Biz imzaları yox, əsərləri dərc edirik...

Nəyi yazmaq daha asandır? – Sorğu
2204
15 Noyabr 2017, 10:04
 artkaspi.az "Nəyi yazmaq daha asandır?" adlı sorğunu təqdim edir: 
 
 «Necə oldu siz yazıçı oldunuz?»  deyə rus yazıçısı Yuri Pavloviç Kazakovdan soruşanda, dilində qüsur olan yazar «Ürəyimdə çoxlu sözlər var idi. Danışa bilmirdim, hislənirdim. Demək istədiklərimi yazmaq qərarına gəldim. Bu, mənim üçün daha asan oldu» cavabını verib. 
Təbii ki, qələm adamlarının hər biri öz ürəyindəki sözləri, düşündüklərini istədiyi, ona asan və rahat görünən formada qələmə alır. Kiminə xatirələrini, kiminə gəzib-gördüklərini, kiminə başına gələnləri və ya araşdırmalarını, kiminə isə qeydlərini, təəssüratlarını və ya fantaziyasını və s. yazmaq daha asan görünür.
"Müzakirə”mizdə yazarlara ünvanladığımız "Sizin üçün nələri yazmaq daha asandır?” sualına maraqlı cavablar aldıq.
 
 "Yazmağın asanı olmur” 


 
 Yazıçı Seyran Səxavət istənilən yazını yazmağı çətin hesab edir: "Mən tələbə olanda məktublar yazırdım. Bu da asan deyildi. Çünki orada mənim arzularım, istəklərim var idi. Tələbə qayğılarımla bağlı valideynlərimə yazırdım. Bunun üçün fikirlərimi daha dəqiq çatdırmağa çalışırdım”. Yazıçının fikrincə, yazmaqla müqayisədə, danışmaq daha asandır: "Adam var, yaxşı danışa bilir, ancaq danışdığı kimi yaza bilmir. Yazmaqla danışmaq fərqlidir. Mövzudan asılı olmayaraq, yazı masası arxasında oturub – qeyd, xatirə, başına gələnlər, təəssüratlar, araşdırma və s. yazırsan və bunu yazılı hala gətirirsənsə, bu, doğurdan böyük məsuliyyətdir. Bu prosesin asanı və rahatı olmur. Mən kompüterlə işləmirəm. Ondan əvvəl makina ilə də işləməmişəm, həmişə əllə yazmağa üstünlük vermişəm. Əgər yazmağa oturursansa, yazıya çevrilən heç bir iş asan deyil. Çətin olmasa, adam heç nə yaza bilməz. Yazının gözəlliyi də, mürəkkəbliyi də yazmaqla bağlıdır. Bu, fərqli bir prosesdir. Bu hazırlıq prosesi məişət prosesi səviyyəsindən çox-çox uzaqdır. Bir sözlə, yazmağın asanı olmur". 

 Gündəlik ictimai-siyasi həyat hadisələrinin qələmə alınması



 Yazmaq istədiyi bütün yazıların  onun üçün rahat olduğunu deyən yazıçı Aslan Quliyevin fikrincə, istər xatirələr, istər gündəlik hadisələr və ya görüb-eşitdiklərinin yazıya çevrilməsi yazı qabiliyyətidir: "Onun hansı səviyyədə ərsəyə gəlməsi isə insanın yazı qabiliyyətinin necəliyindən asılıdır. Ona görə də mən ümumiyyətlə, yaradıcılığın bütün növlərinə eyni dərəcədə yanaşıram və eyni həvəslə işləyə bilirəm. Məncə, bu məsələdə insanın yazı qabiliyyəti müraciət olunan mövzunun xarakterindən daha önəmlidir”. A.Quliyevin fikrincə, bütün yazıları eyni həvəslə işləyə biləcəyinə baxmayaraq, mövzuların içərisində gündəlik vacib olanını və cəmiyyət üçün önəmli əhəmiyyət kəsb edənini yazmaq daha əhəmiyyətlidir: "Gündəlik ictimai-siyasi həyatımızda baş verənləri qələmə almaq, məsələn, xatirələri yazmaqdan və ya nə zamansa eşitdiklərimizi yazmaqdan daha vacibdir. Çünki xatirələrimizi və ya eşitdiklərimizi qələmə almaq bir növ hobbidir. Ancaq insanın öz funksional borcu çərçivəsində müəyyən materialların yazılması fərqli işdir. Yəni gündəlik ictimai-siyasi həyat hadisələrinin qələmə alınmasında iki əsas nüans var: ilk növbədə redaktorun və ya jurnalistin yazı qabiliyyətinin hansı səviyyədə olması və onun özünün funksional vəzifə borcuna nə dərəcədə məsuliyyətlə yanaşması tematika daxilində çox vacibdir. Burada yazı qabiliyyəti ilə məsuliyyət məsələsi bir-birini tamamlayır və həmin tematikanı önə çıxarır. Bu baxımdan, daha vacib olanı cəmiyyətimiz və onun həyatı üçün lazım olanın oxunaqlı yazı şəklində təqdim olunmasıdır. Bu, bizim funksional borcumuzdur. Digər yazılar isə hobbi çərçivəsində olmaqla zaman-zaman yazıla bilər".
  
