Biz imzaları yox, əsərləri dərc edirik...

Naxçıvan – tariximizin yaddaşı – Nizami Muradoğlu yazır
267
22 İyun 2018, 16:33
  Artkaspi.az filologiya elmləri doktoru Nizami Muradoğlunun "Naxçıvan – tariximizin yaddaşı" adlı emli məqaləsini təqdim edir: 
 

 
  2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Bununla əlaqədar olaraq 2 iyun 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti müvafiq sərəncam vermişdir. 
  Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan edilməsi göydəndüşmə bir iş olmayıb vilayətin ictimai-siyasi həyatında mühüm hadisədir, çox böyük tarixi əhəmiyyət kəsb edir. Prezident sərəncamında bu el bayramının layiqincə qeyd edilməsi ilə bağlı verilən tapşırıq və tövsiyələri oxuduqca gözlərimin qarşısından Naxçıvanın tarixi keçmişi bir kino lenti kimi keçir, qulaqlarımda min illərin arxasından gələn qədim bir bayatı səslənir:
 
  Nuh adına məkan var, 
  Ayağından çəkən var. 
  Düşmən istər dağıda,
  Haqdan onu tikən var.
 
  Bəli, Nuh adına bir məkan var – o Naxçıvan diyarıdır. Naxçıvan diyarı Azərbaycanın, o cümlədən bütün dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Aparılmış arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri, Naxçıvan duz mədənində aşkar edilmiş duz parçasının içərisində daşlaşmış balıq silueti, Gəmiqaya yazılı abidələri, dağ süxurlarının və torpaq qatlarının öyrənilməsi və s. bu yurdda lap qədimlərdən həyat elementlərinin olduğunu təsdiq edir. Qədim dövr bilicilərinin, dünya şöhrətli görkəmli alimlərin bu sahədə apardığı tədqiqatlar elm aləminə məlumdur.
  Naxçıvanın ilkin yaşayış məskəni olması haqqında alimlərin əksəriyyəti dəyərli fikirləri ilə dünya elminə töhfələr veriblər. Bu anlamda filologiya elmləri namizədi Ə.Fərzəlinin "Gəmiqaya-Qobustan əlifbası” kitabında belə bir izah verilmişdir: "Gəmiqaya Azərbaycanı sivilizasiyanın başlanğıcı ilə bağlayan olduqca möhtəşəm bir kitabə – Naxçıvan kitabəsidir. Bu gün Kitabənin: Gəmidağın – Gəmiqayanın zirvəsindən keçmişlərə sarı boylananda, o əlçatmaz, ünyetməz, min illərlə uzaq keçmişdə Azərbaycan xalqının tarixdən əvvəlki tarixlərə atılmış doğma imzasını görmək olar”. 
  Ümumdünya daşqınına (Nuh tufanına) qədər bu diyarın adının nə olduğu bizim üçün qaranlıq olsa da, Qurani-Kərimdə dəfələrlə xatırladılan tufandan sonra bu ərazidə Həzrəti Nuhun nəslinin – türklərin (nuhçuların)  məskunlaşdığı və burada ilkin sivilizasiyanın başlandığı şəksizdir.
  Qurani-Kərimə istinadən deyə bilərik ki, tufana qədərki dövr insanlarının dünyəvi-dini baxışlarında o dövr üçün xarakterik olan çoxallahlılıq, buddizm, oda, günəşə, küləyə, heyvana sitayiş etmək kimi inanclar geniş yer tutmuşdu. Bütün dünya əhlində formalaşan bu tipli dünyagörüşlər, Allahın vahidliyinə inamsızlıq, Allahın göndərdiyi peyğəmbərə itaətsizlik, əxlaqi anlayışların əndazədən çıxması və s. səbəblər də Yaradanın məhz ümumdünya daşqını törətməsi ilə nəticələnir ki, bu zaman son anda belə peşman olub, Allahın böyüklüyünü qəbul edənlər, inananlar xilas olurlar.
  Naxçıvanda Nuh tufanından sonra ilk yaşayış məskənlərindən biri olmaq etibarı ilə təqribən 10000 il bundan əvvəl burada yaşayışın başlanılmasını göstərən və bu gün də mövcud olan tarixi abidələr, kənd, şəhər, oba adları öz əlamətlərini bildirir, deyilənləri təsdiq edir. Gəmiqaya daşları üzərində yazılmış piktoqrafik yazılar, Kolanı nekropolundan tapılmış Günəş Allahının sxematik təsviri və s. nümunələr bu haqda daha dərin düşünməyi tələb edir. Arxeoloji qazıntılar zamanı II Kültəpə ərazisindən tapılan maddi mədəniyyət nümunələri, daş alətlər, monoxrom və polixrom boyalı gildən hazırlanmış saxsı qablar e.ə. III-II minilliyin nümunələri hesab edilir.  
 
