Biz imzaları yox, əsərləri dərc edirik...

Müharibə mövzusu və ailə obrazı – Kamran Əliyev yazır
1016
17 May 2018, 14:08
  Artkaspi.az  AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Kamran Əliyevin "Müharibə mövzusu və ailə obrazı" adlı məqaləsini təqdim edir:



 Müharibə mövzusu bütün dövrlərdə ədəbiyyatın ən ağrılı mövzularından biri olub. Bəşəriyyətə fəlakətlər gətirən qanlı müharibələr həmişə mütərəqqi yazıçılar tərəfindən qətiyyətlə pislənilib və onların bir daha təkrar olunmamasına səy göstərilib. Müharibə və onun nəticələri həm tarixdə, həm də ədəbiyyatda öz dərin izlərini qoymaqla insanları həmişə ayıq olmağa, bir-birləri ilə ünsiyyət tapmağa səsləyib. Azərbaycan ədəbiyyatında da yazıçı və şairlər həm müharibə dövrlərində, həm də müharibələrdən sonrakı illərdə bu fəlakətli hadisələrə vətəndaşlıq mövqeyi ilə yanaşmışlar. Birinci və İkinci Dünya müharibələri, şahid olduğumuz Qarabağ savaşı bizim ədəbiyyatın xüsusi mövzularından birinə çevrilmişdir. Hüseyn Cavid və Məhəmməd Hadidən başlamış bugünümüzə qədər Azərbaycan yazıçılarının müxtəlif nəsilləri müharibə dəhşətlərini qələmə almaqla insanların ağrı və acısını bəşəriyyətin ağrıları kimi inikas etdirmişlər. Yazıçı-jurnalist Mustafa Çəmənlinin "Üçyaşlı əsir” adlı povesti də müəyyən ənənəni davam etdirməklə yaşadığımız günlərin əks-sədası kimi meydana çıxmışdır.

 
 
 Povestdəki hadisələr Qaraqaşlı kəndində məskunlaşmış bir ailə çərçivəsində cərəyan edir. Qasid kişi və Qaratel müəllimə, onun oğlanları Şakir və Teymur, evin gəlini Gültəkin və nəvə Türkər. Qaratel müəllimənin qardaşı Səfər və arvadı Anya, kəndin feldşeri Süsənbər, müharibə əlili Saleh, könüllü əsgərlər – Dəllək Qənbər və Şafa, Şakirin yataqxana yoldaşı Rahim və kirayənişin qaldığı evlərin sahibləri də bu və ya digər dərəcədə həmin ailə ilə, onun ayrı-ayrı üzvləri ilə bağlı obrazlardır. Bütün bunlarla yanaşı, povestdəki süjet xəttinin inkişafı daha çox bu evin oğlanları ilə, iki qardaşla – Şakir və Teymurla əlaqədardır. Əsərdə hər iki qardaşdan ən azı birinin əlaqəsi olmadığı surət və hadisə yoxdur. Bu, onu sübut edir ki, povestin süjet xətti nə qədər şaxalənsə, nə qədər genişlənsə, yenə də Şakir və Teymurla olan əlaqə üzülmür, deməli, yazıçı öz yaradıcılıq planında dəqiqdir və artıq detallara yol verməmək prinsipini axıra qədər qoruyub saxlamışdır. 
 Buradan belə bir sual yaranır: bir ailədən iki qardaşın ayrı-ayrı süjet xətlərini təmsil etməsi nə ilə bağlıdır? Hər iki süjet xəttini əvvəldən axıra qədər qardaşlardan biri təmsil edə bilməzdimi, onları birləşdirmək mümkün deyildimi? Bədii mətn göstərir ki, qardaşların hər birinin ayrılıqda süjet xəttinin quruluşunda iştirakı təsadüfi deyil, yəni bu iki xətt zərurət kimi meydana çıxmışdır. Belə ki, Şakirin şəxsində insanların sakit, dinc, qovğasız həyatı, Teymurun simasında isə həmin həyatdan köklü şəkildə fərqlənən müharibə səhnələri inikas etdirilmişdir. Dinc həyatla müharibə həyatı bir-birindən tamamilə və ciddi şəkildə fərqləndiyinə görə onların təmsilçiləri də fərqli adamlar olmalı idi. Əslində, süjet xətlərinin müstəqil təmsilçiliyi həmin istiqamətlərin təbiiliyini və canlılığını da şərtləndirmiş olur. Eyni zamanda şübhə yoxdur ki, Şakir və Teymur birlikdə, yəni vəhdət halında cəmiyyət həyatını tam əks etdirmək gücünə malikdirlər.      
