Biz imzaları yox, əsərləri dərc edirik...

Hər zaman qan axacaq – Fəxrəddin Salim yazır
1481
22 Fevral 2018, 11:09
   Artkaspi.az Fəxrəddin Salimin "Cavabsız suallar"adllı məqaləsini təqdim edir: 
 
 

 
  İnsan yaranışının təməli ibtidai olub, yoxsa ali? Əgər ibtidaidirsə, o zaman bu yaranış nə üçün aliyə doğru getmədi? Yox əgər, insan ali yaranmışdısa, onda niyə bu alilik sadəcə əfsanədən ibarət oldu? Ümumiyyətlə, ibtidailiklə aliliyin kriteriyaları nədir, sərhədləri haradan başlayır və harada qurtarır? Kim müəyyən etdi bu ölçüləri? Yəni nəyin və hansı şüurun ibtidai, hansının ali olduğu qənaəti obyektivdir, yoxsa subyektiv?

  Məncə yanlış cavabdansa, cavabsız suallar daha faydalıdır. Çünki cavab bir düşüncənin məhsuludur. Sual isə düşüncələr toplusudur. Düzdür, hər sual hər düşüncədə yarana bilməz. Ancaq suallar heç bir zaman subyektiv deyil. Ümumiyyətlə, haqsız sual yoxdur. Ən azından ona görə ki, sual zərurətin bəhrəsidir. Zərurət isə, hər zaman obyektivdir. Sualların əksinə olaraq, cavablar çox nadir hallarda obyektiv olur. Bəlkə də heç bu dünyada obyektiv cavab yoxdur. Bəlkə də bu dünyada heç bir suala düzgün cavab verilməyib. Çünki toplumsal düşüncəni fərdlər qarşılayır. Toplumun sualına fərdlər cavab verir. Məsələ toplumda və ya fərdə və ya kimin haqlı, kimin haqsız olmasında da deyil. Söhbət sualla cavabın nisbətindən yaranan dibsiz uçurumdan gedir. 
  Məsələ burasındadır ki, sual da fərdidir. Ancaq ona görə subyektiv deyil ki, həmin düşüncə sahibi olan fərdin düşündüyü şey toplumun ehtiyacıdır. Toplum isə, bunu çox zaman ya bilmir, ya qəbul etmir, ya da qorxaqlıq edir. Halbuki, yenə də fərdlər tərəfindən verilən əksər cavablar subyektiv olsa da toplum onları qəbul edir - baxmayaraq ki, bu cavablar nəinki faydalı, əksinə zərərlidir. 
  Bəzən isə, subyektiv cavablar obyektiv kimi görünsün deyə, onları fərdilikdən çıxarırlar. Bunun üçün fərdi düşüncədən və toplumsal düşüncədən başqa üçüncü bir düşüncə növü icad etdilər. Onun da adı ilahi düşüncədir. Belə bir düşüncə növü isə, əksəriyyət etibarilə, zor və hakimiyyət üçün yararlıdır. Verilən bütün cavabsız sualların cavabını həmin o üçüncü növ düşüncə tərzi verir. Həmin düşüncə isə, nə obyektiv, nə də subyektiv olduğu üçün ona qarşı çıxmaq olmur. Təkcə ona görə yox ki, o, "ilahi" düşüncədir və onun əleyhinə getmək "günah”dır. Həm də ona görə ki, o düşüncənin sahibi ortada yoxdur. Sahibsiz bir şeyi tanımaq, onunla əlaqə qurmaq, onu sevmək və ya rədd etmək isə, sadəcə qeyri-mümkündür. "İlahi düşüncə" deyilən şey yol kənarına atılmış şübhəli çantaya bənzəyir. Onun içində nə olduğu heç kimə bəlli deyil. 
 
