Biz imzaları yox, əsərləri dərc edirik...

Naxçıvanda toxucular üçün tədris-hazırlıq kursuna başlanılıb
42
20 İyul 2018, 09:50
 Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Naxçıvan şəhərində xalça istehsalı emalatxanası və Regional yun və boyaq bitkilərinin tədarükü mərkəzi üçün binalar tikilir.
 

 
 "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 18-də cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradov Naxçıvanda inşa edilən binalarda tikinti işlərinin gedişi ilə maraqlanıb.
Məlumat verilib ki, "Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşası aparılan birmərtəbəli emalatxana binasının tikintisinə bu ilin fevral ayında başlanılıb. Binada dəmir-beton işləri başa çatdırılıb. Hazırda binanın daxili və xarici divarlarının hörgüsü aparılır, dam örtüyü vurulur, kommunikasiya xətləri çəkilir. Regional yun və boyaq bitkilərinin tədarükü mərkəzinin də tikintisi sürətlə davam etdirilir.
 Baxış zamanı tikinti işlərinin keyfiyyətlə aparılması və vaxtında başa çatdırılması barədə tapşırıqlar verilib.
Daha sonra Naxçıvan Regional Peşə Tədris Mərkəzində "Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kursuna başlanılıb.
 Bu münasibətlə keçirilən tədbirdə "Azərxalça”nın İdarə Heyətinin sədri Vidadi Muradov çıxış edərək ölkəmizdə xalçaçılığın inkişafı istiqamətində görülən işlərdən danışıb. Tədris-hazırlıq kurslarının əhəmiyyətini vurğulayan İdarə Heyətinin sədri kurslarda dərslərin böyük iş təcrübəsinə malik, peşəkar xalçaçılar tərəfindən aparıldığını bildirib.
 

 
 Qeyd edilib ki, Abşeron, Goranboy, Tərtər, Kürdəmir, Şabran, Qobustan, Biləsuvar rayonlarında, Lənkəran şəhərində də belə kurslar təşkil olunub. Bu kurslar başa çatdıqdan sonra "Azərxalça” tərəfindən sertifikat verilən toxucular cəmiyyətin filiallarında işlə təmin ediləcəklər.
 Bildirilib ki, tədris-hazırlıq kursu hanalarla, avadanlıqlarla, xammalla, eyni zamanda, xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə, elektron çeşnilərlə təmin edilib.
 Vidadi Muradov Naxçıvan xalçaçılığının tarixindən danışaraq deyib ki, Naxçıvan xalçaları uzun illər Qarabağ, Təbriz kimi xalça qruplarına daxil edilərək öyrənilib. Tədqiqatlar zamanı müəyyənləşdirilib ki, adı çəkilən bu qrupların nümunələrindən fərqlənən Naxçıvan xalçaları və xalça məmulatları bu ərazidə məskunlaşan Kəngərli, Kolanı, Sədli, Xələc, Bəydili, Dəmirçi, Qazançı, Yaycı, Qarxun, Yurdçu, Muğanlı, Əfşar, Bayat, Quşçu və başqa türkdilli tayfaların yaradıcılıq məhsuludur. Coğrafi baxımdan Cənubi Azərbaycanla, Qərbi Azərbaycanla, həmçinin Şərqi Anadolu ilə yaxın olan Naxçıvan xalçaçılığı bu bölgələrdə əsrlərboyu mövcud olmuş xalçaçılıq ənənələrindən bəhrələnərək inkişaf edib. Burada toxunan böyükölçülü, hündür xovlu xalçaların, həmçinin keçə, palaz, cecim, kilim, şəddə, zili kimi xovsuz xalçaların naxış-kompozisiya tərtibatında dəvə, at, quş, gül, ox, ulduz, romb, nəzərlik, çərxi-fələk kimi müxtəlif məzmunlu elementlərdən istifadə olunub. Bütün bunlar barədə tədris-hazırlıq kursunda iştirak edənlərə ətraflı məlumat veriləcəkdir. Kursa cəlb olunanlar yalnız xalça toxumağı deyil, həm də Naxçıvan xalçaçılığının tarixini öyrənəcəklər.
 İdarə Heyətinin sədri kursda iştirak edənlərə uğurlar arzulayıb, onların toxuculuğun sirlərinə dərindən yiyələnəcəklərinə əminliyini ifadə edib.
 

 
 Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov Naxçıvanda xalça emalatxanasının yaradılmasının, bu tədris-hazırlıq kursunun təşkilinin əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, "Azərxalça”nın yaratdığı xalça emalatxanası və təşkil etdiyi tədris-hazırlıq kursu Naxçıvanda xalçaçılığın inkişafına öz töhfəsini verəcək.
 Kursa cəlb olunan qadınlar çıxış edərək xalçaçılığa göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.