Biz imzaları yox, əsərləri dərc edirik...

Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının “Şərəfnamə” hissəsi Daşkənddə özbək dilində çap edilib
367
12 Oktyabr 2018, 12:04
 Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin "İsgəndərnamə” poemasının birinci hissəsi olan "Şərəfnamə” əsəri Daşkənddəki "Zamin Nashr” nəşriyyatında özbək dilində çap edilib. 
 

 
 Qeyd edək ki, İsgəndərnaməyə daxil olan "İqbalnamə” də 2017-ci ildə Özbək dilinə tərcümə edilərək ayrıca kitab halında Daşkənddə çap olunub. 
 Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə çap olunan əsəri özbək dilinə Özbəkistanın Xalq Şairi Camal Kamal tərcümə edib. 
 Kitabın layihə rəhbəri Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, məsul redaktor və "Ön söz”ünün müəllifi Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin professoru Nurboy Jabborov, redaktoru həmin universitetin dosenti Gülbahar Aşurova, tərtibçi isə Azərbaycandan filologiya elmləri namizədi Kərimula Məmmmədzadədir.
 Artıq Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Camal Kamalın tərcüməsində "Sirlər xəzinəsi”, "Leyli və Məcnun” və "İsgəndərnamə” əsərləri özbək dilində Daşkənddə çap olunub. 
 Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Camal Kamal tərəfindən artıq "Xosrov və Şirin” əsəri də özbək dilinə tərcümə edilərək, çap olunması məqsədi ilə Mərkəzə təqdim olunub. 
 Ənənəyə əsasən Nizami Gəncəvinin Özbəkistanda özbəkcə nəşr olunan kitablarının üz qabığının arxa səhifəsində dahi Nizami Gəncəvinin dünyanın müxtəlif ölkələrindəki heykəllərinin şəkilləri öz əksini tapır. 
 Hazırda şair-tərcüməçi Camal Kamal dahi Nizaminin "Yeddi gözəl” əsərinin özbək dilinə tərcüməsi ilə məşğuldur.
 Mədəniyyət Mərkəzinin çap etdirdiyi kitablar, o cümlədən "Xəmsə”yə daxil olan əsərlər Özbəkistan və Azərbaycanın aparıcı kitabxanalarına, elm, təhsil, tədqiqat müəssisələrinə göndərilir.
 
 

 
 Qeyd edək ki, Nizami irsinin Özbəkistanda tanıdılması və geniş təbliği məqsədilə 2015-ci ildən  Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə Özbəkistanın xalq şairi Camal Kamal arasında Nizami Gəncəvinin "Xəmsə”sinə daxil olan beş əsərin bütövlükdə özbək dilinə tərcümə olunması ilə bağlı müqavilə imzalanıb və bu layihəyə start verilib.    
 2019-cu ildə layihəyə yekun vurulacaq və dahi şairin bütün əsərləri Özbək dilində oxucuların istifadəsinə veriləcəkdir.