 
 

  "İnsan necə yaranıb" sualına elmin cavabı hər zaman subyektivdir. Ona görə ki, bu suala fərdlər cavab verir. Elə buna görə də bir sualın min bir cavabı var və hələ də bu cavablar yenilənməkdə və bir-birini təkzib etməkdə davam edir. Din isə konkret və birmənalı cavab verir: İnsan ibtidai şəkildə yox, ali şəkildə yaranmışdır. Soruşanda ki, bəs sən bunu hardan bilirsən, cavab verir ki, mən bilmirəm, ilahi kəlam belə deyir. Elmin əsrlər boyu zəhmət çəkib, yer qazıb, tədqiqatlar aparıb, bunun uğuruna minlərlə can qurban verdiyi və hələ də mütləq bir nəticəyə gəlib çıxmadığı bir şeyə bu savadsız və fürsətçi fırıldaqçılar bir kəlməylə cavab verə bilirlər! Niyə? Çünki öz adından danışmır onlar, tanrının adından danışır. 
  Elm suallara subyektiv də olsa, cavab verir. Din isə, suallara izn belə vermir. Elm cavabsız suallardan, din isə sualsız cavablardan ibarətdir. Hər iksinin birləşdiyi yeganə bir nöqtə var: insanın bədbəxtliyi! Elm də, din də sübut etdi ki, dünya həqiqətən fanidir. Bu fanidə insan oğlu ibtidai şüura malik olsa nə olacaq, ali şüura malik olsa nə olacaq?!
  Halbuki insanın nə suala, nə də cavaba ehtiyacı yoxdur. Dolayısı ilə, insanı nə elm, nə din xoşbəxt edə bilər. Onun xoşbəxtliyinin əsl qaynağı, başqa yerdə yox, öz içində gizlənən yaradıcılıq gücüdür. İnsan bu gizli xəzinəyə sahib olduqdan sonra elmin də, dinin də həqiqəti üzə çıxacaq. O zaman bütün sualların cavabı obyektiv olacaq. Çünki, özünü kəşf edən insan subyekt olmaqdan çıxır. O, artıq fərd deyil. O, cüzvdən küllə yetişmiş kamil bir vücuddur. Əslində cüzv ilə küllün arası bir insan vücudu qədərdir, bir insan qədərdir. Ən uzun yol da elə insanın özündən özünə getdiyi yoldur. Ancaq heç kim bu yolçuluğa çıxmaq istəmir. Hər kəs qurtuluşu yanlış yollarda arayır. Buna görə də heç kim qurtula bilmir, aradıqca itirir, çıxmaq istədikcə, daha da batır. Allah insanın sirrini insanın öz içində gizlətmişdir. Həmin bu sirr Allahın özüdür. İnsan gizli qaldıqca, Allah da gizli qalacaq. Belə bir hədisi-qüdsi nəql edirlər ki, Allah, "Mən bir gizli xəzinə idim, görünmək üçün insanı yaratdım" deyə buyurub. Bu söz uydurma da olsa, həqiqət də olsa, çox gözəldir. Ancaq indi mən də bir ritorik sual verim: Allah öz məqsədinə çata bildimi? Yəni, insanı yaratmaqla, görünə bildimi, öz gizli xəzinəsini açıb göstərə bildimi?! Heç sanmıram. Sualdan sual doğur: bu xəzinənin ortaya çıxması üçün, yəni, necə deyərlər, fəzalarda tək qalıb özünü bildirmək üçün fərqli bir xilqəti ortaya çıxarmağa qərar verən Allah, özünün də səmavi kitablarda buyurduğu kimi, insanı kamil və məxluqatın əşrəfi olaraq yaradıb... bəs onda hər şeyə qadir olan Allah bu məsələdə, yəni kamil bir vücud yaratmaqla, öz sirrini açmağa, öz xəzinəsini üzə çıxarmağa niyə müvəffəq ola bilmədi? Pişik pişik oldu, ağac ağac oldu, dəniz dəniz oldu, ulduz ulduz oldu, insan niyə insan olmadı?! Axı Şah Fəzlullah bunun düsturunu tapmışdı! Bəşər mütləq xilas olmalıydı! Fəzlin qiyamı insanın içində gizlətdiyi Allahın qiyamı idi. İnsan