Biz imzaları yox, əsərləri dərc edirik...

Natura – Kamran İmranoğlunun hekayəsi
1531
22 Dekabr 2017, 14:42
 Artkaspi.az Kamran İmranoğlunun "Natura" adlı hekayəsini təqdim edir:   

 
 
 – Əmi, ehtiyatlı ol! Birdən sürüşüb yıxılarsan! 
 – Gəl, əmi, gəl! Hər şey yaxşı olacaq. Bizdən narazı qalmayacaqsan?
 – Əmi, başına dönüm, sən necə də mənim atama oxşayırsan. Vallah, deyəsən, bir-birimizdən xəbərimiz yoxdur. 
 Bu sözləri arıq, ucaboy, bir az da omuzları əyilmiş qocanı çox böyük maraqla müşayiət edən tələbə qızlar söyləyirdilər. Qoca da qızlara tam təslim olmuş şəkildə və onların əhatəsində səssizcə və ağır addımlarla irəliləyirdi. Bu, kənardan diqqətlə baxan adamlar üçün qızların sanki dustaq aparmaq mənzərəsini yaradırdı. Həm də fikirləri bir-birinə dolaşmış qızlar qışın son ayı olduğuna görə qocanın qəfildən sürüşməsindən ehtiyat edirdilər. İşdi-şayəd belə bir hadisə baş versəydi, qoca sürüşüb yıxılsaydı, onun qolunun, qıçının sınması bir tərəfə qalsın, tələbə qızların bu il təhsillərini başa vurmaq arzuları da özlərinin dediyi kimi, yarımçıq qala bilərdi. 
 Yenə qızlardan birinin səsi ucaldı:
 – Bax, əmi, elə bil oturmuşdun o bağdakı çayçının bir tərəfində. Onsuz da hər gün oturursan da! Həmişəki kimi bütün günü çay içəcəkdin, ona-buna baxacaqdın. Çayçıya gəlib gedənlərin hamısını da bir-bir tanıyırsan. Bəs sonra? Sonra da həmişəki kimi qaranlıq düşəndə durub evinizə gedəcəkdin. Amma burada sənin üçün bilirsən necə maraqlı olacaq? Əgər istəsən, sənə indeyski çay da verərik, bilmirəm, çayçıda sizə indeyski çay verirlər, ya yox?! Hələ şokoladımız da var, pirojnamız da var!
 – Hmmm! – qoca bundan başqa heç nə demədi. Bircə məsələ aydın idi ki, o, könüllü-könülsüz özünü bu qızların ixtiyarına vermişdi. 
Yenə qızlardan biri gülümsəyə-gülümsəyə dilləndi:
 – Əmi, xəbərin var, sən pul da alacaqsan. Ondan bizə də pay versən, lap ürəyimizcə olar, biz də adam kimi pul xərcləyərik, deyərik öz qazancımızdır, daha dədəmizin göndərdiyi qəpik-quruş deyil. Axı, sənin üçün bu işi biz təşkil edirik. Həm də indi faiz almaq dəbdədir. Əgər razılaşsaq, sən əməlli-başlı iş yeri də qazanmış olursan. 
O biri qızlar da heç ağıllarına gəlməyən bu sözlərə qəhqəhə çəkib ürəkdən güldülər və onların şaqraq gülüş səsləri xeyli davam etdi. Hələ onu da deyim ki, onlar bu arada gizli şəkildə bir-birlərinə bic-bic göz də vururdular. 
 Qız qocadan heç bir cavabın gəlmədiyini görüb yenə ucadan dilləndi: 
 – Hə, əmi, razılaşdıq?
 – Hmmm! – qoca bu dəfə gözlərini azca bərəldib bir növ təəccüb qarışıq razılığını bildirdi. Daha heç nə demədi. Amma faiz məsələsinin zarafat olduğunu tam əminliklə bilən qocanın pul alacağı xəbəri onu dağa aparıb arana gətirdi. Əslində qocanın bütün qışı, yayı parkdakı çayçının bir tərəfində tək-tənha büzüşüb oturması pulsuzluq əlaməti idi. O, hər gün buraya gəlirdi və həmişə olduğu kimi eyni stulda otururdu. Çayxananı işlədənlər də, çayxanaya gələnlər də – hamı onu yaxşı tanıyırdı. Uzun illər idi ki, burada qocanı yola verirdilər. Xətrinə dəymirdilər, "gözün üstə qaşın var” demirdilər. Hamı onu çox abırlı adam kimi tanıyırdı. Əslində də, elə beləydi.
