Bir qrup kino adamı Azərbaycan kinosunun inkişafı naminə "Müstəqil
Kino Platforması” təsis edib.
Bu barədə məlumat
verən rejissor Elvin Adıgözəl bildirib ki, Aygün Aslanlı, Elvin Adıgözəl, İntiqam Hacılı,
Hacı Səfərov, Səbuhi Məmmədov və digərləri – səlahiyyətli orqanlara "ölkədə
az büdcəli, müstəqil qeyri kommersiya filmləri" ilə bağlı konsepsiya
hazırlayaraq müraciətdən sonra bununla kifayətlənməmək və yerli kinomuzda ciddi
dəyişikliklərə nail olmaq üçün fəaliyyətlərini genişləndirməyə qərar verib və
bu məqsədlə də Müstəqil Kino Platforması təsis ediblər.

Müstəqil Kino Platformasının məramnaməsində deyilir: "Bu
gün dünya kino industriyası sürətlə inkişaf edir, Azərbaycan kinosu isə hələ də
qlobal kino mühitində gedən proseslərlə, ayaqlaşa bilmir. Biz hələ də kino sənayemizi
formalaşdıra bilməmişik. Məsələ ilə bağlı illərdir müzakirələr aparılsa da,
islahatla bağlı təkliflər irəli sürülsə də, prosesi dəyişəcək heç bir uğurlu nəticə
yoxdur. Bir neçə filmin dünyadakı film festivallarına çıxması, hansısa uğur
qazanması epizodik xarakter daşıyır və ölkəmizdə kinoindustriyanın
formalaşmasına, kino adamlarının hamısına bərabər şərtlər təmin edilməsinə heç
bir təsiri yoxdur. Mədəniyyət Nazirliyinin balansında olan "Nizami” Kino Mərkəzini
nəzərə almasaq, hazırda ölkəmizdə kinoteatr adına yalnız ticarət mərkəzlərində
yerləşən kinosalonlar fəaliyyət göstərir. Onların repertuarları isə çoxbüdcəli
yerli və xarici kommersiya filmlərindən ibarətdir. Bu hal həm fərqli üslubda
film çəkənlərin platformasızlığına, həm də ölkəmizdəki istedadlı prodüserlərin,
rejissorların və digər sənət adamlarının çarəsiz vəziyyətə düşməsinə səbəb
olur. Müstəqil Kino Platformasının yaradılmasında məqsəd ölkəmizdə kinonun
inkişafı istiqamətində prosesi hərəkətə gətirmək, dünya kinosu ilə ayaqlaşa biləcək
kinoindustriya yaratmaqdan ötrü gərəkli islahatların aparılmasına nail
olmaqdır. Müstəqil Kino Platforması - ölkəmizdə normal kino industriyasının
olması, qeyri kommersiya filmlərinin istehsalı anlayışının ortaya çıxması, kino
sahəsində çalışanların müstəqil, maneəsiz şəkildə fəaliyyət göstərməsi, təkcə
kütləvi tamaşaçıya ünvanlanmayan, eyni zamanda Azərbaycan kinematoqrafiyasına
töhfə verəcək filmlərin çəkilməsi və bilet satışları təmin edilməklə
kinoteatrda göstərilməsi üçün çalışan, kinomuzun, sözün əsl mənasında,
inkişafına xidmət edən konsepesiyaları dəstəkləyən bir qrup müstəqil
kinematoqrafçı tərəfindən təsis olunub. Məqsədimiz "Müstəqil Kino Platforması”
altında təşkilatlanmaq, dünyəvi tələbatlara cavab verən kino industriya qurmuş
ölkələrin təcrübələrini öyrənmək və onların ölkəmizin şərtlərinə
uyğunlaşdırılaraq tətbiqinə nail olmaq, müasir qeyri-kommersiya kinosunun
istehsalı, ölkədaxili prokatı və satışını, azbüdcəli filmlərin istehsalının
kütləviləşməsini təmin etmək, kino adamlarının yaradıcı fəaliyyətlə məşğul
olmaları üçün normal şəraitin əldə olunması uğrunda mübarizə aparmaqdır.”