gecə-gündüz Allaha qarşı üsyan edir. Allah niyə üsyan etmir insana qarşı?! Bütün batil inanclar zorla "həqiqətə" çevrildiyi halda Şah Fəzlin həqiqət inancı niyə batil oldu?! Mən dəqiq bilirəm ki, Şah Fəzlə, Seyid Nəsimiyə, Həllac Mənsura və digərlərinə yalnız Allahın gücü çatardı! Bağdad xəlifəsinin, Əmir Teymurun-filan işi deyildi onları məğlub etmək. Onlar ancaq edam edə bilərlər, məğlub edə bilməzlər. Nəsimi isə, məğlub oldu! Bəlkə Allahdan daha güclü bir şey var; o da insan nəfsidir?! Bəlkə Allahın həqiqətini üzə çıxmağa qoymayan odur?! 
  Əgər insan kamil yaranıbsa, niyə cəhalətə doğru gedir? Ariflər Allahın yadigarlarıdır. Yadigar ona görə sevilir ki, böyük və gözəl olan birini təmsil edir. Hüseyn Əlinin yadigarı idi. İnsanlar ya dünənin, ya da sabahın həqiqətini sevirlər. Bu günün həqiqətini isə rədd edirlər. İsanı öldürənlər Musanı sevənlər idi. Və bu gün İsanı sevənlər dünən İsanı öldürənlərdir. Həqiqət insanlara yalnız iki şey üçün lazımdır: ya xatirə, ya da arzu. Bəli, insanlar həqiqəti ya xatırlayacaqlar, ya da arzulayacaqlar. Ancaq qətiyyən və qətiyyən yaşamayacaqlar. "İnsan kamil yaranmışdır" demək keçmiş zamana, "insan kamilliyə doğru gedir" demək isə, gələcək zamana aiddir. Diqqət edin, heç kim "insan kamildir" demir. Heç kim indiki zamanda danışmır. Niyə? Çünki sərf eləmir. Çünki insanlara Allahın özü yox, adı lazımdır. Yunus Emrə boşuna demirdi ki, "bana Seni gerek, Seni". "Sənin göndərdiklərin keçmişdə, vəd etdiklərin isə, gələcəkdə qalıb. Heç birinə əlim çatmır. Və üstəlik onların heç biri Sən deyilsən. "Sən" demək nə keçmişdir, nə gələcək. "Sən" və "mən" bu gündür, indidir, bu dəmdir. Necə ki, "aqillərə söhbət", necə ki, "ahıllara axirət" gərəkdir, mənə də Sən gərəksən”. Bu sözlər də elə-belə deyilməyib. Aqillər söhbət istəyər. Yəni keçmişi sevər. Zatən söhbət hər zaman olub-keçmiş bir şey haqqında olar. Bu isə ağıl sahiblərinə, yəni, din və dünya əhlinə xasdır. Ahıllar isə, ömrün sonunu görüb, gələcəyi, yəni axirəti düşünürlər. Diqqət etsək, görərik ki, hər iki istək Onun barəsindədir; aqillərin söhbəti də, ahılların axirəti də. Ancaq hər ikisi sadəcə Onun barəsindədir, Onun özü deyil. Üçüncü misrada isə, Onu necə istədiyini "Məcnunlara Leyla gərək" deməklə izah edir Yunus Dədə. Deyir, necə ki, Məcnuna Leyla, mənə də Sən gərəksən. Deməli, aqilliyin də ahıllığın da ötəsində aşiqlik var. Aşiqlik canda olan, vücudda gizlənən bir şeydir. Eşq sevmək deyil. Çünki sevmək ikilikdir. Eşq isə vəhdətdir. Aşiqlik isə bu eşqin dərk edilməsidir. Canda olan bir şey səndən ayrı deyil ki, onu sevəsən. Məcnun Leylanın dünyəvi varlığını niyə rədd etdi? Çünki, o Leyla bu Leyla deyil. O Leylanı sadəcə sevmək olar. Bu Leyla isə vücudun, varlığın və nəhayət özün özüdür. Bu Leyla vəhdətin, o Leyla kəsrətin nişanəsidir. Daha doğrusu, bu Leyla vəhdətin özüdür, o Leyla isə, yadigarıdır. Məcnun, onun özü varkən, yadigarına hacət görmədi. Haqq yaxında ikən, onu uzaqda aramadı. Özündən çıxıb, başqasına yol getmədi, özündən özünə yol getdi.
 
