Biz imzaları yox, əsərləri dərc edirik...

Bu il məsuliyyətli ildir – Mübariz Həmidovun müsahibəsi
747
30 Mart 2018, 08:06
 Artkaspi.az Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Əməkdar artist Mübariz Həmidovun müsahibəsini təqdim edir:
 
 
 


  90-ci yubiley ilini qeyd edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mövsüm başlayandan durmadan yeni tamaşalar və bir sıra qastrol səfərləri, festivallarla daima diqqət mərkəzindədir. Bu yaxınlarda xarici səfərlərdən yenicə qayıdan teatrın kollektivi tarixinə daha bir uğur səhifəsi yazdı. Biz də səfərdən qayıdan truppanın təəssüratlarının öyrənmək üçün teatrın direktoru Əməkdar artist Mübariz Həmidovla söhbət etdik.

  – Mübariz müəllim mövsümün yarıdan çoxu keçib, bu müddəti necə qiymətləndirirsiniz?
  – Hesab edirəm ki, mövsümün ilk üç ayı bizim üçün çox məhsuldar olub. Bu günlərdə iki uşaq tamaşasına daxili baxış keçirib təhvil vermişik, yaxında premyeraları olacaq. Ardınca F.Dürrenmantın "Fiziklər” əsərinin əsasında hazırlanan tamaşa gəlir, lakin adını dəyişib "Dəlixanada qətl” qoymuşuq. Demək olar ki, hazırdı, sadəcə, Novruz tədbirlərinə görə qalmışıq. Tamaşanı Lütfi Zadəyə ithaf etmişik. Çünki biz bu əsəri təzə götürmüşdük ki, o, rəhmətə getdi. Hazırda isə Novruzla bağlı tədbirlərimizin son hazırlıqlarıdır. 

  – Yanvarda mono tamaşalar festivalı keçirdiniz. Belə bir fikir hardan gəldi?
  – Sözün düzü, bu fikir oradan yarandı ki, bizim kiçik səhnəmizdə 8-9 mono və iki nəfərlik tamaşalarımız var. Biz də bu festivalı həm özümüzün, həm də paytaxt tamaşaçılarının mono tamaşalara olan həvəsini sınamaq məqsədilə keçirtdik. Parad adı altında bir həftə müddətində baş tutan festival çox böyük marağa səbəb oldu. Həm seyrçilər həvəslə izlədilər, həm də mətbuatda bu barədə maraqlı yazılar dərc olundu. Məndə belə bir fikir yarandı ki, növbəti dəfə bunu başqa formatda keçirək. Bilirsiz ki, artıq dördüncü il olacaq, hər mövsümün sonunda bizdə "Sima” mükafatlandırma mərasimi keçirilir və fərqlənən əməkdaşlarımızı həmin mükafatla təltif edirik. Və belə qərara gəldim ki, bu il iyun ayının sonunda kiçik səhnədə "mono və kiçik həcmli tamaşaların respublika festivalı” adı ilə təkcə öz teatrımızı deyil, digət teatrları da əhatə edəcək yeni bir respublika festivalı keçirək. Hətta, növbəti mərhələdə bu ideyanı artıq beynəlxalq statuslu festival çərçivəsində həyata keçirmək olar.
 
 
 

  – Dediniz ki, yaxın günlərdə iki uşaq tamaşasının premyerası olacaq.
  – Elədir. Novruz bayramı münasibətilə hər il olduğu kimi, bu il də uşaqların tətil günlərində "Çeburaşka” və "Qar kraliçası” tamaşaları göstəriləcək. Artıq baxış olubdur. Sabahdan etibarən ard-arda hər iki tamaşanın premyerası olacaq. Və bayram günlərində tamaşalardan öncə qısa vaxt ərzində novruzun qəhrəmanları (Kosa, Keçəl, Bahar qız), müxtəlif nağıl personajları uşaqları təbrik edəcəklər.
 
  – Səhv etmirəmsə aprel ayında Hüseyn Cavidin "Ana” əsərinin də premyerası gözlənilir.
  – Bəli, bu Nübar Novruzovanın doğum günü ilə bağlı bir benefist tamaşa olacaq. Əslində H.Cavid haqqında çoxdan düşünürdüm və bu da tam yerinə düşdü. Bilirsiniz ki, bizdə Hüseyn Cavidin "Şeyx Sənan” əsərinin tamaşası var, bu da ikinci bir tamaşa olacaq.
 
