artkaspi.az gənc şair Elşad Ərşadoğlunun şeirlərini təqdim edir:
Ürək çatışmazlığı
Yenə xoşbəxt, qayğısız açırsan hər səhəri,
İçinin kandarına buraxmırsan kədəri.
Sənə maraqlı edən bu boz üzlü şəhəri:
Ürək çatışmazlığı...Ürək çatışmazlığı...
Bir
gözəl qız görəndə yerində bitmədinsə,
İçində azmadınsa, çölündə itmədinsə,
Əgər aprel qarı tək əriyib getmədinsə,
Ürək çatışmazlığı...Ürək çatışmazlığı...
İllərdi
səslər girib gizlənir qulağında
Kiflənir, iylənir və paslanır qulağında...
Nəsə azan səsi tək səslənir qulağında:
Ürək çatışmazlığı...Ürək çatışmazlığı...
Bir
zalımın zülmündən sızlayan elin səsi,
Bir naşının əliylə inləyən telin səsi,
Sındırılan budağın, üzülən gülün səsi:
Ürək çatışmazlığı... Ürək çatışmazlığı...
Bu
dövrün diktəsidr, bu zamanın tələbi,
Əzabların mənbəyi, ağrıların sələfi.
Ən gözəl ölmək növü, ən pis ölüm səbəbi:
Ürək çatışmazlığı... Ürək çatışmazlığı...
Ən
dəhşətli haqsızlıq, dünyada ən yalan söz,
Ən çox üşüdən soyuq, ən möhkəm yandıran köz:
Həkimin Muğannaya qoyduğu son diaqnoz,
Ürək çatışmazlığı... Ürək çatışmazlığı...
İllər,
amansız illər, bir-bir yeyir dostları,
Nimdaşlaşır çölümüz – içimizin astarı...
Allahın insanlarla kinayəli rəftarı:
Ürək çatışmazlığı... Ürək çatışmazlığı...
Bu
rəngbərəng dünyanın ağı, bozu, qarası,
Əzrailin ən əziz, ən ərköyün balası...
Dünyamızın ən böyük təhlükəsi, bəlası:
Ürək çatışmazlığı... Ürək çatışmazlığı...
Gözümdən yaş kimi düşür adamlar
Mənim
taleyimə baxın, siz Allah,
Bəxtimə leş kimi düşür adamlar.
Hər gün xəyalımın dərin göyündən,
Ovlanmış quş kimi düşür adamlar.
Yuyunub
yağışla, gəzib küləklə,
Necə yaşayırlar bu boyda yüklə?..
Doldurub içini sevgisizliklə,
O üzdən boş kimi düşür adamlar.
Ruhuma
su kimi içirdiklərim,
Qəlbimə şəkil tək köçürdüklərim,
Acıdır içimi, acıdıqlarım,
Gözümdən yaş kimi düşür adamlar.
Daha
dəyişibdi insanlar, Lələ,
Yanıb sevgi-sevgi çevrilmir külə...
Yanından keçəndə üşüdür belə,
Dünyaya qış kimi düşür adamlar.
Boynumuz
boy verir bıçaq altından,
Qaçaq bu göylərin, qaçaq altından...
Oğulsan, bu yükün gəl çıx altından,
Başıma daş kimi düşür adamlar...
Unutmaq
Unutmaq insanın xislətindədi,
Unuda-unuda yaşayır adam.
Başından üzü aşağı sevilməyə,
Ayağından üzü yuxarı unudulmağa
başlayır adam...
Ayaqlardan başlanır unutmaq,
Mayası getməkdən yoğurulan,
köçəri olan ayaqlardan.
Bütün həsrətlərin, ayrılıqların
açarı olan ayaqlardan...
Bu dənizin sahilində
Kök atmayıb puç olublar,
Boy atmayıb heç olublar,
Quruyub qaxac olublar,
Kim əkib bu adamları,
Bu dənizin sahilində?..
Şən dalğalar qalxır, yatır,
Xəyalları atır, tutur...
Darıxmaqla başın qatır
Hamı kimisə gözləyir,
Bu dənizin sahilində...
Burda sular dəmir yeyir,
Daşı xımır-xımır yeyir...
Vaxt çırtlayır, ömür yeyir
O adam da tum adıyla,
Bu dənizin sahilində...