 
 

  İndi bütün bunlar insanlıq üçün sadəcə bir xatirədir. Artıq belə bir inam da yoxdur, belə bir yalançı gələcək də yoxdur ki, heç olmasa, insanlıq onunla ovunsun. Halbuki, gülünc, məntiqsiz, ən şüursuz insanın belə, içində haqlı suallara səbəb olacaq əfsanələrə inanır insanlar. Oyuncağa çevrilən kütləvi inanc düşüncəsi keçmişdəki qanlarla, qırğınlarla, yalan vədlərlə doymayıb, indi yalançılardan xoşbəxt gələcək və kütləvi qurtuluş gözləyir. 
Halbuki, Şah Fəzl gerçək qurtuluşun, heç bir xatirəyə və arzuya dayanmayan, bu günün, bu anın, indiki zamanın qurtuluş formulunu yazıb vermişdi insanlığa. O formulu elə amansızca rədd etdilər, elə vəhşicəsinə dağıdıb məhv etdilər ki, sanki bəşər tarixinə Fəzlullahdan daha zalım birisi gəlməyib. Onların qanını tökən, malını yeyən, namusunu hərəmxanalara daşıyanları "qəhrəman" elan edən kütlə, Həllac Mənsur dara çəkiləndə əl çalmaq üçün, bu səhnədən ləzzət almaq üçün Bağdad meydanına toplanmışdı. Halbuki, qılıncın, pulun, hakimiyyətin çözə bilmədiyi və heç bir zaman çözə bilməyəcəyi qurtuluş düyününü qələm, mürəkkəb, o məsum, ağ vərəqlər çoxdan çözmüşdü. Rəhmətlik doktor Şəriəti düz deyirdi ki, mürəkkəbin axmadığı yerdə hər zaman qan axacaq.
  Din deyir, ey insan, sən Allahdan bixəbərsən, Nəsimi deyir, yox, ey insan, sən özündən bixəbərsən. Allahdan xəbəri olanlar nə etdi?! Allahı, onun olmadığı yerdə axtaranlar nə etdilər, tapdılarmı onu? Tapmadılar, amma tapındılar. İnsan tapmadığı şeyə necə tapınır, bunu hələ də anlamaq olmur. 
Nəsimi isə "özündə ara, özünü ara” deyirdi. Çünki, xilqətdən yarımçıq qalan yeganə məxluq insandır. Özünü ancaq özü tamamlamalı olan yeganə yaranış insandır. İnsan yaranarkən, əksik yaradıldı ki, ona verilən faili-muxtarlıq sayəsində bu əksiyi özü bütünləşdirsin. İnsanın yarısı insandır, digər yarısı, yəni yarımçıq qalanı, yəni tamamlanmalı olduğu hissəsi Allahdır. İnsan bu xəzinənin sadəcə olaraq qutusudur. Bu qutu açılmayınca o xəzinə ortaya çıxmayacaq. Həmin bu qutunun açarı isə, insanın öz əlindədir. İnsan qəzavü-qədərin, alın yazısının, bəxtin, taleyin əlində ona görə aciz qalıb ki, onlar insana aid deyil. İnsan kamilləşmədiyi müddətcə, anlaşılmaz qalacaq. Bəxtə, taleyə, alın yazısına güvənəcək. Halbuki, insan bu mənasız şeylərdən çox güclü, çox üstün bir yaranışdır. İnsanın xəbəri yoxdur ki, o kamil xəlq olunsaydı, ona səmavi kitablar gəlməz, ona həqiqət üçün çarpışmaq həvalə olunmazdı. O həqiqət, o ədalət, o gözəllik, o nizam kənarda deyil. İnsanın əsl yanlışı, başının əsl bəlası həmin nəsnələri kənarda axtarmaq və ya başqaları üzərində tətbiq etməkdir. İnsanın kamil yaranışı məhz onun öz naqisliyini özünün tamamlaya bilmək qabiliyyətidir. Deyirik, dünya fanidir. Dünya fani deyil, insan yarımçıqdır. Və bu yarımçıqlıq tamamlanmadıqca, bu dünya fani olaraq qalacaq. Kamillik əbədiyyətin sirri olduğu üçün kamala yetişən insan əbədiyyəti kəşf etmiş olur və Nəsimi demişkən, Həqqi bulur. Ancaq harda? Bəli, harda axtarırsa, orda – yəni, özündə. Necə ki, "Həq mənəm, Həq məndədir, Həq söylərəm" dedi Nəsimi və nəsimilər.