  – Bir neçə gün öncə həm festival (BƏƏ), həm də qastrol səfərindən qayıtdınız (Hindistan), səfəriniz hansı təəssüratlarla yadda qaldı?
  – Bəli, Gənc Tamaşaçılar Teatrının bir qrup yaradıcı heyəti ilə bu il fevralın 17-dən aprelin 8-nə qədər Hindistanda keçirilən VIII Beynəlxalq Teatr Olimpiadasında iştirak etmək üçün mart ayının 2-8-də Hindistan Respublikasına səfər etmişdik. Paytaxt Dehlidə və Kolkot şəhərlərində "Cəza” (müəllif. T.Vəliyeva, rejissor M.Ələkbərzadə, ifaçı K.Hüseynova) mono tamaşasını nümayiş etdirdik. Hindistana yola düşməzdən öncə isə Birləşmiş Ərəb Əmirliklərinin ƏL-Füceyra şəhərində keçirilən VIII Beynəlxalq monodram tamaşalar festivalında da bu tamaşa ilə çıxış etdik və tamaşanın yaradıcı heyəti diplom və mükafata layiq görüldü. Həmçinin qeyd edim ki, bu ilin yanvar ayının 18-dən 23-dək Tehranda keçirilən Beynəlxalq Fəcr Festivalında da məhz bu tamaşa ilə çıxış etmişdik. Hətta, tamaşanın nümayişi bir dəfə nəzərdə tutulmasına baxmayaraq, festival təşkilatçılarının  və çoxsaylı tamaşaçıların xahişini nəzərə alaraq daha 3 dəfə nümayiş olunmuşdu.
 
 
 
 

 
  – Çox xoş haldır ki, bu il Mədəniyyət və Turizm Nazirliyinin mükafatlandırma mərasimində sizin də teatrın gənc aktrisası mükafata layiq görüldü.
  – Bizim teatrda mütəmadi olaraq gənclərə müəyyən mükafatlar verilir. Milli teatr günü ilə bağlı olaraq teatrın özündə də tədbir keçirdik və bir neçə nəfəri mükafatlandırdıq. Ardınca isə "Müharibə” tamaşasını təqdim etdik. Bəli, Günel Məmmədova Mədəniyyət Nazirliyinin mükafatına layiq görüldü. Bundan əlavə, aktrisamız Nübar Novruzova yubleyi ilə bağlı Teatr Xadimlər İttifaqının "Sənətkar” medalı ilə təltif olundu. Həmçinin 8 mart Beynəlxalq qadınlar günü münasibətilə cənab prezidentimizin sərəncamı ilə bizim teatrın kitabxanaçısı Zemfira Bağırzadə də "Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görüldü. Yəni işləyən insanların zəhməti yerdə qalmır.

  – Mövsüm başlayanda qeyd etmişdiniz ki, bu il hər zamankından daha məhsuldar, daha fərqli il olmalıdır, çünki Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyidir. Qarşıda hansı yeniliklər gözlənilir?
  – Novruzdan sonra iki uşaq tamaşasının işləmlərinə start verəcəyik. Bunlardan biri uşaqların da çox yaxşı tanıdığı və sevdiyi "Şirinlər”, digəri isə "Tənbəl Əhməd” xalq nağılının tamaşaları olacaq. Növbəti aylarda da yeni tamaşalar nəzərdə tutulub. Bu il məsuliyyətli ildir. Kollektivə də qeyd etmişəm ki, bu il, 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək bizim üçün oynanılan hər tamaşa yubiley tamaşasıdır. Daha bir tamaşa M.de.Servantesin "Don Kixot” əsəri olacaq. Bu əsərin, yubiley üçün maraqlı və sanballı tamaşalardan biri olacağına əminəm. Daha sonra Əziz Nesinin "Öldür məni caniko” əsərinin tamaşasını da Nicat Kazimovun quruluşunda hazırlayırıq. Aprel ayının 16-dan 23-nə qədər İran İslam Respublikasının Əhvaz şəhərində keçiriləcək Beynəlxalq Teatr festivalına səfərlərimiz nəzərdə tutulub. Burada "Qoca Kloun” tamaşası ilə çıxış edəcəyik. İyunda mono tamaşa ilə Kiyev şəhərinə səfərərimiz var, çox güman ki, bu, "Kontrabas” tamaşası olacaqdır. May ayının əvvəli (2-4-ü) Vladiqafqaz Akademik Milli Dram Teatrı ilə bağladığımız müqavilə əsasında biz orada üç gün müddətində çıxış edəcəyik, onlar isə III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində bizim qonağımız olacaqlar. Noyabr ayında isə V Bakı Beynəlxaq Teatr Konfransı olacaq. Orada bizim teatrı dostlarımız, əməkdaşlıq etdiyimiz teatrların rəhbərləri və bizim üzv olduğumuz ASİTEJ-in ayrı-ayrı ölkələri üzrə prezidentləri iştirak edəcək və onlarla görüşlər keçiriləcək. İyunun sonu iyulun əvvəlində Dövlət Proqramı çərçivəsində bölgələrə səfərimiz nəzərdə tutulub. Adəti üzrə hər il paytaxt teatrlarının əyalət tamaşaçıları ilə görüşləri keçirilir. 

  – Təşəkkürlər və bütün kollektivə uğur arzulayırıq.
  – Çox sağ olun
 
 Söhbətləşdi: teatrşünas Nigar Pirimova