışdır ki, bu da
qəhrəmanın ata-ananın tək övladı olub, çətinliklə, nəzir-niyazlar vasitəsilə
doğulmasıdır” [4, s.169].
Şair
öz əsərlərində ata-ana və övlad münasibətlərini zəngin məzmun və
çoxşaxəli süjetlər əsasında mükəmməl işləmişdir.
O,
özünün "Xosrov və Şirin” əsərinin "Atasının hüzurunda Xosrovun üzr
istəməsi” hissəsində ata-oğul münasibətlərinin dərin psixoloji
anlamını real poetik obrazlarla qabarıq vermişdir. Gənc Xosrovun
ova çıxdığı zaman dostları ilə kasıb bir əkinçinin komasını tutaraq
orada içki məclisi qurması, atının yaşıl əkin yerində otlaması, nökərinin
kəndlinin üzüm qorasını talaması, gecə cəng sədalarının xalqı narahat
etməsi atası – ədalətli Hörmüzü qəzəbləndirir və oğlunu cəzalandırır.
Xosrov özünün pis iş tutduğunu və atasının onu haqlı cəzalandırdığını
başa düşür. Ağıllı Xosrov tutduğu əməldən peşman olaraq, qəm-qüssə
içində əyninə kəfən geyərək, əlinə iti qılınc alıb, ağsaqqalların
müşayiəti ilə atasının hüzuruna üzr istəməyə gəlir. Nizami bu süjetlə
övladın böyük ata qarşısında üzr istəmək mədəniyyətini bədii şəkildə
canlı təsvir edir. Şair incə mənalı beytlərlə mətləbi çözür, övlad-ata
münasibətini, ümumiyyətlə, insani keyfiyyətlər və dünyanın sınaqdan
çıxmış qanunları haqqında fəlsəfi-didaktik fikirlərini öz oxucusu
ilə bölüşür:
چوپیش تخت شد نالید غمناک
برسم مجرمان غلطید برخاک
که شاها بیش از اینم رنج منمای
بزرگی کن بخردان برببخشای ...
عنایت کن که این سرگشته فرزند
ندارد طاقت چشم خداوند
اگر جرمیست اینک تیغ و گردن
زتو کشتن ز من تسلیم کردن
[5, s.85]
Taxtın yanına
çatan kimi (Xosrov) kədərlə sızladı,
Suçlular kimi torpağın üzərinə sərildi.
Dedi ki, şahım,
bundan artıq mənə cəza vermə,
Böyüklük edib
kiçiklərin günahından keç...
Kərəm qıl, çünki
bu bəxti dönmüş övladının
Şahın qəzəbinə dözmək
iqtidarı yoxdur.
Əgər günahkaram,
bu qılınc, bu da boynum,
Səndən öldürmək,
məndən təslim olmaq. [6, s.59-60]
Günahı
anlamaq və üzr qapısına gəlmək islami fəlsəfənin əsas müddəalarından
biridir. Nizami Gəncəvi sonluqda Şərq hikmətlərindən, xalq yaradıcılığı
xəzinəsindən bəhrələnərək, məsələnin ictimai mahiyyətini açıqlayır:
چه سازد با تو فرزندت بیندیش
همان بیند زفرزندان پس خویش
بنیک و بد مشو دربند فرزند
نیابت خود کند فرزند مرزند
چو هرمز دیدک کان فرزند مقبل
مداوای روان و میوهً دل
بدان فرزانگی واهسته رائیست
بدانست او که آن فرّخدائیست
سرش بوسید و شفقت بیش کردش
ولیعحد سپاه خویش کردش
[5,
s.86]
Sənin övladın səninlə necə rəftar eləsə, bil
ki,
O da öz övladlarından haman rəftarı görəcək.
Övladın yaxşılığı, pisliyi haqqında qəm eləmə,
Sənə nə etsə, öz uşağından da onu görəcək.
