Artkaspi.az saytı Zəhra Allahverdiyevanın "Nizami Gəncəvinin
ədalət və əxlaq haqqında görüşləri” adlı yazısını təqdim edir:
"Sirlər xəzinəsi” poeması əsasında
Ədalət və əxlaq cəmiyyəti ən
çox düşündürən məsələlərdən biridir. Tarixin müəyyən dövrlərində insan və onun
əxlaqına münasibət bədii ədəbiyyatda öz əksini tapmışdır.
Nizami
Gəncəvi Şərqin bir sıra mütərəqqi şairləri kimi öz əsərlərində insana hərtərəfli
yanaşmış, onun mənəvi və əxlaqi zənginliyinə böyük diqqət vermişdir. Şairə görə,
insanda ağıl və xasiyyət gözəl olmalı, hər vəchlə ağıl və biliyini artırmalı,
cahillikdən əl çəkib öz mənəviyyatını saflaşdırmalıdır. Nizami insanda əxlaq
gözəlliyini bütün məziyyətlərdən üstün hesab edir.
Şairin
"Sirlər xəzinəsi”ndə irəli sürdüyü "şahlıq və ədalət” məsələsi onun ədalətli cəmiyyət
arzusundan irəli gəlir. Nizamiyə görə, ədalət şahlığın əsas təməli olmaqla,
dövlətin qüdrəti, özülü, xalqa bağlı bünövrəsi deməkdir.
Məlumdur ki, əsərin
"Sultan Səncər və qarı” hekayəsində zülmə məruz qalmış qoca qarı Sultan Səncərdən
ədalət tələb edir. Ümumiyyətlə, qoca qarı, yaxud müdrük qoca, ağıllı çoban, kəniz
və sair mövzuda aparıcı rol oynayan personajlar Nizami tərəfindən
daşlaşdırılmış, arxetipə çevrilmiş obrazlardir. Bu hekayədə qarı obrazı əslində
qafil şahı ayıltmaq üçün bir vasitədir. "Kəfən geyib şahın hüzuruna gələn
qocanın” ("Sirlər xəzinəsi”, 14-cü hekayə) bir tipidir.
Burada məzmun humanizmin əsas kontekstinə -
ictimai ədalət, şah və rəiyyət probleminin həllinə yönəldilmişdir. Nizami əsərində
qarının haqlı danlaq və nəsihətləri əslində şairin öz düşüncələrini əks etdirir.
Bəzi beytləri diqqətə yetirək:
بندهً و دعوی شاهی کنی
شاه نهً چونکه تباهی کنی
شاه که ترتیب
ولایت کند حکم رعیّت برعایت کند
تا همه سر
برخط فرمان نهند دوستیش دردل و در جان نهند
عالم را
زیروزبر کردهً تا تویً آخر چه هنر کردهً
[1,113]
Bəndəsən, lakin şahlıq iddiası edirsən.
Sən şah deyilsən, çünki zülm edirsən
Şah vilayətdə qayda yaradanda,
Rəiyyətin hökmünü əsas tutar ki,
hamı şah fərmanını başı üstündə saxlasın,
Onu dostu bilib könlündə, canında saxlasın.
(Sənsə) aləmi alt-üst etmisən,
Bununla sən nə hünər etmisən?

Nizaminin hekayə mətninə müdaxiləsi hər dəfə olduğu kimi, burada da Şərqin
ənənəvi fəlsəfi-didaktik formulalarını dağıdıb keçir; şair tez-tez faktlara,
reallıqlara söykənir. Ürəyi xalqa yanan həssas vətəndaş, yüksək demokratik
dünyagörüşə malik fenomen - şəxsiyyət, insan cəmiyyəti haqqında ən mütərəqqi
ideyalara dərindən yiyələnmiş filosof-alim olaraq çıxış edir; ədalət üzərində
ucalan türk dövlətçiliyini nümunə göstərir:
دولت ترکان که بلندی گرفت مملکت از داد پسندی گرفت
چونکه تو بیداد کری پروری
ترک نهً هندوی غارتگری
مسکن شهری ز تو ویرانه شد خرمن دهقان ز تو بیدانه شد
[1,113]
Türklərin dövləti ki,ucaldı,
Məmləkət ədalət üzərində quruldu.
Sən zülm yolunu tutduğuna görə
Türk deyilsən,qarətkar hindusan.
Yurd və şəhərlər sənin ucbatından viran oldu,
Kəndlinin xırmanı sənin üzündən dənsiz qaldı.
- deyə, haray
çəkir, 25-30 beytdə təsiredici didaktika ilə Nizami şahları düşünməyə vadar
edir.
Yorulmaz ədalət axtarışları, bu yolda
çarpışmalar, inam və cəsarət, daima mübarizə aparmaq, hökmdarlara sözü açıq
söyləmək və sair xüsusiyyətlər Nizaminin bənzərsizliyidir. Təəssüf ki,
romantik şairin ideal cəmiyyət haqqında arzuları əhatəsində olduğu reallıqlarla
üst-üstə düşmür; yuxarıdakı beytlərdən sonra, Nizami islami-şəriət qaydalarını
da yada salaraq yazır:
ز امدن مرگ
شماری بکن میرسدت دست حصاری بکن
عدل تو قندیل شب افروز تست مونس فردای تو امروز تست
[1,113]
Ölüm gələndə, hesabı düşün,
Əli sənə çatanda, hasarı düşün.
Xalq üçün yanan bir şair qəlbinin ağrılarını son
beyt bir daha təsdiq edir:
ون گری بر دل خوناب شده خون گری خیز نظامی ز حد
افز
[1,114]
Qalx, Nizami, həddən artıq giryan oldun,
Qana dönmüş könüllər üçün qanlı göz yaşı
axıtdın.
Nizami Gəncəvi öz əsərində insanın sadə,
düzdanışan, təvazökar, dosta sədaqətli olması kimi əxlaqi keyfiyyətlərini tərənnüm
edir. O, insana öz əlinin əməyi ilə dolanmağı, bir qarın çörək üçün kimsəyə əl
açmamağı tövsiyə edir. Şair gəncləri halal zəhmətə səsləyir.
Nizaminin əxlaqi görüşlərinə görə, özündən
razı insan ən çirkin xasiyyətli insandır. Ağıllı insan başqalarında eyib axtarmaqdansa,
öz eyiblərini görməli, özünə tənqidi yanaşmalıdır. Çirkinliklər içərisində
gözəlliyi tapıb seçməyin özü mənəvi kamillikdən irəli gəlir.
Nizami Gəncəvinin bu əsərində gülüş, dinib-danışmaq və yemək
haqqında etik-əxlaqi görüşləri diqqəti cəlb edir. Şairə görə, insan hüma quşu
kimi olmalı, yaxşı və şərəfli işlər görməlidir:
چون تو همائی شرف کار باش
کم خور و کم گوی و کم آزار باش
[1,132]
Hüma (quşu) kimi sən yaxşı və şərəfli işlər gör,
Az ye, az danış, az incit.
Ədəbiyyat:
1.
نظامی گنجوی، مخزن الاسرار، متن علمی و
انتقادی بسعی و اهتمام عبدالکریم علی زاده، باکو، 1960

Məqalənin tezisləri
çap olunmuşdur. Bax: AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu. "Gənc alimlərin
üçüncü Respublika konfransı”, Məruzələrin tezisləri, "Elm”, Bakı,17 noyabr,1982.
19-20.