 Çay dursun bir tərəfə, qoca çörəyini də burada yeyirdi. Çayxananın müdiri tapşırmışdı ki, müştərilərin qabağından qayıdan təmiz yeməkləri heç yerə atmasınlar, buraya gələn kasıb-kusuba versinlər. Hətta Allahdan gizlin deyil, bəndədən nə gizlin; bu yeməklərdən çayxanada işləyən cavan xidmətçilər də yeyirdilər. İndi qızlardan biri deyəndə ki, "sən pul da alacaqsan”, onda qocanın sevinməyi bir tərəfə qalsın, gözləri bir az da dumanlandı. Qoca bir anda arvadının ölümünü xatırladı.
 Kollecin qabağına çatdılar. Düzü, parkdan kollecə qədər olan məsafə o qədər də çox deyildi. Saata baxsan, cəmisi 3-5 dəqiqəlik yoldu. Amma qış olduğuna görə bu yola xeyli vaxt sərf etdilər. Əvvəlcə qızlardan biri, sonra qoca, daha sonra isə digər qızlar növbə ilə içəriyə daxil oldular. Onları qapının ağzında dimdik dayanan təsərrüfat müdiri qarşıladı. Təsərrüfat müdiri içəriyə daxil olan qızlara qətiyyən fikir vermədən nəzərlərini qocaya dikdi və qocanı həm yuxarıdan aşağı, həm də aşağıdan yuxarı diqqətlə süzüb özünəməxsus qalın səslə dedi:
 – Bu kişini haradansa tanıyıram. 
 Sonra da qocanın düz gözlərinin içinə baxıb soruşdu:
 – Bəydadaş, hansı rayondansan?
 Qocanın cavabı bu oldu:
 – Hmmm!
 Qızlar çaş-baş qaldılar. Vəziyyətin qəlizləşəcəyindən bir az da qorxuya düşdülər. Qocanın qolundan tutub irəli getmək istəyirdilər ki, təsərrüfat müdiri yenə soruşdu:
 – Mən səni hardan tanıyıram?
 – Hmmm! 
 Qızlar dinməz-söyləməz yenə qocanı kollecin içərisinə doğru aparmağa çalışsalar da, bu, mümkün deyildi, çünki təsərrüfat müdiri düz qoca ilə üzbəüz dayanmışdı. Qocanın danışmadığını görən təsərrüfat müdiri bu dəfə üzünü turşudaraq qızlara tərəf dönüb dedi: 
 – A bala, bu ki laldır, bunu haradan tutub gətiribsiniz? Bu böyüklükdə şəhərdə bir normal adam tapa bilmədiniz? Bizim kənddəki Ələsgərin tayıdır. O, sizin nəyinizə lazım olacaq?
Qızlardan biri fikri yayındırmaq və araya söz qatmaq bəhanəsi ilə tez dilləndi:
 – Qardaşımın tanışıdır. 
 Həmin qız bir də ona görə tez-tələsik bunu dedi ki, qardaşı ilə təsərrüfat müdiri bu qız kollecə qəbul olan ildən tanış idilər. Düşündü ki, təsərrüfat müdiri qardaşının adını eşitsə, bu həngamədən canları qurtarar.
Doğrudan da, qocanı qızın həmin çayxanaya gedib-gələn qardaşı nişan vermişdi. Qardaşı da öz tələbə yoldaşları ilə domino oynamaq üçün parkdakı çayxanaya tez-tez gələrmiş. O, bacısının söhbətlərini bir neçə dəfə dinlədikdən sonra bu qərara gəlmiş, qocanı bir təhər razı salmış, bacısı da rəfiqələri ilə birgə gedib qocanı tapmış və iş də, deyəsən, alınmışdı. Amma təsərrüfat müdirinin başıpozuq cümlələri hər şeyi korlaya bilərdi. 
 Qızın qardaşını xatırlatması, doğrudan da, işin xeyrinə oldu. Təsərrüfat müdiri sus-pus dayandı. Bu sükutdan istifadə edən qızlar bir göz qırpımında tez-tələsik qocanın qolundan tutub oradan uzaqlaşdılar. Yenə də arxadan təsərrüfat müdirinin səsi eşidildi, amma bu səs çox həlim bir səs idi:
 – Kassir deyir ki, narahat olmasınlar, gəlib pulunu ödəyəcəyəm. 