 

 
 Povestdə bir neçə zaman var: 1948-ci ilin deportasiya ilə bağlı acı xatirələr, XX əsrin 60-70-ci illərinin əsgərlik və tələbəlik həyatı, 88-90-cı illərin xalq hərəkatı dövrü və atəşkəsdən sonrakı atəşin kəsilmədiyi mərhələ. Yazıçı bu zaman kəsimlərini əsərdə xronoloji ardıcıllıqla qələmə almır, əgər belə olsaydı povest tarixi xronikadan ya seçilməzdi, ya da az-maz fərqlənərdi. Əsərdə bu müxtəlif zamanlar bir-birinin içərisinə daxil olmaqla qovuşuq formadadır və onları yalnız bir-birindən nəql olunan hadisə və əhvalatlar ayırır.
 Bu müxtəlif zamanlar əsərdə daha çox Şakirin nitqi və yaşayışı ilə, həmçinin retrospektiv formada əks olunmuşdur. Şakirin yenidən canlanan xatirələri düşmən tərəfindən atılmış güllə ilə yaralanan anası Qaratel müəlliməni həkimə aparması ilə bir vaxtda canlanır. 1948-ci ildə ailəsinin Ermənistandan deportasiya olunmasından ta 1990-cı illərə qədərki dövrdə iştirakçısı olduğu hadisələr sürətlə gəlib onun xəyalından keçir. İnstituta qəbul olmadıqdan sonra Mingəçevirə getməsi, orada bir müddət dayısı Səfərgildə və yataqxanada qalması, pambıq-parça fabrikində işləməsi, hərbi xidmətdə olması, əsgərlikdən qayıtdıqdan sonra Politexnik İnstitutunda tələbə kimi təhsil alması və yenidən Mingəçevirə qayıdıb əyirici sexin müdiri işləməsi kimi həyat lövhələri Şakirin keçmiş həyatının yaddan çıxmayan mərhələləridir. Bu hadisələrin içərisində üç məqam xüsusilə səciyyəvidir: dayısı Səfərlə Anyanın evliliyi, yataqxana dövründə Məhəmməd Hadiyə oxşayan Rahimlə dostluğu və əsgərlik həyatı.
 Səfər dünyanın düz vaxtlarında erməni qızı Anyanı sevmiş, ona sidq ürəklə vurulmuş, bacısı Qaratel müəllimənin etirazlarına baxmayaraq, Anyanın 48-ci ilin deportasiyası ilə heç bir əlaqəsi olmadığını inadkarlıqla sübut edib onunla evlənmişdir. Müəllif bu iki gəncin sevgisini Kürün sahillərində, Mingəçevir dənizinin ətrafında, Boz dağın ətəklərində pərvəriş tapan bir hiss kimi qələmə almışdır. Səfərlə Anyanın evliliyi sovet dönəmindəki beynəlmiləlçilik zamanının xarakterik evliliyi təsiri bağışlayır. Hər iki gəncin məhəbbətinə tərəfdar çıxmağa məcbur olan ata-Qasid kişi  Anyanın ayaqları altında qurban kəsmiş, ana-Qaratel müəllimə isə onun boynuna qızıl boyunbağı keçirmişdir. Əsərdə boyuna keçirilən boyunbağı və ayaq altında kəsilən qurbanlıq gəlini başdan ayağadək – bütünlüklə  qəbul edən azərbaycanlı ailəsinin milli xüsusiyyətinin ifadəsi kimi əyaniləşmişdir. Amma Anya Səfərlə üstüörtülü şəkildə – Şakirin başa düşmədiyi rus dilində danışmaqla evlərində başqa bir adamın, hətta Səfərin bacısı oğlu Şakirin belə qalmasından narazı olduğunu gizlətmir. Nəticə isə daha acınacaqlıdır, Qarabağ hadisələri zamanı Səfər Anya ilə birlikdə Rusiyaya köçüb getməli olurlar. 
