Biz imzaları yox, əsərləri dərc edirik...

“Musiqili ömrün sədaları - görkəmli alim, bəstəkar – İlahə İsrafilova yazır
2237
05 Aprel 2021, 09:31
 Artkaspi.az saytı İlahə İsrafilovanın  "Musiqili ömrün sədaları - görkəmli alim, bəstəkar” adlı yazısını təqdim edir:
 
 5 aprel tarixi xalqımız üçün Azərbaycan musiqi mədəniyyətinə rəngarəng əsərləri ilə əvəzsiz xidmətlər göstərmiş, dəyərli akademik-alim, pedaqoq, əməkdar incəsənət xadimi, bəstəkar Oqtay Rəcəbovun doğum günü kimi əlamətdardır. Bu il 80-ci yubiley yaşını qeyd edən bəstəkarın bütün ömrü Azərbaycanın mədəni və elmi irsini zənginləşdirməklə keçib. Onun yaradıcılığını tədqiq edərkən, qarşımızda sanki yeni bir musiqili dünya açılır. 500-dək mahnı, 3 oratoriya, 7 simfoniya, 1 kantata, 3 uşaq operası, 2 musiqili komediya və çoxsaylı filmlərə musiqi O. Rəcəbov yaradıcıılığının tam olmayan siyahısıdır. Bir ömürə bu qədər iri həcmli, ciddi musiqi əsərləri sığdırmış bəstəkar paralel olaraq alimlik və pedaqoqluq ilə də məşğul olmuşdur. Onunzəngin yaradıcılıq dünyası öz üslubu, keyfiyyəti, fərdiliyi,  səmimiyyəti, qəlbə və yaddaşa tez yol tapması ilə xüsusi seçilir.
 
 

 Ali təhsilini ilk dəfə  "fizika və istehsalat əsasları” fakültəsində başlasa da daxilindəki musiqi sevgisi, yazmaq-yaratmaq eşqi O.Rəcəbovu mədəniyyət sahəsinə cəkir. Daha sonra Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq, görkəmli bəstəkar Cövdət Hacıyevin sinifində bəstəkarlıq istiqaməti ilə addımlamağa başlayır.  Yaradıcılığına XX əsrin 70-ci illərində başlayan sənətkar təhsil illərində 6 prelüd, sonatina, simfonik poema, I hissəli kantata kimi əsərlər yazır. Zamanla bəstəkarlıq sənətində kök salan sənətkar kino sahəsində "Kəndimizin qəhrəmanı”, "Dəniz-neft donanması”, "Həsən Əbluc”, "Muğam”, "Tərsinə çevrilmiş dünya”, "Vüsal günləri” və s. çoxsaylı filmlərə musiqi əsərləri bəstələyir. Bəstəkarın xalq tərəfindən olduqca sevilən mahnı yaradıcılığı vardır. Dillər əzbəri olaraq Azərbaycanın da hüdudlarını aşmış mahnılarından "Necə unudum səni”, "Daha nə istəyirsən?”, "Zəfəran”, "Anam Azərbaycan”, "Nəğmələr” və s. adlarını qeyd edə bilərik. Bu mahnıların hər biri dövrünün sevilən sənətkarlarının- Zeynəb Xanlarova, Mirzə Babayev, Flora Kərimova, İlhamə Quliyeva və b. ifasında yaddaşlarda iz qoymuşdur.
 Oqtay Rəcəbov ötən əsrin 80-90-cı illərində önəmli xidmətlərindən biri də "Məktəblilərin musiqi klubu” adlı teleproqram layihəsi olmuşdur. Dövrünün məhşur ifaçı, bəstəkarlarını efirdə qonaq edərək izləyicilərə ali musiqi mövzusunda maarifləndirici verlişlər silsiləsi hazırlamışdır.
Çoxşaxəli və geniş yaradıcılıq diapazonuna malik Oqtay Rəcəbovun bütün fəaliyyətini əhatələmək istəsək, bir məqalə ilə buna nail ola bilmərik.Qeyd edək ki, bəstəkarın yaradıcılığı alim tədqiqatçılardan Rauf İmanov, Vidadi Xəlilov tərəfindən geniş araşdırılmış, tədqiqatlar "Görkəmli bəstəkar”, "Oqtay Rəcəbov” adı kitab və eyni adlı broşür ilə nəticələnmişdir. Kitablarda bəstəkarın yaradıcılığına məxsus əsərlər ətraflı təhlil olunmuş, broşürdə isə bəstəkarın həyat və yaradıcılığının ümumi səciyyəsi oxuculara təqdim olunmuşdur.
 Oqtay Rəcəbov təkcə bəstəkarlıq deyil, pedaqoqluq sahəsində  də istər biliyi, istərsə də yüksək humanizmi, mədəniyyət və mərhəməti ilə fərqlənir. Oqtay müəllimin magistr pilləsində tələbəsi olmuş biri kimi, elmi rəhbərimin yoluma tutduğu işıq ilə doktorantura pilləsinədək ucaldım. Onun hər bir sözü və məsləhəti mənim üçün qızıl qaydalara çevrildi.
 Bütün bu yaradıcılıq uğurlarının fonunda, Azərbaycan mədəniyyətinin dəyərli siması, akademik, əməkdar incəsənət xadimi, pedaqoq, bəstəkar Oqtay Rəcəbovu yubiley yaşı münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı və bol yaradıcılıq uğurları arzu edirik!