Qızlar qoca ilə birlikdə geniş bir otağa daxil oldular. Bura rəssam tələbələrin təcrübə otağı idi. 

 
 
 
  Qızlar kollecin axırıncı kursunda oxuyurdular. Kolleci qurtarmaq üçün hər tələbə diplom işi yerinə yetirməli idi. Qızlara da bir qocanı naturadan çəkmək mövzusu verilmişdi. Amma mövzular qətiyyən üst-üstə düşmürdü. Onlardan biri qocanı paltoda, yəni qış geyimində, ikincisi pencəkdə, yəni yaz və yaxud payız geyimində, üçüncüsü köynəkdə, yəni yay geyimində, dördüncüsü isə çılpaq çəkməli idi.
 Qızlar qocanı hələlik divanda oturtdular. Yolda söz verdikləri kimi çay hazırlamağa başladılar. Onlar çay qaynayana qədər çantalarını açıb qocanın oturduğu divanın qarşısındakı mizin üstünü şirniyyatla doldurdular. Çalışırdılar ki, qocanın rahatlığını təmin etsinlər və qoca onlardan razı qalsın. Amma qoca hələ də paltosunu soyunmurdu və qızlar da bunu təkid etmirdilər. Onsuz da bilirdilər ki, təcrübə otağı həmişə isti olur və qocanın da gec-tez paltosunu soyunacağına əmin idilər.
 Elə belə də oldu. Qızlar çay gətirəndə qoca ayağa qalxıb paltosunu çıxardı və qızlardan biri onun paltosunu alıb səliqə ilə divanın bir küncünə qoydu. Bu zaman qızların elmi rəhbəri olan müəllim də təcrübə otağına daxil oldu. Əslində, hazırlıq işi qurtarandan sonra qızlardan biri gedib müəllimi çağıracaqdı. Amma müəllimin gəlişinə də təsadüf kimi baxmaq olmaz. Görünür, ya təsərrüfat müdiri demiş, ya da kollecə yayılan səs-sədadan xəbər tutmuşdu. Qızlardan heç biri cəsarət edib bunu ondan soruşmadılar. Əlavə söz-söhbətə ehtiyac da yox idi. Əsas məsələ bu idi ki, axtarılan qoca tapılmış, qızlar öz diplom işlərini uğurla başa çatdırıb kolleci qurtara bilərlər.
Müəllim bir an ayaq saxlayıb diqqətlə baxdı və sonra da qızlara tərəf çevrilib dedi:
 – Afərin, qızlar! Məsələnin 80 faizini həll etmisiniz. 
 Sonra yenə qocaya tərəf döndü:
 – A kişi, sən haralısan!
 – Hmmm!
 – Sən məni görmüsən?
 – Hmmm!
 Təsərrüfat müdirinin dediyini müəllim də dedi:
 – A bala, bu ki laldır. Onunla nə təhər yola gedəcəksiniz. 
 Qızlardan biri gözlənilmədən cavab verdi:
 – Müəllim, elə bizə belə adam lazımdır. Yoxsa keçən ilin uşaqları birini tapıb gətirmişdilər, o da dil boğaza qoymayıb uşaqların zəhləsini tökürdü. 
Bir az fasilə yarandı. Sonra müəllim sağ ayağının ucunu qocanın oturacağı stulun qarşısındakı yerə döyəcləyib dedi:
 – Bax, bu yer əsas yerdir. Növbə ilə burada dayanıb öz işinizi görəcəksiniz. Hərəniz üçün 15-20 dəqiqə bəsdir. Qalanını aparıb evdə işləyərsiniz. Kənar tərəfdə duranlar da özləri üçün çəksələr yaxşı olar. Yəni bu, bir-birinizə köməkdir. 
 Müəllim yenə qocaya tərəf döndü, "sağ ol!” mənasında sağ əlini yuxarı qaldırıb hərəkət elətdirdi və təcrübə otağından çıxdı. Qoca da elə bil rahat nəfəs aldı, çünki o, hər gün oturduğu çayxanada gördüyü müəllimi yaxşı tanıyırdı. 