 Dəftərçəmə yazmağı çox sevirəm


 
 Gənc yazar Günel Eyvazlı qeyd dəftərçələrinin həmişə mövcud olduğunu deyir: "Yadıma ibtidai sinifdə oxuduğum zamanlar gəlir. Hələ o vaxtlar oxuduğum hər şeyi kiçik sərlövhələrlə qeyd dəftərçəmə yazmağı çox sevirdim. İndiyə qədər bu adət məndə davam edir. Evimizdə bəlkə də kitabdan çox bloknot, qeyd dəftərçələri var”. Yazarın sözlərinə görə, yaradıcılığında araşdırma yazılara hekayə janrına qədəm qoyduqdan sonra başlayıb: "Bu tip araşdırmaları, elmi bədii paralelləri birbaşa hekayələrimdə əks etdirməyi çox sevirəm. Xatirələri isə son iki ildə qələmə alıram. Daha doğrusu, bunu bir öhdəçilik və lazımlı bir iş olaraq qarşıma məqsəd kimi qoymuşam. Bacardığım qədər xatirə kitabçamda səmimi olmağa çalışıram. "Kimsə oxuyacaqmı” qorxusunu özümdən rədd edərək, hər şeyi bəzəksiz-düzəksiz, parıltısız qələmə alıram. Bədii mətn deyil, gerçək hiss və düşüncələrimi yazaraq heç kimə deyə bilmədiklərimi dəftərimlə bölüşürəm. Düşündüklərimi, ədəbi sferada baş verənləri, ətrafımda olan insanları, şəxsi həyatımda baş verən olayları, hadisələri, önəmli bildiyim məlumatları orada qələmə alıram. Yəqin ki, bu xatirə qeydlərim mən dünyada olmayandan sonra ortaya çıxacaq”. 
 
 Keçmişdən xilas olmanın yeganə yolu - səmimi etiraflar



 "Əslində yazı prosesi çox ağır, çətin prosesdir, çətin olduğu qədər də zövqverici bir işdir” deyən Kənan Hacı xatirə yazıları da, araşdırmalar da, sənədli roman da yazdığı nı vurğuladı: "Heç biri asan yazılmayıb. Hamısı yuxusuz gecələr bahasına başa gəlib”. Çox tez memuar yazmağa başladığını deyən yazar "bunu yazanda anladım ki, əslində ən çətini elə memuar yazmaqdır” deyir: "Çünki keçmişlə bağlı xatirələri yazıya köçürərkən hiss edirsən ki, beynin qeyri-ixtiyari hadisələri redaktə edir. Tam səmimi olmağa çalışırsan, bəzən alınır, bəzən yox. Nələrisə təfərrüatı ilə yazmaq özünüzü öz yumruğunuzla yerə yıxmaq deməkdir. Özünüzə qarşı qəddar olursunuz, amma yenə də tam səmimi ola bilmirsiniz. Zamanın dəyişdiyi olaylar yenidən, bu dəfə sizin əlinizlə təhrifə uğrayır. Yanlış anlaşılmaqdan qorxursunuz. Beləliklə, bizim eqomuz xatirələrimizin qatı düşməninə çevrilir. Öz düşüncələrini dəstəkləmək üçün uydurduqları hekayələrin arxasında gizlənən yazıçılar, gerçəyin üzünə dik baxa bilmirlər. İş xatirə yazmağa gələndə, mütləq gerçək hadisələrin onlara toxunan tərəflərini ixtisar edirlər və ya detaldan yan keçirlər. Halbuki hadisənin mahiyyəti məhz o detalda gizlənir. Keçmişin insana utanc gətirən məqamları yazılmadıqca yazıçıya iztirab verir, yazdıqda isə onun əleyhinə işləyir: "Bəs nə etməli? Keçmişi tərəfindən rahatlığı pozulan insanların bu keçmişdən xilas olmasının yeganə yolu səmimi etiraflardır”.

