Biz imzaları yox, əsərləri dərc edirik...

Ney – Fəxrəddin Salim yazır
591
14 Dekabr 2016, 08:50

 


Fəxrəddin Salim

 

NEY 

 

Dinlə neydən, çün hekayət eyləyir,
Ayrılıqlardan şikayət eyləyir.

Mövlana

    Həz­rə­ti Mövlana Cəlaləddin Ruminin yuxarıdakı misraları əzəmətli, haqqında "Mən­zum Quran” ləqəbi işlədilən "Məsnəviyi-mənəvi”nin ilk misralarıdır. Üstündən aş­­ağı-yuxarı yeddi yüz il keçir. Bu zaman ərzində o nəhəngin məqbərəsindən ge­cə-gündüz, bir saat da olsun, canlı ney səsi əksik olmayıb. Bu gün də davam edir o mərəkə. İndi orası həm ziyarətgah, həm də muzeydir. Ancaq nə olur olsun, ney səsi o könül bağçasından bir saniyə kəsilmir. Özü də canlı – disksiz, kasetsiz. O neyi, daha doğrusu oradakı neyi çalanlar yedi yüz ildir ki, növbə ilə bir-birini əvəz­lə­yir, özü də görünməyən bir yerdə otururlar. Konyanı, Həzrəti Piri ziyarətə gələn məsihilərin diqqətini çəkən məqamlardan biri də bu atmosferin bənzərinin xristian kilsələrində olmasıdır. Belə ki, oradakı orqan çalanlar və xor sənətçiləri də xalqın gözündən uzaq, göstərişsiz bir yerdə dayanır və musiqilərini, daha doğrusu iba­dət­lə­rini icra edirlər.
   Ölümünü "Şəbi-Ərus”, yəni "Gəlinlik gecəsi” adlandıran Mövlana həzrətləri dəfn olunmağa götürülürkən, camaat baxıb görür ki, bir dəstə xaçpərəst keşişlərin lap öndə gələnləri mü­səl­man­lar­dan ayrı bir qafilə tutaraq, dəfnə gedir və hər kəsdən daha yanıqlı, daha gizli göz yaşları ilə fəryad edirlər. Onlardan haqlı olaraq bunun səbəbi soruşulduğunda, baş Rum Patriki belə cavab verir: "Bəlkə siz bilmirsiniz, ancaq gerçək Həzrəti İsa indi dünyasını dəyişdi. Biz Mövlananı deyil, xilaskarımız Məsihi dəfn edirik”.
   İnsanların qəlbləri in­cə­dir. Neyin səsini həmin anda seçir, dərk edir və zövq alırlar. kö­nül var, qəlb var... Oraların sahibi Allahdır! Allahın sahib çıx­dı­ğı şeylər isə nə ölməz, nə əksilməz.

                                                           Guş qıl, ey ki, bilirsən özünü vaqifi-kar,
                                                           Agah ol, gör ki, nədir, naleyi-ney, nəğmeyi-tar.
                                                           Nədir ol xüşk olan çübdə bu nələvü zar?
                                                           Ki, sədasından onun qarət olur səbrü qərar!
                                                           Açma sən pərdəni, hər pərdədə var yüz əsrar.
 