 Müəllim təcrübə otağından çıxandan sonra qızlar dərindən nəfəs aldılar və yenə qocanı əzizləməyə başladılar. Onu ədəb-ərkanla oturacağı stulun qarşısına gətirdilər və paltosunu geyindirib yavaşca stulda oturtdular. Stul yumşaq və çox rahat idi. Qocanı qış geyimində çəkmək istəyən qız ona daha diqqətlə baxmağa başladı. Hətta qocanın yanına gəlib nimdaş paltosunun yaxalığını yuxarıdan aşağı, aşağıdan yuxarı ütü ütüləyən kimi əli ilə xeyli sığalladı. İki addım da geri çəkildi və qəfildən dedi:
 – Hökmən kişinin boynunda şərf olmalıdır. Eyni zamanda şərf papaq və paltoya uyğun gəlməlidir. 
Qızlardan biri dedi ki, lap çoxdan şkafda qəşəng bir şərf görmüşəm, baxım görüm oradadırsa, bu dəqiqə gətirərəm. Qız şərfi tapıb gətirdi, onu paltonun altından qocanın boynuna doladılar. Heç gözləmədikləri halda, şərf daha qabarıq formada göründü. Qocanı qış geyimində çəkmək istəyən qız şərfin yaratdığı cazibədən xeyli məmnun qaldı. Qızlar geri çəkilib planşetlərinin arxasına keçdilər və qocanın oturacağı stulun qarşısında öz yerlərini tutdular. İndi tələbə qızlar kimdənsə intervü götürən jurnalistlərə oxşayırdılar.
 Birinci çəkiliş o qədər də çox çəkmədi. Təxminən 15-20 dəqiqədən sonra ortada dayanan qız əlini yuxarı qaldırıb "bravo” dedi. Bu, şəklin çəkilib qurtarmasına işarə idi, həm də onun yaxşı alındığını bildirirdi.
 Qızlar vatman kağızlarını dəyişməyə başladılar. Mərkəzi yeri sanki saçını bu dəqiqə kosmetik salonda düzəltdirib gəlmiş başqa bir qız tutdu. O, qocanı yaz, yaxud payız geyimində çəkməli idi. Qız qocaya yaxınlaşıb əvvəlcə onun şapkasını başından çıxardı. Sonra da o biri qızlarla köməkləşib şərfini açdılar və paltosunu soyundurdular. Qoca qarşısındakı qızların bu hərəkətinə heç bir söz demədi, doğrudan da, elə bil lal idi. Bilmək olmurdu ki, bu işdən razıdır, yoxsa narazı.
 Şapkasını, şərfini və paltosunu soyunandan sonra qoca yenidən stulda oturdu. Qocanı çəkəcək əsas tələbə qız ona diqqətlə baxmağa başladı. Nimdaş pencəyi, nimdaş şalvarı və pencəyinin açıq düymələri boyu görünən göy rəngli köynəyi vardı. Qız irəli yeriyib pencəyin qabaq düymələrini düymələdi. Bir-iki addım geriyə atıb qocaya diqqətlə baxdı. Qızlardan biri dilləndi ki, yox, əvvəlki variant yaxşıdır. Qocanı çəkəcək əsas tələbə qız da o dəqiqə razılaşdı. Əvvəlki varianta qayıtdılar, qocanın pencəyinin düymələrini açdılar.
Bu çəkiliş də o qədər çox çəkmədi. Tələbə qız sağ əlini göyə qaldırıb "bravo” dedi. 
Üçüncü çəkilişdən əvvəl qızlar çay hazırladılar. Bir böyük stəkana çay süzüb divanın yanındakı mizin üstünə qoydular. Artıq qoca divanda əyləşmişdi. O, çayı isti-isti içməyə başladı. Elə bil ürəyi yanırdı. Qocanın dili açıldı:
 – Ay atanıza rəhmət! Bu çayı səhərdən verin, içim də. Ciyərim paralanırdı. 
 Qızlar da qımışa-qımışa səs-səsə verib ucadan dedilər ki, sən nə vaxt çay istədin, biz vermədik? 
Xülasə, üçüncü çəkilişdə əvvəlki iki qız təcrübə otağından çıxıb getdilər. Həm də müəllim tapşırsa da, sonrakı məqamların çəkilməyinin bu qızlara heç bir aidiyyatı yox idi. 
 Üçüncü çəkiliş də çox tez və rahat qurtardı. Qocanı bir köynək və şalvarda çəkən qız da harayasa çıxıb getdi. Təcrübə otağında bir qoca qaldı, bir də tələbə rəssam Vəfa.
 – Hə, başlayaq? – bu sözləri qoca dedi. Yəqin darıxırdı, bəlkə də, pul almağa tələsirdi. Yox, bu, daha çox darıxmaq əlaməti idi. Bəlkə də, pul heç onun yadına düşmürdü.
