Artkaspi.az saytı Fəridə Əzizovanın "Nizami Gəncəvi
yaradıcılığı Azadə Rüstəmovanın tədqiqatında” adlı yazısı təqdim edir:
R.Azadə (Azadə Cəfər qızı Rüstəmova) AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi, filologiya emləri doktoru, professor… Orta əsrlər
ədəbiyyatının tarixi-nəzəri problemlərinin tədqiqi ilə şöhrət qazanmış
alimin ədəbi fəaliyyəti əsasən bu yönümə istiqamətlənmişdi. 300-ə
yaxın məqalənin, 20 kitab və monoqrafiyanın müəllifi olmuşdur.
Elmi fəaliyyətinin tutumlu hissəsini isə Azərbaycan bədii-estetik
fikrinin zirvəsi olan Nizamiyə, bu böyük söz ustadının əlvan çoxşaxəli
irsinin öyrənilməsinə həsr etmişdi. Nizami Gəncəvi və R.Azadə… XX
əsrin ikinci yarısında Nizami Gəncəvi irsinin tədqiqi haqqında
söz açılanda Azadə xanımın elmi fəaliyyəti barədə fikir yürütməmək
mümkün olmur.
Özünün
orijinal tədqiqatları ilə Azadə xanım nizamişünaslığa dəyərli
elmi töhfələr verməyə müvəffəq olmuşdur. Nizami Gəncəvi haqqında
yazmaq bu və ya digər dərəcədə dünya islam mədəniyyətinin tərkib
hissəsi olan klassik Şərq poeziyasından bəhs etmək deməkdir. Belə geniş
və vüsətli elmi tədqiqatların öhdəsindən gəlmək üçün təkcə fitri
istedad və şərqşünas təhsili kifayət deyil. Burada dərin fəlsəfi,
dini və islami biliklər, geniş dünyagörüşü, zəngin erudisiya, düzgün
elmi istiqamət, obyektiv düşüncə tərzi tələb olunur. Məlumdur ki,
bütün bunlar gərgin mütaliə və çalışmaların, ağır zəhmət və əməyin,
davamlı axtarışların sayəsində əldə edilir.
Alimin
doktorluq dissertasiyası olan "Azərbaycan epik şeirinin inkişaf
yolları (XII-XVII əsrlər)” [1], 1975-ci ildə kitab şəklində [2] çap olunmuş
bu əsərində Nizami yaradıcılığı Azərbaycan epik şeirinin inkişafında
yüksək zirvə kimi göstərilmişdi və bir çox problemlər ətrafında tədqiq
edilmişdi. Onlardan: Nizami epik şeirində həyat fəlsəfəsi, Nizami
sənətində insan problemi, xarakter və qəhrəman, sənət və həqiqət,
epik şeir və poetik obrazlar aləmi, Nizami şeirinin janr xüsusiyyətlərini
göstərmək olar. Bu əsərdə irs-varis problemi müstəvisində Nizami
və onun azərbaycanlı müasirlərinin sənət dünyası tədqiqata cəlb
edilmişdir.

Əsərdə
Nizami "Xəmsə”si Azərbaycan epik şeirinin zirvəsi kimi təhlil və tədqiq
olunur, Nizami şeirində demokratizm və xəlqilik məsələləri nəzərdən
keçirilir. Müəllif Nizaminin "Leyli və Məcnun”la "Xosrov və Şirin”
poemalarını romantik əsər kimi qəbul edir və romantik şeirdə gözəllik,
estetizm kateqoriyasının daşıyıcısı olan qəhrəmanların əsas əxlaqi
simasını və xoşbəxt həyat mübarizələrinin hərəkətverici qüvvəsini
onların ülvi eşqində görürdü. O, şairin mühitindəki cəmiyyət qanunlarına
qarşı çıxdığını onun qəhrəmanlarının Şirin, Fərhad, Leyli və Məcnunun
simasında araşdırmış, onların fikir azadlığı uğrunda mübarizənin
qurbanı olduqlarını bildirmişdir. Azadə xanımın bu monumental
əsərinin elmi əhəmiyyəti və ədəbi-bədii irsimizin janr və nəzəri
problemləri görkəmli alimlərimizin sonrakı elmi araşdırmalarında
yüksək elmi rəylər almış və təqdir edilmişdir.