   Azərbaycan muğamı olan "Çahargah”ın "Bərdaşt” hissəsində oxunan bu məşhur mü­xəmməs millətimizin sonuncu mütəsəvvüf divan şairi Seyyid Əzim Şirvaniyə məx­susdur. Böyük arif bu bənddə neylə bərabər tarı da vəsf edir. İkisinin də quru odun parçası olaraq, necə bu naləyə, bu fəryada sahib olduqlarını soruşur. Mənə elə gəlir ki, bütün musiqi alətləri İlahi bir rabitəyə, Tanrısal bir başlanğıca sahibdirlər. Onlardan isə təkcə birinin, yəni neyin əfsanəsi yaşayır.
   Deməli belə: Həmin əfsanədə deyilir ki, Allahın son Peyğəmbəri Həzrəti Rə­sul­al­lah (s.ə.v.) Meracdan sonra öz qövmünün, ailəsinin, əshabının yanına qayıdır. Zöhr namazından sonra minbərinə qalxaraq, eynən bu sözləri sərf edir: "Meracda ikən Rəbbim mənimlə doxsan min kəlmə söz paylaşdı. Sonra buyurdu ki, onların otuz minini xalqa aç danış. İkinci otuz minini yalnız ariflərə aç. Qalan otuz minini isə heç kimə danışma”. Bu sözləri buyurduqdan sonra minbərdən enir. Bundan sonra dinin və şəriətin əksəriyyətlə qəbul etmədiyi bir sufi əhvalatı baş­la­yır. Nəql edirlər ki, Allahın Rəsulu, başqalarına məlum olmayan gizli səbəblərdən do­layı üçüncü otuz min kəlməni Həzrət Əli ilə paylaşır. Həmin sirlərin gənc bir adama açılmasının özü də elə sirr olaraq qalır. Lakin bu sirlər Həzrət Əlini incidir və o, əksər zamanlarda gedib bu sirləri bir quyuya danışır. Əslində rəvayətin buraya qədərki qismini də əhli-şəriət, xüsusilə də Cəfəri məzhəbinə məxsus alim və fəqihlər təsdiq edir. Deyilir ki, həmin quyunun suyundan əkin üçün istifadə edilən zamanlarda bu sudan həm də qamışlar tö­rə­yir­miş Həmin qamışları sonradan ariflər, sufilər kəsib, qurudub, onda dəliklər açıb, üflərmişlər. Beləcə, ney ortaya çıxmışdır....
   Qurani-Kərim "be” hər­fiy­­lə başlayır. Yəni, "Bismillah”la. Adına "Mənzum Quran” deyilən Məsnəvi” də "be” hərfi ilə başlayır. Ancaq burada fars dilində "beşno”, yəni "eşit”, "dinlə” kəl­mə­si işlənir. Sirri içində saxlayan düyünlü mətləb buradadır ki, Qurani-Kərim ilk ayəsi olan "Bismillahir-Rəhmanir-Rəhim”dən sonra "İqrə” deyə buyurur. Yə­ni ”Oxu!”. "İqrə bismi Rəbbikəlləzi xələq. Xələqəl insanə min ələq”. "Oxu, ya­ra­dan Rəbbinin adı ilə. O, insanı "ələq”dən yaratdı”. Bunlar, İslam Peyğəmbərinə enən ilk ayələrdir.
   Məlumdur ki, İslam təsəvvüfündə Haqqa, həqiqətə gedən yolun dörd mərhələsi vardır: Şəriət, Təriqət, Mərifət, Həqiqət. Şəriətdən, yəni Qurani-Kərimin ilk, zahiri qatından sonra təriqət və mərifət elmi gəlir ki, burada mətləblər bir xeyli dərinləşir və surəti-zahirdə dəyişikliyə uğrayır (batində bütün yollar eyni qapıya çıx­­sa da). Deməli, ürfani qatda oxumaqdan, elmdən daha üstün və daha incə mət­ləb eşitməkdir, dinləməkdir ki, bunun da funksiyası eşqə tabedir. Mövlanada, yəni mərifət qatında dinlənilən şey isə neydir. Səbəbi, daha doğrusu bu mətləbi doğuran ilkin səbəb həmin yuxarıdakı əhvalatdır ki, ney səsi ilə o gizli sirlər ortaya çıxır. Fəqət bunlar sözdən, elmdən, qaldan ibarət olmadığı üçün hər qulaq onu duymaz, hər göz onu görməz. Çünki bu, eşqdir, haldır, sözsüzlükdür.
   Həzrət Əli sirlərini quyuya deyirdi. Bilirdi ki, quyudan səs çıxmaz. Çıxsa da gələcəkdə ney səsi olaraq çıxar ki, onu da dediyim kimi, hər kəs duymaz. Deməli, sirrin ikinci babında deyilir ki, Həzrəti Peyğəmbər məşhur bir hədisi-qüdsi söyləmişdir. Orada buyurulur: Allahın sirri Qurandadır. Quranın sirri "bis­mil­lah”dadır. "Bismillah”ın sirri "be” hərfindədir. "Be” hərfinin sirri al­tın­dakı nöq­­tədədir. O nöqtənin sirri isə Əlidədir”