 

  Naxçıvan şəhərinin binasının təqribən 5000 il bundan öncə qoyulduğunu söyləməklə bərabər, burada ilk yaşayışın daha qədimdən Nuh tufanından sonra başlanıldığı haqqında fikir söyləmək üçün tapılmış maddi-mədəniyyət nümunələrinin əsas verdiyini qeyd etməliyik. Hələ e.ə. III-II minilliklərdə burada sənətkarlığın, kənd təsərrüfatının inkişafı, əkinçiliyin, bağçılığın yaranması, əlverişli coğrafi ərazidə yerləşən Naxçıvan diyarının şöhrətini artırmışdır. Böyük tarixi inkişaf yolu keçən Naxçıvan diyarı həm də zaman-zaman müxtəlif imperiyaların maraq dairəsində olmuşdur. Dəfələrlə işğalçı ordular Naxçıvan diyarını çapıb talamış, dağıdıb viran qoymuşlar.
  "Səyahətnamə” kitabında Naxçıvan şəhəri binasının Əfrasiyab padşah tərəfindən qoyulduğunu göstərən türk tarixçisi Övliya Çələbi bu ərazinin türklərin ən qədim yaşayış məskənlərindən biri olduğunu qeyd etmişdir. O yazırdı: "Bu şəhər, doğrudan da, öz adına layiqdir. Biri ona Naxçıvan deyir, digəri Nəhşəvan... Hazırda bu, Azərbaycan ərazisində ayrıca xanlıqdır. Şəhər qədim zamanlarda Şah Əfrasiyab tərəfindən inşa edilmişdir. Burada onun əcdadlarının dəfn olunduğu qəbirlər qalmaqdadır. Onun hakimiyyəti dövründə Naxçıvan vilayətində çoxlu abadlıq işləri aparılmış, çöldə bir addım da olsun boş yer saxlanılmamışdır. Sonralar monqol sülalələri çoxsaylı qoşun hissələri ilə bura daxil olmuş, şəhərin bütün gözəlliyini, sevincini məhv edib, qalalarını dağıdıb yerlə yeksan etmişdir". 
  Muxtar respublikanın ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində məlum olmuşdur ki, burada insanların məskunlaşması tarixi e. ə. VII-V minilliklərə  gedib çıxır. Eramızın III əsrində Naxçıvan Sasanilərin tabeliyində olmuşdur. Burada Sasani hökmdarlarının zərbxanası olmuş, bu zərbxanada VI əsrin I yarısında üzərində pəhləvi dilində "nəhc" yazılmış gümüş pullar kəsilmişdir. 
  "625-ci ildə Bizans imperatoru II İrakli (610-641) İran-Bizans müharibəsi zamanı hücum edib Naxçıvanı dağıtdı. 657-ci ildə ərəb qoşunları Naxçıvanı tutdu. 1021-ci ildə Bizans imperiyası yenidən Naxçıvanı işğal etdi. 1064-cü ildə Səlcuqlar Naxçıvanı ələ keçirdi. Səlcuqların hökmdarlığı dövründə Naxçıvanın həyatında köklü dəyişikliklər baş verir, ticarət və sənətkarlıq inkişaf edir. Burada ağac, saxsı, şüşə emalı sexləri açılır, xalı və ipək parça toxunur, dulusçuluq, zərgərlik, memarlıq inkişaf edirdi. 
  Naxçıvan 1221-ci ildə monqol-tatarların, 1225-ci ildə Xarəzmşah Cəlaləddinin, 1231-ci ildə məmləkət yenidən monqol-tatarların, 1257-ci ildə şəhər Elxanilər dövlətinin hakimiyyətinə qatıldı. 1386-cı ildə şəhəri Qızıl orda xanı Toxtamış, 1387-ci ildə isə Teymurləng özünə tabe etdi. 1412-ci ildə Qaraqoyunlular, 1468-ci ildə Ağqoyunlular dövlətinin tərkibinə daxil olan Naxçıvan 1501-ci ildən Səfəvilərin hakimiyyəti altına düşür. Səfəvi-Osmanlı müharibələri dövründə Naxçıvan dəfələrlə əldən-ələ keçdi. XVIII əsrin ikinci yarısında Azərbaycanda yaranmış kiçik feodal dövlətlərindən biri də Naxçıvan xanlığı idi. Naxçıvan xanlığı 1795-1797-ci illərdə Ağa Məhəmməd Şah Qacarın hücumlarına məruz qalır. 1827-ci ilin iyun ayında çar Rusiyasının qoşunları Naxçıvanı işğal edir”. 
  Yenicə işğal edilmiş Naxçıvan xanlığı da Rusiyanın tərkibinə qatılaraq bir növ Rusiya dövlətinin sınaq meydanına çevrildi. İrandan, Türkiyədən çıxarılan erməni əhalisini müxtəlif güzəştlər edilmək və əlverişli şərait yaradılmaqla Naxçıvan torpaqlarına yerləşdirməyə başladılar. Naxçıvan xanlığı əvvəlcə qəzaya çevrildi, sonra 1841-ci ildə Gürcüstan-İmeretiya quberniyasının, 1849-cu il 9 iyun tarixindən etibarən isə yenicə yaranan İrəvan quberniyasının tərkibinə daxil edildi.
6,1 min kv. km ərazini əhatə edən Naxçıvan diyarının muxtariyyət statusu 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri ilə təsbit edilmişdir. Naxçıvan diyarının sərhədləri 11 km Türkiyə dövləti ilə, 176 km Araz boyunca 1828-ci il Türkmənçay müqaviləsində olduğu kimi İran dövləti,  şərqdən, şimaldan və qərbdən Ermənistan respublikası ilə müəyyən edilmişdir. Naxçıvan Azərbaycanın tərkib hissəsi olaraq öz sərhədləri daxilində muxtar dövlətdir. 
  Buna baxmayaraq Naxçıvan torpağı zaman-zaman ermənilərin və onlara dəstək verən digər işğalçıların maraq dairəsində olmuş, bu gün də erməni şovinist qüvvələri bu qədim türk yurdunu Ermənistana birləşdirmək iddiasındadır. Təkcə onu qeyd etmək lazımdır ki, 1921-ci ildən 1991-ci ilə qədər olan dövrdə 658 kv. km ərazi Naxçıvandan qopardılaraq Ermənistana birləşdirilmişdir ki, bunun da nəticəsində Naxçıvanın Araz boyunca sərhəddi 13 km azalaraq 163 km-ə enmiş, Ermənistan ilə sərhədlərinin uzunluğu 224 km-ə çatmışdır. 1929-1931-ci illərdə Ordubad qəzasının Qarçivan, Mehri, Buxçar yaşayış məntəqələrinin, Zəngəzur mahalının Lehvaz, Əldərə, Astazur, Nüvədi yaşayış məntəqələrinin Ermənistana "bağışlanması” ilə Naxçıvan Azərbaycandan tamamilə təcrid edilmişdir.
 