Klassik
Azərbaycan ədəbiyyatının mövzu və nəzəri problemlərinin tədqiqi
sonrakı illərdə də Azadə xanımı məşğul etmiş, bir sıra kitab və məqalələrində
müvafiq məsələlər öz şərhini tapmışdır. Onun 1977-ci ildə rus dilində
nəşr etdirdiyi "Postup stoletiy” [3] ayrıca olaraq Nizami epik şeirinin
janr növləri -– roman, epopeya, poema, nağıl, novella, fəlsəfi esselərində
insanın əqli-hissi düşüncəsinin, ictimai fikir və fəlsəfi axtarışlarının
düyün nöqtəsi olan müdrikliyin sirlərini öyrənmək məqsədi izlənilmişdir.
1979-cu
ildə çap olunmuş "Nizami Gəncəvi” (həyatı və sənəti) kitabında [4]
alim ilk əvvəl Nizami bədii irsinin ərsəyə gəldiyi tarixi şəraiti
diqqət mərkəzinə gətirir. Bədii fikrin təşəkkül amillərini həm ictimai,
həm də fərdi aspekt kimi alaraq sənətkarın malik olduğu milli xarakterin
dəyərini onun ümumbəşəri əhəmiyyət kəsb etməsində görür. Alimin
fikrincə, Nizaminin böyüklüyü məhz onun əsərlərində milliliyin nə
dərəcədə bəşəri ideyalar, humanizm məzmunu ehtiva etməsi ilə ölçülür.
Azadə xanım Nizamini Yaxın Şərq və Orta Şərq ədəbiyyatlarında müsəlman
mədəniyyəti və zehniyyətində sırf Azərbaycan hadisəsi kimi tədqiq
edib öyrənməklə yanaşı, onun dünya ədəbiyyatının korifeyləri sırasında
durmasını ayrıca bir milli qürur hissi ilə vurğulayırdı. Alim üçün
şairdən bəhs etmək – "öz təkrarsız poetik ecazları ilə dünya ədəbiyyatını
zənginləşdirən” bir dühadan danışmaq demək idi.
"Nizami
Gəncəvi” (həyatı və sənəti) əsərində böyük şairin ömür yolu ilə yaradıcılığının,
demək olar ki, bütün aspektləri: onun dünyagörüşü, şairin tarixilik
meyarı, xəlqiliyi geniş elmi planda təhlil edilir. Azadə xanım "Xəmsə”də
birləşən ayrı-ayrı əsərlərin ideya və məzmunu arxasında şairin,
ümumiyyətlə, fikri-bədii ideallarını arayıb tədqiq edir və əsas diqqətini,
müşahidələrini şairin həyat amalını, sənət qayəsini təşkil edən
ədəbi-estetik keyfiyyətlər üzərində cəmləşdirirdi. Alimin əsərində
Azərbaycan və bəlkə də, bütövlükdə dünya nizamişünaslığında bu dahi
şairin sənət ecazlarını çağdaş təfəkkür işığında təqdim etməsini
və nəzəri-metodoloji araşdırma olmasını zaman özü təsdiq etdi.
Əsərdə Nizami humanizminin ictimai-bədii-əxlaqi əsasları, obrazın
psixoloji təqdimi, Nizami şeirinin üslub xüsusiyyətləri, Nizami
sənətkarlığının tədqiq tarixi və nizamişünaslıqda az işıqlandırılan
ədəbi-nəzəri problemlər araşdırılırdı. Əsərdə onun obraz və xarakterlərinin
psixoloji dinamikasının izlənilməsi, Nizami üslubunun şərhi
Yaxın və Orta Şərq poeziyasında bir kəşf kimi təqdim edilmişdir. Nəzəri
yön alimin aparıcı istiqaməti idi və orta əsrlər əsərlərinin belə
nəzəri yönümdə təqdimini Azərbaycan ədəbiyyatşünaslığında yeni
istiqamət kimi dəyərləndirmək mümkündür. R.Azadə Nizamiyə həsr etdiyi
əsərlərində şairin sənətinin milli ruhuna xüsusi diqqət yetirməyi
vacib bilmiş, öz görkəmli sələflərinin fikirlərini özünəməxsus
şəkildə davam etdirmişdir.
