Biz imzaları yox, əsərləri dərc edirik...

“Molla Nəsrəddin”in mürəttibi və müxbiri
1320
06 Avqust 2020, 10:34
 Dövrünün mürəkkəb ictimai-siyasi hadisələrinin canlı şahidi, milli-mədəni irsimizin tədqiqi, toplanılması, nəşri və təbliği sahəsində müstəsna xidmətləri olan ədəbiyyat, mətbuat və teatr tarixi araşdırıcısı, mətnşünas, salnaməçi, təzkirəçi, biblioqraf, nasir, publisist kimi çoxşaxəli fəaliyyət göstərən Qulam Məmmədli 1897-ci il martın 25-də Təbrizdə anadan olmuşdur. Hələ uşaq ikən tale onu Təbrizdən Aşqabada aparmış, yaşına sığmayan güzəran qayğıları onu adi təhsil almaq imkanından belə məhrum etmişdir. "Özünün söylədiklərindən: "...Ağlım kəsəndən, arada bir fikirləşirdim ki, adımı Qulaməli niyə qoyublar görəsən? Sonra başa düşdüm ki, demə, o vaxt Cənubda oğlan uşaqlarının çoxuna, əsasən Qulam, Hilal, Bilal, Əhməd, Həsən adları qoyurdular ki, qul alveri bazarında ad da xoşa gəlsin. ...Ona görə, hər ehtimala qarşı mənə Qulam adı veriblər. O vaxt Asiya və Zaqafqaziya müsəlmanlarını İran ziyarətgahına aparan baş yol Xəzər dənizinin liman şəhərlərinə gətirib çıxarırdı. Liman şəhərlərində bir qayda olaraq, həmişə qul alveri olurdu... Nə yaxşı ki, tale mənim üzümə güldü, həmin limanda dəmirçi Hüseyn ağa xarici görkəmimi görüb özünə şəyird götürdü. Dəmirçinin yanında güzəranım o qədər də asan deyildi. Mənim savadlanmaya, qəzetə gedən yolum da o dəmirçi dükanından başladı. Usta Hüseyn ağa və onun dəmirçi dostları pul yığıb Bakıdan göndərilən "Səda” qəzetini alıb oxuyurdular. Əlbəttə, ustalar savadsız idi, qəzeti onlar üçün mən oxuyurdum”.
 
 Nə yaxşı ki, Tanrının seçilmişlərinə qismət etdiyi nadir, qeyri-adi fitri istedadı, zəhmətsevərliyi, fədakarlığı sayəsində o, sözün tam mənasında dövrünün son dərəcə sanballı, seçilən alimi, qabaqcıl ziyalısı, vicdanlı və ləyaqətli vətəndaşı olmağı bacarmışdır. Elmi dərəcəsi, ali, hətta orta təhsili olmayan Q.Məmmədlinin bu dəyərləri, onu müasirlərinin və bugünkü nəslin kimsəyə bənzəməyən və kimsə ilə müqayisəsi mümkün olmayan ustadı – "Qulam müəllimi” etmişdir. Həmişə "mən gözləməyi və vaxt itirməyi xoşlamıram” deyən Qulam müəllm yaşadığı ömrün nəinki hər ilindən, hər ayından, hətta hər günündən belə bir qənimət – ömrün son günü kimi yararlanmağa tələsmişdir.
 1914-cü ildən Aşqabadda nəşriyyat və mətbuat aləminə adi köməkçi kimi daxil olan Q.Məmmədli sonralar mürəttib olmuş, 16-17 yaşlarından Bakıda Cəfər Bünyadzadənin redaktorluğu ilə nəşr olunan "Tuti” satirik məcmuəsində və Aşqabaddakı "Mavərayi-bəhri Xəzər” qəzetində ilk yazılarını dərc etdirmişdir. İllər keçdikcə mürəttiblikdən, kiçik müxbirlikdən başlanan bu yol onu "Kəndçi qəzeti”, "Yeni yol”, "Kommunist”, "Vətən yolunda”, "Azərbaycan kolxozçusu”, "Kirpi” və sair mətbuat orqanlarında peşəkar jurnalist kimi redaktorluğa qədər ucaltmışdır.
 Q.Məmmədli tərcümeyi-halında yazır: "1923-cü ilin iyun ayında Bakıya gəlib "Kommunist” qəzetinin çap olunduğu "III İnternasional” mətbəəsində mürəttib işləmiş və burada Ordubadi, Cabbarlı, Məmmədəli Sidqi, Seyid Hüseyn və başqaları ilə tanış olmuşam, "Molla Nəsrəddin”in həm mürəttibi, həm müxbiri olub, Mirzə Cəlil ilə tanış olmuşam. 1924-27-ci illərdə Teatr Texnikumunda oxumuşam”.
