Biz imzaları yox, əsərləri dərc edirik...

Mübaliğə satirik xarakterin yaradılması vasitələrindən biri kimi – Lidiya Vladimirovna Kobzareva
2467
04 Aprel 2020, 10:38
 Artkaspi.az saytı Lidiya Vladimirovna Kobzarevanın "Unrat müəllim və ya bir tiranın sonu" adlı yazısını təqdim edir:
 (H.Mannın "Unrat müəllim” romanı əsasında)

 Yarandığı tarixdən bəri (XV əsrin sonu XVI əsrin əvvəli) "qrotesk” (Qrotesk – təsviri sənət, teatr və ədəbi əsərdə insan və əşyaları eybəcər – komik təsvir edən fantastik ifrat mübaliğə. Qrotesk inandırıcılıq həddini keçir, təsvirə hədsiz şərtilik verir və surəti həqiqətdən uzaqlaşdırır) termini özündə təkcə "gülməli” deyil, həm də "bədheybət” anlayışlarını birləşdirir. Amma bu problemin öyrənilməsinin ilkin mərhələlərində araşdırmaçılar hər şeydən əvvəl iki aspektdən birinin – komik tərəfin öyrənilməsinə diqqət yetirirlər. 
 "Unrat müəllim” romanı (1905) yazıçının tərcümeyi-halında xüsusi yer tutur. Əgər onun daha əvvəlki əsərlərində biz qroteskin təkcə ayrı-ayrı elementləri ilə qarşılaşırdıqsa, bu əsərdə məhz qroteskin üzərinə müəyyən rol düşür. H.Mann dünyanı bütün məntiqsizliyi ilə təsvir etməsə də, yaratdığı həyati material ilk baxışda tamamilə adi görünür. 
 
 

 Unrat müəllimin xarakteri H.Mannın gimnaziyada əldə etdiyi təəssüratlarından yaranmışdır. Bu xüsusda Tomas Mannın maraqlı qeydləri var. Onun yazdığına görə Kateriniumda (qardaşların təhsil aldıqları gimnaziya bu cür adlanırdı) şagirdlərlə müəllimlər arasında ədavət heç vaxt səngimirdi. "Bir dəfə müəllimlərdən biri şagirdə hədə-qorxu gələrək: "Mən sənin karyeranı məhv edərəm!” demişdi”, deyə yazıçı xatırlayır. Bu sözlər məlum olduğu kimi sonralar onun qardaşının romanına daxil oldu. 1980-ci ildə H.Mannın məktəb yoldaşı Lüdviq Eversə məktubları ilk dəfə dərc edildi. Əsərdə əlavə olaraq L.Eversin müəllimlərin xarakterik cizgilərinin çox dəqiq təsvir edildiyi kiçik etüdü yer alır. Məsələn L.Evers latın dili müəllimi Martens haqqında yazır: "Gürzə kimi hücum etdi ona (şagirdə) baş müəllim Martens”. H.Mannda oxuyuruq: "Umrat ilan sancmış kimi büdrədi, heç kim hətta düşünməyə belə macal tapmadı. O, Lomana hücum etdi”. Romanda bu cür nümunələr çoxdur.
 Unratın xarakterini araşdırarkən görürük ki, H.Mann ona müəllim-tiranın təsirli obrazını yaratmaq imkanı verən konkret həyati müşahidələrdən keçmişdir. Lakin, yazıçının fikri bununla məhdudlaşmırdı. H.Mann bir dəfə roman haqqında demişdi: "Elə bil o, möcüzə ilə yaranıb. Əslində o, mənim qəlbimdə çoxdan yetişmişdi və bu sadəcə olaraq mənim tez-tez haqqında düşündüyüm "iqtidarın zülmünə cavab” idi". 
 "Unrat müəllim” romanında H.Mann məhz bu cür – əmr etmək və məhv etmək yanğısı ilə yaşayan dar düşüncələrə malik qiyamçı meşşanı təsvir edirdi. Unrat satirik obrazdı, yazıçı onu yaradaraq ideologiyanın reaksiyasının əleyhinə çıxış eləmişdi. H.Mannın yaşadığı Nitsşe ideyaları dövrü olan 90-cı illərin sonunda həmin fəlsəfə onu əvvəlcə antiburjua cərəyana doğru cəlb edirdi. "Unrat müəllim” romanının yazıldığı dövrdə H.Mann artıq Nitsşe ilə münasibətlərini gözdən keçirmişdi. Unrat obrazında o, həm də "üstinsan”ın parodiyasını yaratmışdı. Unrat sadəcə olaraq zalım müəllim deyil. Unratın xarakterinin qorxulu həqiqəti və böyük ümumiləşmiş gücü onda sonradan faşist ideologiyası üçün zəmin olacaq cizgilərin təcəssüm olunmasındadır.