Alimin
1980-ci ildə "Elm” nəşriyyatında çap olunmuş "Nizami Gəncəvi” [5] əsərində Nizami dövründəki Azərbaycan
ictimai-siyasi-mədəni həyatına qısa bir ekskurs edilərək şairin
yaradıcılığının renessans xisləti əsaslandırılır. Nizami sənəti
ümumdünya renessansı işığında tədqiqata cəlb edilir və bu müstəvidə
Nizaminin şeir dünyasının ecazkarlığı açıqlanır. Şairin obyektiv
real aləmə və onun qanunauyğunluqlarına mütəfəkkir baxışı, humanizmi,
yaradıcılığındakı bəşəri keyfiyyətlər və poetikası kimi problemlərə
nəzər salınır. Nizami çevrəsində nəzəri-metodoloji axtarışlar,
fəlsəfi-estetik ümumiləşdirmələr, tarixilik ilə müasirliyin vəhdəti
– R.Azadənin elmi-tədqiqi fəaliyyəti məhz bu xüsusiyyətlərlə səciyyəvidir.
Ədəbiyyat nəzəriyyəçisi və ədəbiyyatşünas səriştəliyi burada
bir-birini tamamlayırdı.

Nizami
yaradıcılığında kamil insan–Tanrı münasibətləri alimin 1981-ci
ildə rus dilində [6] nəşr olunmuş "Nizami Gəncəvi” kitabında xüsusi
məzmun kəsb edir. R.Azadənin yaradıcılıq palitrasında Nizamidə məhəbbət
konsepsiyası, Nizami və sufizm, Nizami və əxilik kimi nizamişünaslığın
bütün mərhələləri üçün vacib olan problemlər də mühüm yer tutur. Alimin
Nizami şeirinin fəlsəfi -irfani axarı yönümündə yürütdüyü mühakimələr
xüsusilə diqqəti cəlb edir. Bir-birinin ardı ilə dərc olunmuş kitablarda
(1980, 1981, 1983 illərdə) [5, 6, 7] Nizami irsinin aktual problemləri
bir çox bucaqlardan öz obyektiv həllini tapmışdır. Bu əsərlərdə Nizami
şeirinin folklor əlaqələri, Nizami sənətində xəlqilik və tarixilik,
Nizami poeziyasının fəlsəfi mahiyyəti kimi məsələlər ətrafında
alim konseptual əhəmiyyətli mülahizələr yürütmüşdür.
1999-cu
ildə alimin "Nizami və onun poeziya sələfləri” adlı kitabı [8] dərc
olunur. Burada müəllif göstərir ki, Nizaminin süjet və obrazlarını
qədim tarix, salnamə və yazılı əfsanələrdə axtarmaq lazımdır. O,
Gəncə ustadının öz möhtəşəm "Xəmsə”sində söykəndiyi və ya söykənə
biləcəyi ilkin qaynaqlarına, bu qaynaqların birinin digəri ilə,
bütövlükdə isə Nizami yaradıcılığı ilə tarixi-tipoloji yönümdə
əlaqələrinə nəzər salır. Əsərdə Nizaminin sələflərinin (Ünsüri,
Əyyuqi, Gürgani) yaradıcılıq palitrası araşdırılır. Tədqiqatın
önəmli bir fəslini "Sirlər xəzinəsi” və Yaxın Şərq ədəbiyyatında
onun tipoloji sələfi "Hədiqətül-həqaiq” (XI əsr – Sənai) əsərlərinin
müqayisəli təhlili təşkil edir. Hər ikisi üçün ilk qaynaq – Quran və
Sufi vəz və moizələrindən irfani şeirə gedən yoldan bəhs olunur. Sələf
və xələfin ilkin qaynaqlara münasibəti araşdırılır. "Sirlər xəzinəsi”
"Hədiqətül-həqaiq”dən sonra idi. Lakin o heç də nəzirə deyildi, özündən
sonra isə saysız nəzirələrə təkan verdi, yüzlərlə sənətkar Sənainin
deyil, Nizaminin ardıcılı oldu. Alim sufizmin Nizami yaradıcılığında
mövqeyi probleminə də toxunur. Sufizmin Nizami dünyagörüşünün
əsası deyil, bəhs etdiyi neçə-neçə fəlsəfi cərəyanlardan biri olduğunu
diqqətə çatdırır. "Sufi simvolikasından da Nizami əsərlərində
çox zaman sənətkar mövqeyindən çıxış edərək poetik fiqur, metafora,
alleqoriya kimi istifadə edirdi” [8, s.84].