 Q.Məmmədli nəşrə hazırladığı təzkirə, biblioqrafik göstərici, salnamələrin materiallarının toplanılması prosesində ədəbiyyat, teatr, mətbuat tarixi ilə bağlı əldə etdiyi hər yeni tapıntını, naməlum faktı elmi ictimaiyyətə ilk olaraq "Axtarışlar, tapıntılar”, "Açılmamış səhifələr” və sair rubrikalar altında mətbuat vasitəsilə çatdırırdı. 1941-1946-cı illərdə Tiflisdə və Təbrizdə "ordu qəzetlərində” işləyən Q.Məmmədli həm də "ədəbiyyat tədqiqatı ilə  məşğul olmuş” və qısa müddətdə əldə etdiyi zəngin materiallar onu mətnşünas kimi fəaliyyət göstərməyə yönəltmişdir. Bu sahədə ona əsas işi ticarət olsa da, ömrü boyu öz vəsaiti hesabına fars, ərəb və türk (Azərbaycan) dillərində ümumi sayı 3692 nadir əlyazma və çap kitabları toplayan, bu məqsədlə Avropa, Asiya və Afrika ölkələrinə – Misirə, Türkiyəyə, Hindistana, Orta Asiyaya səfərlər edən, İranın müxtəlif şəhərlərini gəzən Hacı Məhəmməd ağa Naxçıvani (Naxçıvan ensiklopediyası. B., 2002, s. 434) yardımçı olmuşdur. "Heyran xanım” (1951), "Mirzə Əli Möcüz. Seçilmiş əsərləri” (1954), Fədainin "Bəxtiyarnamə”si (1945, 1957) və s. bu illərin ilk mətnşünaslıq işləridir. "İran Azərbaycanının müasir şairləri”, "Səttar xan” şeirlər toplusu, "Xiyabani”, "Cənubi Azərbaycan şairləri antologiyası”, Qılman İlkinlə birgə tərtib etdiyi "Qızıl səhifələr” sənədlər toplusu, "Atmacalar”, "Əliağa Vahid. Seçilmış əsərləri”, "Qapı oğrusu”, "Məhəmmədəli Mənafzadə Sabit. İbrət güzgüsü: Şeirlər, hekayələr və məqalələr” və s. əsərlərin tərtibi və nəşri də mətnşünaslıq işinin davamıdır.
 Q.Məmmədlinin hələ sağlığında muzeyə bir eksponat kimi verib, qorunub saxlanılmasını xahiş etdiyi "Azərbaycan teatr salnaməsi” kitabının şəxsi nüsxəsinin üzərində Süleyman Rüstəm, Rəsul Rza, Nigar Rəfibəyli, Abbas Zamanov, Əziz Şərif, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Niyazi, Fikrət Əmirov və başqaları tərəfindən edilən qeydlərdə Q.Məmmədli əməyi yüksək qiymətləndirilmişdir.
 Onun bütün elmi yaradıcılığı, o sıradan teatr xadimləri haqqında digər səlnamələri kənara qoyulmuş olsa belə, haqqında danışılan təkcə bu səlnamə ilə teatrşünas alim kimi tanınan və yaddaşlarda yaşayan Q.Məmmədli "bəlkə heç özü də bilmədən Azərbaycan teatrşünaslığına yeni nəfəs gətirmiş”, əldə etdiyi – bir çox mənada özümüzü özümüzə tanıdan naməlum yeni fakt bolluğu ilə nəinki dövrün teatrşünaslığını heyrətləndirmiş, həm də mövcud "ideologiyalı elmin eyblərinin” (İsmayıloğlu A. Teatrşünaslığımızın tarixindən // "Ədəbiyyat qəzeti”, 2013, 8 fevral) açılıb üzə çıxarılmasına nail olmuşdur.
