Artkaspi.az Jose Saramaqonun "İsanın İncili" əsəri barədə məqaləni təqdim edir:

Məşhur Portuqaliya yazıçısı Jose Saramaqonun
1991-ci ildə qələmə aldığı "İsanın İncili" romanı İsa peyğəmbərin həyatından bəhs edir. Lakin
bu əsərdə o, adi bir həyat tərzi sürən adam kimi təsvir olunmuşdur. "İncil”dən
fərqli olaraq daha çox İsanın gənclik illəri, insani keyfiyyətləri öz əksini
tapışdır. Roma Vatikan və Portuqaliyanın
katolik əhalisi tərəfindən tənqidlərə məruz qalsa da, hesab edilir ki, Jose Saramaqo məhz bu əsərinə görə ədəbiyyat
üzrə Nobel mükafatı almışdır. Əsərin adı artıq onun kommersiya məqsədilə
yazıldığını göstərir. Sanki o, təhrif olunmuş formada yazdığı bir əsəri gizli
həqiqətləri tapa biləcəyinə inanan oxucu kütləsi üçün nəzərdə tutub. Buna
baxmayaraq Saramaqonun kitabında heç də hər şey bu cür deyil. Kitabda küfr və
üsyanın fərqini göstərir.
Bütün
"İncil”ə bənzər kitablar kimi "İsanın İncili" də İsa peyğəmbərin
həyatı haqqındadır. Lakin onu süjetinə görə o birilərlə bir tərəziyə qoymaq
olmaz. Məsələ burasındadır ki, Saramaqo məğzinə görə dini problematikadan qaçan
yazıçıdır. Çünki bunu qondarma, uydurma bir şey hesab edir. O, "İncil” tarixinə
öz metafizik düşüncəsini təlqin etsə də, bunu tənqid obyekti kimi edir. Məqsədi
dini və onun metafizikasını dəfn edib müqəddəs olmayan bir insanın sadə
fəlsəfə ilə qələbəsini təsdiqləmək idi. "İncil”dəki hadisələrə yenidən
radikal baxış keçirməkdə azad idi. O, əsəri ilkin mənbələrə hörmət etmədən,
istədiyi hissələri çıxarıb, istədiyi
məqamları əlavə edərək hekayələşdirib. Nümunə olaraq qəbul edilmiş "İncil”lərdə
İsa peyğəmbərin həyatının son anları adətən daha faciəvi təsvir olunub.
Saramaqodasa bu tamamilə başqa cürdür. Ona
həyatın dramaturji sonluğu kimi ölüm yox, insanın həyat yolu, Allahla bəşəriyyət üçün apardığı mübarizə
maraqlıdır. Bu cür yanaşma qeyri-adidir. İsanın Yerusəlimdəki son günləri,
hakimiyyətlə münaqişələri və ölümü demək olar ki, yazıçını narahat etmir. Ancaq
axırına yaxın bir neçə səhifə bunlardan bəhs edir. Əsas diqqət onun həyatının
tarixə naməlum qalan hissələrinə yönəldilib. Saramaqonun
İsası həqiqətən də sadəcə əsər qəhrəmanıdır. O, heç nə öyrətmir, məsləhət
vermir. Şəxsi problemlərinə başı qarışmış, Allahın ona verdiyi missiyanı
unudan, sadə bir insana çevrilir. Saramaqo onu məhz elə bu cür insan kimi
gözdən keçirməyə dəvət edir.
