Biz imzaları yox, əsərləri dərc edirik...

Nəsimi ili çərçivəsində elmi-praktik konfrans
66
15 Aprel 2019, 15:36
 Aprel ayının 13-də Kürdəmir rayon Mədəniyyət Mərkəzində AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı Kürdəmir Regional Mədəniyyət İdarəsi və rayon Təhsil şöbəsi ilə birgə "Nəsimi sözünün qüdrəti” adlı elmi-praktik konfrans keçirmişdir. Konfransı giriş sözü ilə AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq İmadəddin Nəsiminin Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi böyük söz ustaları içərisində diqqətəlayiq yer tutmasından danışmışdır.
 
 

 AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli "Nəsiminin farsca "Divan”ının özəllikləri” mövzusunda məruzə edərək İmadəddin Nəsiminin tərəqqipərvər ictimai-fəlsəfi ideallarla zəngin yüksək bədii estetik səviyyəyə malik poeziyasından danışmışdır.
 AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atif İslamzadə "Nəsimi yaradıcılığında inanclar sistemi və şairin ədəbi təsir dairəsi” mövzusunda məruzə ilə çıxış edərək dahi şairin Azərbaycan ədəbiyyatı tarixində məhsuldar və yeni mərhələ təşkil etməsi, eləcə də, türkdilli xalqların ədəbi inkişafında əhəmiyyətli və faydalı təsirindən söz açmışdır.
 
 

 Kürdəmir rayon Famil Həşimov adına şəhər 3 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Günəş Xudiyeva, Karrar qəsəbə tam orta məktəbin dil-ədəbiyyat müəllimi Şəfəq Ağayeva çıxışlarında xalqımızın bədii və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair Seyid İmadəddin Nəsiminin zəngin irsinin bu gün də gənclərin mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyət kəsb etməsindən bəhs etmişlər.
 Sonra professor Ş.Əlibəyli
 "Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz, 
 Bu quş dilidir, bunu Süleyman bilir ancaq.”
 devizi altında keçirilmiş qəzəl müsabaiqəsinin qalibləri Kürdəmir şəhər 3 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Sahilə Abdullayeva, 1 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Təranə Heydərova, 6 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Tünzalə Babayevaya, "Nəsimi ili” çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakına görə Kürdəmir rayon Famil Həşimov adına şəhər 3 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Günəş Xudiyeva, Karrar qəsəbə tam orta məktəbin dil-ədəbiyyat müəllimi Şəfəq Ağayevaya AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fəxri fərmanını təqdim etmişdir.
  Öz növbəsində Kürdəmir Regional Mədəniyyət İdarəsi və Təhsil Şöbəsinin rəhbərləri də qalibləri fəxri fərmanla təltif edilmişlər.
 Konfransda təltif olunan şagirdlərin onlara uğur gətirən qəzəlləri söyləməsi  alqışlara səbəb olmuşdur.