Biz imzaları yox, əsərləri dərc edirik...

İnam ilə şübhə arasında – Asif Ata
578
21 İyun 2018, 12:51
 Artkaspi.az Asif Atanın "Ədəbi mübahisə" adlı yazsını təqdim edir: 
 
 İki dünya, iki məna, iki qüvvə qarşı-qarşıya dayanmışdır.
 İnam və şübhə. Faust və Mefisto. Biri sonsuz, mütləq həqiqətə can atır, ömrün mənasını əbədi yolçuluqda görür, bu hikmətin qüdrətinə inamını heç vaxt itirmir, daim axtarır və kamilləşir.
 

 
 O biri şübhəçiliyə, inamsızlığa, şərə xidmət edir, insana inanmır, ömrün mənasını inamsızlığın təsdiqində görür.
Biri həqiqətə qovuşmaq üçün həyatından keçir, əzab-işgəncələrə məruz qalır, lakin yolundan dönmür, qarşısına çıxan cəlbedici və füsunkar, qorxulu və amansız maneələri dəf edir. O biri həyatını insanı alçaltmağa, yolundan azdırmağa həsr etmişdir.
 Biri deyir ki, insan hər şeyə qadirdir, həqiqəti dərk etməyə zəkası, iradəsi çatar, yüksək arzuları naminə keçici hisslərini qurban verməyə qabildir.
 O biri deyir ki, insan bir heçdir, ani hisslərin əsiri olan, aciz, qorxaq, xəbis, idealı ilə həyatı bir-birini inkar edən çirkin bir məxluqdur.
 Həyat onları yol yoldaşı etmişdir.
 Mefisto yoldaşlarını həqiqət yollarından uzaqlaşdırmağa, ehtirasları coşduran və əqli söndürən nəşə məskəninə cəlb etməyə çalışır. Arzusunun həyata keçməsinə onda sonsuz inam var, çünki insanın mənəvi qüdrətinə inanmır.
 

 
 ...Faust gənclik illərini fəda etdiyi kitablar aləmindən ayrılmış, məhəbbət aləminə çəkilmişdir. Mefistofel şənlənir:
"İnsan belədir. Qabağına hissini oxşayan bir şey çıxdımı, idealından, yolundan dönməyə hazırdır”.
 Lakin Mefistonun sevinci tez də sönüb gedir. Faust sevdi, sevildi, lakin füsunkar məhəbbət ölkəsində əbədi qalmadı. Həqiqəti dərk etməyə olan həvəsi sönmədi. O, Mefistoya "buradan gedək” dedi.
 ...Mefisto Faustu keyf-işrət məclisinə gətirdi. Faustun narahat qəlbi bir anlıq burada dincəldi. Lakin bu aləm də Faust aləminə çevrilmədi. Faust burada dayanmadı.
 Mefisto Faustu antik dünyanın gözəllik guşəsinə aparır.
 Faust əfsanəvi Yelenanın məhəbbətini qazanır, onun əri olur, atalıq qismətinin şeiriyyətini və faciəsini duyur. Mefistonun sevinci yerə-göyə sığmır. Lakin bu sevinc də qəmə çevrilir.
 Faust yenə də Mefistoya "buradan gedək”, – deyir. Mefistofel Faustu haraya aparırsa-aparsın, Faust həqiqət yoluna qayıdır.
 

 
 Mefisto Faustu həqiqət yolundan azdırmağa nə qədər çox səy edirsə, Faust həqiqətə bir o qədər yaxınlaşır. Nəhayət, o, həqiqətini tapır.
 Daimi qəhrəmanlıq, daimi fədakarlıq, daimi kamilləşmə, daimi fəaliyyət – budur mütləq həqiqət.
 İnam ilə şübhə arasında gedən əbədi mübahisədə inam qələbə çalır.