Biz imzaları yox, əsərləri dərc edirik...

Mövsüm qardaş-bacıları – Çin uşaq nağılı
2908
01 Aprel 2020, 10:24
 Artkaspi.az saytı Çin uşaq nağılı "Mövsüm qardaş-bacıları”nı təqdim edir:
 
 Bütün canlıların məskəni, qoruyucusu olan Torpaq Ana böyük mülkündə özünü tənha hiss edir, yeknəsəq həyatına rəng qatmaq istəyirdi. Onunçün bu ucsuz-bucaqsız evdə tək yaşamaq olduqca çətin idi. Tez-tez kədərlənir, özünü tənhalığın dərin və qaranlıq quyularında tapırdı. Beləcə uzun bir müddət keçdikdən sonra Göyün ondan çox-çox uzaqda yerləşən krallığına qonaq getməyə bir müddət onun yanında qalmağa qərar verir. Sarayın qapısına çatan kimi içəridən gülüş və dava-şava, gumbultu, tappıltı səsləri eşidir. Qəfildən öz səssiz və sükunətdən boğulmuş evini xatırlayır. Sarayın qapıçısından soruşur:
 - Bu nə səsdir belə?
 - Nə səsləri olacaq, mövsüm qardaş-bacılarının səs-küyüdür. Krallıqda ikisi qız, ikisi oğlan – hamısı da bir-birindən dəcəl, ərköyün dörd uşaq var. Bütün günümüz onların səs-küyünü, dava-dalaşını eşitməklə keçir.
Torpaq Ananın isə axtardığı elə məhz bu idi. Evində səs-küy, həyat simvolu istəyirdi. Odur ki, Göy Kralı ilə bir az hal-əhval tutduqdan sonra dedi:
 
 

 – Onlar deyəsən, saray əhlini əməllicə yorublar. Mən isə evimdəki sükunətdən, təklikdən bezmişəm. İcazə ver, gəlib, bir az da mənimlə yaşasınlar.
 Torpaq Ananın xətrini çox istəyən Kral bu təklifə razılıq verdi. Torpaq Anadan bir neçə gün zaman istədi və onu yola saldı. Yeni və səs-küylü qonaqlar qarşılayacağının sevinci ilə evinə qayıdan Torpaq Ana tədarük görüb, onları gözləməyə başladı. Birinci uşaqların ən balacası gəldi. Çəhrayı-ağ saçları, al yanaqları olan balaca qızcığaz dedi:
 – Mənim adım Yazdır. Göy krallığından özümlə balaca bir hədiyə gətirmişəm. 
 Yaz boğçasının ağzını açdı. Bütün Yer kürəsi təzə çiçəkləmiş budaqlar, tumurcuqlar, rəngbərəng zərif çiçəklər, oxuyan, səs-səsə verən quşlarla doldu. Torpaq Ana Yazın bu həyat dolu hədiyyəsini elə bəyəndi ki, onu yanında saxlayacağına qərar verdi. Səhəri gün ikinci qız gəlir. Onun adı isə Yay idi. İçəri girən kimi balaca bacısına:
 – İndi çəkil, bir kənarda dur. Artıq mən gəldim. Yay hədiyə boğçasının ağzını açan kimi hər yeri çiyələklərin, gilasların, şaftalının, əriyin ətri bürüdü. Torpaq Ana meyvələrin ətrindən, Yay özü ilə gətirdiyi nəhayətsiz yaşıllıqdan bihuş olmuşdu. Sonra üçüncü uşaq qapını döydü. O sapsarı saçları, solğun qırmızı yanaqları olan yumruca bir oğlan idi:
 – Salam, mənim adım Payızdır. Kəsin bu quşların səsini, bu mənasız səs-küyü mənə səssizlik lazımdır, bir qədər düşünmək istəyirəm.
 Payız gələn kimi quşları qovdu, hər yeri sarı-qızılı rəngə boyadı. Torpaq Ana ömründə bu qədər gözəl mənzərə görməmişdi. Uşaqlar gələndən səs-küy olduğu üçün bu dərin və rahatlıq verən səssizlik onun çox xoşuna gəldi. Dincəlməyə vaxt tapmamış, qapı yenə döyüldü. Dördüncü uşaq – başdan-ayağa bəyazlar içində bir oğlan bütün evin hər yanından eşidiləcək qədər gurultulu bir səslə özünü təqdim etdi:
 – Mənim adım Qışdır, mənim adım Qışdır.
 Çiçəkləri, quşları, Payızdan qalan son yarpaqları da sovurdu. Cibindən çıxardığı ağ suya yüngülcə toxundu. Hər yer insanı başqa bir dünyanın olduğuna inandıracaq qədər dəyişdi. Bu sonsuz, ağappaq görünüş Torpaq Ananı heyran etdi. Uşaqlar da Torpaq Ananın səxavətli, sonsuz, isti evini, onun bərəkətli, qayğıkeş təbiətini çox sevdilər. Heç biri geri qayıtmaq istəmirdi. Təbiətlərinə uyğun olaraq, yenə öz güclərini müdafiə etmək naminə dava-dalaşa başladılar. Aləm qarışdı. Hər şeyin altını-üstünə çevirdilər. Bu qədər qarışıqlığa öyrəşməmiş Torpaq Ana uşaqlara qəzəbləndi:
 – Qulaq asın, mənə. Ya sıra ilə bir-bir gəlib, qonaq olub, gedin, ya da ümumiyyətlə, bir də bura gəlməyin. Hamını bir yerdə evimdə görmək istəmirəm.
 Uşaqlar peşman olsalar da, Torpaq Ana qərarında qəti idi. Onlar da öz aralarında razılaşmağa məcbur oldular. Onun evində sıra ilə qalmağa razı oldular. Birinci Yaz gəldiyi üçün Ananın evindəki ilk qonaq da o oldu. O gündən sonra mövsüm qardaş-bacıların hər biri, üç ay Torpaq Ananın evində qonaq qalmağa gəldilər. 
 
 Tərcümə edən: Fərid Hüseyn