Hörmüz gördü ki, o, sevimli,
Ruhun qidası və könül meyvəsi olan oğul
Belə kamallı və fərasətlidir.
Anladı ki, o, Allah vergisidir,
Alnından öpüb böyük mehribanlıq göstərdi,
Onu öz qoşununun vəliəhdi təyin etdi. [6, s.60]
Əsərin
bu süjetində atasından xeyir-dua alan Xosrovun üzündə nur, ədalət işığı
yanır. Burada övlad tərbiyəsində atanın rolu çox incə ştrixlərlə
əks olunmuşdur.
Düşündürücü
cəhətdir ki, əsərdə daim inkişafda verilən, ədalətli şah olaraq, kamilliyə
doğru yüksələn Xosrovun oğlu Şiruyə atasına naxələf çıxır və hakimiyyət
üstündə öz doğma atasını qətlə yetirir. Nizami Gəncəvi bu tarixi faktı
olduğu kimi saxlamış və bu məsələnin izahını onun ana əslinin naqisliyi
ilə bağlayaraq bunu – "Məryəmdən bir kal oğlu olmuşdu”, "Məhəbbətindən
deyim, yaxud kinindən, bəxtindən, elmindən və ya dinindən – şahın sarayı
onun üzündən qəm tüstüsünə bürünmüşdü...” şəklində ifadə edir.
Qeyd etmək lazımdır ki, dünya mədəniyyəti
üzrə simvolik sistemin araşdırılmasında görkəmli mütəxəssislərdən
biri K.Yunq ana arxetipinin ikivalentli xarakterini, yəni müsbət
və mənfi aspektlərinin olduğunu qeyd edərək yazır: "Мать – главенствующая фигура там, где происходит
магическое превращение и воскрешение, а также в подземном мире с его
обитателями. В негативном смысле архетип матери может означать нечто тайное,
загадочное, темное: бездну, мир мертвых, все поглощающее, искушающее и
отравляющее, т. е. то, что вселяет ужас и что неизбежно, как судьба” [7, s.137].
Nizami
Gəncəvinin "Leyli və Məcnun” əsərində ata-ana və övlad münasibətləri
mövzusu ilahi eşq fəlsəfi düşüncələrinin açılmasına yönəldilmişdir,
əsərin məzmun və süjetində mühüm yer tutur. Burada ata-ananın dərdi
iki aşiqin – Leyli və Məcnunun eşqinin sonsuzluğu qədər dərin və keçilməzdir.
İki gənc övlad hələ məktəbdə oxuyarkən ətrafdakılardan seçilirlər.
"Dərsə gələn şagirdlər elm alıb dərs oxuduqları və elm üçün kitab açdıqları
halda, iki aşiq yalnız eşq adlı elmi duyur və danışdıqları eşqdəndir”
.
Tezliklə,
"Aşiqlər mülkünün qəm divanəsinə”, "Bağdad ellərinin qanununa”
[8, s.83] – çevrilən aşiq Məcnunun atası gecələr övladının yuxusuz
qalıb ağlamasını, dilində nəğmələr Nəcd dağına qalxmasını və qara
bir sevdaya tutulmasını görüb çarələr axtarır. Atanın övlad üçün
düşündüyü ilk çarə Leyliyə oğlu üçün elçilik etməsi səhnəsidir.
Qəbilənin ağsaqqalları ona elçilik üçün səfərə çıxmağı məsləhət
görəndə ata qəlbindən sanki dərd, möhnət silinir. Min bir diləklə,
cah-calalla, hədiyyələrlə Leylinin qapısına elçi düşən, lakin Leylinin
atasından "yox” cavabı alıb, qəmgin və əlacsız geri qayıdan Məcnunun
atasının saf və həssas duyğularını şair yüksək sənətkarlıqla, zəngin
poetik boyalarla işləmişdir.