Roman
İsanın valideynlərinin həyatının nəqliylə başlayır. Gənc Yusif və Məryəm adi
həyat sürən, heç kimdən heç nəylə fərqlənməyən sadə adamlardır. Bir gün onlara
yoxsul bir adam təşrif buyurur. Məryəm süfrə açmaq üçün gələndə, qonaq ona
özündən başqa heç kimin bilməli olmadığı bir sirr deyir. Bu sirr Məryəmin
hamilə olmağı idi. Həmin bu yoxsul adam özünü mələk adlandırır. Bununla da
müəllifin ironiya və sarkazmın gücüylə mübarizə aparacağı, kitabın metafiziki
planı aşkarlanır. Mələyin yer üzünə gəlişi o qədər reallıqla təsvir olunub ki,
sanki mələk insanla rabitəyə girmək üçün fövqəltəbii heç bir üsula əl atmır və
bu çox sıradan bir hadisədir. "İncil”də
insanı qorxudan, həyəcanlandıran fövqəladə qüvvələr Saramaqonun əsərində səmalardan yerə enir.
Məryəm nə Allahla görüşür, nə də ki, Allah tərəfindən seçilmiş bir insan
statusu qazanır. Əksinə o, sadə bir qadının adi həyatını yaşayır.
Mələyin
öncədən xəbər verdiyi hadisə Betlehəmdə (Fələstində şəhər. İncilə görə İsanın
doğulduğu ərazi – X.N.) baş verdi. Yusif hamilə arvadı ilə bura köçür və
şəhərin kənarında bir mağarada yaşayır. Orada doğulmuş ilk övladının adını İsa
qoyur. Tikilməkdə olan məbəddə fəhlə işləməyə başlayır. Bir dəfə necə olursa
Yusif iki əsgərin söhbətindən çarın iki yaşına qədər bütün körpələri öldürmək fikrinə
düşdüyünü eşidir. Oğlunu xilas etmək üçün evə qaçır. Təhlükə sovuşur. Amma
Yusif bir çox başqa uşaqların ölümünə səbəb olduğunu anlayır. Məryəm yuxusunda
mələyi görür. O, bütün bunları ona xəbər verir. Yusifin yuxuları kabusa dönür.
Və bir gün oğlunu öldürmək istədiyini görür.
Körpə İsanın bütün taleyi burada öncədən həll olunur. Öz gələcəyinin bahasına indiyə qədər
edilmişlərin və bundan sonra ediləcəklərin bədəlini ödəyir. Mələk deyir: "...nə baş verməliydisə, artıq baş verib..." və bizə aydın olur ki, ilahi qüvvələr İsanı
gələcəyindən məhrum edir. Məryəm mələyə bədbəxt olduqlarını deyir. Və Saramaqo
mələyə bu sözləri söylətdirir: "Bədbəxtsiz...
Və sizə kömək etmək üçün heç bir vasitəmiz yoxdur". Mələyin
etinasızlığını göstərməklə müəllif alçaq, əclaf
dünya mənzərələrinin ilk eskizlərini təsvir etmişdir. Burada mələyin də
İblis kimi insan üzərində heç bir gücü, səlahiyyəti yoxdur. O, artıq icra
olunmuş bir işi təsdiqləmək üçün qaranlıqdan peyda olur.
Betlehəmdə baş verənlər hardasa elə Yusifin də
taleyini öncədən həll edir. O, kədər
içində, yuxusuzluqdan və kabuslardan əziyyət çəkə-şəkə yaşayır. Məryəm yenə də
uşaqlar doğur. Lakin onların heç biri yoxsul, tüfeyli bir adam tərəfindən
öncədən xəbər verilməmiş, himayə edilməmişdi. Həlak olmuş körpələrdən ötrü
çəkdiyi vicdan əzabı Yusifin həyatını heç edir: "Dülgərin evi, həyəti uşaqlarla dolu idi. Lakin ona elə gəlirdi
ki, evi də, həyəti də bomboşdur". İsanın on üç yaşı tamam olanda
İsraildə qiyam başlayır. Həmin qiyamda yaralanmış qonşusunu xilas etməyə gedən
Yusif özü də hadisənin qurbanına çevrilir. Romalılar heç nəyin fərqinə varmadan
hamını xaçda ölümə verirlər. Yusifin bu
addımının könüllü olduğunu qeyd etməsinə baxmayaraq, Saramaqo ilk xristianlara
xarakterik olan qəhrəmanlıq kimi təsvir etmir. Heç nədən, mələyin buyurduğu və
sonralar Allahın buyuracağı kimi adi qaydada dünyasını dəyişir. Yusifin ailəsi
yetim qalır. Atasını xaçda çarmıxa çəkilmiş görəndən sonra İsanı həminki kabuslar narahat edir. Onun
artıq çox şeyləri dərk etmiş ruhunun tarixçəsi məhz bu kabusdan – günahsız
öldürülmüşlərə görə özünü cavabdeh sandığı gündən başlayır. Bu onun ruhuna
"qaranlıq dünya" gətirir.