 
 
 Unrat satirik xarakterdi. Henrix Mann satirik-yazar olaraq onun daha üstün qabarıq cizgilərini nəzərə çatdırır. Satirik xarakterlərin bu cür qurulması obrazlara nominal məna verməyə imkan yaradır. Unratın müəllifin bütün roman boyunca qabartdığı əsas xarakteri hər şeyə üstün gələn hökmranlıq və dağıtmaq şövqüdür. Məhz bu, onun insanlara, həyata qarşı münasibətini, hərəkətlərini təyin edir, hisslərinin, düşüncələrinin, təsəvvürlərinin özünəməxsus dünyasını yaradır. Sözügedən hisslər və meyllər romanda o qədər kəskin formada verilib ki, bəzən hətta patologiya ilə məhdudlaşır. Qrotesk xarakterin, adətən, mübaliğə üzərində qurulmasına baxmayaraq, bu, onu müəyyənləşdirən xüsusi əlaməti deyil. "Mübaliğə sadəcə olaraq gerçəyin qismən pozulmasıdır, kəmiyyət həqiqətindən keyfiyyət həqiqəti çərçivələrində geri çəkilməsidir” – D.Nikolayev yazırdı. 
 Unratın xarakterində keyfiyyətli həqiqətin pozulması onun bütün hədləri aşan hakimiyyət yanğısını ortaya çıxarır. Bu, hərəkət və düşüncələri həyatının həqiqi şərtləri ilə tez-tez uyğunlaşmayan manyakdır. O, sanki öz ayrıca dünyasında yaşayır, həmin məkan isə real dünya ilə uyğun deyil. "O, gimnaziyanı və orada baş verən hər şeyi həyatın özü kimi ciddi qəbul edirdi. Tənbəllik pozğunluq və müftəxorluqla, diqqətsizlik və güləyənlik qiyamla bərabərləşmişdi, uşaq tapançasından noxudla atəş açmaq inqilaba çağırış idi”. Məhz Unrat balaca dəcəlləri cəzalandıraraq qiyamla az qala ümumdövlət səviyyəsində mübarizə apardığını düşündüyünə görə, məktəb həyatındakı hər bir xırdalığı ciddi qəbul edir. Onun özü barədə "həqiqətdən uzaq olan, amma hədsiz şişirdilmiş” düşüncəsi də bu əsasla yaranıb: "Mən gimnaziya müəllimiyəm – deyə o, cavab verdi. Bu isə sanki mən dünyanın hökmdarıyam kimi səslənir”. 
 Keyfiyyətli həqiqətin pozulması Unrat obrazına şərti xarakter bəxş edir. Lakin, adi həyati hadisələrdə bu şərtilik oxucu tərəfindən dərhal qəbul edilmir. Hətta Tomas Mann kimi böyük təsvir ustası da qardaşının romanını ilk dəfə oxuduqda heyrətlənmişdi: "O qədər qeyri-adidir ki, gözlərinə inana bilmirsən – deyə o, yazırdı. Unrat konsert zalında "Qazamata!” deyə qışqırarkən özünü sanki sinifdə dərs zamanı hiss edir”.
 Mannın bioqrafı Peter de Çendelson onun bu epizoda münasibətini şərh edərkən qeyd edirdi: "Tomas Mann "Unrat müəllim”i bilavasitə təqdim edildiyi kimi qəbul etmiş və kitab onda kəskin narazılıq yaratmışdı”. Bu obrazın şərtiliyini bir çox sovet tənqidçiləri də hiss etməmişdilər. Məsələn, N.İ.Çetunova roman haqqındakı resenziyasında yazırdı: "Unrat "canlı” insan deyil, insanda insana qarşı bu cür ədavət, konkret individual xarakterdə insanlıqdan kənar hisslərin bu cür birləşdirilməsi adətən olmur”. Amma H.Mann öz qarşısında konkret individual xarakter yaratmaq tapşırığı qoymamışdı. N.İ.Çetunovanın "insanlıqdan kənar hisslərin birləşməsi” adlandırdığı anlayış məhz satirik kəskinləşmənin qrotesk formasıdır. Yazıçının məqsədi olduqca geniş idi. Bu səbəbdən də Tamara Motılyova "Unrat obrazı öz qrotesk şişirdilməsinə baxmayaraq tipikdir” deyə qeyd etdikdə tam haqlıdır. 