Tədqiqatçı
alim ömrünü həsr etdiyi nizamişünaslıq sahəsində bir-birindən dəyərli
elmi məqalə və fundamental nəşrləri ilə tez-tez oxucuların görüşünə
gəlirdi. Onun növbəti əsərlərindən biri 2000-ci ildə nəşr olunan "Nizami
Gəncəvi. "Divan”dan bir gülçin” adlanan kitabı idi [9]. Bu əsər Azadə
xanımın ədəbiyyatşünaslıq (nizamişünaslıq) səriştəliyi ilə yanaşı,
mətnşünaslıq kimi ağır, səbirli və diqqətli əmək tələb edən sahəsində
də xüsusi mövqeyinin təsdiqinə çevrilmişdir. Nizami Gəncəvi divanının
poetik nümunələrinin toplanması, dəqiqləşdirilməsi nizamişünaslıq
qarşısında duran mühüm problemlərdən biri olan və böyük zəhmət tələb
edən görkəmli yaradıcılarının başladığı bir sahəyə müraciət etmək
idi. Bu prosesdə çətinliyi artıran cəhətlərdən biri də ondan ibarət
idi ki, Nizami əsərlərinin dünya kitab evi və muzeylərində yüzlərlə
əlyazma nüsxələri mühafizə edilir. Lakin onların çoxu Nizami qələmindən
çıxmayan əlavə beytlər, yaxud ixtisarlarla gəlib bizə çatmışdır.
Belə əyintilərin tədqiqlərə keçərək yanlış elmi konsepsiyalar yarada
biləcəyi təhlükəsinin qarşısını almaq üçün Nizami mətnləri lüzumsuz
əlavə və əskiltmələrdən mümkün qədər təmizlənmiş, saflaşdırılmış
idi.
Alimin
redaktə işindən də bəhs etmək lazımdır. Bu barədə onun aspirantı olmuş
AMEA-nın həqiqi üzvü T.Kərimlinin fikirlərini Azadə xanıma həsr etdiyi
yazısından çatdırmaq istərdim: "Ədəbiyyat tarixçiliyi ədəbiyyatşünaslıq
elminin elə bir nüfuzlu sahəsidir ki, yalnız kamil alimlər bu sahəyə
girişir və sanballı əsər ərsəyə gətirməyə nail olurlar. Azadə xanım
da bu cür alimlərin səviyyəsinə qalxmışdı və istər ədəbiyyat tarixinin
oçerk və icmallarını yazmaqda, istərsə də həmkarlarının çox vaxt "çiy”
şəkildə təqdim etdiyi materialları redaktə etməkdə misli-bərabəri
yox idi. "Azadə xanım redaktə prosesində bir çox materialları yenidən
yazmağa məcbur idi və öz elmi səviyyəsinə yüksəldərək əvvəlki yazını
tanınmayacaq hala salırdı. Təəssüflər ki, üzərində bu qədər ağır
zəhmət çəkdiyi və yüksək səviyyədə çapa təqdim etdiyi "Azərbaycan
ədəbiyyatı tarixi”nin II-III cildlərinin [10, 11] işıq üzü görməsini
Azadə xanım görə bilmədi. Amma əminliklə deyə bilərik ki, Azadə xanımın
Azərbaycan mediyevistikasına bəxş etdiyi əvəzsiz inciləri tərəzinin
bir gözünə və Azadə xanımın çoxcildli "Azərbaycan ədəbiyyatı tarixi”nin
ikinci və üçüncü cildlərini də o biri gözünə qoysaq, yenə də ədəbiyyat
tarixləri olan göz ağır gələr” [12, s.6-11].