 

  Hazırki geosiyasi vəziyyət, mənfur qonşularımız ermənilər ilə müharibənin uzun müddətli davam etməsi bir daha tarixin dərin qatlarına enib dədə-babalarımızın ən etibarlı əmanət kimi bizə yadigar qoyub getdikləri abidələri tədqiq etmək zərurətini meydana çıxarır. ABŞ, Fransa, İngiltərə, Rusiya kimi dünyanın super dövlətlərində oturub müxtəlif konfranslar keçirib yalançı erməni soyqırımı haqqında vay-şivən salan, tarixi Azərbaycan türk torpaqlarını mənimsəmək istəyən, Azərbaycan Respublikası ərazisinin 20%-ni işğal altında saxlayan Ermənistanın işğalçı qoşunlarını hər vəchlə müdafiə edən erməni lobbisi bu şovinizmin daha da inkişaf etməsi üçün bütün imkanlardan istifadə edir. Hər vəchlə 1921-ci ildə bağlanmış tarixi Moskva və Qars müqavilələrinin ləğvinə çalışan ermənilər 1918-ci ildən bəri gözlərində qalan arzularını – Naxçıvan torpaqlarını ələ keçirmək planını gerçəkləşdirməyə çalışırlar. Zaman-zaman "əzabkeş erməni xalqı” obrazı yaradıb dünya ictimaiyyətində özlərinə qarşı mərhəmət hissi oyadan erməni şovinizmi, belə demək mümkünsə, müəyyən qədər öz istəklərinə nail olmuş, böyük Ermənistan yaradılmasında "böyük addım” ata bilmişlər. Bu haqda Səid Sadıqovun "Naxçıvan Muxtar Respublikası tarixindən” adlı kitabında oxuyuruq: "Görünür, erməni həyasızlıqlarının qarşısının alınmamasının acı nəticəsi idi ki, 1920-ci ildə cəmi-cümlətanı 11.000 kv.km. ərazidə yaradılmış Ermənistan SSR illər boyu Azərbaycan torpaqlarının hesabına genişləndirilərək 1988-ci ildə artıq 30.000 kv. km-lik ərazisi olan bir respublikaya çevrilmişdir”. 
  Ötən əsrin sonlarında erməni qəsbkarları yenidən silahlanaraq Azərbaycanın qədim və tarixi torpağı Qarabağı işğal etdilər. Qazandıqları müvəqqəti qələbədən ruhlanaraq Naxçıvan Muxtar Respublikasının sərhədlərini pozub onu da ələ keçirmək iddiasında olan erməni millətçilərinin layiqli cavabı 90-cı illərin əvvəllərində Naxçıvan MR Ali Məclisinə rəhbərlik edən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan camaatı tərəfindən verildi. Heydər Əliyevin böyük siyasi təcrübəsi, dünya dövlətləri rəhbərləri arasında olan nüfuzu, tarixi Moskva-Qars müqavilələrinin yenidən gündəmə gətirilməsi ilə Naxçıvanın müdafiəsi təmin edildi. Həmin dövrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük fəaliyyətini filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü İsa Həbibbəyli "Heydər Əliyev Dövlətçilik Təlimi və Müasir Dövr” kitabında belə qiymətləndiribdir: "XX əsrin doxsanıncı illərinin əvvəllərində Naxçıvan Muxtar Respublikasının işğal olunmaqdan xilas edilməsi, olkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması Heydər Əliyevin tarixi xidmətlərindən biridir”.  
  Xronoloji ardıcıllıqla izlədiyimiz tarixlərdən göründüyü kimi, Naxçıvan müxtəlif imperiyaların maraq dairəsində olub əldən-ələ keçsə də, dəfələrlə dağıdılıb yerlə yeksan edilsə də, heç bir işğalçı ordu türklərin iradəsini qıra, onun mübariz ruhunu öldürə bilməmişdir. Naxçıvanlılar yaşamış, yaratmış, dağılmış qala və abidələri yenidən bərpa edib, günümüzə qədər gətirib çıxarmışlar. Naxçıvanın qədim tarixindən bu günə qədər izlədiyimiz dövr ərzində ermənilərin Naxçıvan haqqında ərazi iddiaları qaldırmalarının heç bir tarixi, mənəvi, maddi və hüquqi əsası olmadığının bir daha şahidi oluruq. Təsadüfi deyildir ki, bu gün də Naxçıvanda qədim sivilizasiyanı yaşadan, yaşı min illəri ötüb keçən yüzlərlə abidə vardır ki, onların heç birində ermənilərin izi-tozu da görünmür.
  Ümumiyyətlə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi tarixi uzaq keçmiş deyildir. Hələ XVIII əsrin birinci yarısında, 1738-ci ildə çar I Pyotrun (1682-1725) vəsiyyətnaməsinin elan edilməsi ilə Rusiyanın xarici siyasətində köklü dəyişikliklər baş verdi. Çar Rusiyası yeni torpaqlar tutmaq, Qafqazı ələ keçirmək, Orta Asiyanı işğal etmək, Aralıq dənizinə yol açmaq arzusunda idi. Qafqazda Rusiya, İran, Türkiyə, hətta Fransa və İngiltərənin maraqlarının toqquşmasına baxmayaraq, 1801-ci ildə Rusiya heç nəyə məhəl qoymadan şərqi Gürcüstanı işğal etdi. Onun ardınca Azərbaycan xanlıqlarının işğalı başladı. Bu işdə elə o vaxtdan da müxtəlif xanlıqların tərkibində olan xırda erməni toplumları xəyanət yoluna qədəm qoydular. Tarixən erməniləri kölə vəziyyətində saxlayıb ən ağır işgəncələrə məruz qoyan çar Rusiyası Qərbin Qafqazda nüfuzunun artmasından əndişələnərək XIX əsrin əvvəllərindən etibarən İran, Türkiyə və Qafqazda yaşayan ermənilərin xəyanət və satqınlığından bəhrələnməyə çalışırdı. Ermənilər də öz növbəsində Çar Rusiyasının bu siyasətindən faydalanır, tarixən birgə yaşadıqları türklərə arxa çevirib, gizli planlar qurur, gələcək erməni dövlətinin yaradılması haqqında fikirləşir və bu dövrdən etibarən tədricən Qafqaz ərazisinə – Azərbaycana yığılmağa başlayırlar. Rusiya İmperatorluğunun dövlət siyasəti kimi 1828-ci ildə ermənilərin İrəvan, Naxçıvan, Qarabağ torpaqlarına köçürülməsi kütləvi xarakter alır. Bu haqda Qafqaz Əlahiddə Korpusunun komandiri, General-Adyutant Paskeviçin 26 fevral 1828-ci il tarixli 275 saylı erməni əsilli polkovnik Kovaler Lazarevə ünvanlanmış məktubunda oxuyuruq: "Ümumiyyətlə, xristianları razı salmaq lazımdır ki, onlar Naxçıvan və İrəvan vilayətlərinin xristian əhalisinin sayının artırılması nəzərdə tutulan yerlərinə köçüb yaşasınlar”. 
 