 Q.Məmmədlinin müəllifi olduğu əsərlərinin çox böyük hissəsi – "Molla Nəsrəddin. Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətinin salnaməsi (1866-1932)” (1966, 1984), "Hüseyn Ərəblinski. Aktyorun həyat və fəaliyyətinə dair sənədlər məcmuəsi” (1967), "Cahangir Zeynalov. Həyat və yaradıcılığı haqqında sənədlər” (1968), "Üzeyir Hacıbəyov (albom kitab)” (1975, 1985 müştərək), "İmzalar” (1977), iki cilddə "Azərbaycan teatrının salnaməsi (1850-1920)” (1975), "Azərbaycan teatrının salnaməsi (1920-1930)” (1983), "Cavid – ömrü boyu. Həyat və yaradıcılıq salnaməsi (1882-1941)” (1982), "Üzeyir Hacıbəyov (1885-1948). Həyat və yaradıcılığının salnaməsi” (1984), "Abbas Mirzə Şərifzadə” (1985), "Nəriman Nərimanov (1870-1925). Həyat və yaradıcılığının salnaməsi” (1987), "Sizə kim lazımdır? (biblioqrafik məlumat kitabı)” (1990) kimi səlnamə və biblioqrafik göstəriciləri onun saglığında nəşr olunmuşdur. "Bilik” cəmiyyəti xətti ilə nəşr olunan "Klassik Azərbaycan ədəbiyyatında ateizm motivləri” (1958), "Ateistin cib lüğəti” (1962) və "Tüfeyli ocaqları” (1963) da müəllifin sağlığında nəşr etdirdiyi kitablar sırasındadır. Bu kitabların bəziləri Qulam müəllimin sağlığında və dünyasını dəyişdikdən sonra təkrar nəşr olunmuşdur. Q.Məmmədli kitablarının gələcəkdə təkmilləşdirilərək nəşr edilməsinin vacibliyini xatirələrində təvazökarcasına belə izah etmişdir: "Bir çox oxucularıma elə gəlir ki, mənim 1966-cı ildə çap elətdirdiyim "Molla Nəsrəddin” kitabım Mirzə Cəlilin həyat və fəaliyyətinə aid mükəmməl bir əsərdir. Yox, belə deyildir! Kitab çap olunandan sonra tədqiqatı davam etdirəndə mənə aydın oldu ki, Mirzə Cəlilin fəaliyyətinə aid o kitabda bir sıra məsələlərin izahında natamamlıq, yanlışlıq, ya da heç açılmamış cəhətlər vardır. Ərəblinski də bu ayaqdan, Cahangir Zeynalov da və başqaları da. "İmzalar” kitabındakı naməlum, örtülü, gizli imzaların da miqdarının az qala iki min əlavəyə ehtiyacı var...” (Məmmədli Q. Ömür dəftərindən səhifələr (1897-1977). Xatirələr. Görüşlər. Müşahidələr”. B., 2016, s. 154). Qulam müəllimin özünün xüsusi qeyd etdiyi kimi "əlavəyə ehtiyacı” olan "İmzalar” kitabı Milli Mətbuatın 140 illiyi münasibəti ilə 2015-ci ildə tərəfimizdən təkmilləşdirilərək yenidən nəşr edilmişdir. İki hissədən ibarət kitabın I hissəsinə daxil olunan Q.Məmmədlinin "İmzalar” kitabı kirildən latın əlifbasına transliterasiya edilmiş, düzülüşü Azərbaycan əlifbasına uyğun şəkildə verilmiş, mətndəki mətbuat orqanlarının adlarında olan müxtəliflik və natamamlıq aradan qaldırılmış, imza müəlliflərinin ad və soyadları üzərində də dəqiqləşmələr aparılmışdır. Q.Məmmədlinin kitaba verdiyi elmi-məlumatlandırma aparatı – "Bir neçə söz” və "Əlavələr” bölməsi olduğu kimi yeni nəşrin bu hissəsində özünə yer almışdır. Kitabın II hissəsində isə tədqiqatçıların biblioqrafiyadan istifadəsini asanlaşdırmaq məqsədilə əvvəlcə müəlliflərin ad və soyadları, daha sonra isə hər bir müəllifə aid edilən imzalar əlifba ardıcıllığı ilə verilmişdir. Bu hissədə "İmzalar” kitabının ilk nəşrindən günümüzə qədər olan tədqiqatlar, ensiklopediyalar nəzərdən keçirilmiş, şəxsi arxiv və digər elmi-biblioqrafik sənədli mənbələrdən, yeni nəşrlər, onlara verilən izah, şərh və qeydlərdən əldə olunan 800-ə yaxın yeni müəllif və gizli imzalar mətnə ulduz işarəsi ilə əlavə olunmuşdur. Təbii ki, zaman keçdikcə, tədqiqatlar aparıldlqca bu nəşrin də gələcəkdə təkmilləşdidrilməsinə ehtiyac olacaqdır.