 "Unrat müəllim” romanında H.Mann ətraf aləmin alogizmini (alogizm – məntiqi təfəkkürün rolunun həqiqətə çatmağın vasitəsi olmasının inkar edilməsi, yaxud kiçildilməsi), onun bəzən dəhşətli dərəcədə məhdudlaşdırılan eybəcərliklərini ifşa edir. Dünyanın hökmdarı roluna iddialı olan və özünü bu rolda hiss edən rəzil – alogizmin üzünə dik baxan da odur – bu da bizi Unratın xarakterini qrotesk xarakter kimi qəbul etməyə məcbur edir. Amma romanda qrotesk təkcə baş qəhrəmanın xarakteri deyil. Bütün roman alogizmin tərs sistemi kimi qurulur. Romanın fabulasının özü məntiqsiz olduğu qənaətindədir: vasvası və əxlaq keşikçisi olan müəllim öz həyatını tam azad iradəli qadınla bağlayır, yaşadığı şəhərdəki əxlaqsızlığın ocağı olan qumarxananın sahibinə çevrilir. Unratın ətraf aləmlə münasibətlərinin inkişafı da alogizmdən uzaqdı. Romanın əvvəlində kimsə Unratın təhqiramiz ləqəbini səsləndirdikdə qəzəblənirdi, sonunda isə həmin ləqəblə yüksək titul kimi fəxr duyur. Alogizmin prinsipinə görə təkcə romanın əsas süjet xətləri deyil, həm də ayrı-ayrı detalları qurulub. 
 Unratın xarakteri üzərində çalışarkən H.Mann özünü psixoloji satiranın əsl ustası kimi aparıb. Yazıçı əsas diqqəti öz qəhrəmanının psixoloji xarakterinə cəmləyir, onun "düşünmək və danışmaq” bacarığını qroteks formada meydana çıxarır. Amma qrotesk-fantastik xarakteri Unratın ancaq cəfəng ideyaları ilə yekunlaşmır. Onun düşünmək manerasının özü də qrotesk formada ortaya çıxır. Unratın düşüncəsi cansız, keyimiş vəziyyətdədir. Düşüncə dinamikası onun üçün yaddır. Onun ağlının psixoloji qatı gipsdən düzəlib. Amma bu, təkcə Unrat üçün xarakterik deyil. Psixoloji xarakteristikanın quruluşunun bu cür prinsipi bir çox satirik obrazlara aiddir, məsələn İuduşka Qolovlyov (M.Y.Saltıkov-Şedrinin "Cənab Qolovlyovlar” romanının qəhrəmanı), Klim Samgin (Maksim Qorki "Klim Samginin həyatı”), Mayakovskinin satirik pyeslərinin qəhrəmanları kimi. A.V.Lunaçarski Klim Samgin obrazını analiz edərkən yazırdı ki, onun daxili quruluşu "daralmışdır və onun psixikasının qabalığı səbəbindən insanlıqdan kənar vəziyyətdədir”.
 Satirik qəhrəmanın psixoloji qatlarının xüsusiyyəti özünəməxsus düşüncə manerasında yekunlaşır. Hər bir satirik qəhrəman xüsusi düşüncə stereotipinə malikdir. Biz görürük ki, Unratın düşüncə tərzi ancaq müəllim peşəsi ilə bağlı olan müəyyən kateqoriyaların anlayış çərçivəsində məhdudlaşır və bu düşüncə stereotipi dəyişilməz olaraq qalır. Unrat təkcə öz hərəkətlərini deyil, həm də düşüncələrini kəskin reqlametə salır, bu da ona avtomat, mexanizm cizgiləri bəxş edir, hansısa bədheybət, qeyri-normal təəssüratı yaradır. Beləliklə, Unratın davranış tərzi qrotesk formadadır, bu da hər zaman eyni model üzrə qurulan düşüncə formuludur. Nəticə – ümumiləşdirilmiş sözün çatdırılmasıdır: "Mənim üstünlüyüm – ümumiləşdirərək deyirəm – mənim şəxsi işimdir”, "Sevimli freyleyn – ümumiləşdirərək deyirəm – dünən axşam sizdə görünür yenə də gənclərlə görüş baş tutmuşdur”.