Hərdənbir də xoş dəmində,
Gəmilərin yelkənində,
Körpə uşaq görkəmində,
Gəlib Allah günəşlənir,
Bu dənizin sahilində...
Həsrətin ev boydadı
Ana babasıgilə qonaq gedən Əliyə...
Deyim, indidən öyrən,
bil ki, belə etməzlər,
bu cür çıxıb getməzlər,
ay körpə möhtəşəmlik!
Sən elə getmisən ki,
ilin-günün bu vaxtı,
yayın bu qızmarında
içimizdə sazaqdı.
O qaynar nəfəsinlə,
ilıq təbəssümünlə
evimizin odunu,
közünü aparmısan.
Bir sükut at oynadır
dörd divar arasında,
bu evin gülüşünü,
ününü, hay-küyünü,
səsini aparmısan.
Evimiz yoxsullaşıb.
Həsrətimiz varlanıb,
kefimiz yoxsullaşıb.
Qayıt gəl evimizə...
Özün bir əlcə varlıq,
yoxluğun ev boydadı.
Varlığını nə var ki,
qucaqda gəzdirməyə?
Yoxluğun yükdü sənin.
Axı hardan biləsən,
həsrətin özündən
böyükdü sənin.
Ömrün-günün boz vaxtı
bəxtimə gün tək doğan
rəngli həyatım mənim.
Səhərlər yatıb qalıb
işə də gecikirəm,
"zəngli saatım" mənim.
Qayıt gəl evimizə...
Heç bilmirəm ki, orda
nə təhər oynayırsan,
yuxuya gedirsən sən.
Oyunun, oyuncağın,
yırğalanan çarpayın,
yuxun evimizdədi.
Nə təhər getmisənsə,
neçə gündü açıqdı
pəncərələr, qapılar,
çəkilmir ki, çəkilmir,
qoxun evimizdədi.
Qoxun, yuxun, çarpayın,
oyuncağın darıxır.
(Nə gizlədim,
mənim də qollarım sızıldayır,
hey qucağım darıxır).
Darıxmaqdı hər tərəf,
burda axmaq darıxmaq
hamımıza iş olub,
ziyanlı vərdiş olub.
Susan, dinən darıxır,
Özümü demirəm, "eldən ayıbdı",
baban, nənən darıxır.
Qayıt gəl evimizə.
Bəsdi gözlətdin bizi,
ürkək addımlarınla
küçəmizin yolunu
di tut gəl evimizə...
Nənəmin əlləri
10 ildi dünyasını
dəyişsə də,
xatirəsi yaddaşımda
təzə-tərdi...
Bir gecədə beş dəfə
yuxudan oyanıb,
yorğanla bir yerdə
qayğısını,
sevgisini
üstümə örtərdi əsə-əsə əlləri...
(Əsmirdi yox, elə bil,
havanın yaddaşına – zamanın yaddaşına
yazırdı, həkk edirdi
sanki, nəsə əlləri...)
Elə mehriban idi
damar-damar əlləri.
Beşiyimi yelləyən,
bələyimi bələyən,
bir vaxt cavan əlləri,
bir vaxt hamar əlləri,
bir vaxt bahar əlləri.
Saçlarımda qırışdı,
yorğanımda qocaldı,
sığal-sığal əlləri,
tumar-tumar əlləri...
Oğula-uşağa,
qohum-qardaşa
daim pay əlləri,
nübar əlləri.
El-obası talanan,
köçkün düşüb
dolanan diyar-diyar
əlləri.
Oğul dəfnini görmüş,
qırış-qırış əlləri,
qubar-qubar əlləri.
Ömrü boyu köməkçün
tək göylərə açılar,
sanardın ki, göylərdən
nəsə umar əlləri…
Elə darıxıram o əllər
üçün…
Tək burnumun ucu yox,
saçımdan dırnağıma
hər tərəfim göynəyir.
Əhvalım,
kefim göynəyir.
Barı günəş filanla
yenə yola verirəm
gündüzləri birtəhər.
On ildi yayı-qışı
canım qızmır gecələr.
Saçlarımı sığalsızlıq,
kürəyimi soyuq aparır...
…Gördüyüm hər adamda
gəzirəm o əlləri,
gəzirəm havalı-havalı...
Heç bir əl onun kimi,
örtə bilmir üstümü.
çəkə bilmir sığalı…