artkaspi.az teatrşünas Nigar Pirimovanın "Troya qadınları – Müharibə hamı üçün eynidir" adlı məqaləsini təqdim edir:
Müharibə bir tərəfin digər tərəfə öz mövqeyini
zorla, həm də qan tökərək qəbul etdirmək cəhdidir. Və müharibə elə bir acımasız
hadisədir ki, istər eramızdan əvvəl olsun, istər bu gün törətdiyi fəsadlar ölənlərdən
çox qalanları incidib, yaralarını sızladar. Kimini atasız, kimini anasız,
kimini balasız, kimini də həyat yoldaşsız tənha qoyar. Sadəcə dağılmış yurdun,
yanmış evin, öldürülmüş əzizlərinin önündə diz çöküb göz yaşları içərisində tək-tənha
üsyan edərsən taleyinə.
Artıq noyabrın ilk günündən YARAT Müasir İncəsənət
Məkanında start götürən "M.A.P” Bakı İncəsənət Festivalı çərçivəsində təqdim
olunan teatr tamaşalarından biri də Gürcüstandan gələn "Royal District”
teatrının təqdimatında baş tutdu. Qonaq teatr David Qabunianın səhnələşdirdiyi, rejissor Data
Tavadzenin quruluş verdiyi "Troya zövcələri” adlı tamaşa ilə noyabrın
2-də teatrsevərlərin görüşünə gəldi.

Əslində Evripidin "Troya qadınları” faciəsi əsasında
hazırlanan tamaşaya bir qədər fərqli yozum qatmaqla rejissor ümumilikdə müharibənin
qurbanları, onun törətdiyi fasadlar, ölənlərin yox, sağ qalanların faciəsindən
danışırdı. Salona daxil olduğumuzda hər zaman rastlaşdığımız nə bağlı pərdə
vardı, nə də sakitlik... İşıqlı salon, salonda bir-birindən az məsafədə aralı
qoyulmuş stullarda əyləşən beş gülərüz qadın. Tamaşa bir növ buradan
başlamışdı, onlar sakitcə əyləşərək gələnlərin yerlərində oturmasını gözləyirlər.
Üzlərindəki təbəssüm, ətrafda güllər və bir də quşların civilti səsi bir hüzur
verirdi adamın ruhuna. Sanki biz yox, onlar bizi izləyirlər. Ətraf tamamilə
sakitləşsə də, bir neçə dəqiqə bu proses davam edir, elə bil onlar hələ də nə
isə gözləyirlər. Gözlədikləri ovqat tam hazır olduqdan sonra aktrisalar
asta-asta danışmağa başlayır. İlk sual həm ağır, həm uzun çəkir – Hüzn haqda
necə danışmaq olar? Və budur, bu sualdan sonra hamısının dərdi yenidən təzələnir.
Bu qəhrəmanlar gah Troya qadınlarına dönürlər, gah da Qafqazda müharibənin
qurbanları olan bədbəxtlərə. Kimi ərinin gözü qarşısında zorlanmasından
utanaraq danışır, kimi qoca nənənin əlli iki il öncə övladının yediyi son
naharı necə gizlətdiyinə acıyır, kimi anasının yas günündə türk tualetlərində
yıxılıb özünü necə batırdığından və buna durmadan güldüyündən, ancaq həmin gün
anasının yasından bixəbər olduğundan, kimi qurd xəstəliyinə tutulmuş qardaşının
qəfildən burnundan qurdların gəlməsindən, o balaca uşağın isə son anda necə
qoyun əti yemək arzusundan, kimi də pəncərədən gözləri önündə ata-anasının
atılan bombadan al-qana necə qərq olduqlarını acı-acı ağlayaraq danışır.

Onlar müharibənin hər cür murdar üzünü görmüş bədbəxt
qadınlardır. Bir anda Evripidin faciəsindəki Andromaxa, Hekuba, Kassandra
zamanın çarxını fırladıb müasir dövrə gəlir və yenə də dəyişilməyən bir sözlə
üzləşirlər – MÜHARİBƏ. Buradakı ölüm hadisələri də iki dövr arasında sanki körpü
kimi uzlaşdırılmışdı – bir tərəfdən Andromaxanın oğlunu əlindən alıb edam edirlər,
digər tərəfdən günümüzə qayıdan müharibədən. Ağacdan asılmış bacının ayağından
ayaqqabısının düşməsini aktrisa elə xırdalıqlarla danışır ki, sanki bomboş səhnədə
bir anın içində iki ayrı tamaşa göstərilir, özü də dekorlarla. Amma bütün bunlar yalnız aktrisaların gürcü dilində
danışması və onların arxasında tamaşaçılara azəri dilində subtitr tərcümələrin
verilməsi ilə təsvirlənir. Hətta tamaşadan çox bəzən film xarakteri daşıyan səhnələr
də səni bəzən həmin hadisələrin bir parçasına çevirirdi. Bu qədər faciənin, əzabın
içində ani bir dəyişiklik edən beş xanım ərköyün qız uşağı kimi rəngtapdı oyunu
oynayırlar. Şərt isə sadədir, rəngi deyir və o biri qızların dalınca qaçır, o
vaxta qədər həmin rəngi tapa bilmədinsə sənə toxunan an öləcəksən, donacaqsan.
Burada da ölümün bir parçasını özləri ilə daşıyırlar. Rəngi axtarma anı isə
bütün izləyənləri oyuna daha da cəlb edir. Deyilən rənglər oturanlar içərisində
kimdə varsa, qaçıb istər geyiminə, istərsə
də ayaqqabısına toxunurlar, yetər ki, sağ qalsınlar. Bu zarafatyana oyunun
özündə belə bir həyat-yaşam çarpışması var, nə vəchlə olur-olsun sağ qalmaq. Bəzənsə
oyundan uzaqlaşıb yenə tənha qadına çevrilən aktrisalar səhnədə bir küncdə
qoyulmuş çiçəkləri səhnə boyu dağıdıb yas güllərinə çevirirlər. Və bütün bu
hadisələr bir an belə olsun durmadan danışılan əhvalatlar fonunda baş verir.
Yorulduqda sakitcə yeni bir oyun düşünən qızlar bu dəfə də biri-birini səhnədəcə
yerlə bir uzadıb, ayaqlarından ehmalca sürüyüb bir köşəyə uzadırlar. Sona qalan
oyunçu ölü kimi uzanmış qızlara baxıb öz faciəsini xatırlayır və havalanmış bir
halda salonu tərk edir...

Bu qədər oyun, yaxud faciənin danışılması, bir daha
yaşanılması, əslində, bitməyən müharibələr, onların qurbanları bu beş qadının
timsalında həm zərif uşaq tək, həm qəddar qadın tək gülərək və ağlayaraq
seyrçilərə danışılır. Lakin sonda hərə öz stulunu götürüb yerinə keçib sakitcə
oturur, amma qadınlardan biri irəli gəlib yenidən əvvəldə
olan, o ruha dinclik verən hüzuru, quşların səsini istəyir. "yenidən o səsi
verin” deyir və sanki iştirakçılar bir şeyi izləyənlərə çatdırmaq istəyir – yenidən
üzümüzdə o gülüş, yenidən sakitlik, yenidən quşların səsi, bütün bu harmoniya həmin
xoşbəxtliyi geri qaytara biləcəkmi?
Tamaşanın ideyası da elə bu idi, Evripiddən gələn
ideya – Müharibə faciədir, Müharibə əzabdır, Müharibə insanlığa xəyanətdir!