 

  Polkovnik Kovaler Lazarevin 24 dekabr 1829-cu il tarixdə Tiflisdə verdiyi hesabatda qısa müddət – cəmi üç ay ərzində (26 fevral 1828-11 iyun 1828) onun tərəfindən 8249 xristian ailəsinin köçürüldüyü və bu məqsədlə imperator tərəfindən verilmiş 14 min çervon, 400 rubl gümüş pul, Naxçıvan şöbəsindən isə 2000-dən artıq çervonun xərcləndiyi bildirilir. 
  Onu da qeyd etmək lazımdır ki, Azərbaycana köçürülən ermənilər hər cür dövlət qayğısı ilə əhatə olunmaqla bərabər, 6 il müddətində bütün vergilərdən azad edilmişdilər. 
  Yuxarıda sadaladıqlarımıza əsasən ermənilərin daha çox Rusiya-İran müharibələrinin yekunu olaraq 1813-cü il Gülüstan, 1828-ci Türkmənçay və Rusiya-Türkiyə (1828-1829) müharibələrinin sonunda Ədirnə (1829) sövdələşmələri ilə bağlı olaraq buraya köçürüldüklərini nəzərə alsaq 1918-ci ilə qədər Naxçıvanda yaşayan azacıq erməni toplumunun hansı tarixə malik olduqları tamamilə aydınlaşar. 
  Ermənilərin 1887-ci ildə İngiltərənin dəstəyi ilə Cenevrədə sosialist təmayüllü HINÇAK, 1890-cı ildə isə Rusiyanın dəstəyi ilə Tiflisdə DAŞNAK partiyaları yaradılır. Bu partiyaların proqramlarında türk xalqına qarşı terror, üsyan, mücadilə etmək, ermənilərin müstəqilliyinə nail olmaq qırmızı xətlə keçir. Bunun nəticəsində Türkiyədə başlayan terror, üsyan, qanlı müharibələrdə uğursuzluğa düçar olan erməni daşnakları mübarizə meydanını Azərbaycana köçürürlər. 1905-1906-cı illərdə Bakıda, Qarabağda, Gəncədə, Zəngəzurda, İrəvanda, Naxçıvanda kütləvi qırğınlar törədilir. Bu qanlı illərin müfəssəl təfsilatını verən M.S.Ordubadi hadisələrin dörd səbəbini göstərərək yazırdı ki, bunlardan dördüncü və əsas səbəb "ermənilərin avtonomiya-idarə muxtariyyəti həvəsində olmalarıdır”. 
  1905-1906-ci illər qırğınlarında gözü qandan doymayan ermənilər 1918-ci ildə yenidən baş qaldırıb Azərbaycanın hər yerində misli görünməmiş vəhşiliklər törətmişlər. Bu illərdə Naxçıvanda vəziyyət daha da gərginləşmişdi. Azərbaycan hökumətindən kömək ala bilməyən Naxçıvan əlacsız duruma düşmüşdü. Gündən-günə vəziyyətin gərginləşdiyini görən Naxçıvan camaatı Türkiyədən kömək istəyir. 1918-ci ilin iyul ayında Türkiyənin I Qafqaz Ordu Komandanı Kazım Qara Bəkir paşanın rəhbərliyi altında Naxçıvana gələn türk ordusu azərbaycanlı əhalinin xilası və Naxçıvanın qurtuluşu yolunda önəmli addımlar atır.
  Hər yerdə haqqı, ədaləti bərpa edən türk ordusunun səyi ilə Naxçıvanın və onun əzəli sakinlərinin hüquqları bərpa olunur.   Bildiyimiz kimi, bu, 1921-ci ilin mart ayında Moskva və oktyabr ayında Qars müqavilələri ilə təsbitlənir. Naxçıvanın ərazi mənsubiyyəti məsələsi təsdiq olunur, onun sərhədləri qəti şəkildə müəyyən edilir. Naxçıvan vilayəti öz sərhədləri daxilində Azərbaycanın himayəsi altında muxtariyyət qazanır. 
  Naxçıvanın qədim tarixini öyrənmək məqsədilə ilk növbədə Naxçıvan sözünün haradan və necə yaranmasını araşdırmaq lazım gəlir.
  Naxçıvan toponimi haqqında bir neçə mülahizələr mövcuddur. Müxtəlif ədəbiyyatlarda Naxçıvanı "Nəqşi-cahan”, "Nəşəva”, "Naksuana”, "Nəhçivan”, "Nuhçivan”, "Nuhçıxan” adlandırmışlar. Bu haqda Adil Bağırovun "Naxçıvan toponimlərinin linqvistik xüsusiyətləri” kitabında ətraflı məlumat verilmişdir: "Naxçıvan sözünün mənşəyini Naxçıvandan kənarda axtarmaq, ona müxtəlif epitetlər qoşmaq düzgün deyil. Bu sözün mənşəyini açıb-açmamağımızdan asılı olmayaraq onun etimologiyasının mənbəyi Naxçıvandadır”.
  Naxçıvan toponimi haqqında müxtəlif fikirlərin olması təbii qəbul edilməlidir. Azərbacan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix e.d., prof. Vəli Əliyev yazır: "Naxçıvan” sözünün etimoloji cəhətdən təhlili mübahisəli olub bu adın mənası haqda müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar Naxçıvanın adını qədim Nuh əfsanəsi ilə əlaqələndirirlər. Şumer mənşəli bu mifologiyaya görə, çox qədim zamanlarda ümumdünya daşqını baş vermiş, dünyanın üzərini bütövlükdə su basmışdır. Həmin vaxt Nuh peyğəmbər övladları ilə birlikdə öz gəmisində xilas olaraq, bu yerə gəlmiş, məskunlaşıb şəhər salmış və sonralar tədricən insan nəsli buradan dünyaya yayılmışdır. Odur ki, ümumdünya daşqını zamanı Nuhun quruya çıxdığı bu ilk insan məskəni onun şərəfinə Nuhçıxan adlandırılmışdır”.