 – Başlayaq, əmi! – bu sözləri də Vəfa dedi. Sonra da əlavə etdi ki, bəs keçib stulda əyləşsin.
 Qoca ağır addımlarla hərəkət edib stula yaxınlaşdı, oturdu və üzünü qıza tərəf tutub dedi:
 – Bəs sən necə çəkəcəksən?
 – Əmi, mənimki lap asandır. Biri şərf axtarırdı, biri əli ilə pencəyini ütüləyirdi, biri köynəyini düzəldirdi. Mən səni çılpaq çəkəcəyəm.
 – Nə danışırsan, ay qızım? Mən soyunmalıyam? – qoca təəccüblə dedi.
 – Narahat olma, mən özüm səni soyunduracağam, – bunu da Vəfa söylədi.
 Bu sözlərdən sonra Vəfa qocaya yaxınlaşdı. Əli ilə əvvəlcə atasının başını sığallayan kimi qocanın başını sığalladı, sonra əllərini onun üzündə gəzdirib nəvaziş göstərdi. Nəvazişin arxasınca dili ilə əzizləməyə başladı:
 – Əmi, sən necə də nurani bir adamsan. Bax, üz-gözündən nur tökülür. Sən ömründə heç kəsə pislik eləməmisən. Bilirsən niyə? Çünki əlindən pislik gəlmir. Sən o qədər xeyirxah adamsan ki, indi sənin doğulduğun, böyüdüyün kənddə başına and içirlər. 
 Qoca dillənmirdi, şoka düşmüş adamlar kimi gözlərini Vəfanın gözlərinə dikmişdi. Bu hadisənin necə qurtaracağını özü də bilmirdi. Heç danışmaq heyində də deyildi. Ən qəribəsi bu idi ki, xəyalına da heç nə gəlmirdi.
 Vəfa yavaş-yavaş qocanın köynəyinin düymələrini açmağa başladı. Əvvəlcə yuxarıdakı, sonra da ikinci düyməni açmaq istədi. İkinci düyməni açanda qoca əlləri ilə Vəfanın əllərini tutub dedi:
 – Yox, qızım, olmaz! Mən soyunmaq istəmirəm. 
 Vəfa bu sözlərə o qədər də əhəmiyyət verməyib əllərini qocanın əlindən yavaşca sürüşdürüb çıxardı və üçüncü düyməni açmağa səy göstərdi. Qoca yenə Vəfanın əllərini tutub onun üçüncü düyməni açmasına imkan vermədi. Sonra da dedi: 
 – Yox, qızım, olmaz, ayıbdır! Sən də məni elə bu cür çək, qurtarsın getsin. 
 Vəfa bir az titrək səslə dilləndi:
 – Nə danışırsan, əmi! Elə şey olar? Mənim diplom işimin mövzusu çılpaq kişi şəklidir. Adı da elə belə olacaq: "Çılpaq kişi”.
 Vəfa bir az geri çəkilib gülümsər gözləri ilə qocaya baxıb dedi: 
 – Əmi, bilirsən qardaşım səni nə qədər tərifləyir? Hər gün mənə səndən danışır. Deyir ki, o qədər sadə insandır, adam ondan nümunə götürmək istəyir. Bir də sən mənim atama oxşayırsan. Üz, qaş, göz, alın – hamısı atamda necədir, səndə də elədir. Amma o, üç il olar ki, rəhmətə gedib. Lap istəsən səni əmimlə tanış edərəm. Çox söhbətcil adamdır. Sən də hərdən bizə gələrsən, əmim də çayxanaya gələr. Dostlaşarsınız. Ona da yaxşı olar, sənə də. 
 Vəfa bu sözləri deyə-deyə qocaya yaxınlaşdı. Ədəb-ərkanla o biri düymələri açmağa başladı. Qoca qızın atasının rəhmətə getdiyini eşidib xeyli sakitləşmişdi, heç nə demirdi. Amma gözləri Vəfada idi. 
Vəfa bütün düymələri açıb qurtardı. Qocanın qollarını qaldırıb köynəyi tamam çıxardı və divanın üzərinə qoydu. Hər şeyin qaydasında olduğunu düşünən Vəfa fürsəti fövtə verməmək üçün cəld geri qayıtdı. Yavaşca əl aparıb qocanın alt köynəyini çıxarmaq istədi və dedi:
 – Narahat olma, əmi! Otaq istidir. Xəstələnməyəcəksən. 