Alimin
fikirlərinin kvintessensiyası ömrünün son məqamlarınadək gözlədiyi
"Mənəvi dünənimiz bu günün işığında” adlı icmal-oçerk, ədəbi portret
və nəzəri problemləri əhatə edən irihəcmli məqalələr toplusunda
cəmləşib [13]. Klassiklərimizin ictimai-bədii fikir tarixinə
həsr etdikləri sənət möcüzələrini üzə çıxartmaq, incə bir tədqiqatçı
səriştəsi ilə nadir inciləri elmi təhlil süzgəcindən keçirmək,
ədəbiyyatımızın təkamül dinamikası və qanunauyğunluqlarını
incələmək yolunda Azadə xanım bu əsərində əsl fədakarlıq göstərdi.
Orta
əsrlər islam Şərqi ədəbi prosesinin fundamental məsələləri ilə
məşğul olan alim ən erkən dövrləri – mədəni keçmişimizin əsas məqamlarını,
XVII-XVIII əsrlər, yeni dövr və nəhayət, müasir ədəbiyyatımızda bir
sıra konseptual problemləri oxucusuna təqdim etdi. Burada elmi
fəaliyyətinin tutumlu bir hissəsinin Nizami yaradıcılığına istiqamətləndirilməsi
izlənsə də, alimin yaradıcılıq sferasının daha geniş olduğu təsbitlənir.
Bu topluda
da alimin "XII əsr "Azərbaycan səpkisi”nin Nizami zirvəsi”, "Xəmsə”də
alleqoriya, rəmz və simvollar”, "Hədiqətül-həqaiq” və "Məxzən ül-əsrar”,
"Nizamişünaslıq. Nailiyyətlər, kəsirlər və qarşıda duran vəzifələr”,
"Nizami Gəncəvi yaradıcılığı Y.E.Bertels tədqiqatında”, "Məhəmməd
Əmin Rəsulzadənin "Azərbaycan şairi Nizami” əsəri”, "Nizami konfransı”,
"Şair-tərcüməçi hünəri (X.Rzanın Nizamidən çevirmələri)”, "Leyli
və Məcnun” film-operasının kino librettosu haqqında fikrim” və sair
Nizamiyə həsr olunmuş tədqiqləri böyük maraq doğurur.
Bu gün orta əsrlər islam Şərqi ədəbi prosesinin fundamental
problemləri ilə məşğul olan alimlərin sayı, ümumiyyətlə, dünya şərqşünaslığında
barmaqla sayılacaq qədər azlıq təşkil edir. R.Azadə xanım onlardan
biri idi. R.Azadənin tədqiqatçı marağının ən çox diqqət mərkəzində
məhz Nizami Gəncəvi sənəti və bu sənətlə əlaqədar şərqşünaslıq elminin
qarşısında duran problemlər olmuşdur. O, alim bacarığını da məhz bu
sahədə nümayiş etdirmişdir. Nizamiyə həsr olunmuş əsərlərdə o, ilk
dəfə olaraq tipoloji-ədəbi qarşılaşdırmalar və müqayisələr yolu
ilə Şərqdə mövcud "Fərhad və Şirin”, "Leyli və Məcnun” və s. əfsanələrin
təşəkkül və inkişaf xəttini araşdırma predmetinə çevirmiş və əhəmiyyətini
bu gün üçün də saxlayan, neçə-neçə tədqiqi əsərin yaranmasına meydan
verən qiymətli elmi-nəzəri nəticələr əldə etmişdi. Alim Nizami
qəhrəmanları – Şirin, Xosrov, Fərhad və sair obrazlarının tarixi-əfsanəvi
prototiplərini üzə çıxartmaq məqsədilə onlarla ən qədim mənbə və
məxəzləri araşdırmışdı. Feofilakta Simokatta (VI əsr), Cahizin
(IX əsr), Təbəri (X əsr), Səalibi (XI əsr), Yaqut əl-Hamavi (XII əsr) və
başqa mənbələrdən çıxış edərək, "Xosrov və Şirin” əhvalatının fraqmentlər
halında mövcudluğunu VI əsrin axırlarından həm şifahi, həm də yazılı
şəkildə müxtəlif variantlarda intişar tapdığını sübuta yetirmişdir.