  Müəllif eyni zamanda kitabda "Naxçıvan” sözünün etimologiyası ilə bağlı digər variantları da göstərmişdir. Tədqiqatçıların vahid fikrinə görə inamlar birinci növbədə toponimikada izlərini saxlayır. Əjdər Fərzəli 1989-cu ildə "Azərnəşr”  tərəfindən buraxılmış "Dədə Qorqud yurdu” kitabında Naxçıvan toponimini müqəddəs odlu, işıqlı yer kimi mənalandırmışdır. Naxçıvan torpaqlarının müqəddəsliyi  anlamında müəllifin fikirləri müəyyən dərəcədə qəbul edilə bilər. Naxçıvan torpağının peyğəmbər və böyük övliyalar vətəni olaraq müqəddəsliyi dərk ediləndir.
  Naxçıvan sözünün Nuh peyğəmbərin adı ilə əlaqələndirilən "Nəhçivan”, "Nuh-çu-an”  versiyaları diqqəti daha çox cəlb edir. Muxtar Respublikanın ərazisində Nuh-dabanı (hazırda Gəmiqayanın ətəyində xarabalıqları qalır), Nəbiyurdu, Nəhəcir (Nuhəcir), Nügədih (Nuhgədiyi), Nehrəm (Nuhram), Yamxana (Yəmxana) kəndlərinin olması da Naxçıvan sözünün Nuhun adı ilə bağlı yaranması haqqında fikir söyləməyə əsas verir. Bu qədər  yer adının tərkibində Nuh komponentinin olması təsadüfi hal ola bilməz.
  Qu­ra­ni Kə­ri­min "Nuh” su­rə­si­nin 1, 2, 3-cü ayə­lə­ri­nə nə­zər ye­ti­rək: 
  1. Hə­qi­qə­tən, biz Nu­hu "Qövmünə şid­dət­li bir əzab gəl­mə­miş­dən əv­vəl on­la­rı (Al­la­hın əza­bı ilə) qor­xut!” – deyə öz tay­fa­sı­na peyğ­əm­bər gön­­dər­dik. 
  2. O de­di: "Ey qövmüm! Hə­qi­qə­tən mən si­zi (Al­la­hın əza­bı ilə) açıq-aş­kar qor­xu­dan bir peyğ­əm­bə­rəm!”.
  3. Al­la­ha iba­dət edin. On­dan qor­xun və mə­nə də ita­ət edin. 
  Göründüyü kimi, Nuh peyğəmbərin qövmü iki yerə bölünmüşdü: inananlar və inanmayanlar. İnananlar Nuh peyğəmbərin gəmisinə minərək cənabi-Allahın mərhəməti sayəsində tufandan, selin-suyun bəlalarından hifz olunmuş, başlarının üzərində ayı bir nur, günəşi bir çıraq edən Böyük Yaradanın tufandan sonra onlara bəxş etdiyi gur sulu çayları, bağça-bağları olan münbit və abad torpaqlarda yeni yaşayış məskənləri salmışlar. Belə yerlərdən biri indiki Naxçıvan MR-in ərazisidir. Fikrimizi əsaslandırmaq məqsədi ilə Naxçıvanın Nehrəm və Nəhəcir kənd adlarının açılışına nəzər salaq: 
  Nehrəm toponimi iki komponentdən ibarətdir: Neh-rəm. Sözün birinci komponentinin ayrılıqda mənası yoxdur. Ancaq Nuh-rəm // Nuh-ram sözünün birinci tərəfi Nuh peyğəmbərin adını bildirir, ikinci tərəfi isə ram olmaq, tabe olmaq, itaət etmək deməkdir. Nuhram Nuha tabe olanlar, itaət edənlər anlamında  Qurani-Kərimin "Nuh" surəsinin üçüncü ayəsini tamamlayır. Eyni zamanda qeyd etmək lazımdır ki, ram //rəm kimi də işlədilir. Yəni Nuhram sözünü Nührəm kimi də oxumaq mümkündür. Belə olduqda Nührəm sözünün ahəng qanuna uyğun olaraq və eyni zamanda danışıqda deformasiyalara uğrayaraq Nehrəm kimi tələffüzü və oxunması da təbii sayılmalıdır.
  Nəhəcir toponimində də  "Nəh” sözünün heç bir məna ifadə etmədiyini, "əcir” sözünün isə mükafatlandırmaq, qiymətləndirmək, nəzərə almaq mənalarında işlədildiyini görürük. Yaxını vəfat etmiş adama "Allah əcir versin” deyildiyinin dəfələrlə şahidi olmuşuq. Bu prizmadan yanaşdıqda Nəhəcir toponiminin Nuh-əcir olması qənaətimizcə inandırıcıdır və Nuhun bir peyğəmbər kimi əcir verməsi anlamında başa düşüləndir. Sadəcə olaraq uzun illər ərzində Nuhəcir sözü ahəng qanununa uyğunlaşaraq səs dəyişməsi hadisəsinə məruz qalmışdır. 
  Eyni zamanda qeyd etmək lazımdır ki, Həzrəti-Nuh Araz ətrafı yerlərlə əlaqəli olduğundandır ki, onun adı ilə bu yerlərdə çoxlu əfsanə və rəvayətlər dolaşır. 
Gəmiqaya yazılarının içərisində Ə.Fərzəli "Tanqrı”// "Tanrı”, "Ana”, "Asar”// "Açar” sözlərini oxumuş və açılışını vermişdir. Gəmiqaya yazılarının Şumer yazıları ilə üst-üstə düşməsi, türk dilində oxunması Həzrəti-Nuhun özünün və ya ətrafındakı inananların türk dilli olduğuna dəlalət edir. Araz boyunca türklərin məskunlaşma yaşı da Nuh tufanın yaşı qədərdir. Hətta 1918-ci ildə Naxçıvanda Araz-türk Respublikası yaradılması da təsadüfi hal sayıla bilməz. Məhz Araz camaatı, məhz Araz ölkəsi bu yerdə Nuh tufanından sonra məskunlaşan Nuh tərəfdarlarının genlərində kodlaşdırılmış ilahi qüdrətin təlqini nəticəsində təcəssüm edən baxışlar kompleksinin məcmusudur. 
 