 Şakirin xatirindən silinməyən 48-ci il deportasiyası, dayısı Səfərlə Anyanın ailə həyatı onun gələcəkdə Bakıda təhsil alarkən kirayə qaldığı evin tibb təhsili alan Susanna adlı erməni qızından uzaqlaşması, onun sevgisini qətiyyətlə rədd etməsi ilə yekunlaşır.
 Şakirin yataqxana dövründə otaq yoldaşı Rahimlə ünsiyyəti onun gənclik həyatının başqa bir mənzərəsini yaradır. Yaşca Şakirdən böyük, hərbi xidmət keçmiş və texnikumda təhsil almış  Rahim Ağdaşlının təxəllüsünə uyğun olaraq həm şairliyi vardır, həm də hadisələrə ayıq-sayıqlıqla baxmaq bacarığı özünü göstərir. Doğrudur, bəzən bu ayıq-sayıqlıq nə onun yaşına, nə də başına uyğun gəlir, belə ki, Rahim Ağdaşlının XX əsrin 60-cı illərində Kreml siyasətini tənqid etməsi və özünü müdrik bir şəxs kimi aparması yaşına və dövrə uyğun olmadığına görə süni təsir bağışlayır. Amma yazıçı onun şəxsində ötən əsrin 88-90-cı illərinin hadisələrində fəal iştirak edəcək bir obraz hazırlamaq məqsədini həyata keçirir. 
 Şakirin Rahim Ağdaşlı ilə dostluq əlaqələri ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində baş vermiş mitinqlərin birində Azərbaycan bayrağını yüksəltməsi ilə yeni bir mərhələyə daxil olur.
 Şakirin əsgərlik həyatı da real bədii detallarla canlandırılır. Əsgərliyə çağırış, onun rayon mərkəzindən və Biləcəridən yola salınması, qatarla hərbi hissələrə getmələri, hərbi hava qüvvələrinə aid hissədə xidmət etməsi, Qafqaz adlı bir azərbaycanlı əsgərin ətrafında cərəyan edən hadisələr son dərəcə inandırıcılıqla qələmə alınmışdır. Əsərdəki digər hadisələrlə müqayisədə təsvir olunmuş əsgər həyatını müəllifin özünün yaşadığı bir həyat kimi də qəbul etmək olar. Başqa sözlə, Mustafa Çəmənli sanki əsgərlik edən Şakirin prototipidir. 
 Şakirin əsgərlik həyatı bir kişilik məktəbi kimi gələcəkdə ailəsini, vətənini qorumaq, müharibə dəhşətlərini başa düşmək üçün güc mənbəyinə çevrilir.
 Şakirin ətrafında cərəyan edən hadisələr və onların məntiqi göstərir ki, povest, hər şeydən qabaq, təsvirlərdəki təbiiliyi ilə seçilir. Obrazların hərəkətində, davranışında, nitqində qondarma heç nə yoxdur. Əslində, əsərin oxunaqlılığını şərtləndirən amillərdən ən başlıcası da təhkiyənin təbiiliyidir. 