 Bir insan ömrünə sığmayan zəngin və çoxşaxəli yaradıcılıq yolu keçən Q.Məmmədlinin fəaliyyət dairəsinin qeyri-adi üstünlüyü onun eyni zamanda həm yazıçı və jurnalist, həm mətnşünas və arxivşünas, həm teatrşünas və salnaməçi, həm biblioqraf və təzkirəçi, həm də mətbuat tarixinin bilici olmasıdır. Qulam müəllimə, yazdığı yeganə dissertasiyaya görə cibində bir ömür alimlik diplomu gəzdirən "alim” deyildi. Onun hər salnaməsi ayrı-ayrılıqda alimlik dərəcəsi diplomu fövqündə duran sanballı elmi əsər idi. Q.Məmmədlinin özü də elmin xiridarı, mətbuat tarixinin əzəmətli ustadı idi. Bu dəyərləri onu bu gün də elmi ictimaiyyətin yaddaşında sözün tam mənasında "Qulam müəllim” kimi yaşatmaqdadır. Bu baxımdan, Q.Məmmədlinin hər bir elm adamına örnək ola biləcək həyatının müxtəlif dövrləri, yaradıcılığının çoxşaxəli sahələrinin hər biri ayrı-ayrılıqda monoqrafik tədqiqat mövzusu kimi işlənməyə layiqdir.
 Qulam müəllimin vəfatından 26 il ötür. Bu zaman ərzində onun həyat və faəliyyəti haqqında yazılmış çoxsaylı məqalələrlə yanaşı, iri həcmli işlər də görülmüşdür. Q.Məmmədlinin AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda özünün topladığı, lakin sağlığında nəşrinə müvəffəq olmadığı iri həcmli təzkirəsi filologiya üzrə fəlsəfə doktoru A.Rəhimova tərəfindən ərəb əlifbasından transfoneliterasiya edilərək 2012-ci ildə "Qulam Məmmədli təzkirəsi” adı ilə nəşr olunmuşdur. 2016-cı ildə Qulam Məmmədlinin xatirələri əsasında tarix elmləri doktoru S.Rüstəmova-Tohidinin nəşrə hazırladığı "Qulam Məmmədli. Ömür dəftərindən səhifələr (1897-1977). Xatirələr. Görüşlər. Müşahidələr” kitabı müasir oxucuya təqdim edilmişdir. Bu işin davamı olaraq, 2017-ci ildə Q.Məmmədlinin anadan olmasının 120 illik yubileyi münasibətilə onun AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunan şəxsi arxiv materialları əsasında filologiya üzrə fəlsəfə doktoru A.Əliyeva (müştərək) tərəfindən "Qulam Məmmədli arxivinin təsviri” kitabı nəşr edilmişdir.
 Bu il Azərbaycan Milli Mətbuatının 145 illiyidir. Bu yubiley ərəfəsində mətbuat fədailərimizdən biri – Azərbaycan KP MK Nəzarət Komissiyası Rəyasət Heyətinin üzvü (1928-1934), Azərbaycan KP MK Plenumu üzvlüyünə namizəd (1934-1937), Bakı şəhəri Oktyabr rayonu Xalq Deputatları Sovetinin deputatı (1935-1937), Azərbaycan Yazıçılar İttifaqının üzvü (1950), Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1972), Əmək veteranı (1976), Azərbaycanın Əməkdar Mədəniyyət işçisi (1977), Azərbaycanın Əmakdar jurnalisti (1984), İttifaq əhəmiyyətli təqaüdçü (1987), M.F.Axundov adına ədəbi mükafat laureatı (1989) və digər təltiflərə layiq görülmüş Qulam Məmmədlini xatırlamamaq günah olardı. Qulam müəllim ömrünün son günlərində demişdir: "Bizim mətbuatın Həsən bəy Zərdabi ənənələri var. Gərək o şəxsiyyətlərin adına, əməlinə layiq nümunələr yarada bilək. Yoxsa bu çətin yolu sona qədər davam etdirmək asan olmaz. İnanıram ki, bizim başladığımız ənənələr uzun illər dəyərini itirməyibsə, varislərimiz də bu yolu ləyaqətlə davam etdirəcək...
 Azərbaycan mətbuatı uğurlu bir yol üstədir. İnanıram ki, gələcək nəsil bizdən qalan ənənələri daha da inkişaf etdirəcək, yeniliklər gətirəcəklər. Gərək bu sahədə çalışan hər kəs ona cəhd etsin ki, köhnə ənənələr dəyərdən düşməsin, əksinə, bu böyük xalq sərvətinə ciddi əlavələr olunsun. Onda inkişafdan arxayınlıqla danışmaq olar” (Şərifli B. "Mətbuat fədaisi Qulam Məmmədli ilə sonuncu görüş”,  "Azərbaycan” qəz., 2018, 22 iyul).
 
 Afaq Əliyeva
 Filologiya üzrə fəlsəfə doktoru, dosent