 

  Araz çayı ilahi tərəfindən yaradılan cənnət çayıdır. Filologiya elmləri namizədi, mərhum Ə.Hüseyninin "Sovet Naxçıvanı” qəzetinin 30 yanvar 1986-cı il tarixli 25 saylı nömrəsində çap edilmiş "Xalqımızın mənlik heykəli” adlı məqaləsində oxuyuruq: "Gəmiqayada” yer xəritələri, hər hansı bir sahə, ölkə, çay və ayrıca Araz çayının xəritəsi müşahidə edilir. Biz həmin xəritənin yanında qədim run hərfləri ilə Arazın qədim adlarından "Oğuz” sözünü oxuya bildik". 
  Bu müqəddəs çay haqqında Yaqut əl-Həməvi yazırdı: "Ər-Rəss möcüzəli çaydır, burada çoxlu müxtəlif növ balıqlar üzür. Təsdiq edirlər ki, hər ay burada əvvəllər olmamış yeni balıq növləri peyda olur. "Sürməhi” növlü balıq ancaq bu çayda ildə bir dəfə müəyyən bir vaxtda peyda olur”.
  Araz camaatından Nuh peyğəmbərə inanan, ona itaət edən, Nuhun soyundan olanlar tufandan sonra yenidən Araz çayı ətrafında məskunlaşmış indiki Araz əhlinin ulu əcdadları sayılır. Yaradanın mərhəməti müqabilində uca, ari, ali, bol sulu müqəddəs Araz çayının əhalisi indi də onun nemətlərindən faydalanır. Mənfur, iyrənc xislətli ermənilər tərəfindən Araz çayına küfr olaraq nə qədər çirkab axıdılsa da Arazın nemətləri tükənmir, çoxlu balıq növləri onun ətrafında yaşayan azərbaycanlıların ehtiyacı üçün Tanrı tərəfindən qorunub saxlanan nemətdir. 
  Xalq yaradıcılığında, folklor nümunələrində də Araz mövzusu yetərincə işlənmişdir. Araza müraciət, Arazdan kömək diləmək, batindən gələn ilahi təlqinlər vasitəsilə səadət axtarışı, səyyahların kəhkəşanları izləməklə məğribdən məşriqə istiqaməti müəyyənləşdirməsi qədər müdhişdir.
 