 Vəfa bu sözləri deyə-deyə qocanın alt köynəyini yuxarı qaldırmaq istəyirdi ki, qoca bərk-bərk onun əlindən tutdu:
 – Yox, qızım, olmaz!
 – Nə danışırsan, əmi! Beş-on dəqiqəyə çəkib qurtaracağam, narahat olma! 
 – Yox, qızım, qəti olmaz!
 – Axı niyə olmur ki, əmi!
 – Bilirsən, qızım, birincisi, sən mənim qızım yerindəsən, ona görə olmaz.
Vəfa fürsəti ötürməyib dedi:
 – Bəli, mən sənin qızın yerində yox, elə qızınam. Qız öz atasının qulluğunda dura bilməz?
 – Yox, qızım, ikincisi də mən arvadımla bir yerdə olanda da heç vaxt soyunmamışam. 
 Vəfa qəhqəhə çəkərək dilləndi:
 – Vay səni, əmi! Sən nə qəribə adamsan? Mən bundan sonra da səndən əl çəkməyəcəyəm. Qardaşıma deyəcəyəm ki, səni hökmən bizə qonaq gətirsin.
 Vəfa bu sözləri deyə-deyə yenə qocanın başını sığallayır, üzünü tumarlayır, üz-gözündən öpürdü. Hətta bəzən də qəşş edə-edə qocanın başını döşlərinin arasına sıxırdı. Qoca elə bil məst olmuşdu və bir də gördü ki, alt köynəyi də yoxdur. Bədəninin yuxarı hissəsi tam çılpaqdır. 
 Vəfa xeyli rahatlandı. Sonra bir az aşağı əyilib qocanın şalvarının kəmərini açmağa başladı. Bunu hiss edən qoca Vəfanın əlini o tərəfə itələyib əsəbi şəkildə dilləndi:
 – Nə edirsən, qızım?! Qətiyyən ola bilməz!
 Vəfa geri çəkilib qocanın stulunun yanında qoyulmuş və əllə taxtadan düzəldilmiş balaca bir stulda oturdu və ağlamağa başladı. Vəfa ağlaya-ağlaya deyirdi:
 – Mən neçə ildir ki, nişanlıyam. Qayınanam da deyir ki, neynirsən bu kolleci? Çıx gəl, toyunuzu edək, qurtarsın getsin. Gəlib kolxozda işləsən Şamama Həsənova kimi Sosialist Əməyi Qəhrəmanı olarsan. Rəssam olub nə edəcəksən, dünyanın gözünü çıxardacaqsan? Mən də deyirəm ki, azca qalıb, qoy diplomu müdafiə edim, gələcəyəm. İndi əgər bu iş baş tutmasa, sizi çılpaq çəkə bilməsəm, kolleci qurtara bilməyəcəyəm. Kəsilsəm də, gələn il buraya ayaq qoymağa imkan verməyəcəklər.
 Vəfa yenə hıçqırmağa başladı, elə bil barmağını kəsmişdilər. Yadına kollecdə keçirdiyi ağır günlər düşür, qardaşı ilə birgə yatmadığı gecələri xatırlayır və ağlamağa davam edirdi:
  – Əmi, mən bədbəxt bir adamam. Atam da sağ deyil ki, barı mənim qayğıma qalsın. Kolleci qurtarmasam, hamı mənə tənə ilə baxacaq. Niyə bu dünyanın bütün dərdi-səri mənim üstümə tökülməlidi? Əmi, bircə anlıq təsəvvür elə ki, mən elə sənin qızınam. Bəs ata öz qızına kömək eləməz?
 Vəfa bu sözləri deyib ağlaya-ağlaya əlləri ilə üzünü örtdü. Elə bir dünya başına fırlandı. Daha nə edəcəyi barədə heç nə düşünə bilmədi. Vəfa qəfil hiss etdi ki, qoca qurumuş əlləri ilə Vəfanın əllərini üzündən ayırmaq istəyir. Vəfa buna mane olmadı. Düşündü ki, bəlkə, üzünü bürüyən göz yaşları onu rəhmə gətirər. Elə ki qızın üzü-gözü aydınca göründü, qoca titrək səslə dedi:
 – Qızım, ağlama, mən səni başa düşürəm, gəl çək!
                                                                  
 Ankara
 21 iyul 2016