Biz imzaları yox, əsərləri dərc edirik...

Müharibə ətirli şeirlər – Qəşəm Nəcəfzadə yazır
672
28 Oktyabr 2020, 12:05
 Artkaspi.az saytı Qəşəm Nəcəfzadənin "Müharibə ətirli şeirlər” adlı yazısını təqdim edir:
 
  Son günlər ölkəmizdə vətən müharibəsi başladı və qoşunlarımz Ermənistanın apardığı təxribatı dayandırmaq üçün əks hücuma keçdi.  Qarabağımızda bir neçə rayon və kəndlərimizi işğaldan azad olundu. Ordunun  zəfər yürüşü  xalqımızda böyük bir əhval-ruhiyyə yaratdı.  Həm ordu xalqı, həm də xalq ordunu tamamladı. Hamı dövlətin yanında oldu, Prezidentin səsinə səs verdi. 
 Ordumuzun qazandığı qələbə hər şeydən əvvəl düşmənə bir əxlaq dərsidir. Torpaqlarımızı azad etməyin tərkibində böyük bir mədəniyyət və əxlaq yaşayır.  Döyüş taktikasının sivil, elmi metodlar əsasında aparılması dünyaya nümunə kimi göstərilir. Mülkü əhaliyə atəş açmadan irəliləyən döyüşçülərimiz ancaq düşmənin silah-sursat anbarlarını, döyüş teknikasını məhv edir. Döyüş əxlaqımız insanpərvərliyə, min illik mənəvi əxlaqı dəyərlərimizə, haqq uğrunda mübarizəmizə, gücümüz isə iqtisadiyyatımıza və dünyada apardığımız məqsədyönlü siyasətimizə söykənir.
 
 

 Ordumuz  Qarabağı  erməni işğalından azad etdikcə, ilk düşündüyüm məsələlərdən biri  müharibə və onun haqqında yazılan və yazılacaq şeirlər oldu. Və görəsən, müharibə şeiri necə yazılmalıdır? Hansı meyarlar nəzərə alınmalıdır? Pafoslu şeir, yoxsa müharibə həqiqətləri? Bu düşüncə ilə  Böyük Vətən Müharibəsində şairlərimizin yazdığı müharibə şeirlərinə nəzər saldım. Səməd Vurğun "Bilsin ana torpaq eşitsin vətən, müsəlləh əsgərəm mən də bu gündən” vətən müharibəsi  epiqarafından tutmuş, Süleyman Rüstəm, Rəsul Rza, Böyükağa Qasımzadə, Məmməd Rahim, Osman Sarıvəlli, Əhməd Cəmil və başqa şairlərimizin şeirlərini oxudum və gəldiyim  ilk nəticə bu oldu ki, biz gərək indiyə kimi Qarabağ haqqında yazdığımız şeirlərin çoxunun üstündən xətt çəkək. Çünki bu şeirlərin çoxunda  müharibənin fəlsəfəsi yoxdur, sadəcə ritorikadır. 
Məncə, bu gün əsl müharibə şeirlərinin yazılmaq vaxtıdır. Amma bir az yenə dərindən düşünəndə  görürəm ki, şeirimiz döyüşən əsgərlərimizin sürətindən geri qalır. Şeir qabağa keçməkdə çətinlik çəkir. Ona görə ki,  bizdə olan şeir kütləviliyi müharibə şeirinin inkişafına maniə olur, deyək ki,  əsgərlərimizin coşqusunu, şəhidlərimizin vətən sevgisini tam ifadə etmir. Müharibə şeiri kompaniya xarekerli olmamalıdır.
 Birinci Qarabağ savaşını zamanı müharibə şeirimizdə kədər notu güclü idisə, ikinci müharibədə qələbə əzmi üstündür və bu  üstünlük  müharibə şeirimizin canlı, orjinal yaranmasına xidmət edir. Çünki burdakı paralellik, şeirdəki əzmkarlıqla, ordu coşqusu üst- üstə düşür. Saxta heç nə yoxdur. Mənə gəlir ki, əsl müharibə şeirləri ikinci qələbə savaşı zamanı yaranmalıdır və artıq yaranır.
Müharibə şeiri yazmaq üçün səngərin barıt qoxusunu udmaq lazımdır, torpağın qoxusu burnuna dəyməlidir və sən səngərdə əsgərlə birgə "olum” və "ölüm” həyəcanını yaşamalısan. Bax, onda  şeirlərindən müharibə ətri gələcəkdir. Yoxsa televiziyaların "Xəbərlər” proqramına baxmaqla, sayt və qəzetlərdən informasiyaları oxunmaqla müharibə şeiri yarana bilməz və şühəsiz ki, heç vaxt da yaranmır. Süleyman Rüstəm "Qafurun ürəyi” "Ana və postalyon,” Əhməd Cəmilin "Can nənə, bir nağıl de” bu gün öz bədii dəyərini itirmir, əksinə bu günün ən gözəl şeirinə çevrilməkdədir. S.Rüstəm  "Qafurun ürəyi” şeirində yazırdı:
 
Plemyotlar, avtomatlar səsləndikcə ta, ta,
Yaralılar qaçırlar havadan tuta- tuta.
 
 Bu müharibə səhnəsini, orta məktəb illərindən, yəni şeiri oxuduğum vaxtdan unuda bimirəm. Yenə  həmin şeirdən:
 
Düşdü ürək-göbəyi Krımdakı dağların.
 
Və yaxud 
 
Avtomatla sual ver, avtomatla cavab al.
 
Və yenə yaxud
 
Düşünsdü ki, balam hələ çıxmayıbdı bələkdən
(Qafurun məzarını ziyarət edən ananın düşüncəsi)
 
 
 Ümumiyyətlə, müharibə şeiri şairdən xüsusi istedad tələb edir. Bu gün Səməd Vurğunun "Partizan Babaş” şeiri hamının yadındadır. "Ananın öyüdü” şeirini  bu günə qədər mən əzbər bilirəm. Nəyə görə? Ona görə ki, həm yaxşı yazılıb, həm də yaxşı tədris olunub öyrədilib.
Bu gün ordumuz nəinki Qarabağı, bütövlükdə Qafqazı müharibədən xilas edir. Hətta ermənini də. Ermənini erməniliyindən xilas etməyin zamanı gəlib. Həm müharibə zamanı, həm də  müharibə şeirinin yazılma vaxtı. Bunun üçün gərək müharibənin ətrini duyasan. O ətri duyandan sonra müharibəni necə hiss edirsənsə eləcə, heç nə əlavə etmədən, artırmadan, olduğu kimi yaz. İstər  pafoslu olsun, istərsə pıçıltılı, fərq etməz, olduğu kimi, hiss etdiyin kimi yaz. Gözəl alınacaq.