  Araz, Araz, xan Araz!
  Can sə­nə qur­ban Araz.
  Ürəyi­min dər­di­nin
  Məl­hə­mi­sən, sən Araz!
 
  Naxçıvanın ağır durumunda məhz Araz-türk Respublikası yaradılması da batini elmin Araz əhlinə diktəsi kompleksinin hissəciklərini təşkil edən vahidin öyrənilməsində bugünkü elmin imkanları məhduddur. Bununla belə batinimizdə olan duyğunun, içimizdən gələn səsin təlqini Araz əhlinin Nuh peyğəmbərin ardınca gedən, ona itaət edən, onun dini və inancını qəbul edən hissəsinin bu ərazilərdə, Araz ətrafı yerlərdə mövcudluğu və bu irsin mənəvi daşıyıcıları olduğundan xəbər verir. Bu kontekstdə apardığımız araşdırmaların ilkin mənbəyi şifahi xalq ədəbiyyatından qaynaqlanır. Ağız ədəbiyyatı, rəvayət və əfsanələr, şeir parçaları və bayatılar, atalar sözləri və məsəllər min illərin izini saxlayan, olub keçənləri nəsildən-nəslə ötürən mənəviyyat bağlarının insan genlərində kodlaşdırılmış sistemin mikrohissəciklərinin bəlkə də inikasıdır. Əcdadlarımızın sorağının şəkillər, həndəsi fiqurlar, qayaüstü rəsmlər, piktroqrafik yazılarla birlikdə ağız ədəbiyyatında kompleks şəkildə öyrənilməsi daha əhəmiyyətli, daha vacibdir. 
  Şifahi xalq ədəbiyyatından gətirdiyimiz seçmələr göstərir ki, Araz ətrafı ərazilərdə Nuhun izləri təkcə yazılı daşlarda, toponimlərdə deyil, həm də folklor nümunələrində bu gün də yaşamaqdadır:
 
  Bur­da ya­tan Nu­hu­du.
  Ni­şa­nə­si ço­xu­du.
  Kitab  ya­zan ki­şi­lər
  Bəl­kə gəl­di oxu­du.
 
  Bundan başqa bu ərazidə yaranmış çoxlu atalar sözləri və məsəllər də vardır ki, bunlar da Nuh peyğəmbərin adı ilə bağlıdır. Məsələn: Nuh Nəbidən qalıbdır, Nuh əyyamından qalıbdır, Nuh Nəbini taxtda görüb, Nuhdan qalma məsəldir, Nuh Nəbini taxtda görüb, Süleymanı qundaqda və s. Bütün Gəmiqaya ətrafında yaşayan kəndlərin əhalisinin dilində əzbər olan bu sayaq folklor nümunələrinin hamısının tarixi kökləri vardır.
 
 