 Əsərdə üç ana obrazı ilə tanış oluruq: Qaratel müəllimə, Gültəkin və Sergeyin anası. Qaratel müəllimə müdrikliyin mücəssəməsidir. Gültəkin bir Azərbaycan qadını, əri döyüşlərdə iştirak edən ana kimi daha çox yadda qalır. Teymur döyüşlərdə həlak olandan sonra da özünü təmkinlə aparması, ər evini tərk etməməsi Gültəkini bir sədaqət rəmzi kimi yaddaşlara köçürür. Sergeyin anası isə öz oğlunun arxasınca gəlsə belə övlad qədri bilməyən və məğlub ana təsiri bağışlayır. Bir tıqqıltı eşidən kimi öz doğma balasını qoyub qaçan qadının sonradan ağlı başına gələrək uşağının dalısınca döyüşçülərin yanına gəlməsi, şübhəsiz, yazıçı fantaziyasının məhsuludur.
 Şakirdən fərqli olaraq Teymur povestdə könüllü döyüşçü kimi görünür. O, qorxmaz, cəsur, düşmənlə olan döyüşlərə şüurlu münasibət bəsləyən fədakar bir şəxs təsiri bağışlayır. Doğrudur, yazıçı onu sırf bir qəhrəman (döyüşçü qəhrəman və bədii qəhrəman!) kimi canlandırmaq fikrindən uzaqdır. Çünki povestdə əsas məqsəd müharibə və müharibənin ağrı-acılar bəxş etdiyi ailə problemidir. Amma Teymur kifayət qədər dolğun alınmış bir obraz təsiri bağışlayır.
 Yeri gəlmişkən qeyd edək ki, povestdəki ailə obrazı Qasid kişi və Qaratel müəllimənin ailəsi ilə məhdudlaşmır. Ondan əlavə Səfərlə Anyanın, "Sovetski”də yaşayan Atababa kişinin, Ermənikənddə evlərini kirayə verməklə məşğul olan Aşotun və üçyaşlı uşağın mənsub olduğu ailələr də vardır. Amma bütün bunlara baxmayaraq, komandirin "Kim döyüşə getmək istəmirsə, ailəsinin yanına qayıda bilər” sözlərinə "elə biz ailəmizi qorumaq üçün buradayıq” cavabını verən Teymur daha çox qəlbində gəzdirdiyi mərhəmət hissi ilə yaddaşlara köçür. Belə ki, könüllülər hücum edərək lazımi məntəqəni ələ keçirdikdən sonra Teymur evlərin birində atılıb qalmış üçyaşlı uşağı götürüb yoldaşlarının təzyiqinə baxmayaraq, evlərinə gətirir. Teymur özünün atdığı bu addımı "üçyaşlı Sergeyin bu müharibə ilə heç bir bağlılığı yoxdur” fikri ilə əsaslandırır. Eyni zamanda həmin düşüncə Səfərin Anya ilə evlənərkən "Anyanın 48-ci il deportasiyası ilə heç bir əlaqəsi yoxdur” düşüncəsi ilə uyğun gəlir. 
 Döyüşçü Teymurun Azərbaycan bayrağına, əsgər yoldaşlarına, ata və anasına, həyat yoldaşı Gültəkinə, oğlu Türkərə münasibəti əsl ailə tərbiyəsi görmüş və vətənini sidq ürəklə sevən bir insanın münasibətidir.  
 Povestdə üç bayraqla rastlaşırıq: biri qələbənin simvolu kimi Teymurun elektrik dirəyindən asdığı bayraq, biri mitinqlər zamanı Rahimin qaldırdığı Azərbaycan bayrağı, biri də erməni qadınının əlindəki təslimçiliyi ifadə edən ağ bayraq. Bunlar müxtəlif şəraitlərin və müxtəlif zamanların  səciyyəvi əlamətləri olmaqla yanaşı, həm insanların arzu və istəyinin, həm də xarakterinin nişanələridir. 
 Povestin "Üçyaşlı əsir” adlanması yazıçının düşüncəsində məntiqi olaraq keçmişin üç mühüm xatirəsini canlandırır, üç ana obrazını formalaşdırır və hadisələrlə insan psixologiyasının vəhdətini təmsil edən üç bayrağın mətnə daxil olmasına yol açır. Bütün bunlar bir yazıçı kimi Mustafa Çəmənlinin bədii təfəkkürünün sistemli səciyyə daşımasının göstəriciləridir.
Xəbər lenti