 Qeyd yazmaq vərdişi



 Yazar Səxavət Sahilin fikrincə, yazmağın asan olduğunu qəbul edən və gecə-gündüz durmadan yazan adam üçün yazının janrı və forması o qədər də önəmli deyil. Belə ki, yazı vərdişi olan adam həmişə yazır: "Romandan yorulanda köşəyə keçir, köşədən yorulanda gündəliyə keçir və s. Yazmağı həyat tərzinə çevirən şəxslər formasından, növündən asılı olmayaraq həmişə yazmağa üstünlük verirlər. Belə olanda heç bir janr üçün yazmaq çətinliyi qalmır”. Qeyd yazmağın onda vərdişə çevrildiyini deyən yazar, hətta kiçik hekayə yazanda da qeydlər etdiyini, sonra onun əsasında hekayəni yazdığını deyir: "İsanın qadını” romanını qeydlər əsasında yazmışam. Məncə qeydlər əsasında yazılmayan roman və hekayələr qeyri-peşəkardır. Siz təsəvvür edə bilərsinizmi "Madam Bovari” kimi bir roman birnəfəsə yazılıb? Yaradıcı şəxsin həmişə yanında qeydlər edə biləcəyi nəsə olmalıdır - bloknot, telefon və s. Sonradan bu qeydlər istifadə olunur. Hətta adicə köşə yazanda da, görürsən ki, bir müddət əvvəl etdiyin qeyd sənə maraqlı gəlir, oradan bir detalı götürüb istifadə edirsən. Mənim üçün də ən rahat olan qeydlər yazmaqdır ki, sonradan köməyimə gəlir”. S.Sahilin sözlərinə görə, başına gələnləri yazmaq onun üçün o qədər də önəmli deyil: "Yaradıcı təfəkkürü olmayan, düşünə bilməyən yazarlar başına gələni yazmaqla yazıçı kimi görünməyə çalışırlar. Məncə başına gələn hansısa hadisəni tam yazmaqdansa, oradan hansısa detalı götürüb istifadə etmək olar. Təbii ki, başına gələni yazmaq olar, lakin bunu adını roman və ya hekayə qoymaq qeyri-ciddilikdir”. Yazar araşdırma yazmağı ciddi və məsuliyyətli proses hesab edir: "Bunun üçün araşdırma mövzusuna daxil olan kitabları və mənbələri oxumaq, onları analiz eləmək və nəticə çıxarıb öz fikrini, münasibətini ortaya qoymaq lazımdır. Mənbə və istinad olmadan araşdırma yazmaq düzgün deyil. Qərbdə araşdırmaçılar həddindən çox istinad və mənbədən istifadə edirlər. Belə olan halda, araşdırmaçının öz düşüncəsi, öz yozumu bir o qədər də nəzərə çarpmır. Bizim təcrübədə isə daha çox öz düşüncəsini yazmaq əsasdır. Düşünürəm ki, həm istinad, həm də öz düşüncən bərabər olmalıdır. Lakin misal gətirdiyin fikrə və düşüncəyə alternativ olaraq, öz fikrini yazmalısan ki, nəyisə araşdırıb, hansısa nəticəyə gəldiyin aydın nəzərə çarpsın. Getdiyin yerdən, gəzdiyin ölkələrdən nəsə yazmaq maraqlı olsa da, burada yazı forması əsasdır. Necə təqdim etməkdən başqa, gərək bu təqdimatda şəxsi fikrin orijinal görünüşü üstələməsin. Belə olan halda, gedib gördüyün, gəzdiyin məkanlar subyektiv təsvir nəticəsində oxucuya çatacaq. Televiziya operatoru kimi gördüklərini çatdırmalısan. Lakin hər gördüyünü də yazmaq olmur. belə yerdə yaradıcı təfəkkürün "oxucuya nə maraqlı gələ bilər” sualını verib işə düşməlidir. Yəni obyektlə oxucu arasında tərəfsiz vasitəçi olmalısan”.
 
 Təranə Məhərrəmova