  XX əsrin əvvəllərində Naxçıvanda yaşayıb yaratmış realist rəssam Bəhruz Kəngərli (1892-1922) "Nuhun qəbri” adlı bir tablo çəkmişdir. Bu, bir daha Nuhun bu torpaqda yaşaması, bu torpağın ululuğu, ilk yaşayış məskənlərindən biri olması haqqında mülahizələrimizin doğruluğunu şərtləndirir. 1926-1927-ci illərdə Naxçıvana elmi ekspedisiyaya gələn Azərbaycan Elmlər Akademiyasının işçisi Sisoyev də Nuhun qəbrinin Naxçıvanda olması haqqında fikir söyləmiş, Nuha məxsus abidənin fotoşəklini çəkərək hesabatına daxil etmişdir. 
  Bütün bu sadalananlar Nuhun əfsanəvi bir qəhrəman deyil, həqiqi bir peyğəmbər olaraq Naxçıvan ərazisində mövcud olması amilinin gerçəkliyi haqqında fikir yürütməyə imkan yaradır. Fərəhli haldır ki, tarixi faktları müfəssəl şəkildə araşdıraraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun şəxsi təşəbbüsü və qayğısı ilə Nuh peyğəmbərin məqbərəsi elmi şəkildə bərpa edilmişdir. Hazırda abidə ikinci və əbədi ömrünü yaşamaqdadır. 
  Beləliklə, Naxçıvanın Nuhçuvan variantına və bununla əlaqədar olaraq dilimizdə "ban”, "van” arxaikləşmiş sözdüzəldici şəkilçilərinin daha çox yer mənasında işlədilməsinə nəzər yetirək.
  Qeyd etmək lazımdır ki, Z.İ.Yampolskinin Azərbaycan SSR Elmlər Akademiyasının "Xəbərləri”ndə (ictimai elmlər seriyası, 1961) dərc edilən "Naxçıvan adında "van” sözünün əhəmiyyəti haqqında” adlı məqaləsində bu haqda geniş məlumat verilmiş, sözün qədim gürcü, erməni, fars dillərində olduğu kimi, Azərbaycan dilində də "yer-məskən” mənasında işlədilməsi göstərilmişdir.
  Bütövlükdə "ban”, "van” sözdüzəldici şəkilçilərinin Azərbaycan dilində işlədilməsi yeri haqqında ciddi araşdırmalar aparılmasa da, bu şəkilçilərin yer mənasında işlədilməsinə "Kitabi Dədə-Qorqud” dastanlarında da rast gəlirik. Məsələn, Ağban, Ağvan, Altun-ban, Sayvan, Qaytaban və s. 
  Naxçıvan sözünün sonunda olan "van” şəkilçisi də sözdüzəldici şəkilçi olub yer mənasını ifadə edir. Dilimizdə iki və daha artıq sözdüzəldici şəkilçinin artırılması vasitəsilə yeni sözlərin düzəldilməsi qaydaları öyrənilmişdir. Məs: Yaz-yazı-yazıçı-yazıçılıq. Nax-çı-van//Nuh-çu-van sözü də həmin qəbildəndir. Nuhçuvan, Nəhçivan (Cənubi azərbaycanlılar indi də həmişə Nəhçivan deyirlər) nuhçuların olduğu yer anlamına gəlir. Nuhçuvan tədricən dilimizdə səs dəyişmə hadisəsinə uğrayaraq Nəhçivan // Naxçıvana çevrilmişdir. 
  Digər bir variant isə "van” şəkilçisinin cəm şəkilçisi olan an-la əlaqələndirilməsidir. Məs: pilləkan sözünə nəzər salaq; pillə sözü təklik, vahidlik bildirdiyi halda pillə-k-an çoxlu pillə, pillələr mənasındadır. Pillə sözünün sonu saitlə bitdiyindən "an” şəkilçisini əlavə etmək üçün ortaya samit gətirmək lazım gəlir; pillə-k-an. Baş verən hadisə səsartımı adlanaraq Azərbaycan dilində hadisə kimi qəbul edilir. Nümunə göstərir ki, "an” şəkilçisi bu tipli sözlərdə həm cəm şəkilçisi, həm də yer mənalarını ifadə edir. Nuhçu-van sözünə bu baxımdan yanaşdıqda Nuhçuvanın-nuhçuların yaşadığı, məskunlaşdığı yer mənasında işləndiyini qəbul etmək də olar. 
  Axırıncı səmavi və ən müqəddəs kitab olan Qurani-Kərimdə adı çəkilən Əshabi-Kəhf abidəsindən başlamış, Əlincə qalası, Oğlanqala, Babək qalası, Fəhrad qalası, Möminə xatun, Yusif ibn Küseyir, Qarabağlar, Gülüstan türbələri, Şərur, Babək, Culfa, Şahbuz rayonlarında olan yüzlərlə məscid, imamzadə, körpü, qalalar ulu babalarımızın Naxçıvan ərazisində bizə yadigar qoyduqları əbədi abidələrdir. 
  Qeyd etməliyik ki, Naxçıvan diyarının elə bir yaşayış məskəni tapılmaz ki, orada müqəddəs ocaq, pir və ya məbəd olmasın. Naxçıvan diyarı bütövlükdə müqəddəs yerdir. 
 
 

  Naxçıvan diyarı bu gün özünün renessans dövrünü yaşayır. Naxçıvan MR Ali Məclisinin sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan yenidən qurulur, yaradılır və gözəlləşdirilir. Naxçıvan şəhəri Azərbaycanın ən gözəl şəhərinə çevrilmişdir. Muxtar Respublikanın bütün rayonlarında böyük quruculuq işləri aparılır, dünya standartlarına cavab verən, müasir üslubda məktəblər tikilir, istehsalat sahələri yaradılır, kənd təsərrüfatının inkişafına xüsusi önəm verilir, əhalinin maddi-rifahı gün-gündən daha da yaxşılaşır. 
  Naxçıvan ocaqları Allah tərəfindən yandırılmış, Şərqin qapısında əzəmətlə dayanan müqəddəs bir yurddur. İnanırıq ki, bu yurdun işıqları heç vaxt sönməyəcəkdir. 
  Naxçıvanım!
  Ulu yurdum, ana Vətən, 
  Min illərin o üzündən 
  Bu üzünə keçib gələn
  Haqq yolusan. 
  Çalın-çarpaz sinəsindən 
  Qan püskürən,
  Əldə qılınc 
  Hərb meydanın
  Tərk etməyən çəngavər tək
  Bir igidlik simvolusan!
  Nuh babamın yadigarı,
  Nuhçuansan!
  Qapıcığın zirvəsində günəşlənən,
  Gəmiqaya daşlarına
  Həkk olunmuş yazısıyla
  Tarixini bu dünyaya
  Diktə edən bir məkansan.
  Xan Arazın sahilində
  Dayanmısan igid, məğrur.
  İnandağın zirvəsindən
  Şimşək çaxır, alov qalxır.
  Qayaların qala-qala,
  Səngər-Səngər.
  Yağıların qarşısında
  Sinə gərər.
  Min illərdir Arslanların,
  Ruhu burda keşik çəkir.
  Günəş qızıl dırnağıyla
  Yer şumlayır, tarla əkİr.
  Qara çoban sürülərin 
  Yaylaqlara qaldırıbdı.
  Salur Qazan təbil, 
  Şeypur çaldırıbdı.
  İgidlərin ayaq üstə,
  At üstədir. 
  Qarşı dağdan Səslər gəlir 
  Bir naqolay not üstədir. 
  Naxçıvanım, qarı düşmən 
  Qarşısında mərd dayan, dur!
  Sənə yağan böhtan dolu 
  Hədyanları dayandır!
  Oğuz elli, türk ellisən.
  Oğuz dilli, türk dillisən
  Qopuzunla bir çəngi çal,
  Bu dünyaya vəlvələ sal.
  Naxçıvanım, 
  Türk elisən, Haqq yolusan
  Sən azadlıq simvolusan!