O, əksəriyyətdən
fərqlənən, sənətini sevən, yüksək mədəniyyət sahibi olan aktrisa idi.
O, teatr
sənətimizə bir-birindən maraqlı obrazlar bəxş etdi. Tamaşaçıların yaddaşında
gülər üzü, mənalı gözləri, şaqraq gülüşü ilə qaldı”. İndi də adı gələndə,
Azərbaycan teatr tarixində öz silinməz izini qoyan əməkdar artist Vəfa
Fətullayevanın haqqında yalnız xoş sözlər eşidilir, yarıda qırılan taleyi
təəssüflə anılır...

Rejissorluqdan
teatrşünaslığa
Vəfa Fətullayeva SSRİ xalq artisti Hökumə Qurbanova, teatr rəssamı
Nüsrət Fətullayevin ailəsində böyümüşdü. Vəfanın teatra sevgisinin ailə kökləri
vardı. Üstəlik, əmisi Fəttah Fətullayev, əmisi oğlu, rejissor Hafiz Fətullayev
kimi sənət adamlarının əhatəsində böyüməsi onun qəlbinə təkcə sənətin toxumlarını
səpmədi, həmçinin səmimi qəlbli, kübar bir insan kimi tərbiyə etdi. Vəfa hər
bazar günü dostları ilə Dram Teatrına gedir və onlar üçün ayrılmış xüsusi
lojada oturub tamaşalara baxırdılar. Sonradan isə evdə yaddaşlarına həkk
olunmuş obrazları təkrarlayırdılar. İlk dəfə səhnəyə çıxanda 8-9 yaşı vardı.
Şekspirin "Qış nağılı”nda kralın oğlu Mamili obrazını oynayır. Həm də anası ilə
bir tamaşada rol alması gələcək aktrisanın sənət aləmində ilk addımı olur.
Vəfa Fətullayevanı
Teatr İnstitutuna gətirən də bu həvəs idi. O,
Rus Dram Teatrının rejissoru Məhərrəm Haşımovun kursunda oxuyurdu. Günlərin
birində oxuduğu fakültəni teatrşünaslığa dəyişməsinin maraqlı tarixçəsi var:
"Bir müddət öz xarici görkəmini nəzarətsiz buraxdığından, Vəfa birdən-birə
kökəlir. Bu, Məhərrəm Haşımovun diqqətindən yayınmır və bir gün dərslərin
birində "qız, sən yaman kökəlirsən, bunun axırı hara gedəcək?” deyir.
Yarızarafat-yarıciddi deyilmiş bu sözlər Vəfanın seçimini həll edir. O, bir
müddət dərsə gəlmir. Sonradan məlum olur ki, Vəfa heç kimlə məsləhətləşmədən
fakültəsini dəyişərək teatrşünaslığa keçib”.
V.Fətullayeva 1970-ci
ildən Azərbaycan Dövlət Dram Teatrında çalışmağa başlayır. Anası – SSRİ xalq
artisti Hökumə Qurbanova, atası teatrın tərtibatçı rəssamı Nüsrət Fətullayevlə
çiyin-çiyinə çalışması ona həm də mənəvi ruh verir.
Vəfa
bu teatr məbədinin sevilən aktrisasına çevrilir. Bir-birindən maraqlı rollar
oynayır. Sənət yoldaşları ilə xoş münasibəti, daim şən əhval-ruhiyyədə olması
onu hamıya sevdirir. Ailə həyatının uğursuz olması isə Vəfanı sənətinə qarşı
həvəsdən salmır, əksinə, teatra daha çox bağlanır. Vəfanın sənətlə bağlı böyük
arzuları vardı. Çoxlu rollar oynamaq
istəyirdi. Amma qismət olmadı. Ömür vəfa etmədi...
Aktrisa
yaradıcılığının ən yaxşı dövründə ağır xəstəliyə düçar oldu. Vəfa dünyasını
dəyişəndə 42 yaşı vardı.