İsa üçün qara dünya daxili parçalanmanın əvvəlidir. Məncə elə bu Saramaqonun
əsas simvoludur. "Qara dünya"
ifadəsi kitada cəmi bircə dəfə və İsaya
heç bir aidiyyatı olmadan qeyd olunur. Lakin bu, bütüm "İncil” reallıqlarının
dolaşıq, anlaşılmaz olmasına işarə edən kitabın əsl simvoludur. Bu dolaşıqlıq
hadisələrin tarixi qiymətləndirilməsinin tam obyektiv olub olmamağında deyil,
insan reallığına daxil olmuş Allahın insan qarşısında birmənalı statusa malik
olmamağındadır. İblis deyir: "Bir mənada deyilmiş istənilən söz,
başqa mənada da başa düşülə bilər".

Romanı
oxuyarkən ilk qarşılaşdığımız problem təhkiyəçilik problemidir. Saramaqo onun
kimliyini açıqlamır. Oxucu özü düşünüb sezməlidir. "İncil”də kitabın
müəllifinin Allah olması göstərilmir. Onun müəllifi məhz insandır. Bundan əlavə
"İncil”i yazandan təsvir olunmuş hadisələrə şahidlik etmək tələb olunmur. Məsələn,
Renan üçün "İhonannın İncili"nin sonuncu və o biri "İncil”lər kimi
tipik olmamağı faktına zərrə qədər də şübhəsi yoxdur. Tarixi aspektdən nəzər
salsaq görərik ki, xristianlığın ilk dövrlərində İsanın həyatı bir neçə
versiyada yazılıb. Onlardan birini o birindən üstün tutmaq düzgün sayılmaz.
Hətta "Əhdi-cədid”in bir müəllif tərəfindən yazıldığı sübut olunmamışdır. Renan
yazırdı: "İncil həddindən çox da
etibarlı deyil, çünki burada bir-birinə əks olan hər iki tərəfin xeyrinə
deyilən arqumentlərə tez-tez rast gəlinir və İsanın obrazı müxtəlif
redaktorların ehkamlara baxışından asılı olaraq dəyişir". Tutalım ki,
lap İsa haqqında hansısa yeganə bir mətn nə vaxtsa olub. İstənilən halda bu gün
əlimizdə olan onun müxtəlif cür redaktə olunmuş versiyalarıdır.
Saramaqonun
yevangelistinin ("İncil” müəllifi) kim olduğu əsas suallardan biridir. Onu üçün
öz dediklərini eşitmək yox, öz düzgünlüyünü metafizik qüvvələr qarşısında
təsdiqləmək vacibdir. Buna görə də yevangelistin məhz müəllif olduğu barəsində
faktımız azdır. Əsərin adı "İsanın İncili" olduğuna baxmayaraq,
təhkiyəçi üçüncü şəxsin dilindən danışdığına görə İsanın yevangelist olmadığı
dəqiq məlumdur. Bununla yanaşı İsanın daxili dünyasının təsviri o dərəcədə
dəqiq verilir ki, onun İsayla birbaşa əlaqədə olduğu aşkarlanır. Saramaqo
romanını İsa üçüb tərcümeyi-hal kimi yazmayıb. Çox güman ki, bu işin mənasız
olacağını əvvəlcədən bilirmiş. İsanın özü haqqında yazılı məlumat verməsi prinsipcə
mümkünsüzdür. Bu, Xristianlığın əksinədir. Nitsşe bunu özünəməxsus şəkildə bu
cür izah edib: "Xoşbəxtlik yeganə
reallıqdır; qalan şeylərsə onun haqqında danışmaq üçün əlamətlər,
işarələrdir". İsa çətin ki, bu cür əlamətlər üçün güc sərf edərdi.