Əsərdə
atanın böyüklüyünü göstərən ən təsirli əhvalatlardan biri "Atasının
Məcnunu Kəbəyə aparması” hissəsidir. Oğlunun bu divanəlikdən qurtulmasını
niyyət edən ata canından, malından keçir, "o qədər xəzinə paylayır
ki, xəzinəsi boş daxmatək qalır” və Kəbəyə sığınır:
بگرفت برفق دست فرزند
در سایهَ کعبه داشت یکچند
گفت ای پسران نه جای بازیست
بشتاب که چاره سازیست
در حلقهً کعبه کن دست
کز حلقهً غم بدو توان رست [9, s.149]
Öpüb qucaqladı yazıq oğlunu,
Kəbə kölgəsində saxladı onu.
Dedi: Oyun yeri deyil bu, oğlum,
Əlaca gəlmişik, qurbanın olum!
Kəbə zəncirindən yapışsan bu an,
Qəmlər zəncirindən azad olarsan. [8, s.97]
Əsərin
sonrakı – "Məcnunun atasının Leylinin qəbiləsinin qəsdindən xəbər
tutması”, "Atasının Məcnuna nəsihəti”, "Atasının Məcnunun görüşünə
getməsi”, "Atasının Məcnunla vidalaşması”, "Atasının ölümündən
Məcnunun xəbər tutması” hissələrində şair Şərq mühitinin mənəvi-etik
normaları daxilində ülvi məhəbbətlə sevən insanların faciəsini,
onların zamanın məngənəsində boğulmasını böyük bir ürək yanğısı
ilə qələmə alır. Ata sonda anlayır ki, onun oğlu Məcnun cəmiyyətin buxovlarında
yaşaya bilmir. O azaddır. Eşqin girdabında boğulan oğlunun mənəvi
ucalığını görən ata əlini oğlundan, həm də bu dünyadan üzür. Səhradan
ölümcül evinə qayıdıb gözlərini əbədi yumur.

Nizami
Gəncəvi bu əsərdə ana obrazına da xüsusi yer ayırmışdır. Leylinin
anası qızının əhvalını görüb, qəfəsdə quş kimi çırpınsa da, övlad
dərdinə səbir edir, dözür.
Şair
burada həm Leylinin, həm də Məcnunun anasının obrazını zəngin ştrixlərlə
işləmişdir. "Məcnunun dayısı Səlim Amirinin Məcnunu görməyə gəlməsi”
hissəsi diqqəti cəlb edir. Nizami Məcnunun dayısı Səlim Amirini
aqil bir insan olaraq təsvir edir. O, aşiq Məcnunun halını yaxşı duyur,
bu qəribin dalınca səhraları gəzir, ona əl tutur, yemək, paltar verirdi.
Aşiq
Məcnun özünü o qədər tərk etmişdir ki, sanki hamını, doğmalarını belə
unutmuşdur. Dayısı ona azad yaşayan bir zahid haqqında hekayə danışır.
Məcnun hekayəni dinlədikdən sonra uşaq kimi ağlayır və anasını yadına
salıb soruşur:
کان مرغ شکسته بال چونست
کارش چه رسید و حال چونست
باانکه ازو سیاه رویم
هم هندوک سیاه اویم
[9,
s.383].
Necədir qanadı qırılmış o quş?
O da mı ayrılıq dustağı olmuş?
Söylə, o, sağdırmı, necədir bu dəm,
Üzünü görməyi arzu edirəm. [8, s.209]
Bu
səhnədə ananın oğlunu görmək üçün səhraya gətirilməsi, ananın övladı
üçün etdiyi fəryad, yana-yana onun qayğısını çəkməsi Nizami poeziyasına
xas ecazkarlıqla nəql olunur.
Yuxarıdakı
araşdırmadan belə nəticəyə gəlmək olar ki, Nizami Gəncəvi öz əsərlərində
fərdi xarakterləri ilə seçilən ata-ana obrazlarını əsas qəhrəman
səviyyəsinə qaldırmış, onların real həyatını, arzu və ideallarını
məhəbbətlə tərənnüm etmişdir.