V.Fətullayevanın
əmisi oğlu, rejissor Hafiz Fətullayev onun çətin günlərinin şahidi olmasından
danışırdı: "Vəfa həyatının son dörd ayını
xəstəxanada keçirdi. Son günlərində də onun yanında oldum. Hətta onun haqqında
veriliş hazırlamaq niyyətində idim. Bir gün "hamıya veriliş elədin, bir məndən
başqa” dedi. "Vəfa, sənə yaxşı bir veriliş hazırlayacam. O verilişdə oynamaq
istədiyin rolları üzə çıxaracam” – deyə təsəlli verdim. Çox sevindi. Hətta
artıq verilişin planını da tutmağa başladıq. Amma ömür vəfa etmədi... Sağ ikən onun haqqında veriliş hazırlaya bilmədiyimə görə
hələ də içim yanır. Vəfa çox gözəl insan idi. Ürəyi yumşaq, mehriban, şən,
zarafatcıl, deyib-gülən... Üzündəki təbəssüm heç vaxt əskik olmurdu. Ürəyində
hamıya qarşı sonsuz məhəbbət vardı. Həyatı, yaşamağı çox sevirdi. Teatrda elə
bir adam yox idi ki, onu sevməsin. Çünki heç kəsin qəlbinə toxunmamışdı”.
Vəfanın
səbirsizliklə gözlədiyi veriliş –
"Ömür vəfa etsəydi” isə ölümündən sonra efirə çıxdı. "Onun ölümü çoxlarının
qəlbini parçaladı. Vəfanın ölümünə çoxları yandı. Atası Nüsrət Fətullayev
yeganə övladının itkisinə dözməyib 2 aydan sonra rəhmətə getdi. Anası Hökumə
Qurbanova isə xəstəxanaya düşdü və bir neçə ay sonra dünyasını dəyişdi”.

O, bir evin gözəl xanımı ola bilərdi...
Lütfi
Məmmədbəyovun rejissoru olduğu "Göz həkimi” teletamaşasında Vəfa Fətullayeva
ilə birgə çəkilən xalq artisti Rafiq
Əzimov xatırlayır: "Lütfi Məmmədbəyov "professor İvanov roluna səni çəkmək
istəyirəm” – deyə mənə xəbər göndərdi. Əvvəlcə həmin rola başqa aktyor
çəkilirdi, sonra isə mən onu əvəz elədim. Teatrda məşq prosesində mən Vəfa
xanımla daha yaxın ünsiyyətdə oldum. Bu, psixoloji bir rol idi. Həmin
televiziya tamaşasının məsləhətçisi professor Nazim Əfəndiyev idi. Tərəf-müqabilimin
istedadlı aktrisa Vəfa Fətullayeva olmasına görə çox sevinirdim”.
V.Fətullayevanı hələ "Qış nağılı” tamaşasında – anası Hökumə Qurbanova ilə bir
səhnədə oynayanda gördüyünü deyən R.Əzimov aktrisanı istiqanlı xanım və
istedadlı aktrisa kimi xatırlayır: "Vəfa biləndə ki professor İvanov rolu mənə
tapşırılıb, çox sevindi. O, məşqlərə hamıdan əvvəl gələr, özümüz üçün məşq
edərdik. Sonradan kollektiv yığılanda, ümumi məşqlərimiz çox səmərəli alınırdı.
Vəfa yorulmaq bilmədən, böyük həvəslə rol üzərində çalışardı. Onunla hər bir
epizod çox maraqlı və həyəcanlı alınırdı. Tamaşaçılar tərəfindən "Göz həkimi”nin
böyük maraqla qarşılanması bizi hədsiz sevindirdi. Xüsusən, Vəfa xanımın
oyununa yüksək qiymət verildi”.
R.Əzimov Vəfa
Fətullayevanın teatra gəldiyi illəri də yaddaşında saxlayıb: "Vəfanın teatra
gəldiyi illər də çox maraqlı idi. Müqtədir sənətkarımız Tofiq Kazımov onu
institutda oxuduğu vaxtlarda İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər”
tamaşasında Fəridə roluna dəvət etdi. Bu rol Vəfanın ifasında çox uğurlu
alındı. Vəfa teatra istedad kimi daxil oldu. Baxmayaraq ki istər televiziyada,
istərsə də kinoda maraqlı obrazları var, onu teatrın səhnəsindən daha çox
tanıdılar və sevdilər”. R.Əzimov Vəfa Fətullayeva ilə birgə "Mahnı dağlarda
qaldı” tamaşasında da tərəf-müqabil olub: "Əvvəllər bu tamaşada onunla Fuad
Poladov tərəf-muqabil idi. Ancaq Fuad hərbi qulluqda olanda onun oynadığı
Rəhman rolu mənə tapşırıldı. Bu, tamaşada Vəfanın Gülgəz rolu hələ də
tamaşaçıların yadındadır”.