Onların ölümü İsanın ölümünün ardınca gələrdi. Nitsşe məhz bunu ön plana
çıxarırdı. Renanın da fikirləri bir az buna yaxındır. O yazırdı: "İnsan bu və ya digər şeylərə inandığı
üçün yox, məhz İsanı sevdiyi üçün, şəxsiyyətinə bağlandığı üçün onun şagirdi
oldu". Renan İncilin tarixi mənasını bu məhəbbəti qoruyub saxlamaqda
görürdü.
Əsər
boyu kədər və sevinc bir-birini əvəz edir. Təhkiyəçinin şəxsiyyəti sanki iki
yerə bölünüb. Bir tərəfdən o, tanıdığı, bildiyi həyatı və taleyin bu həyatı
necə istiqamətləndirdiyini seyr edir. Digər tərəfdənsə sözlərinin ahəngi
tez-tez pozulur. Burada o, öz danışdıqlarına yad kimi görünür. Dissonans
(qarışıqlıq, uyğunsuzluq) böyükdür.
Ötürmək istədiyi fikirlərdə Allah və İblisin vəhşi kəlamlarını
yumşaltmamağı azmış kimi, üstəlik bunlarla bağlı demək olar ki, onları ələ
salan rəylərini də buraxır. Buradan belə nəticəyə gəlmək olur ki, o, bu
hadisələrə hansısa başqa bir yöndə baxmaq fikri belə yoxdur. Nəticədə təhkiyə predmetinə
qarşı həmişə tərəddüdlə yanaşır. Bütün bunlar bir insanın zəkasına sığmayacaq
qədər paradoksal deyil. Bir yerdə bunun əksini göstərsə də ("...mən səriştəli olmasam da,
insanam..."), təhkiyəçi insan ola bilməz. Əslində o, numinoz (Allahdan
gələn güc) bir fiqurdur. Təhkiyəçi dünya qanunlarının üstündə dayanıb. Və bu
əlamətiylə Allaha bənzəyir.
Allahın
yevangelist olmamasını təsdiq edən daha bir səbəb var. İnsanlarla birbaşa
ünsiyyətə girmək Allaha yad bir şeydir. O, ancaq bir şəxslə dialoqa girə bilər.
Bu halda Saramaqonun sevdiyi İblis obrazı olmadan alınmayacaq. Həqiqətən də
İblis, nə qədər pafoslu səslənsə də təhkiyəçi roluna daha uyğundur. O, baş
verənləri kənardan izləyərək heç bir fikir bildirmir. Və Allahın kor-koranə
aktivliyindən fərqli olaraq, İblisin passivliyi özü özlüyündə belə məkrli və
iblisanədir. Təhkiyəçi fəaliyyətindən imtina edilmiş İblisdir.
Saramaqo
öz konsepsiyasını birmənalı və formalaşdırlmış şəkildə aparır. Onun süjetinin
əvvəli və axırı var. Hadisə son nöqtədə bitir. Müxtəlif yerlərdə təhkiyəçinin
buraxdığı müəmmalar, şübhələr var. Təbii ki, onlar İsanın həyatının əsas mənası
ilə çəkişə, üz-üzə qoyula bilməz. Saramaqonun İblisi o qədər də güclü deyil. O,
öz hekayəsinin yalan olmasının mümkünlüyünə də işarə edir. Nəticədə İblis sanki
ikili həyat yaşayır. Birində tarixin müəyyən anlarını təhrif etmək hüququ olan
təhkiyəçi kimi, digərindəsə, Allaha uduzmuş tarix iştirakçısı kimi yaşayır. Çox
qəribə olsa da hər şeydən şübhələnən və tarix qarşısında yenilən təhkiyəçi,
özündən asılı olmayaraq, ikimənalı olsa da humanizmin müdafiəçisinə çevrilir.