 Adətən araşdırmaçılar romanın sonluğuna az diqqət yetirirlər, amma bu, olduqca vacibdi. Son səhifə tragikomik aspektdə verilib. Qəhrəmanın vəziyyəti faciəvi, eyni zamanda komikdi və hətta obraz bir neçə fars element daşıyır, məsələn şagirdi Unratı su şlanqı ilə isladanda. Bu sonluqda H.Mannın həm faciəvi, həm də komik başlanğıca malik olan qroteskinin əsl mahiyyəti sintezləşdirilmişdir. Unratın xarakterinin bu tragikomikliyi "Mavi mələk” filmində xüsusilə qeyd edilmişdir, burada Unrat ömrünün sonunda kloun olur. H.Mann rejissorun Unrat obrazının daxili bacarığının daha bir həddini aşkar etməyə müvəffəq olduğu bu qərarını "böyük, diqqətəlayiq tapıntı olaraq” qiymətləndirmişdir. 
 İlk baxışda Unratda H.Mannın daha əvvəlki "Həsrət qalınan torpaq” romanındakı Andreas Tsumze ilə ümumi cəhətləri çoxdur. Hər ikisi öz sahiblərinə sədaqətlə xidmət edirlər – Andreas onlara qulluq göstərib əyləndirərək, Unrat onlar üçün sadiq təbəə yetişdirərək. Onların hər ikisinə dözürlər, lakin onlar öz yerlərini unutduqda və öz sahibinin əmlakına qəsd edəndə isə özlərindən uzaqlaşdırırlar. 
 "Unrat müəllim” romanının ümumi fonu "Həsrət qalınan torpaq” əsərindən daha kədərlidir. Həyata diqqətlə və dərindən baxanda yazıçı öz həmvətənlərini Almaniya üzərində dolaşan təhlükədən xəbərdar edərək orada faciəli tərəflər açır. Bax elə buna görə də o, bir çox teatr xadimlərinin romana "parlaqlıq” bəxş etmək cəhdlərinin qəti şəkildə əleyhinə olmuşdur. "Unrat müəllim” ekranlaşdırılmaqla qalmamış, həm də səhnələşdirilərək əyalət səhnəsində nümayiş edilmişdir. Anna Erix Oberşeyer romanı "Ervin Ştrausun on şəkildən ibarət musiqili komediya”sına çevirərək operettaya bənzər quruluş ərsəyə gətirdikdə, H.Manna öz dostu və bioqraf Karl Lemkedən bu quruluşa təkidlə mane olmağı xahiş edir. Yüngül janr romanın ciddi məzmununu korlayırdı. 
"Unrat müəllim” əvvəlki əsərlərdən Almaniyada baş verən sosial proseslərə dərindən nüfuz etməsinə görə fərqlənir. O, həyatı kəskin təzad və ziddiyyətləri ilə görür, baş qəhrəmanın qrotesk xarakterinin yaradılması ona Unratın ideya və davranışlarının absurdluğunu ifşa etməyə, xarakterinin satirik kəskinliyini gücləndirməyə imkan verir.
 "Unrat müəllim” H.Mannın satirikə çevrilməsində yeni pillə oldu. Qrotesk xarakterlərin satirik kəskinliyi vasitəsi kimi sonralar onun novellalarının gələcək inkişafını əldə edir, "Millətin həyatından səhnələr” dramatik etüdündə, "Lidisa” (hadisələr Çexoslovakiyada Lidisa kəndində baş verir) romanında isə yazıçı faşist rəhbərlərin satirik obrazlarını tam istehzalı sarkazmla yaratmağa müvəffəq olur. 
 
 Mənbə: md-eksperiment.org
 Rus dilindən tərcümə edən: Xatirə Nurgül