R.Əzimov
aktrisanın vaxtsız ölümündən kədərlə danışır: "Təəssüf ki, sənət aləmi Vəfanı
çox erkən itirdi. Onun oynadığı tamaşalar bu gün də televiziya ilə nümayiş
olunanda Vəfa Fətullayeva böyük məhəbbətlə yad olunur. Vəfanın daxilində həyata
qarşı böyük məhəbbət var idi. Heyf ki, o, həyatın xoşbəxtlik anını bir qadın
kimi yaşamadı. O, bir evin gözəl xanımı ola bilərdi. Vəfa sağ olsaydı, onun
ifasında hələ çox gözəl tamaşalar yarana bilərdi... Vəfanın gülər üzü, şaqraq
gülüşü indi də qulağımda səslənir. Onun çox mənalı gözləri vardı. Vəfa
istedadlı bir aktrisa kimi teatr sənətinə öz möhürünü vurdu, bir-birindən
maraqlı rollar yaratdı, Dövlət mükafatına layiq görüldü. Onun ölümü teatrın
böyük itkisi oldu. Vəfanın vəfatı hamımızı təsirləndirdi. Onun səmimiyyəti,
mehribanlığı həmişə yadımızdadır”.

Heyf ki, bu dünyadan vaxtsız getdi...
"Mən Akademik
Milli Dram Teatrına təyinatla gələndə bu teatrın səhnəsində Ağasadıq
Gəraybəyli, Məlik Dadaşov, Həsənağa Turabov, Hökumə Qurbanova, Amalya Pənahova,
Vəfa Fətullayeva kimi böyük sənət adamları çalışırdılar” – deyə xalq artisti Nurəddin Mehdixanlı xatırlayır:
"Tale elə gətirdi ki, gənc vaxtlarımda bu sənət adamlarının əksəriyyəti ilə
tərəf-müqabili ola bildim. Bu teatrın səhnəsində təsadüfi adamlar ola bilməzdi.
Onlar istedadlarına görə seçilib bu sənət məbədinə təyinat alırdılar. Eyni
zamanda, bu sənət adamları insanlıq, mədəniyyət, ətrafdakılara münasibət
baxımından fərqlənirdilər. Aktrisaların içərisində Vəfa Fətullayeva danışığı,
geyimi, zövqü ilə çox fərqlənirdi. Bu xanımda əsilzadəlik vardı”.
V.Fətullayevanı pozitiv insan kimi xatırlayan aktyor N.Mehdixanlı, həmçinin
aktrisanı yaxşı mütaliəsi olan, yüksək intellektə malik insan kimi yada salır:
"Vəfa xanımla söhbət edəndə hər mənada yüksək səviyyəyə malik olduğuna
inanırdın. Vəfa xanım SSRİ xalq artisti Hökumə Qurbanovanın, teatrın baş
rəssamı Nüsrət Fətullayevin qızı olsa da, həmişə özünü sadə və səmimi aparırdı.
Vəfa, həmçinin işinə məsuliyyətlə yanaşan xanım idi. Biz onunla "Torpağa
sancılan qılınc” tamaşasında bir tamaşada oynadıq. Vəfa xanım mənim anamı –
Burlaxatun rolunu oynayırdı. İndiyə qədər Vəfanın siması, baxışları, danışığı,
mizanları gözümün qabağındadır. Vəfa xanım o insanlardan idi ki, onu
xatırlayanda ilk növbədə gözəl davranışı gözümün qabağına gəlir. O,
əksəriyyətdən fərqlənən, sənətini sevən, yüksək mədəniyyət sahibi olan aktrisa
idi. Heyf ki, bu dünyadan vaxtsız getdi...”
Mayın 21-i Vəfa
Fətullayevanın vəfatı günüdür. Nə yaxşı ki, aktrisanın adını və rollarını
özündə əbədiləşdirən teatr və kino tarixi var... Aktrisa yaşasaydı, kim bilir
teatr və kino sənətimizi nə qədər rəngarəng rollarla zənginləşdirəcək,
tamaşaçılara fərqli zövq bəxş edəcəkdi...
Hazırladı: Təranə
Məhərrəmova