Saramaqo
özü etiraf etmişdi ki, Allahın sayəsində yox, əksinə Allaha zidd olaraq öz
arzusu ilə humanist olmaq istəyən İsanın adi insanlığını təsvir etmək
istəyirmiş. Əlbəttə ki bu işi o bədii tərəfdən yerinə yetirə bilmişdi. Lakin
nəticə demək olar ki, primitiv oldu. Özü özülüyündə bu işi əslində heç kafirlik
deyil. İsanın tam allahlığı onun insani əzablarının mənasını itirə bilərdi. Saramaqoun
diliylə desək, " bu, heç kimin
ruhunu həqiqi mənada darmadağın edə bilməzdi". Xristian süjetləri
reallığının şərtləri onun tarixiliyindən və antropomorfluğundan (Allahı insana
bənzətmə) ibarətdir. Saramaqo antropomorfluqda sanki Allahın Yunan və ya Roma
allahlarına dönüb özünü insan kimi apara bilməsi, əsl insan olmasının
mümkünlüyü ilə razı deyildi. Bu cür olmamalı idi. Əslində Saramaqonu
ümumiyyətlə Allahsız, onunla heç bir əlaqəsi olmayan insan maraqlandırır.
Məsələn, İsa Allahdan soruşur: "Səndən
imtina edəndə, bununla barışırsan?". Allah cavab verir: "Məndən imtina etməkləri, məni
axtarmaqlarıdır!". Bu cavabdan sonra kimin, Allahın, yoxsa
Saramaqonun öndə olduğu anlaşılmır.
Saramaqo Allahla mübarizə aparandır. O, insanı Allahdan azad görür. Lakin
Saramaqo bunu etiraf edə bilməsə də, daxilində Allaha sadiqdir. Yalan
örütüyünün altında gizlənən əsil Allah sevgisindən olan bu roman, həmin
sadiqliyin nəticəsində hasil olmuşdur.
Saramaqo
teoloji predmetləri satirik şəkildə təsvir edib. Onların yalnız bəzi
ideyalarını təkrarlasa da, bu İncildə müəllifin təqdim etdiyi İsa birmənalı
şəkildə adi insandır. Qalanları fikir
oyunları, fikir qarışıqlıqları və ironiyadır.
Allahdan fərqli olaraq İblis insanla əlbir
görünür. O, İsa üçün həqiqətən də köhnə və müdrik bir dostdur. Bircə
daxilindəki şübhələr İsaya gözlərini açmağa imkan vermir. Bundan ötrü İsa bütün
dəyərlərini yenidən gözdən keçirməlidir. Yunqa görə bütün bunlar çox təbiidir.
Lakin bir xristiançün əlbəttə ki, yaddır. Yunqun zənnincə İsa və İblis Allahın
övladlarıdırsa, deməli qohum fiqurlardır. Saramaqo bütün roman boyu Xeyir və şərin birliyi, eyni zamanda nisbiliyini
nümayiş etdirir.

İsanın obrazı demək olar ki, ilahi
problematikadan məhrum olunub. Onun qalıqları Allahın absurdluğunu, absurddan
çox həqiqətlər olan şərin dərkinin mümkünlüyünə işarə edir. İlahi haqqında
danışıq Saramaqoda bundan o yana getmir. Müsahibələrinin birində müəllif özü də
qeyd edir ki, İsa onunçün adi bir insandır.
Saramaqonun romanı
Allahı inkar etmək haqqında deyil, Allahla mübarizədəndir. Müəllif İsanı insan
kimi də olsa, həddindən artıq çox sevir və onu öz romanında təsvir edir.
Saramaqo bu əsəri yazmaqla odla oynasa da, bu od çoxlarını isidir.
Hazırlayan: Xanım Aydın