R.Azadə
Nizami irsi ilə əlaqədar heç bir tədbirə biganə yanaşa bilmirdi.
Nizaminin tədqiqi yönümündə alimin bəzi narahat məqamları da az
deyildi. "… nə gizlədək, nöqsanlarımız da çoxdur”, – deyə R.Azadə öz
təəssüfünü bildirirdi.
Tədqiqatçı
üçün Nizamidən danışmaq "öz təkrarsız poetik ecazları ilə dünya ədəbiyyatını
zənginləşdirən” bir dühadan danışmaq demək idi [13, s.475-490].
İlk dəfə
olaraq Nizami romantizmində estetik fikrin gözəllik və eybəcərlik
kateqoriyası, ümid və arzu konsepsiyası, ideal və antiideal anlamı,
şairin əsərlərində süjet və kompozisiya nisbəti, iç aləmin – "mən”in
poetikası, obrazın psixoloji təqdimi, Nizami bədii tərtiblərində
inteqrasiya və differensasiya hadisəsi, epik mətndə lirik vüsət
və s. ədəbi-nəzəri problemlər çevrəsində xüsusi əhəmiyyət kəsb edən
mühakimələr yürüdülür və Nizami yaradıcılığı işığında onlar öz
maraqlı, obyektiv elmi həllini tapır.
Nəzəri
yön yalnız R.Azadə monoqrafiyalarının deyil, demək olar ki, onun əksər
məqalələrinin də aparıcı istiqaməti olmuşdur.
Obraz
və xarakterin psixoloji dinamikası Nizami üslubunun Yaxın Şərq
poeziyasında kəşfi idi. Nizami əsərlərində şairin yaşayıb-yaratdığı
dövrün romantik naxışlara, romantik boyalara çulğanmış istək və
meylləri, arzu və nisgilləri öz ifadəsini tapır. Bu əsərlər həm lirikanı,
həm dramatizmi, həm fəlsəfi mühakimə və ümumiləşdirmələri, həm də
əxlaqi-etik şeirə məxsus xüsusiyyətləri özündə birləşdirir. "Musiqi,
heykəltəraşlıq, rəssamlıq, bədii dekor sənəti, xalq təfəkkürünün
poetik nümunələri – əfsanələr, rəvayətlər, məsəllər – estetik
fikrin bu əlvan sahələri Nizami üslubunda heyrətamiz bir tərzdə
bir-birinə calaşır, struktura hopur, aparıcı bədii mətndə əridilir”
[14, s.51]. Orta əsrlər şeirimizin bu yönümdə təhlilini ədəbiyyatşünaslığımızda
yeni istiqamət kimi dəyərləndirmək mümkündür.
Zamanının
siyasi-ictimai-tarixi səbəbləri üzündən orta əsrlərin bir çox sənətkarları
kimi Nizaminin də fars dilində yazıb-yaratdığı məlumdur. Lakin
alim sənətkarın əsərlərinə "türkanə ruhun hakim olduğunu” da təsdiqləyir.
Elə Nizaminin özü də şeirini "türkanə nəzm” adlandırır, cəfakeş Məcnununa
"ərəb libasında türk” kimi qiymət verir. R.Azadə Nizamiyə həsr etdiyi
əsərlərində Nizami şeirinin milli ruhuna da xüsusi diqqət yetirməyi
vacib bilmiş, görkəmli sələflərinin fikirlərini özünəməxsus şəkildə
davam və inkişaf etdirmişdir.
Alimin
öz müəllimlərinə söylədikləri sözləri onun özünə ünvanlamaq istərdim:
"Xalqına çatdıra bildiyin mənəvi miras qədirbilən yurdunun can və
qan yaddaşında sənin özünə əbədilik qazandıracaq”. O, xalqımıza
tanrı tərəfindən bəxş edilən nadir zəka ulduzu idi, yalnız zəka ulduzu
deyil, həm də gözəllik ulduzu, sözün əsl mənasında ideal Nizamidən
gələn Azərbaycan qadını obrazının canlı timsalı idi. Ulduz isə sönməz,
axıb keçər…